vaxtlı-vaxtında oxuyun! Çərşənbə axşamı, 19 mart 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Mustafa Kamal Atatürk (1881 - 1938)

«Uca Türk, sənin üçün yüksəkliyin hüdudu yoxdur»

Mustafa Kamal Atatürk (1881 - 1938)
GÜNDƏM  
16:39 | 8 may 2018 | Çərşənbə axşamı Məqaləyə 1579 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

“Paşinyan Sərkisyanı davam etdirsə...”

Azərbaycanlı deputatlardan yeni baş nazir haqda proqnoz: “Ola bilər bir həftədən sonra ....”

Günay RƏSULQIZI

MÖVZU İLƏ ƏLAQƏLİ

Ermənistanda etirazçı kütlənin rəhbəri, deputat Nikol Paşinyan bu gün işğalçı dövlətin yeni baş naziri seçilib. “Yelk”, “Tsarukyan” və “Daşnaksütyun” fraksiyalarının vahid namizədi kimi baş nazir postuna irəli sürülən Paşinyan 59 deputatın səsini alıb. 42 deputat isə onu dəstəkləməyib. Ona səs verənlər arasında iqtidarda olan Respublika Partiyasının üzvləri də var.

Maraqlıdır, Ermənistanda bundan sonrakı hadisələr necə cərəyan edəcək?

Ermənistandakı dəyişikliklə bağlı Azərbaycan Milli Məclisinin deputatlarının rəylərini təqdim edirik.

Deputat Rasim Musabəyov deyib ki, Nikol Paşinyan hələ ki keçid mərhələsindədir:

“Ola bilər ki, 1 həftədən sonra Nikol Paşinyan parlamentdə öz proqramını səsləndirsin. İndi o, yeni nazirlər təyin etməlidir. Özü də etiraf edir ki, bu, keçid dövrü mərhələsidir. Bu baxımdan  dəyişiklik edilərək, parlament buraxılmalı və yeni hökumət formalaşmalıdır. Paşinyan keçid dövrünü əməlli-başlı  yola verməyə qadir olacaq, ya olmayacaq  bunu demək çətindir. Onun ətrafında 9 nəfər parlament üzvü, o cümlədən hökumətdə təcrübəsi olan şəxslər var. Bir var küçədə durub populist şüarlar səsləndirəsən, bir də var  konkret öhdəlikləri boynuna götürəsən”.

Deputat Asim Mollazadənin sözlərinə görə, əgər Ermənistan müstəqil dövlət olmaq istəyirsə, sülh istiqamətində ciddi addımlar atmalıdır:

“Bu addımlar atılmasa, Ermənistan yenə də bir hərbi baza, səfalətdə olan ölkə kimi ağır vəziyyətdə qalacaq. Yəni bu ölkə Qarabağ probleminə dair sülh istiqamətində ciddi addımlar atsa, Azərbaycanla, Türkiyə ilə öz münasibətlərini normallaşdıra bilsə, əminəm ki, bu, Cənubi Qafqazda sülhün, əməkdaşlığın bərqərar olunmağını təmin edə bilər. O cümlədən Azərbaycanın işğal edilmiş ərazilərinin azad edilməsi üçün ciddi danışıqlar davam etdirilməlidir. Gözləyək, nə olacağını görək. Çünki Ermənistan tərəfindən verilən sözlərdən tamamilə fərqli addımlar atıldığını görmüşük”.

Deputat Elman Nəsirov bildirib ki, Ermənistan artıq yeni mərhələyə qədəm qoyub:

“Ermənistanda hadisələr o qədər sürətlə inkişaf edir ki, hətta bəzi hallarda proqnoz verməyə belə zaman qalmır. Bu dövlət 27 ildir prezidentli respublika idi. Ötən müddətdə onun üç dövlət başçısı olmuşdu. Amma parlamentli respublika kimi Ermənistan hardasa bir aydır ki, mövcuddur və bu müddət ərzində Serj Sərkisyan da bir neçə gün baş nazir ola bildi. İndi isə 59 səs lehinə, 42 səs əleyhinə olmaqla Nikol Paşinyan Ermənistanın baş naziri seçildi.

Artıq bu ölkənin tarixində yeni mərhələnin başlandığını söyləmək mümkündür. Hesab edirəm ki, bu gün yeni baş nazirin qarşısında duran ən mühüm iki məsələ var: Birincisi, ölkəni düşdüyü ağır iqtisadi böhrandan çıxarmaq. Və eyni zamanda, birbaşa bununla bağlı olan Ermənistan-Azərbaycan münaqişəsinin beynəlxalq hüquqi çərçivədə həllini tapmaq”.

Deputat qeyd edib ki, Ermənistanın düşdüyü fəlakətlərin səbəbini  bir sözlə ifadə etməli olsaq, “işğal” sözü ən düzgün cavab olardı:

“Bu ölkə işğalçı siyasəti ucbatından bir bumeranq effekti ilə üz-üzə qalıb. Ona görə də özünün ən gərgin, mürəkkəb dövrünü yaşamaqdadır. Bu baxımdan Paşinyan bu həssas səbəbin aradan qaldırılması ilə əlaqəli addımlar atarsa, Ermənistanı üç istiqamətdə blokada vəziyyətindən (iqtisadi, enerji, nəqliyyat) çıxarmaq şansı yarana bilər. Həmçinin, Azərbaycanın təşəbbüskarı olduğu böyük regional  layihələrdə iştirak məsələsi ilə bağlı yeni şərait formalaşmış olar. Düşünürəm ki, Nikol Paşinyan Sərkisyanın siyasətini davam etdirsə, bu artıq tuneldən çıxmamaq anlamındadır. Yox əgər fərqli bir siyasət, xüsusilə də münaqişənin həlli ilə bağlı fərqli yol tutarsa, danışıqlara hazır olarsa, Ermənistanın gələcəyi istiqamətində müəyyən ümidlər yarana bilər. Əks təqdirdə isə Paşinyanın hakimiyyətdə qalması Sərkisyana nisbətən olduqca az müddətə təsadüf edə bilər”. (modern.az)