vaxtlı-vaxtında oxuyun! Cümə axşamı, 16 avqust 2018
ABŞ dolları 1 USD = 1.7000 AZN
Avro 1 EUR = 1.9254 AZN
Rusiya rublu 1 RUB = 0.0255 AZN
İngilis funt sterlinqi 1 GBP = 2.1593 AZN
Türk lirəsi 1 TRY = 0.2621 AZN
Seyid Cəfər Pişəvəri (1892 - 1947)

«Haqqı almaq asan bir işdir, onu saxlamaq şərtdir»

Seyid Cəfər Pişəvəri (1892 - 1947)
ƏDƏBİYYAT  
12:43 | 6 iyun 2018 | Çərşənbə Məqaləyə 829 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Azərbaycançılıq ideologiyasına xidmət edən əsər

Xalq yazıçısı Elçinin Misirdə nəşr olunmuş “Baş” romanının təqdimatı keçirildi

Lalə AZƏRİ, «Mədəniyyət» qəzeti

MÖVZU İLƏ ƏLAQƏLİ

İyunun 1-də Milli Kitabxanada görkəmli nasir, dramaturq, tənqidçi, Xalq yazıçısı Elçinin Misirdə ərəb dilində nəşr olunmuş “Baş” romanının təqdimat mərasimi keçirildi. Tədbir Mədəniyyət Nazirliyi, Azərbaycan Tərcümə Mərkəzi və Milli Kitabxananın birgə təşkilatçılığı ilə gerçəkləşdi.

Əvvəlcə Xalq yazıçısının yaradıcılığına həsr olunan film nümayiş olundu. Filmdə görkəmli ədəbiyyat və sənət adamlarının Elçinin yaradıcılığı haqqında fikirləri yer alıb.

Milli Kitabxananın direktoru, professor Kərim Tahirov tədbiri açaraq bildirdi ki, Elçin müasir Azərbaycan ədəbiyyatının ən istedadlı nümayəndələrindən biridir. Onun bədii yaradıcılığının janr müxtəlifliyi ümumi yaradıcılıq istedadının çoxşaxəliliyi qədər diqqəti cəlb edir. Qeyd olundu ki, müəllifin ərsəyə gətirdiyi hər bir əsər ədəbiyyatımızda hadisəyə çevrilir. Daim axtarışda olan ədibin əsərləri təkcə ölkəmizdə deyil, Azərbaycandan kənarda da sevilə-sevilə oxunur və xarici dillərə tərcümə olunaraq çap edilir.


* * *


Mədəniyyət naziri Əbülfəs Qarayev tədbirdə çıxış edərək görkəmli ədibin Azərbaycan ədəbiyyatında öz dəst-xəttini yaradan yazıçılardan olduğunu diqqətə çatdırdı. Bildirdi ki, Elçinin əsərləri hər zaman elmi araşdırmaların mövzusuna çevrilib, həm gənc, həm də yaşlı nəslin masaüstü kitabı olaraq sevilib. Bu əsərlər öz ikinci ömürlərini filmlərdə və teatr səhnələrində davam etdirirlər: “Elçin yazıçılıqla yanaşı, həm də tanınmış ədəbiyyatşünas alimdir. Yazıçı ömrü boyu azərbaycançılıq ideyalarının yorulmaz təbliğatçısı olub. O, yeni fəlsəfi mövzulara müraciət edir, daim axtarışdadır. Onun ədəbi irsinə müraciət edən oxucu hər zaman yeni istiqamətlər kəşf edir”. 

Nazir Elçinin yaradıcılığında hər bir tədqiqatçının faydalana biləcəyi kifayət qədər zəngin materialın mövcud olduğunu vurğuladı. Qeyd etdi ki, “Baş” romanının Misirdə ərəb dilində nəşr olunması görkəmli ədibin yaradıcılığına yüksək diqqətin göstəricisidir.

Əbülfəs Qarayev çıxışının sonunda bildirdi ki, Prezident İlham Əliyev Azərbaycan Respublikasında müasir ədəbiyyatşünaslığın və ədəbi tənqidin inkişafı sahəsində səmərəli fəaliyyətinə görə 11 may 2018-ci il tarixində Elçinin “Şöhrət” ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb. Nazir ölkə başçısının təbriklərini çatdıraraq “Şöhrət” ordenini Xalq yazıçısına təqdim etdi.

Ədib çıxış edərək dedi: “Həyatımın böyük bir hissəsini sovet dövründə yaşamış bir insan kimi deyə bilərəm ki, bu orden və bundan öncəki dövlət təltifləri mənim üçün adi mükafatlar deyil. 2003-cü ildə Azərbaycan ədəbiyyatının inkişafında xidmətlərimə görə “İstiqlal” ordeni almışdım. 2013-cü ildə Azərbaycan mədəniyyətinin inkişafında xidmətlərimə görə “Şərəf” ordeni, bu gün isə müasir ədəbiyyatşünaslığın və ədəbi tənqidin inkişafı sahəsində səmərəli fəaliyyətimə görə “Şöhrət” ordeni ilə təltif edilirəm. Bu ordenlər mənim üçün ona görə adi ordenlər deyil ki, bunlar müasir müstəqil Azərbaycanın ordenləridir. Bu ordenlərlə qürur duyuram. Fürsətdən istifadə edib Prezident İlham Əliyevə göstərdiyi diqqətə görə minnətdarlığımı bildirirəm”.


* * *


Təqdimat mərasimində çıxış edən Azərbaycanda Atatürk Mərkəzinin direktoru, Milli Məclisin üzvü, akademik Nizami Cəfərov bildirdi ki, müəllifin “Baş” romanı bədii sözün gücündən ustalıqla istifadə olunan tarixi əsərdir. Yazıçı siyasi mübarizə və müharibə tarixlərinə diqqət yetirib, tarixi şəxsiyyətlərin daxili aləmini ustalıqla açıb. “Baş” romanı həm də azərbaycançılıq ideologiyasına xidmət edən dəyərli yaradıcılıq nümunəsidir.

Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu qeyd etdi ki, Elçinin yaradıcılığı müasir dünya ədəbiyyatında özünəməxsus yer tutur. Vurğulandı ki, ədəbi gəncliyin mənəvi-tərbiyəvi həyatında Elçinin yaradıcılığı böyük əhəmiyyət kəsb edir. Onun əsərləri Rusiyada da geniş oxucu kütləsi tərəfindən sevilir və tanınır.

Misirin ölkəmizdəki səfiri Adel İbrahim səfirlik tərəfindən Azərbaycan Tərcümə Mərkəzi ilə birgə layihələr həyata keçirildiyini, bir çox kitabların ərəb dilinə tərcümə edilərək nəşr olunduğunu bildirdi. Qeyd olundu ki, Elçinin “Baş” romanını ərəb dilinə Bakıdakı Misir Mədəniyyət və Təhsil Əlaqələri Mərkəzinin direktoru Əhməd Sami əl-Aydi tərcümə edib. Kitab Misirin “Əl-Ədəb” nəşriyyatında çap olunub. Əsər Azərbaycan haqqında həqiqətləri ərəb dünyasına çatdıracaq.

Daha sonra səfir Misir Ərəb Respublikasının Ali Təhsil Nazirliyinin mükafatını yazıçıya təqdim etdi.

Ədəbiyyatşünas alim, filologiya elmləri doktoru, professor Qəzənfər Paşayev çıxışında söylədi ki, 60-cı illərin əvvəllərində ədəbiyyata gələn Elçin ilk hekayələrindən fərdi üslubu, özünəməxsus yazı manerası, həyat hadisələrinə orijinal baxışı ilə diqqəti cəlb edib.

Akademik Milli Dram Teatrının bədii rəhbər-direktoru, Xalq artisti Azərpaşa Nemətov bildirdi ki, Azərbaycan teatrının ölkəmizin hüdudlarından kənarda tanınmasında Elçin dramaturgiyasının xüsusi yeri var. Dramaturqun “Mənim sevimli dəlim” pyesi Türkiyədə Azərbaycan dramaturgiyası nümunələrindən tamaşaya qoyulan ilk pyes idi. Türkiyə mediası “Dəlixana qaçqını”nı (“Mənim sevimli dəlim” əsərini) Azərbaycan-Türkiyə mədəni əlaqələrinin inkişafında mühüm hadisə kimi dəyərləndirib. Londonda müəllifin “Şekspir” əsərinin tamaşası da böyük müvəffəqiyyətlə nümayiş etdirilib və geniş tamaşaçı rəğbəti qazanıb. “Mənim sevimli dəlim” pyesi Londonun “Tristan Bates” teatrında uğurlu səhnə təcəssümünü tapıb. Azərpaşa Nemətov Elçinlə teatr sahəsində yaradıcılıq əlaqələrinin tarixindən bəhs edərək bu əlaqələrin bu gün də davam etdiyini diqqətə çatdırdı.

“Baş” romanının ərəb dilinə tərcüməçisi, Misir Mədəniyyət və Təhsil Əlaqələri Mərkəzinin rəhbəri Əhməd Sami əl-Aydi çıxış edərək Misirin ilk azərbaycanşünas alimi kimi 30-dan çox Azərbaycan yazıçısının yaradıcılığını tədqiq etdiyini dedi: “Sevindirici haldır ki, bu gün Azərbaycanda tərcümə sahəsində də böyük işlər  görülür, Misir ədəbiyyatından tərcümələr edilir. Mərkəz olaraq məqsədimiz iki  ölkə arasında mədəni əlaqələri inkişaf etdirməkdir. Romanın tərcüməçisi kimi deyə bilərəm ki, bu əsər tək bizim ölkədə deyil, eyni zamanda bütün ərəb ölkələrində sevilə-sevilə oxunmaqla bərabər iki xalqın tarixinin, mədəni irsinin tanınmasına xidmət edəcək”.

Fələstinin Azərbaycandakı səfiri Nasser Abdul Karim Al Rahim, tənqidçi, filologiya üzrə fəlsəfə doktoru Nərgiz Cabbarlı, tənqidçi Əsəd Cahangirin çıxışlarında vurğulandı ki, Elçinin “Baş” romanı klassik ənənələri əks etdirməklə yanaşı, müasir tendensiyaları da özündə ehtiva edir. Əsər həm tarixi faktları, həm də poetik göstəriciləri qoruya bilib. Roman dünyanın görünən və görünməyən tərəflərini sintez edir. 


* * *


Sonda Xalq yazıçısı Elçin tədbirin iştirakçılarına və təşkilatçılarına, kitabın ərsəyə gəlməsində xidmətləri olan hər kəsə təşəkkürünü bildirdi. Vurğuladı ki, roman yazmaq fiziki və zehni cəhətdən çətin prosesdir: “Baş” romanını yazıb qurtaranda düşündüm ki, bir daha roman janrına müraciət etməyəcəyəm. Lakin bu gün roman haqqında eşitdiyim gözəl fikirlər yenidən təzə bir romana müraciətimə səbəb olacaq. Milli Kitabxana mənim üçün doğma bir məkandır. Tələbəlik və aspirantura illərimdə günümün mühüm bir hissəsini bu məkanda keçirmişəm. Ona görə də doğma divarlar arasında belə bir təqdimatın keçirilməsi mənim üçün çox xoş oldu”.


   

şərhləri göstər

DİQQƏT!

Əziz oxucular. Mövzudan kənar, müəllifin şəxsinə və təhqir sözlər olan şərhlər yolverilməzdir. Sadaladıqlarımızdan savayı bütün fikirləriniz bizim üçün dəyərlidir.

Hələlik rəy yoxdur.

Şərh əlavə etmək

* Daxil edilməsi vacibdir
(göstərilməyəcək)
 
Smile Sad Huh Laugh Mad Tongue Crying Grin Wink Scared Cool Sleep Blush Unsure Shocked
 
1000 ədəd
 
Yeni şərhlər barədə mənim email ünvanıma məlumat göndər.
 
Mənim blankımdakı məlumatları bu kompüterin yaddaşında saxla.
 
Mən şərtləri. oxuyub tanış olmuşam və qəbul edirəm *