vaxtlı-vaxtında oxuyun! Cümə axşamı, 28 mart 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Heydər Əliyev (1923 - 2003)

«Fikir müxtəlifliyi təbii hadisədir. Hamı bir boyda ola bilmədiyi kimi, eyni fikirdə də ola bilməz»

Heydər Əliyev (1923 - 2003)
CƏMİYYƏT  
15:56 | 12 iyun 2018 | Çərşənbə axşamı Məqaləyə 2118 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Sallaqxanalar ləğv edilir

Prezident tapşırıq verdi, polis nəzarət edəcək

MÖVZU İLƏ ƏLAQƏLİ

Bakıda yol kənarlarında, məhəllələrdə antisanitariya şəraitində ət kəsimi illərdir problem olaraq qalır. Xüsusilə, Bakıətrafı kənd və qəsəbələrdə heyvan küçədə, insanların gözü qarşısında kəsilir, qanı küçəyə axıdılır. Kəsilmiş heyvanın baş-ayağı isə günlərlə mağazanın qarşısında saxlanılır.

Virtualaz.org saytı xatırladır ki, ət sallaqxanalarının ləğvi və əvəzində kəsim məntəqələrinin yaradılması “2008-2015-ci illərdə Azərbaycan Respublikasında əhalinin ərzaq məhsulları ilə etibarlı təminatına dair Dövlət Proqramı”na salınmışdı. Lakin ixtisaslaşdırılmış kəsim məntəqələrinin özəl əsaslarla yaradılması nəzərdə tutulduğundan, təklif elə təklif olaraq da qaldı, iş adamları bu sahəyə maraq göstərmədilər. Yalnız Xəzər, Binəqədi, Abşeron rayonlarında ət kəsim məntəqələri yaradıldı.

İndi yenidən özəl əsaslarla ət kəsimi məntəqələrinin yaradılması məsələsi gündəmə gəlib. Küçələrdəki ət sallaqxanalarının ləğvi kəsim məntəqələrinin yaradılmasından sonra mümkün olacaq.

Qida Təhlükəsizlik Agentliyindən virtualaz.org-un sorğusuna cavab olaraq bildiriblər ki, iri və xırdabuynuzlu heyvanların qanunsuz kəsiminə qoyulacaq qadağalar Tədbirlər Planına uyğun olaraq mərhələli qaydada həyata keçiriləcək. Əhalinin sayı və tələbata uyğun olaraq ət kəsim məntəqələri yaradılacaq. “Standartlara uyğun, müvafiq laboratoriyalarla təmin olunmaqla xüsusi ət kəsim məntəqələri respublikanın şəhər və rayonlarında əhalinin sıxlığı, ətə olan tələbatı nəzərə alınmaqla sahibkarlar tərəfindən təşkil ediləcək. Bu kəsim məntəqələrinə hər hansı bir say məhdudiyyət yoxdur”, - agentlikdən bildiriblər. Sanitariya-gigiyena norma və qaydaları, qida təhlükəsizliyi baxımından standartlara cavab verən ət kəsim məntəqələrinə dair layihələr Qida Təhlükəsizliyi Agentliyi ilə razılaşdırılmalıdır. Agentlik nəzərdə tutulan tədbirlərin icrasına iyulun 1-dən başlayacaq.

Agentliyin nəzdində “Qida Təhlükəsizlik İnstitut”u publik hüquqi şəxsi yaradılacaq. İnstitut qida məhsullarının təhlükəsizliyi sahəsində elmi-praktiki araşdırmaların aparılmasını, elmi prinsiplərə əsaslanan risk qiymətləndirilməsini, qida təhlükəsizliyi sahəsində texniki normativ hüquqi aktların layihələrini hazırlanmasını həyata keçirəcək. Əhalinin sağlam və təhlükəsiz qida məhsulları ilə təmin edilməsi məqsədilə iri istehsalat müəssisələrində, ticarət obyektlərində, ictimai-iaşə və qida məhsullarının istehlakçıya çatdırılması prosesində iştirak edən obyektlərdə monitorinqlərə başlayıb.

Qeyd edək ki, dünən prezident İlham Əliyev heyvan kəsim məntəqələrinin yaradılması üçün sərəncam imzalayıb. Sərəncamda göstərilir ki, Qida Təhlükəsizliyi Agentliyi yerli icra hakimiyyəti orqanları ilə birlikdə sahibkarlıq subyektlərini cəlb etməklə baytarlıq-sanitariya və sanitariya-gigiyena tələblərinə uyğun müasir (stasionar, modul və mobil tipli) heyvan kəsimi məntəqələrinin yaradılması (sakinlərin sıxlığı və onlar üçün əlverişli sahələr nəzərə alınmaqla) ilə bağlı tədbirlər görməli, bu məntəqələrinin müvafiq laboratoriyalarla təchiz olunmasına dair təkliflərini iki ay müddətində Azərbaycan Prezidentinə təqdim etməlidir.

Daxili İşlər Nazirliyinə yerli icra hakimiyyəti orqanları ilə birlikdə baytarlıq-sanitariya və sanitariya-gigiyena normalarına cavab verməyən yerlərdə, küçələrdə, yol kənarlarında satış məqsədləri üçün heyvan kəsimi hallarının qarşısının alınması istiqamətində tədbirlər görmək tapşırılıb.

Ülviyyə XUDİYEVA