vaxtlı-vaxtında oxuyun! Bazar, 24 iyun 2018
ABŞ dolları 1 USD = 1.7000 AZN
Avro 1 EUR = 1.9745 AZN
Rusiya rublu 1 RUB = 0.0267 AZN
İngilis funt sterlinqi 1 GBP = 2.2548 AZN
Türk lirəsi 1 TRY = 0.3585 AZN
Səttar Xan (1866 - 1914)

«Türk milləti böyük bir daşa bənzər, çox gec qızar və gec də soyuyar»

Səttar Xan (1866 - 1914)
SƏNƏTÇİ  
11:52 | 13 iyun 2018 | Çərşənbə Məqaləyə 942 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Sənət və ailə sevgisini eyni paylaşan aktrisa

Xalq artisti Sofiya Bəsirzadənin 100 illiyi qeyd olundu

MÖVZU İLƏ ƏLAQƏLİ

Sofiya Bəsirzadə bütün yaradıcılığı boyu səhnədə və kinoda əsasən ikinci planda görünsə də, xarakterik obrazlar yaradıb. Onun səhnə görkəminin təravəti həmişə göz oxşayıb.

Bu fikirlər iyunun 8-də Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında görkəmli teatr və kino aktrisası, Xalq artisti Sofiya Bəsirzadənin 100 illiyinə həsr edilmiş tədbirdə səsləndi.

Mədəniyyət Nazirliyi və Azərbaycan Teatr Xadimləri İttifaqı ilə birgə təşkil edilən tədbirdə qonaqlar əvvəlcə Dövlət Teatr Muzeyi tərəfindən hazırlanan, aktrisanın həyat və yaradıcılığının əks olunduğu fotosərgi ilə tanış oldular.

Sənətkarın yaradıcılıq yolundan bəhs edən videoçarxın nümayişindən sonra çıxış edən Milli Dram Teatrının bədii rəhbəri və direktoru, Xalq artisti Azərpaşa Nemətov bildirdi ki, hamımızın “Sofa xanım” deyə müraciət etdiyimiz gözəl bir xanımın, görkəmli aktrisamızın 100 illik yubileyini qeyd edirik.

Qeyd olundu ki, Sofiya Bəşir qızı Bəsirzadə (Vəzirova) 1918-ci il fevralın 28-də Kazan quberniyasının köhnə Çukan kəndində doğulub. İki yaşı olanda ailəsi Bakıya köçüb. 134 saylı məktəbin yuxarı siniflərində oxuyanda dram dərnəyinə üzv yazılır. 1936-cı ildə Bakı Teatr Məktəbinə daxil olan Sofiya xanım həmin ilin noyabrından Akademik Dram Teatrının tamaşalarında kütləvi səhnələrdə, epizodik rollarda səhnəyə çıxır. Ümumiyyətlə, səhnədə 100-dən çox obraz yaradan aktrisanın oyunu hər zaman tamaşaçıların alqışı ilə qarşılanıb.

Aktrisanın Nisə xanım (“Lənkəran xanının vəziri” - M.F.Axundzadə), Sevər, Gülgün, Tanya, Gülsabah, Gülnisə (“Oqtay Eloğlu”, “Od gəlini”, “Yaşar”, “Dönüş” və “Solğun çiçəklər” - C.Cabbarlı), Nina, Rübabə (“Şeyx Sənan”, “Səyavuş” - H.Cavid), Məryəm, Tamara, Tatyana (“Fərhad və Şirin”, “Vaqif”, “İnsan” - S.Vurğun), Səadət (“Müsibəti-Fəxrəddin” - N.Vəzirov), Anna Dmitriyevna (“Canlı meyit” - L.Tolstoy) və s. rolları ifadə vasitələrinin zənginliyi baxımından hər zaman seçilib.

Onun kino tariximizdə yaratdığı rollar da yaddaqalan və seviləndir. “Yol əhvalatı”, “Bəxtiyar”, “Bizim Cəbiş müəllim”, “Romeo mənim qonşumdur”, “Şərikli çörək” və digər filmlərdə yaratdığı rollar bu gün də sevilərək xatırlanır. Uzun illər Milli Dram Teatrının səhnəsində, ömrünün son illərində isə Bakı Bələdiyyə Teatrında çalışan aktrisanın yaradıcılığı yüksək qiymətləndirilib. O, 1955-ci ildə Əməkdar artist, 1974-cü ildə Xalq artisti fəxri adlarına layiq görülüb. S.Bəsirzadə 2000-ci il yanvarın 4-də vəfat edib.

Xalq artistləri Hacı İsmayılov, Səidə Quliyeva, İlham Namiq Kamal aktrisa ilə bağlı xatirələrini bölüşdülər. Bildirildi ki, sənət və ailə sevgisini eyni paylaşan aktrisa hər iki sahədə özünü təsdiq etməyi bacarıb. Xoş xasiyyəti, sənətinə sona qədər sevgisi, həmkarlarına ehtiramı ilə yaddaşlarda qalan sənətkar ruhən həmişə bizimlədir.

Çıxışlarda sənətkarın adının fərqli ifadə olunmasına da aydınlıq gətirildi. Bildirildi ki, aktrisanı çox vaxt Sofa kimi təqdim etsələr də, özü adının tarixçəsini həmişə böyük sevgi ilə xatırlayardı. Deyərdi ki, əmisi o vaxt Türkiyəyə səyahət etmiş və Ayasofya məbədini ziyarət etdikdən sonra dünyaya gələn qardaşı qızına Sofiya adının verilməsini arzulamışdı...

Vurğulandı ki, onun Azərbaycan müəlliflərinin əsərləri ilə yanaşı, Avropa və rus klassiklərinin tamaşalarında oynadığı rollar da əvəzedilməzdir. Məhz bu səbəbdən də bu gün yubiley çərçivəsində N.Qoqolun “Müfəttiş” tamaşası nümayiş olunacaq. Aktrisa vaxtilə bu tamaşada ən gözəl rollardan birini - Mariya Antonovnanı ifa edib.

Tədbirdə aktrisanın ailəsi adından çıxış edən oğlu Camal Vəzirov, gəlini İradə Vəzirova tədbirin təşkilatçılarına  və iştirakçılara təşəkkürlərini bildirdilər. Qeyd olundu ki, S.Bəsirzadə ömrünün sonuna qədər tamaşalarda oynayıb. Çəkildiyi filmlər bu gün də maraqla qarşılanır.

Sonda tədbir iştirakçıları teatrın səhnəsində N.Qoqolun eyniadlı pyesi əsasında hazırlanan “Müfəttiş” tamaşasını izlədilər.

Lalə AZƏRİ


   

şərhləri göstər

DİQQƏT!

Əziz oxucular. Mövzudan kənar, müəllifin şəxsinə və təhqir sözlər olan şərhlər yolverilməzdir. Sadaladıqlarımızdan savayı bütün fikirləriniz bizim üçün dəyərlidir.

Hələlik rəy yoxdur.

Şərh əlavə etmək

* Daxil edilməsi vacibdir
(göstərilməyəcək)
 
Smile Sad Huh Laugh Mad Tongue Crying Grin Wink Scared Cool Sleep Blush Unsure Shocked
 
1000 ədəd
 
Yeni şərhlər barədə mənim email ünvanıma məlumat göndər.
 
Mənim blankımdakı məlumatları bu kompüterin yaddaşında saxla.
 
Mən şərtləri. oxuyub tanış olmuşam və qəbul edirəm *