vaxtlı-vaxtında oxuyun! Çərşənbə axşamı, 19 mart 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Babək Xürrəmi (798 - 838)

«Bir gün azad yaşamaq, qırx il boyunduruq altında yaşamaqdan daha üstündür»

Babək Xürrəmi (798 - 838)
BÖHRAN  
12:36 | 7 mart 2018 | Çərşənbə Məqaləyə 2559 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Türkiyə və ABŞ arasında iplər daha da gərildi

Pentaqonun PKK silahlısına «general» deməsi Ankaranı qəzəbləndirib

MÖVZU İLƏ ƏLAQƏLİ

Türkiyə Suriyada 170 min nəfərlik qaçqın düşərgəsi quracaq. Bu barədə martın 6-da AKP-nin qrup toplantısında çıxış edən partiya sədri və prezident Rəsəb Tayyib Ərdoğan açıqlama verib. Türkiyə prezidenti deyib ki, düşərgələr Suriyada 2016-2017-ci illərdə «Fırat Kalkanı» əməliyyatı zamanı azad edilmiş Azez-Cerablus arasındakı bölgədə və İdlib əyalətində qurulacaq.

Artıq Türkiyənin «Kızılay» və Fövqəladə Hallar Təşkilatı (AFAD) çadır düşərgələrinin qurulacağı Azez, Elbil, Tuqli, Tel Effer, Naddah, Bardaqlı və Maşad Rufi rayonlarında çadırlar qurmağa başlayıb. Çadır düşərgələri Afrin əməliyyatının gedişində əyalət mərkəzinə hücum zamanı yarana biləcək qaçqın axınını yerləşdirmək məqsədilə qurulacaq.

Ərdoğan bildirib ki, hazırda Afrində Cinderes rayonunda əməliyyatlar davam edir. Yaxın zamanlarda adıçəkilən rayon mərkəzi mühasirəyə alınacaq. Eyni zamanda o, əlavə edib ki, Afrin əməliyyatının bundan sonrakı hissəsi sürətlə davam edəcək.

Bu arada Ankara və Vaşinqton arasında Afrin və Suriya kürdləri ilə bağlı yaranmış gərginlik davam edir. Türkiyə Xarici İşlər Nazirliyinin rəsmi sözçüsü Hami Aksoy ABŞ Müdafiə Nazirliyi sözçüsünün Afrində savaşan kürd silahlılarının lideri haqda «general» ifadəsini işlətməsini «boş-boş danışmaq» adlandırıb. Aksoy bildirib ki, martın 19-da Türkiyə XİN rəhbəri Mövlud Çavuşoğlu amerikalı həmkarı Reks Tillersonla görüşəcək.

Qeyd edək ki, bir gün əvvəl Pentaqon sözçüsü Robert Manninq PKK liderlərindən biri, «Mazlum Kobani» ləqəbli Fərhad Abdi Şahini nəzərdə tutaraq «General Mazlum» deyib. Bu ifadə Türkiyədə ciddi etiraz doğurub.

Eyni zamanda ABŞ Müdafiə Nazirliyi bəyan edib ki, Türkiyənin apardığı Afrin (Zeytun budağı) əməliyyat səbəbi ilə Suriyanın şərqində İŞİD-ə qarşı aparılan hərbi əməliyyatlarda «əməliyyat ləngliyi» baş verir. Pentaqon bəyan edib ki, bunun əsas səbəbi əsas qüvvəsinin YPG-nin təşkil etdiyi «Suriya Demokratik Qüvvələri»nin çoxlu sayda silahlısı Fəratın şərqindən çəkilərək Afrinə gedib. Pentaqon sözçüsü Robert Manninq keçirdiyi mətbuat konfransında bildirib ki, sözügedən ləngimə SDQ-nin bəzi əməliyyatlarını dayandırıb. Ancaq koalisiya aviasiyası İŞİD-ə qarşı bombardmanları davam etdirir, İŞİD-dən geri alınan ərazilər müdafiə olunur. ABŞ ordusunun təmsilçisi bildirib ki, kürdlər İŞİD-lə mübarizəni tərk etməsinə şahid olub. O, bu savaşçıların böyük hissəsinin «ehtimal ki» Afrinə getdiyini deyib.

«Reuters» agentliyinə açıqlama verən bir başqa amerikalı rəsmi isə son iki həftədə yüzlərlə SDQ döyüşçüsünün Fərat vadisinin mərkəzindəki döyüş mövqelərini tərk etdiyini bildirib. Ehtimal olunur ki, bu döyüşçülərin böyük hissəsi amerikalıların dediyi kimi, Afrinə yollanıb. Çünki hazırda Afrinin bir hissəsi kürdlərdən təmizlənib və Türkiyə ordusu sürətlə irəliləyir. Kürdlərin indi dəstək qüvvələrə ehtiyacı var və məlumdur ki, bu səbəbdən də cəbhənin digər bölgələrindən silahlılar Afrinə gedir.

Ancaq bu faktın amerikalılar tərəfindən açıq şəkildə dilə gətirilməsi şübhə yaradır. Məsələ ondadır ki, bu məlumat özü hərbi sirr hesab olunur. Yəni Suriyanın şərqindən yüzlərlə kürd döyüşçüsünün İŞİD-lə müharibə cəbhəsini tərk etməsi ilə bağlı açıqlamanı həm də İŞİD silahlıları oxuyur. Belə bir ciddi hərbi sirri amerikalılar niyə açıqlamaq ehtiyacı duyublar?

Aydın məsələdir ki, bu açıqlama həm də məsuliyyəti Türkiyənin üzərinə atır. Vaşinqton dəfələrlə bəyan edib ki, Suriyanın şimalında və şərqində İŞİD-ə qarşı mübarizədə əsas dəstəkçisi və ya başqa sözlə, quru əməliyyat qüvvələrini kürdlər təşkil edir. Vaşinqton məhz bunu əsas gətirərək kürdləri silahlandırıb, onlara təlim keçib. İndi isə Afrin əməliyyatı səbəbi ilə kürdlər İŞİD-lə mübarizə cəbhəsini boş qoyaraq geriyə - Afrinə doğru çəkilirlər. Burada bir ehtimal da budur ki, kürdlər bunu bilərəkdən edərək amerikalıları Türkiyəyə təzyiq etmək üçün bu addımı atsınlar. İstənilən halda bu açıqlama və kürdlərin həqiqətən İŞİD cəbhəsini boş buraxması məsuliyyəti Türkiyənin üzərinə yükləmək cəhdidir. Yəni bu günlərdə İŞİD Deyr əz-Zor və digər bölgələrdə yenidən fəallaşsa və ya hansısa bölgəni ələ keçirsə, bu, kürdlərin cəbhəni buraxıb Afrinə köməyə getməsi ilə izah olunacaq, dolayısı ilə Türkiyənin Afrin əməliyyatı əsas səbəb kimi göstəriləcək.

Məsələ ondadır ki, Vaşinqton ötən həftə rəsmi şəkildə bəyan edib ki, ABMT TŞ-nin Suriyada atəşkəs qərarı Afrinə də şamil olunmalıdır. Ankara isə buna etiraz edir, Afrində terrora qarşı mübarizə aparıldığını, terrorçuların isə Suriya atəşkəsinə daxil olmadığını bildirir. Görünür ki, Türkiyənin Afrin əməliyyatını dayandırması üçün təzyiqlər artır. Ankaranın Afrini tamamilə ələ keçirənədək bu təzyiqlərə tab gətirib-gətirməyəcəyini indidən demək çətindir.

Yeri gəlmişkən, martın 16-da Türkiyə, İran və Rusiya diplomatları Qazaxıstanın paytaxtı Astanada görüşəcəklər. Bu görüşün əsas məqsədi 3 ölkə prezidentinin apreldə İstanbulda keçiriləcək sammitinə hazırlıq məqsədi daşıyır. Məlum olduğu kimi, hazırda Afrin əməliyyatı və Türkiyənin Suriyanın şimalındakı fəaliyyətləri İran və Rusiya tərəfindən məmnun qarşılanmır.