vaxtlı-vaxtında oxuyun! Cümə, 25 may 2018
ABŞ dolları 1 USD = 1.7000 AZN
Avro 1 EUR = 2.0001 AZN
Rusiya rublu 1 RUB = 0.0277 AZN
İngilis funt sterlinqi 1 GBP = 2.2810 AZN
Türk lirəsi 1 TRY = 0.3570 AZN
Heydər Əliyev (1923 - 2003)

«Fikir müxtəlifliyi təbii hadisədir. Hamı bir boyda ola bilmədiyi kimi, eyni fikirdə də ola bilməz»

Heydər Əliyev (1923 - 2003)
REGİON  
18:46 | 4 mart 2018 | Bazar Məqaləyə 323 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Yaxın Şərqin təhsil problemi

Universitetlərdə yüksək göstəricilər sərgilədiklərinə baxmayaraq, qadınlar işçi qüvvəsinin cüzi kəsimini təşkil edir

Əsgər MÖHSÜMOĞLU

MÖVZU İLƏ ƏLAQƏLİ

«İndi ərəb dünyasında faiz nisbətində ABŞ-da olduğundan daha çox qadın elmi sahələrdə dərəcələr alır. Təkcə Səudiyyə Ərəbistanında bütün elmi dərəcələrin yarısı qadınların payına düşür. Lakin buna baxmayaraq, qadınların əksəriyyəti öz dərəcələrinin bəhrəsini görmürlər», Amanda Ripli (Amanda Ripley) Atlantic məcmuəsində yazır.

Bu günlərdə İordaniyaya səfər etmiş və ölkənin məktəblərində geniş müşahidə missiyası həyata keçirmiş amerikalı jurnalist maraqlı təəssüratlarla qayıdıb. Qadınların işçi qüvvəsinin yalnız beşdə birini təşkil etdiyi ölkədə qəribə fenomen yaşanılır – qızlar bütün fənlərdə və bütün yaş kateqoriyalarında oğlanları üstələyir. Ölkənin ən iri təhsil ocağı olan İordaniya Universietində qadınların sayı kişilərdən ikiqat çoxdur. Onlar riyaziyyat və mühəndislik sahələrində kişilərdən daha yüksək qiymətlər alırlar.

Qadınların cəmiyyətin bütün qatlarında ayrıseçkiliyə məruz qaldığı bu məkanda onların təhsil sahəsində oğlanları üstələməsi ilk baxışda təəccüb doğurur. Belə ki, bu qadınların mütləq əksəriyyəti univeristeti bitirdikdən sonra əsasən evdar ana qismində həyatlarını davam etdirirlər. İordaniya, Qətər, Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri və Oman kimi ölkələrdə qadın əməkçilərin sayı cüzidir.

Jurnalistin baş çəkdiyi Şahzadə Aliyə Orta Məktəbi İordaniya üçün tipik gender əsaslı məktəbdir. Belə ki, İordaniyada üçüncü sinifdən sonra dini və mədəni faktorlar üzündən təhsil cinslər üzrə ayrılıb. Qızlar qız məktəbinə gedir, oğlanlarsa oğlan məktəbinə. Müəllimlər də eləcə.

7 «nümunəvi şagirdlə» söhbəti zamanı Amanda Ripli qızların oğlanlardan niyə yaxşı oxuduqlarının səbəbini soruşur. «Mən ev tapşırıqlarımı yerinə yetirirəm, kitablar oxuyuram», 16 yaşlı Nasvar Musa dillənir. «Qardaşımsa dostları ilə vaxt keçirir. O, PlayStation oynayır». 17 yaşlı Rima əl-Sabbah razılaşır: «Mən gündə beş saat dərs oxuyuram, kifayət etmir. Amma qardaşım bir saat oxusa möcüzədir».

Müsəlman ölkəsi olan İordaniyada valideynlər qız uşaqlarına oğlanlara verdiyi azadlıqları vermirlər. Ona görə də küçələrdə saatlarla dolaşan oğlanlardan fərqli olaraq, qızlar vaxtlarının çoxunu evdə keçirirlər.

Oxumaq üçün olan insentivlərdə də ciddi fərq var. İordaniyada ortabab qiymətlərlə də oğlan iş tapa bilər – ola bilsin polisdə, yaxud oteldə. Maaş əla olmasa da, bu iş ona pul qazanmağa, evlənməyə imkan verəcək. Bundan əlavə, ailənin varisi olaraq qızlarla müqayisədə oğlanlar valideynlərindən ikiqat artıq miras alacaqlar.

«Qadınlar və qızların seçimləri isə daha məhduddur», Ripli yazır. Onlar ya qəbul imtahanlarında yüksək bal toplayıb, sonradan müəllimə yaxud həkim kimi prestijli işlərə sahib olmaq üçün, universitetə daxil olmadlıdırlar, ya da məktəbi qurtaran kimi ərə getməlidirlər». «Oğlanın yaxşı iş tapmaq üçün çox oxumağa ehtiyacı yoxdur», Nasvar izah edir, «Amma qızlar hörmətli iş tapmaq üçün daha çox dərs oxumalıdırlar». Bu dinamikanın geniş yer aldığı Yaxın Şərqdə qızlar təhsilə məhdudiyyətlərdən qurtulmaq yolu kimi baxırlar.

Azadlıqla motivasiya arasındakı sıx əlaqəni dərk edən psixoloqlar və eləcə də müəllifin gözündə bu tapıntı bir az qəribə görünür. «Ortada dolaşan söhbət budur ki, başqa seçimləri olmadığından qızlar daha çox dərs oxuyurlar», Ripli yazır. «Mən bu nəzəriyyəni bütün regionda olduğum zaman təkrar-təkrar rəsmilərdən, alimlərdən, valideynlərdən və şagirdlərin özlərindən eşitmişəm. Amma bu, reallığı dolğun əks etdirmir».

Direktorun tapşırığı əsasında jurnalistlə danışan şagirdlərdən olan Maha Daraqmeh jurnalistlə ayrıca görüşündə maraqlı müşahidələr açıqlayır. «Siz gəlməmişdən əvvəl direktor bizə tapşırmışdı ki, məktəb haqda neqativ heç nə söyləməyək». Daraqmeh deyir. «Mən bu qızları tanıyıram. Onlar elə də çox dərs oxumurlar. Qızlar da oğlanlar kimi rəfiqələri ilə vaxt keçirir və «PlayStation» oynayırıar. Söhbət cinsdən getmir», deyə o, jurnalistə bildirir. Onun öz məktəbində həvəsləndirici çox elə şey yoxdur. Məsələn, onun sevdiyi incəsənət və musiqi dərsləri tədris olunmur. Amma onun qardaşının məktəbində vəziyyət bundan xeyli pisdir.

15 yaşlı Əhmədin danışdıqları oğlanların üzləşdikləri təhsil sistemi haqda ortaya acınacaqlı mənzərə qoyur. Onun məktəbində müəllimlər şagirdləri vurur, üstlərinə qışqırır. Müntəzəm qaydada şagirdlərin imtahanda başqalarından köçürməsinə göz yumulur. Yaranan təsəvvür budur ki, şagirdlərin məktəbdəki göstəriciləri müəllim və rəhbər heyətin vecinə deyil. İordaniyada oğlan və qız məktəbləri arasında fərq elə böyükdür ki, sanki onlar ayrı-ayrı ölkələrdə məktəbə gedirlər.

USAID təşkilatını apardığı sorğuya əsasən rəyi soruşulan oğlan şagirdlərin yarıdan çoxu müntəzəm qaydada məktəbdə zorakılığa, gözümçıxdıya məruz qaldıqlarını deyirlər. Şagirdlərin azı üçdə ikisi nə vaxtsa müəllim şagirdə əl qaldırdığını görüb. Müəllimlərin şagirdlərlə qaba davranışı az qala normaya çevrilib. Şagirdlərin yalnız 40 faizi müəllimlərin oğlan şagirdlərə diqqət ayırdığını deyir. Halbuki qız məktəblərində bu rəqəm 74 faiz təşkil edir.

2014-cü ildə aparılan araşdırmada kişi müəllimlər qadın müəllimələrdən üçqat artıq səviyyədə işlərindən narazı olduqlarını deyirlər. «İordaniyada kişi müəllimlər yaxşı maaş almır», Amanda Ripli yazır. «Halbuki ailə başçısı olaraq kişilərdən daha çox qazanc tələb olunur. Odur ki, kişi müəllimlərin çoxu dolanışıq üçün məktəbdən əlavə ikinci və üçüncü işlərdə işləməyə məcbur olur». Kişi müəllimlərin çoxu işdən sonra sürücü, yaxud restoran xidmətçisi qismində işləyir. Bir şagird digər iki işindən sonra taqətdən düşmüş biologiya müəlliminin həmişə dərs vaxtı pərdələri çəkib yatdığını xatırlayır.

İşə qəbul olunan kişi müəllimlərin keyfiyyəti də qadınlarla müqayisədə aşağıdır. İordaniyada müəllimlik kişi üçün prestijli peşə sayılmır. Çox az kişi buna karyera seçimi kimi baxır. İşin öhdəsindən uğurla və sevə-sevə gələn adamlar isə daha varlı körfəz ölkələrinə üz tuturlar. «Kişi müəllim tapmaq çətindir, yaxşı kişi müəllim tapmaq isə ondan da çətin», deyə Kraliça Rəna fondunun rəhbəri Hayfa Dia əl-Attia bildirir.

«Şagirdlərin, müəllimlərin və administratorların gender əsasında təkcins məktəblərə ayrılması mədəni və dini ənənələrə müvafiq ola bilər, lakin bu bilməyərəkdən oğlanlar üçün getto tipli məktəblərin yaranmasına yol açır», Ripli müşahidə edir. Karyera imkanları məhdudlaşdırılmış qızların işçi qüvvəsindən təcrid olunması bir tərəfə, belə görünür ki, oğlan məktəblərində müşahidə olunan bərbad təhsil, təlim-tərbiyə sistemi, eləcə də kişi müəllimlərin aşağı maaşlarla rişxənd obyektinə çevrilməsi – layiqli adamların bu peşəni seçməyə həvəsləndirilməməsi cəmiyyətin ümumi rifahına mənfi təsir göstərir.

1980-ci illərin sonlarında pakistanlı iqtisadçı Məhbub ül-Haq «İnsan İnkişaf İndeksi» deyilən termin ərsəyə gətirdi. Ölkəsinin maliyyə naziri olmuş və uzun illər mötəbər beynəlxalq təşkilatlarda müxtəlif ölkələrin iqtisadi idarəçiliyində məsləhətçi funksiyasını yerinə yetirmiş ül-Haq ömür uzunluğu, təhsil, və adambaşı gəliri ölkənin inkişaf səviyyəsinin üç əsas göstəriciləri olaraq müəyyən etdi. 1990-cı ildən başlayaraq BMT və başqa qurumlar insan inkişaf indeksini ölkənin inkişaf səviyyəsində başlıca meyar hesab edirlər.

Müasir dövrdə dövlətlərin qüdrəti onların sahib olduqları tankların sayı yaxud təbii sərvətlərin həcmi ilə ölçülmür. İnsan İnkişaf İndeksinin üç amili arasında təhsil yeganə faktordur ki, digər iki amilə – orta ömür uzunluğuna və adambaşı gəlirə birbaşa sirayət edir. Savadlı əhaliyə malik olmayan ölkənin yüksək insan indeksi ola bilməz. Bu baxımdan, təhsil sisteminin incəliklərinə diqqət ayırmayan, onun problemlərini müəyyən edə bilməyən, onları həll etməkdən yayınan, cinsindən asılı olmayaraq müəllim və şagirdlərinin qayğısına qalmayan cəmiyyətin ciddi sosial-siyasi sınaqlarla üzləşməsi, başqa millətlərdən geri qalması gözləniləndir.


   

şərhləri göstər

DİQQƏT!

Əziz oxucular. Mövzudan kənar, müəllifin şəxsinə və təhqir sözlər olan şərhlər yolverilməzdir. Sadaladıqlarımızdan savayı bütün fikirləriniz bizim üçün dəyərlidir.

Hələlik rəy yoxdur.

Şərh əlavə etmək

* Daxil edilməsi vacibdir
(göstərilməyəcək)
 
Smile Sad Huh Laugh Mad Tongue Crying Grin Wink Scared Cool Sleep Blush Unsure Shocked
 
1000 ədəd
 
Yeni şərhlər barədə mənim email ünvanıma məlumat göndər.
 
Mənim blankımdakı məlumatları bu kompüterin yaddaşında saxla.
 
Mən şərtləri. oxuyub tanış olmuşam və qəbul edirəm *