vaxtlı-vaxtında oxuyun! Çərşənbə, 19 dekabr 2018
1 ABŞ dolları 1 USD = 1.7000 AZN
1 Avro 1 EUR = 1.9292 AZN
1 Rusiya rublu 1 RUB = 0.0255 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 2.1461 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.3157 AZN
Məhəmməd Hüseyn Şəhriyar (1906 - 1988)

«Şair xalqın səsi, əsrin səsidir,
Vətənin ağsaçlı sərkərdəsidir,
Hökmüylə ordular ayağa qalxır,
Şerinin selində daşlar da axır»

Məhəmməd Hüseyn Şəhriyar (1906 - 1988)
BÖHRAN  
16:46 | 6 avqust 2018 | Bazar ertəsi Məqaləyə 695 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

SSRİ-nin sonunu xatırladan İran

Ölkədə sosial partlayış qaçılmazdır

MÖVZU İLƏ ƏLAQƏLİ

İranın ən azı 7 şəhərində ölkənin ağır iqtisadi durumuna etiraz olaraq kütləvi etiraz aksiyaları keçirilib. Nümayişçilər milli valyutanın dollar qarşısında dəyərini kəskin itirməsinə, işsizliyə, bahalığa, inflyasiyaya və ölkə rəsmilərinin səriştəsizliyinə narazılığını bildirib. On minlərlə insan iyulun 31-də İranın İsfahan, Rəşt, Gövhərdəşt, Tehran, Kərəc, Şiraz və daha bir neçə şəhərdə küçələrə axışaraq, ruhanilərin hakimiyyətinə və İranın dini lideri Ayətullah Əli Xamneyiyə qarşı şüarlar səsləndiriblər.

“Suriyanı burax, bizə gün ağla”, “Nə Qəzzə, nə Livan, canım İrana qurban”, “Millət acından qırılır, ağa (Xamneyi) isə Allahlıq edir”, “Diktatora ölüm”, “Xamneyiyə ölüm”, “Millətin oğurlanmış sərvəti mollanın əmmaməsinin altındadır”, “Top, tank, fişfişədən qorxmuruq, cəhənnəm olsun axundlar”, “Bizə yalandan deyirlər ki, düşmənimiz Amerikadır, halbuki əsl düşmənimiz burdadır”, “Bahalığa ölüm” və digər şüarlar səsləndirən aksiyaçılar, rejimin daxili və xarici siyasətinə etiraz bildiriblər.

Bildirilir ki, Gövhərdəşt şəhərində etiraz yürüşünə qatılanlara gözyaşardıcı qazdan istifadə edən əli dəyənəkli polislər və mülki geyimli təhlükəsizlik qüvvələri vəhşicəsinə insanlara hücum edərək onlardan bir neçə nəfərini tutublar. Digər şəhərlərdə isə hökumət qüvvələrinin zorakılığını görən etirazçılarla polis qüvvələri arasında qarşıdurma yaranıb, onlarla dinc etirazçı həbs edilərək naməlum istiqamətə aparılıb. Hazırda həmin şəhərlərin əsas küçə və meydanlarını polis və mülki geyimli ETTELAAT əməkdaşlarının nəzarətinə götürüldüyü vurğulanır.

Qeyd edək ki, son günlər İranda 1 ABŞ dollarının məzənnəsi 10500 tümənə bərabər olub. Devalvasiyanın artması ölkə iqtisadiyyatının bütün sahələrində böhranı dərinləşdirib. Xatırladaq ki, iyun ayının 25-də 1 ABŞ dollarının 9 min tümənə qədər dəyər qazanması İranda sahibkarların kütləvi etiraz aksiyalarına səbəb olmuşdu. Hətta Azərbaycan manatı da İran valyutasına nisbətdə möhkəmlənməkdə davam edir. İyunun 25-də 1 AZN 5000 tümənə konvertasiya edilirdisə, artıq bu rəqəm 5700 tümənə yüksəlib. 

Bəzi iqtisadçılar Çinin Şanxay birjasında İran şirkətlərinin maliyyə böhranından çıxmaq üçün valyuta əməliyyatlarında iştirakına şərait yaradacağını bildirir. Lakin ABŞ-ın paralel olaraq, İrana qarşı sanksiyaları sərtləşdirməsi, xüsusilə də neft satışına qoyulan qadağalar Tehran rejiminə siyasi təzyiqlərin güclənməsi ilə müşahidə olunur. 

Orta Doğu Araşdırmalar Mərkəzinin rəhbəri Sədrəddin Soltan hesab edir ki, maliyyə iqtisadi problemlər ölkədə hökumət böhranına gətirib çıxara bilər. Artıq İran parlamentinin 200 deputatı iqtisadi və maliyyə sahələrinə cavabdeh olan nazirlərin dəyişdirilməsi üçün prezident Həsən Ruhaniyə müraciət edib. Ekspert Cebhe.info-ya bildirib ki, İran rejimi mövcud böhran şəraitində bir müddət fəaliyyətini davam etdirə biləcək. 

Ancaq ölkənin iqtisadi və siyasi sisteminin çöküşü qaçılmaz görünür: “2015-ci il iyulun 15-də İranın nüvə proqramına dair “altılıq” ölkələri ilə əldə edilmiş razılaşmadan sonra İran əhalisi arasında arxayınlıq yarandı. Belə təsəvvür vardı ki, sanksiyalar götürülür və dünya ölkələri ilə iqtisadi əlaqələr bərpa olunur. Amma ABŞ prezidenti Donald Trampın Tehran rejiminə qarşı yeni mövqedən çıxış etməsi, nüvə sazişindən çıxması və sanksiyaları sərtləşdirməsi İranda iqtisadi -siyasi problemləri yenidən aktuallaşdırdı. Son məlumatlara görə, ABŞ dolları sürətlə dəyər qazanır. Halbuki, cari ilin əvvəlində 1 dollar 43 min rial idi. Son altı ayda milli valyuta üç dəfəyə yaxın dəyərdən düşüb. Rialın üç dəfəyə yaxın ucuzlaşması həm də xaricdən idxal olunan mal və məhsulların üç dəfə bahalaşması, ölkədə alıcılıq qabiliyyətinin üç dəfə aşağı düşməsi deməkdir. Yəni, İran əhalisinin dolanışığı üç dəfə pisləşib. Çox güman ki, İran hökuməti bu vəziyyətə bir müddət dözüm gətirəcək.

Nazirlər Kabinetində bir sıra dəyişikliklər etməklə, Rusiyadan, Çindən kreditlər almaqla, böhranı aradan qaldırmağa çalışacaqlar. Lakin böhran başda prezident Həsən Ruhani olmaqla bütün hökumətin istefaya getməsi ilə nəticələnə bilər. Bu, yaranmış iqtisadi böhranın siyasi yolla həllidir. Yəni, hakimiyyətin manevr etmək imkanları hələ qalır. Nazirləri işdən çıxarıb başqasını təyin etmək isə problemi həll etmir. Sadəcə olaraq, hökumətə manevr imkanı yaradır. Çünki İranda yaranmış iqtisadi böhranın mənbəyi ölkənin daxilində deyil. Bu, xaricdən İrana tətbiq edilən iqtisadi sanksiyaların nəticəsidir. İran iqtisadiyyatının əsasını neft ixracı təşkil edir. Bu gün İran hasil etdiyi nefti sata bilmədiyinə görə milli valyutası da dəyərini itirir. İran sənayesinin bütün sahələrində texnologiya aşağı səviyyədədir. Ona görə də İran texnologiyanı başqa ölkələrdən almalı olur. Valyuta olmadığına görə texnologiya almaq imkanları yoxdur. Yerli istehsal olmadığı üçün xaricdən valyuta ilə alınan hazır məhsul daxili bazarda baha qiymətə satılır.

Bu səbəbdən də İranda bahalaşma baş verir. Doğrudur, ABŞ prezidenti son günlər İranla danışıqlara hazır olduğunu bəyan edib. Amma bu təbliğat daha çox Amerikanın xeyrinədir. Yəni, Trampın bəyanatı daha çox beynəlxalq ictimai rəyə hesablanıb. İran rəhbərliyinin bu görüşdən imtina etməsi ona həm ölkə daxilində, həm də beynəlxalq miqyasda müsbət rəy qazandırmır. Əslində, belə bir görüşün baş tutması ikitərəfli münasibətlərdə yumşaqlıq yarada bilər. Belə bir görüşün yalnız BMT Baş Assambleyasının sessiyası çərçivəsində ABŞ-ın vitse-prezidenti və ya dövlət katibi ilə baş tutması mümkündür, üstəlik də şərtlər daxilində mümkündür. Əks təqdirdə, danışıqlar heç bir nəticə verməyəcək”.

Qeyd edək ki, İran hökuməti həm etiraz aksiyalarında səslənən daxili tələblərə, həm də ABŞ başda olmaqla beynəlxalq çağırışlara baxmayaraq, Suriya, İraq və Yəməndəki hərbi əməliyyatlardan geri çəkilmək istəmir. Son günlər Təbriz şəhərində dəmir- yolu işçiləri maaşlarını ala bilmədiklərinə görə, gecəni etiraz olaraq vağzalda keçirib. Eyni zamanda, “Zəm-Zəm” şirkətinin işçiləri də maaşlarının ödənilməməsinə etiraz olaraq aksiya keçirib. İran hökuməti isə ölkədə maliyyə çatışmazlığı səbəbindən yaranmış sosial problemləri həll etmək əvəzinə Yaxın Şərqdə müharibələrə külli miqdarda vəsait xərcləyir. Hətta İran Ali Məhkəməsinin rəhbəri Ayətullah Amuli Laricani İranın İsrail sərhədlərində daha da möhkəmləndiyini bəyan edib. Yəni, İran rəhbərliyi ölkədəki sosial etirazlara, problemlərə rəğmən ərəb coğrafiyasındakı münaqişələrdən geri çəkilməməkdə israrlı görünür”. 

Sədrəddin Soltanın sözlərinə görə, İranın hazırkı siyasəti SSRİ-nin son illərini xatırladır: “Ağıllı dövlətlər başlatdıqları hərbi əməliyyatlardan qazanc əldə edir. İran isə Suriyada, Yəməndə keçirdiyi hərbi əməliyyatlardan heç bir mənfəət götürmür. Suriyada, İraqda “Həşti Şaabi” qüvvələrinə, Livanda “Hizbullah”a, yaxud Yəməndə husilərə İranın dövlət büdcəsindən birbaşa yardım ayrılır. Burada məqsəd düşmənin başını xarici dövlətlərin ərazisində münaqişələrə qatmaqdır. Hadisələr isə onu göstərir ki, Əfqanıstanda “Taliban” hakimiyyəti, İraqda Səddam Hüseyn, Liviyada Qəddafi, Misirdə Hüsnü Mübarək rejimləri devriləndən sonra da İran yaddan çıxmadı. Çünki İran bölgənin açar ölkəsidir. Yaxın və Orta Şərqdəki bütün proseslərdə İranın əli var. Bu prosesləri məcrasına salmaq üçün həmin əli oradan çıxartmaq lazımdır. İran iki sahədə uduzub. Həm dünya neft bazarından, həm də iştirak etdiyi münaqişələrdən nə iqtisadi, nə də siyasi divident əldə edə bilir. Bu da ölkə daxilində sosial-iqtisadi böhrana səbəb olub”.

Müşfiq ABDULLA


   

şərhləri göstər

DİQQƏT!

Əziz oxucular. Mövzudan kənar, müəllifin şəxsinə və təhqir sözlər olan şərhlər yolverilməzdir. Sadaladıqlarımızdan savayı bütün fikirləriniz bizim üçün dəyərlidir.

Hələlik rəy yoxdur.

Şərh əlavə etmək

* Daxil edilməsi vacibdir
(göstərilməyəcək)
 
Smile Sad Huh Laugh Mad Tongue Crying Grin Wink Scared Cool Sleep Blush Unsure Shocked
 
1000 ədəd
 
Yeni şərhlər barədə mənim email ünvanıma məlumat göndər.
 
Mənim blankımdakı məlumatları bu kompüterin yaddaşında saxla.
 
Mən şərtləri. oxuyub tanış olmuşam və qəbul edirəm *