vaxtlı-vaxtında oxuyun! Cümə axşamı, 18 aprel 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Məhəmməd Hüseyn Şəhriyar (1906 - 1988)

«Şair xalqın səsi, əsrin səsidir,
Vətənin ağsaçlı sərkərdəsidir,
Hökmüylə ordular ayağa qalxır,
Şerinin selində daşlar da axır»

Məhəmməd Hüseyn Şəhriyar (1906 - 1988)
BÖHRAN  
16:27 | 4 mart 2018 | Bazar Məqaləyə 2437 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Qüds məsələsi niyə yenidən gündəmə gəldi?

«Yaxın Şərq problemi heç vaxt çözülməyəcək, ona görə ki, ...»

Hüseynbala SƏLİMOV

MÖVZU İLƏ ƏLAQƏLİ

Əslində dünya ölkələrinin, xüsusən də aparıcı xristian dövlətlərinin BMT-dəki müzakirələr zamanı ABŞ-ın Yerusəlimlə bağlı qərarına əksəriyyətlə «yox» deməsi tək Fələstinə siyasi və hüquqi dəstək vermək istəyilə, hətta gələcəkdə başqa hansısa qərarların qəbulu zamanı da beynəlxalq hüquq müstəvisindən mümkün kənaraçıxmalardan yaranan narahatlıqla bağlı deyildi.

Yerusəlim üç böyük din üçün, o cümlədən də xristian dini üçün ən müqəddəs mərkəzlərdən biri sayılır və bir çox xristian ölkələri gizlətmirlər ki, bu şəhərə beynəlxalq status verilməsi və onun üç dinin mərkəzi kimi əlahiddə statusa malik olması onların da maraqlarına daha çox cavab verərdi.

Ona görə də əksəriyyətlə D.Trampın qərarına «yox» deyildi və bundan əvvəl isə İsrailin baş naziri Avropadan çox məyus qayıtdı, çünki ölkəsi Qoca Dünyadan arzuladığı dəstəyi ala bilmədi.

Amma məsələ «düyünlənmiş» halda qaldı. Elə bu yaxınlarda ABŞ prezidenti bildirdi ki, qərarından peşman deyil və onu dəyişmək fikri də yoxdur. Elə İsrail də BMT-nin son qərarından asılı olmayaraq Qüdsü ölkənin paytaxtı kimi saxlamaqda davam edəcəyini bəyan etdi. O ki qaldı müsəlman və Avropa ölkələrinə, onlar da hesab edirlər ki, məsələ ilə bağlı qərarlarını artıq izhar ediblər.

Qərəz, beləcə qeyri-müəyyən vəziyyət davam etməkdə idi ki, Yerusəlimdə məşhur xristian kilsəsi ətrafında yaranmış qalmaqal bir daha problemi gündəmə gətirdi. Əslində bu hadisəyə hökumətlə kilsə arasında yaşanan cari problem kimi də baxmaq olardı, çünki səhv etmiriksə, məsələ vergi ilə bağlı idi. Amma xristianların etirazı İsrail hökumətini geri çəkilməyə vadar etsə də, istər-istəməz D.Trampın qərarı və İsrail hökumətinin Qüdsü paytaxt sayması bir daha gündəmə gəldi.

Düzdür, qeyd olunan kilsənin Qüdsün hansı hissəsinə aid olduğunu bilmirik. Amma ümumi halda götürdükdə, İsrail hökuməti əvvəllər bir neçə dəfə bəyan etmişdi ki, dini mərkəzlərin fəaliyyətində, o cümlədən də elə əl-Əqsa məscidinin işində hansısa problem yaranmayacaq və artıq elan olunub ki, xristianların əsas kilsələrindən birinin vergi məsələsilə bağlı fəaliyyətində yaranmış problemə də son qoyulub.

Amma bir daha deyirik ki, baş vermiş olay yenidən Yerusəlim məsələsini gündəmə gətirdi. O, necə həll olunacaqdır? Bu düyün necə açılacaq? Bunu çox təəssüf ki, hələki hətta təxmin etmək də çətindir.

Bəzi müsəlman ölkələri Qüdsün mübahisəli hissəsində Fələstin ərazisi kimi öz səfirliklərini açacaqlarını desələr də, hələ bunun əlamətləri gözə dəymir və yaxşı ki, dəymir də, çünki belə cəhdlər Yaxın Şərqdə yenidən hərbi qarşıdurmalara gətirib çıxara bilərdi,- bunu isə Qüds məsələsində Fələstinə dəstək verən Avropa ölkələri belə istəmir. Ona görə də bir azca qeyri-müəyyənlik qalır bu məsələdə.

BMT-nin qərarlarının yubanması və onların bir çox hallarda elə kağız üzərində qalması elə də yeni hadisə deyil. Ona görə də düşünmək ki, bu qərara səs vermiş ölkələr dərhal onun icrası üçün addımlar atacaqlar– bu, bir az sadəlövhlük olardı.

Daha çox ehtimal olunan budur ki, ABŞ-dan fərqli olaraq onlar səfirliklərinin yerini dəyişməyəcəklər. ABŞ özü isə qərarını reallaşdırmaqda israrlıdır. İsrailin də mövqeyi bəllidir. Sadəcə, İsrailin öz maraqları da tələb edir ki, hökumət digər dini konvensiyalarla – islam və xristian icmaları ilə, onların ibadət mərkəzlərilə hansısa problemlər yaşamasın.

O ki qaldı problemin gələcəkdə necə çözüləcəyinə, güman etmirik ki, o, yaxın vaxtlarda həllini tapmış olsun. Böyük ehtimalla indiki status-kvo qalacaq, hətta deyərdik ki, tədricən bir sıra ölkələr Yerusəlimin İsrailin paytaxtı kimi qalmasına alışacaqlar, çünki problemin fərqli həlli görünmür və «Yaxın Şərq problemi heç vaxt çözülməyəcək, ona görə ki, nə yəhudilər, nə də müsəlmanlar Qüdsü güzəşt etməyəcəklər!» deyən Rusiya siyasətçilərindən və diplomatlarından fərqli onun həqiqətən də çözülməsini istəyən ölkələr də var.

Bu mənada prezident D.Trampın böyük mübahisələr yaradan qərarını həm də «Qordiy düyünü»nü kəsmək cəhdi kimi yozanlar da olur. Amma hüquq və beynəlxalq nizam-tərəzi də var.

Beynəlxalq hüququ və təcrübəni yalnız ona görə dəyişmək olmaz ki, bunu hansısa ölkə və xalq çox istəyir – burada da bir prinsip olmalıdır. O, isə hazırda mövcud olan BMT platformasıdır. Elə bu səbəbdən də bir çox ölkələr də lap aristotelsayağı «İsrail dostumuzdur, amma gəl, hüquq və qanun daha irəlidədir» demək məcburiyyətindədirlər.

Ən başlıcası isə, sonda bir daha qeyd edirik ki, dini hislər və motivlər digər ölkələr, eləcə də əksər xristian dövlətləri üçün də ötücü deyil. Elə ona görə də «peyğəmbərlər şəhəri» ətrafındakı ehtirasların hələ davamlı olacağını düşünürük – təəssüf, indilik yalnız bunları demək mümkündür.