vaxtlı-vaxtında oxuyun! Çərşənbə axşamı, 19 mart 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Barış Manço (1943 - 1999)

«Keçmişini tanımayan bugününü anlaya, sabahını isə qura bilməz»

Barış Manço (1943 - 1999)
GÜNDƏM  
00:35 | 9 iyul 2018 | Bazar ertəsi Məqaləyə 2299 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

“Rejim çökür, hazır olun”

İranın üzdən iraq vəziyyəti

Şahin CƏFƏRLİ

MÖVZU İLƏ ƏLAQƏLİ

Avqustun 6-dan etibarən ABŞ İrana qarşı Obama dövründə ləğv olunmuş sanksiyaların bir hissəsini bərpa edəcək. İranın dollar əldə etməsinə, qiymətli metal, polad, alüminium, kömür ticarətinə, suveren borcu ilə əməliyyatlara, proqram təminatı idxalına, avtomobil sənayesinə qadağalar tətbiq olunacaq. Noyabrın 4-dən etibarən isə daha ağır və dağıdıcı sanksiyalar qüvvəyə minəcək: İranın neft, neft-kimya, bank-maliyyə, gəmiçilik sektorlarına sanksiyalar tətbiq olunacaq. Artıq Vaşinqton dost və müttəfiq ölkələri həmin tarixə qədər İrandan neft idxalını dayandırmağa çağırıb. (İrandan ən çox neft alan ölkələr Çin, Hindistan, Cənubi Koreya, Türkiyə və Yaponiyadır.)

Gözlənilən sanksiyaların küləyi Trampın 8 may tarixli bəyanatından bəri təsirini göstərməkdədir. Avropa Birliyi İranla biznesi olan şirkətlərini ABŞ sanksiyalarından qoruyacağını bəyan etsə də, artıq 50-dən çox Avropa şirkəti İranı tərk edəcəyini bildirib. Çünki bu şirkətlərin ABŞ-da da biznesi var və ABŞ bank (dollar) sistemindən istifadə edirlər. Heç kim İrana görə ABŞ bazarını itirmək və dollarla əməliyyatlar aparmaq imkanından məhrum olmaq istəməz.

Hazırda İran pulu rial sürətlə dəyərdən düşür (1 dolların qeyri-rəsmi məzənnəsi 80-90 min rialdır), qiymətlər qalxır, idxalatla məşğul olan sahibkarlar dollar qıtlığı ilə üzləşib. (2017-ci ildə İrandan 27 milyard dollar həcmində sərmayə çıxışı baş verib.) Yəqin xəbəriniz oldu, ötən həftənin əvvəlində Tehranın böyük bazarında (islam inqilabı burdan başlayıb) çalışan sahibkarlar böhranın dözülməz həddə çatması ilə əlaqədar parlamentin binasına yürüş etdilər. Hökumət rialı qorumaq, ölkədən valyuta çıxışını azaltmaq və ərzaq qıtlığı yaranmasına yol verməmək üçün tədbirlər görür. Məsələn, zəruri və gündəlik istehlak məhsulu olmayan 1400 adda malın ölkəyə idxalı dayandırılıb. Buğda, arpa, günəbaxan başda olmaqla, 18 adda kənd təsərrüfatı məhsulunun ixracı müvəqqəti olaraq qadağan edilib.

Ölkədə sosial gərginlik də artır. Ötən həftə Xürrəmşəhrdə (İraqla həmsərhəd Xuzestan ostanı) əhali su problemi ilə əlaqədar ayağa qalxmışdı, təhlükəsizlik qüvvələri operativ müdaxilə edərək, odlu silahdan da istifadə etməklə, etirazların miqyasının böyüməsini əngəlləri. İranda ciddi quraqlıq problemi var. Hökumət bu işdə də xarici qüvvələri günahlandırır. İran Mülki Müdafiə Təşkilatının rəhbəri, general Qulamrza Cəlali bildirib ki, İsrail və qonşu ölkələrdən biri (?) İrana gələn yağış buludlarını qısırlaşdırır, nəticədə İran ərazisinə keçdikdən sonra həmin buludlar yağış tökmür.

Əfqanıstan və Pakistanla həmsərhəd Sistan-Bəlucistanda isə bu yaxınlarda əhali cinsi təcavüz hallarının artması və yerli məmurların bu cinayətləri ört-basdır etməsi iddiası ilə etiraz aksiyaları keçirib.

Şübhə yoxdur ki, İranı içəridən qarışdırmaq istəyən xarici qüvvələr var. (Amma daxildə bunun üçün münbit zəmin mövcuddur.) ABŞ-İsrail-Səudiyyə Ərəbistanı üçlüyünün İrandakı istər sosial-iqtisadi, istərsə də etno-konfessional problemləri körükləməyə çalışdıqları sirr deyil. Məsələn, Xuzestan ərəblərin çoxluqda olduğu əyalətdir, Sistan-Bəlucistanda isə sünni bəluclar yaşayır.

ABŞ hökuməti iranlı mühacir qruplarla da işləməyə başlayıb. Ötən günlərdə Trampın müşaviri Rudy Giuliani Parisdə nüvəsini bir vaxtlar Qərbin terror təşkilatı saydığı “Xalqın mücahidləri”nin təşkil etdiyi İran Milli Müqavimət Şurasının konfransına qatılıb və “rejim çökür, hazır olun” mesajı verib. (Yeri gəlmişkən, bu toplantıya qarşı terror törətməyə hazırlaşdıqları ittihamı ilə İranın Avstriyadakı səfirliyinin əməkdaşı və daha bir neçə nəfər Almaniya və Belçikada həbs edilib.) ABŞ Konqresində isə İrandakı etnik qrupların təmsilçilərinin iştirakı ilə toplantı keçirilib. (Azərbaycanlılar adından Güneyli mühacir Babək Çələbiyanlı qatılıb).

İyulun 16-da Helsinkidə keçiriləcək Tramp-Putin görüşündə İran mövzusunun mərkəzi yer tutacağına şübhə yoxdur. Son həftələr İran qüvvələrinin Suriyadan çıxarılması (ən azı ilk mərhələdə İsrail sərhədlərindən uzaqlaşdırılması) üçün ABŞ-İsrail-Rusiya üçbucağında intensiv danışıqlar və bazarlıqlar gedir. Rusiya prinsipcə, buna razılığını verib. ABŞ-ın güzəşti isə budur ki, Suriyanın cənub-qərbindəki müxalif qruplara dəstəyini kəsib və Əsədin həmin əraziləri (İordaniya və İsrail istiqaməti) nəzarətə götürməsinə mane olmur. Trampın Putindən növbəti xahişi isə böyük ehtimalla bu olacaq ki, sanksiyalar bərpa olduqdan sonra Rusiya İrana yardım etməsin. Bunun əvəzində Trampın Putinə nə təklif edə biləcəyi hələlik qeyri-müəyyən qalır. O, bəlkə də Ukraynanı qurbanlıq qoyun kimi masaya qoymaq istəyərdi (son günlər “Krımın ilhaqını tanıya bilərik” deməsi yəqin bu niyyətdən qaynaqlanırdı), lakin Konqres və dövlət aparatı buna qarşı çıxdı. Rusiyaya qarşı sanksiyalar qanun halına salındığı üçün Tramp onları ləğv edə bilməz, amma yeni sanksiyaların tətbiqindən yayınmaq imkanı var. Yəqin ki, onun Putinə güzəşti bu olacaq.


   

MÜƏLLİF

ANKET

Hökümətin ölkədə hansı sahəyə diqqətinin artırılmasını istərdiniz?

  • Elm-təhsil
  • Səhiyyə
  • Sosial Müdafiə
  • Ekologiya, təbii sərvətlər
  • Müdafiə-təhlükəsizlik
  • Mədəniyyət, incəsənət, ədəbiyyat
  • Kənd təsərrüfatı, aqrar sənaye
  • Sahibkarlıq, sənaye (zavod, fabrik)