vaxtlı-vaxtında oxuyun! Çərşənbə axşamı, 19 mart 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Şeyx Məhəmməd Xiyabani (1880 - 1920)

«Vaxt bizi getməli olduğumuz yerə istiqamətləndirir»

Şeyx Məhəmməd Xiyabani (1880 - 1920)
GÜNEY  
15:34 | 7 avqust 2018 | Çərşənbə axşamı Məqaləyə 2129 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

“Parçalanma ehtimalı böyükdür”

Güney azərbaycanlı mühacirin soydaşlarımıza müraciəti

Güney azərbaycanlı Əli Nicat son günlər İranda baş verən hadisələr, baş verənlərin fonunda ölkə kənarında baş verənlər və bütün bunlardan Güney Azərbaycanın mənfəətli çıxması üçün yol xəritəsi açıqlayıb və bununla bağlı bütün otaylı bu taylı soydaşlarımıza müraciət edib. VAXT.AZ həmin müraciəti yayınlamağı özünə borc bilir.

“Azərbaycanlı ziyalılar, Siyasi Təşkilat rəhbərləri, Güney Azərbaycan siyasi mühacirləri və milli fəalları, Xaricdə yaşayan Güney təşkilatları və diaspor təşkilatlarının yetkililəri və üzvlərinə!

Müraciət

Sayqılar və hörmətlə

Bildiyiniz kimi, son zamanlar regionda və İran ətrafında cərəyan edən hadisələrin təhlili belə qənaət yaradır ki, artıq beynəlxalq ictimaiyyət və Qərb İranda mövcud olan rejimin kaprizlərinə dözmək istəmir. Hadisələrin belə gedişi ilə eyni zamanda İran daxilində vəziyyətin günü- gündən pisləşməsi, etiraz aksiyalarının intensivləşməsi, əhalinin iqtisadi durumunun getdikcə ağırlaşması və buna oxşar hadisələrin hər gün yenilənməsi İranın yeni hadisələrə hamilə olduğundan xəbər verir.

İranda yaşayan etniklərin durumunun daha ağır olduğunu və mərkəzdən uzaqlaşma istəklərinin güclənməsini də nəzərə alsaq bu ölkənin parçalanmaya meylli olduğu da ehtimal olunur. Ərəblər, bəlluclar və kürdlərin region ölkələri və beynəlxalq təşkilatlar tərəfindən dəstəkləndiyi hamımıza məlumdur. Lakin bu xalqların tək başına və ya hamısı birlikdə İranda aparıcı qüvvəyə malik olmadığını da bilirik. Ən azından say etibarı ilə onlar azərbaycanlıların yarısı qədər də deyillər. Mərkəz və İranın digər böyük şəhərlərində olan insanların da - əsasən fars dilli xalq - İranda rejimi dəyişməyə kifayət qədər imkanları mövcud deyil. Belə olan halda İranda hər hansı dəyişiklik yalnız və yalnız İranda yaşayan türklərin hadisələrə müdaxiləsi nəticəsində baş verə bilər. Bunun nə dərəcədə həqiqətə uyğun olduğunu tarix boyu baş verən inqilablar və İranda gedən siyasi proseslərin təhlili zamanı müşahidə etmək olar.

Hazırda ən önəmli məsələ azərbaycanlıların indiki zamanda öz hüquqlarını əldə etməyə nə dərəcə hazır olmaları sualına cavab tapılmasıdır. Bildiyiniz kimi indiyə qədər İranda aparıcı qüvvə türk etnosu olduğuna görə bütün inqilablar onların qurban edilməsi və aldadılması hesabına baş tutub. Bütün inqilablarda irəli sürülən azərbaycanlılar inqilabların nə ilə nəticələnməsindən asılı olmayaraq, yenə də uduzan tərəfdə yer almağa məcbur olublar. Son 200 il bu millətin çəkdiyi bütün əziyyətlər, məruz qaldığı təhqirlər, aldığı zərbələr bütün deyilənlərə əsas sübutdur.

Bu məktubda tariximizdə nə baş verdiyini bir-bir sadalamaq və hansısa hadisələrə izahat vermək fikrində deyiləm. Yaşadıqlarımız və bizə yaşadılanlar tariximizin necə olmasının əsas xəbərçisidir. Biz təəssüf ki, yad ölkənin tarixindəki inqilabları uğurla başa çatdırıb, müstəmləkə şəraitində zorla yaşamağa məcbur edilən bəlkə də yeganə millətik.

Sizə yazmağıma səbəbdə elə əslində bu mövzu ilə bağlıdır. İstərdim ki, əsas məqamı diqqətinizə çatdırım.

Bildiyiniz kimi İranda müxalif qüvvələr son zamanlar daha da aktivləşib və artıq öz təbliğatlarını Azərbaycan türkləri üzərində qurmağa başlayıblar. Onların ciddi- cəhdlə Azərbaycan türklərini İranda ayağa qaldırıb hakimiyyəti öz lehlərinə dəyişdirmək və yenə İranda öz hakimiyyətlərini bərpa etdirmək istəyirlər. Bu yolda azərbaycanlılara, yenə də atalarının verdiyi vədləri verən bu qüvvələr yenidən türklərin səslərini boğmaq siyasətini həyata keçirəcəklər. Yenə məşrutə təkrarlanacaq, yenə 1958-ci il xəlqi müsəlman cərəyanı baş verəcək və yenə ölən, qurban edilən bizlər olacağıq.

Təəssüf ki, başımıza yenidən torların hörülməyə başlandığı bu yeni mərhələdə biz heç nəyə hazır deyilik. Dünya nizamının dəyişməyə başlandığı zamanda millətimizin ayrı-ayrı ziyalıları və öndərləri olmağına rəğmən hələ də parçalanmış haldayıq və baş proseslərə zamanında reaksiya verə bilmirik. Düşüncə mərkəzlərimiz, hadisələri idarə edəcək beyin mərkəzlərimiz mövcud deyil. Hər birimizin canından artıq sevdiyi bu millət baş verən və planlaşdırılan hadisələrə kor-koranə qatılır, xalq öz narazılıqlarını necə, nə zaman və harada büruzə vermək lazım olduğu məsələsində aciz qalır. Bu səbəbdən potensial qüvvələrimizi itirmək və boş yerə xərcləmək məcburiyyətində qalırıq. Nəticədə bundan öncəki inqilablarda yaşanan səhvləri təkrar edərək, formalaşan milli qüvvələrin daxildə xərclənməsinə və məhv olmasına, daha sonra isə Azərbaycan türklərinin milli hərəkatının liderliyinin şahçılara, federalçılara və ən yaxşı halda islahatçılara dövr edilməsinə şərait yaradırıq. Məhz bu boşluqdan istifadə edən iranpərəst qüvvələr əhalinin milli qürurundan istifadə edərək, milli şüarlar vasitəsi ilə onları idarə etmək və bununla da istəklərinə nail olmağa çalışırlar. Bunun nə ilə nəticələnəcəyi isə hər kəsə bəllidir.

Formalaşmış yeni situasiya və İranda yaranmış gərgin vəziyyətdən yararlanmaq üçün bunları etməyimiz daha məqsədəuyğun olardı:

- Milli hərəkatın geniş təbliğat vasitələri və beyin mərkəzləri formalaşmalı, araşdırma mərkəzləri, TV-lər, mərkəzləşmiş siyasi təşkilatlar, xəbər saytlar və s. kimi kütləni idarə edəcək qurumlar formalaşmalıdır;

- ən önəmli məsələlərdən biri təşkilatlar arasında koordinasiya mərkəzinin yaranması və baş verən hadisələr zamanı bütün təşkilatları təcili məlumatlandırma və vahid strategiya əsasında hərəkət etməsini təmin etməkdir;

- Güney Azərbaycanın sərhədlərini müəyyənləşdirmək, Azərbaycan türklərinin ən ucqarda olsa belə özünü azərbaycanlı kimi hiss etməsi və onun yaşadığı yerin Azərbaycanın bir hissəsi olduğunu hiss etdirməyə çalışmaq lazımdır;

- Gələcək quruluşun idarə olunmasında nələrin nəzərə alınması, hansı kadrlardan istifadə olunması və bir çox siyasi və beynəlxalq təşkilatlarla mütəmadi əlaqələrin yaradılması məsələsini indidən həll etmək lazımdır. Ən azından İran şahçıları və digər müxalif qüvvələrinin fəaliyyətlərinə qarşılıq verəcək dərəcədə beynəlxalq sahədə fəaliyyətin təmin olunması lazımdır. Həmin təşkilatlar beynəlxalq təşkilatlarda və xarici ölkələrdə İranda etnik problemin olmadığını bildirərək daxili problemlər sırasında etnik məsələnin olmamasını təbliğ edirlər;

- hərbi məsələlərə diqqət yetirilməli və azərbaycanlıların İran ordusunda və SEPAH-da fəaliyyət göstərən kadrlarını milli məsələyə cəlb etmək, onlar arasında təbliğat işlərini gücləndirmək;

- İqtisadi planların hazırlanması və iş adamlarının etimadını qazanmaq üçün onların arasında təbliğat işləri aparmaq;

- İdari kadrlarla əlaqələrin yaradılması və milli kadrlara sahib çıxmaq.

- Qüzey Azərbaycan diasporunun üzvləri ilə koordinasiyalı fəaliyyəti artırmaq, millətin gələcəyi və var olan yeganə dövlətin varlığının qorunması üçün onların dolayı yolla proseslərə cəlb olunmasına şərait yaratmaq, güneyli və qüzeylilərin iştirakı ilə millətin gələcəyi konsepsiyasını işləyib hazırlamaq, bütün fikir ayrılıqlarını tam ortadan qaldırmağa çalışmaq.

Hörmətli cənablar və xanımlar, sizin əksəriniz həyatınızı milli məfkurəyə sərf etmiş, millətin varlığı üçün bütün əziyyətlərdən keçmiş, varlığınızı və gələcəyinizi millətin gələcəyinə qurban vermiş insansınız. Dünya və Yaxın Şərqin taleyi yenidən yazılmağa hazırlanır. Bu mənada İranın taleyi də müəyyən edilməyə hazırlanır. Bu dəyişiklikdə mühüm qüvvə azərbaycanlılar olacaq, mühüm rolu isə bizlər oynayacağıq. Artıq İrandakı hadisələrin tərkib hissəsi yox, özü olmağa məhkumuq. Azərbaycan yanan oda odun və maşa yox, çaxmağın özü olmalıdır. Biz yenidən yansaq külümüz üstə yeni İran qurulacaq. Artıq bu küllər üzərində İran yox, Azərbaycanın tikilmək vaxtı çatıb. Yeni Azərbaycanı qura bilməsək, tarixdən silinməyə məhkumuq. Bu vətənin və bütün millətin layiq olduğunu artıq onun özünə qaytarmaq vaxtı çatıb. Bu, bizi yetişdirən, ümidini və gələcəyini bizə bağlayan millətimiz və vətənimizə olan son borcumuzdur.

Sayğılarla Əlirza Zamani (Əli Nicat)”