vaxtlı-vaxtında oxuyun! Çərşənbə axşamı, 19 mart 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Heydər Əliyev (1923 - 2003)

«Vətənpərvərlik insanın daxilindəki duyğulardır. Əgər bunlar yoxdrusa, o insan mənəviyyatsızdır»

Heydər Əliyev (1923 - 2003)
TOP OYUNLARI  
08:41 | 10 may 2018 | Cümə axşamı Məqaləyə 1484 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Lisenziya tələbi adıyla süni əngəl ...

Yoxsa, bu şəkildə pul silmək daha rahatdır?

AĞA

MÖVZU İLƏ ƏLAQƏLİ

AFFA İcraiyyə Komitəsinin iclası yaxınlaşdıqca divizion klublarının rəhbərlərinin ürək döyüntüləri şiddətlənir. Mövsüm ərzində görülməyən işlər indi “çatışmazlıq”, “qüsur” adlarıyla çatı olub, keçib onların boynuna.

Hamı güzəşt gözləyir, AFFA-ya minnətçi düşür və gizli danışıq aparır, özünü tapşırtdırır. “Kəpəz”in Premyer Liqadan düşüşü reqlamentin tələbidir, lakin gəncəlilərin məsələsi daha yüksək səviyyədə həll olunur. Komandanın qalması sifariş edilib, AFFA da Gəncə stadionunda ciddi təmir işləri apardığından “maya”nın batmaması üçün “Kəpəz”i elitada saxlamaqda maraqlıdır.

Divizionun iddialı klubları da gözünü “Kəpəz”in yerinə dikməyib. Bölgə futbolu bəhanəsi ilə Gəncə klubunun elitada saxlanılacağını bildiklərindən, hamı 10 komandalı çempionat arzusundadı. Hə, bu baxımdan vəziyyət yaxşı deyil. Az və ya çox – amma bütün klublarda qüsurlar, çatışmazlıqlar var. İndi onların yoluna qoyulması üçün son cəhdlər edilir.

AFFA Lisenziyalaşdırma qrupunun müvəqqəti rəhbəri Sərxan Hacıyev dünən apasport.az saytına açıqlamasında elə bu məqamdan danışıb: “Premyer Liqada iştirak üçün lisenziya almaq istəyən I divizion klublarının sənədləri hələ də qaydasında deyil. Klubların hamısına demişik ki, çatışmazlıqları aradan qaldırın, lazım olan sənədləri gətirin. Hazırda həmin sənədləri qaydasına salıb, bizə təqdim etmələrini gözləyirik. Lisenziya üçün müraciət edən komandaların hamısında çatışmazlıqlar var. Konkret sənədləri demək istəmirəm. Məsələn, birində maliyyə, birində uşaq-gənclər futbolu ilə bağlı strateji inkişaf planı yoxdu. A və B meyarlı sənədlər var. A meyarlı sənədlərdə çatışmazlıq yarandıqda, klublara lisenziya verilməyə bilər. Ancaq B meyarındakı problem Premyer Liqada iştiraka mane olmur. Müraciət edənlərin isə hamısında A meyarı ilə bağlı çatışmazlıq mövcuddur”.

Lisenziyalaşdırma qrupunun rəhbəri AFFA İcraiyyə Komitəsinin mayın 11-də keçiriləcək iclasında bu məsələ ilə bağlı konkret qərarın verilməyəcəyini istisna etməyib: “Həmin gün İcraiyyə Komitəsinə lisenziyalaşdırma ilə bağlı məlumat veriləcək. Ola bilsin ki, növbəti mövsümün formatı, klubların sayı barədə qərar qəbul edilsin və ya lisenziyalaşdırma ilə bağlı qlobal bir qərar verilməsin. Çempionatda neçə komandanın iştirak edəcəyi ilə bağlı hələlik rəsmi məlumat yoxdur. Mayın ortalarında Lisenziyalaşdırma Komissiyasının iclası keçiriləcək və yekun qərar o zaman veriləcək. Biz isə həmin vaxta qədər yığılan bütün sənədləri komissiyaya təqdim edəcəyik”.

Təbii ki, İK hansı klubların çempionata buraxılmasına qərar verə bilməz. Üzvlər çatışmazlıqların həll ediləbilmə perspektivinə baxıb, yeni mövsümün reqlamentini müzakirə edəcək. Mümkün güzəştlər sabah ciddi problemə səbəb olmayacaqsa, say artımı mümkündür. Amma o sayı kim təmin edəcək? Bax, bu, artıq komitənin iclasından sonrakı prosesdir.

Hacıyev açıqlamasında reallığı deyib. Lakin elə bu fakt da AFFA-nı tənqid hədəfinə gətirir. Klubların əksəriyyəti birbaşa assosiasiyadan maliyyələşir. Nəticədə onların da sənədləri qaydasında deyil. O zaman perspektivi olmayan bu komandaları qidalandırmağın səbəbi nədir? Onlar böyüməyəcəksə, peşəkarlaşmayacaqsa, adi lisenziya tələblərini yerinə yetirməyəcəksə, dövlətin milyonları niyə havaya sovrulur? Perspektivi olmayan layihəyə pul qoymaq ağılsızlıq deyilmi? Son 3 ildə heç bir komanda elitaya yüksəlməyib, SOCAR-ın milyonlar xərclədiyi “Neftçala”, “Turan” imtahandan kəsilibsə, yenidən eyni xəttlə pul dağıtmağın mənası nədir? Yoxsa, bu şəkildə pul silmək daha rahatdır?

Baş katib Elxan Məmmədovun son açıqlamasına diqqət edək: “Dəfələrlə qeyd etmişik ki, hər şey lisenziyalaşdırmadan asılıdır. UEFA-nın bununla bağlı sərt qərarları var. Bu qərarları da AFFA-nın sisteminə daxil etdik. 10 klub tərəfindən bütün sənədlər verildi. Bəzi klublar sənədləşməni maksimum təmin etməyə çalışdılar. Lakin bəziləri yenə bu məsələyə qeyri-peşəkar yanaşdılar. Onların adını çəkməyim qeyri-etik olar. Ancaq klubların qeyri-peşəkar yanaşmanı davam etdirmələri məni məyus edir. I Divizion əslində gələcəyi göstərir. İlk addımlar belə qeyri-peşəkar atılırsa, o zaman biz risk edə bilmərik. Keçmiş təcrübə göstərir ki, bəzi klublara güzəşt edildi. Bu da Premyer Liqada komandaların sayının çox olması üçün idi. Lakin elə də müsbət təsir vermədi. Mövsümün gedişində bəziləri fəaliyyətini dayandırdı, bəzilərinin maliyyə problemləri oldu. Çempionat 8 komanda ilə başlayırsa, bu sayla da bitməlidi. Bu, bizim üçün ən vacibdir. Digər tərəfdən, maliyyə şəffaflığı təmin olunmalıdır. Üçüncüsü isə idman meyarıdır. İnfrastrukturla bağlı həmişə bir yol tapa bilərik. Çünki hazırda AFFA-nın balansında stadionlar mövcuddur və həmin klubları təmin edə bilərik”.

Məmmədov bununla “Araz Naxçıvan”a və yarışdan yarımçıq qaçan bu komandanın gəlişinə razılıq vermiş öz rəhbərinə papaq atır. Adam haqlıdır, həqiqətən də bəzi klubların elitaya buraxılmasının ciddi fəsadları ola bilər. Bununla belə, kiçik çatımazlıqları olanlara da maksimum yardım etmək lazımdır. Ən kiçik tələbləri yerinə yetirməməsinə baxmayaraq, illərdi milyonlar xərclənən “Qaradağ Lökbatan”a yox, “Xəzər”, “Şüvəlan” kimi maksimuma cəhd edənlərə.

“Xəzər” debüt ilindəcə çempion oldu, bölgəyə köçməyə razılıq verib, ən əsası da müstəqil adamların, futbola pul yatırmaq istəyən biznesmenlərin uğurlu layihəsidir. “Şüvəlan” isə əla bazaya malikdir və bir sıra üstünlükləri var. Bu komandalara dəstək olmaq AFFA-nı utandırmaz. Bukmeker kontorlarının ağuşunda yatan, eyni zamanda AFFA-dan maliyyələşən “Ağsu”, “Turan Tovuz” kimi klublardansa, müstəqil maliyyələşən belə komandalara dəstək vermək vacibdir.

Əslində, “Xəzər”lə “Şüvəlan”ın da ciddi problemi olmazdı. Klubların çıxılmaz vəziyyətdə qalmasının bir səbəbi də lisenziya şərtlərinin həddən artıq ağır olmasıdır. Divizion klublarının qarşısına sanki Çempionlar Liqasının tələbləri qoyulub. Maliyyə təminatı, infrastrukturla bağlı tələblər hər yerdə var – bəlkə də bizdəki qədər sərt deyil, amma vacibdir.

Elxan bəyin əlində bayraq etdiyi UEFA tələbləri ilə bizdəki tələblər arasında ciddi fərq var. Qitə futbol qurumu cəmi 4 uşaq komandasının saxlanılmasını vacib bilir, onlardan da üçünün yarışlarda iştirakını lazımlı sayır. 15-21 yaşlılardan ibarət 2, 10-14 yaşlılardan ibarət 1 komanda mövsümi yarışlara qatılmalırdısa, 10 yaşadək 1 kollektiv də mövcud olmalıdır. AFFA isə elə İcraiyyə Komitəsində qərar verib ki, bütün klublarımız 9 komanda saxlamalıdır. Bu, klub büdcəsinə əhəmiyyətli zərbədir və onları təşkil etmək çox çətindir. Bəli, elita klublarımız bu tələbə əməl edir. Lakin məcburi tələb olduğundan, hamısı işə barmaqarası yanaşır, say düzəldir və keyfiyyəti düşünmür. Bu səbəbdən uşaq futbolunda biabırçı mənzərə yaranıb.

Gürcüstanda 3, Belarusda 4, Türkiyədə 5 uşaq liqası var. Bunlar yalnız nümunələrdi, əslində, əksəriyyətdə belə vəziyyətdir. UEFA Nizamnaməsinin 18-ci bəndində tələb olunandan artığını etmək məcburi olmamalıdır, lakin AFFA İcraiyyə Komitəsi baş katibin ssenarisi ilə kəmiyyəti yox, keyfiyyəti düşünüb və klubları iflic edir. Sonda isə əksəriyyət lisenziya şərtlərini yerinə yetirmir və Premyer Liqa Məmmdəovun monopoliyasında olan klubların ümidinə qalır.

İK cümə iclasında bu məsələyə də diqqət yetirməlidir. AFFA-nın prezidenti Rövnəq Abdullayev çıxışında iş adamlarının klublara maliyyə ayırmamasına münasibət bildirərkən “Gəldilər, qoymadıq?” deyə ironiya etmişdi. İndi gəliblər, amma AFFA yenə onları yaxın buraxmır – ya hansısa süni əngəllə, ya da mənasız lisenziya tələbləri ilə.