vaxtlı-vaxtında oxuyun! Çərşənbə axşamı, 19 mart 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Heydər Əliyev (1923 - 2003)

«Fikir müxtəlifliyi təbii hadisədir. Hamı bir boyda ola bilmədiyi kimi, eyni fikirdə də ola bilməz»

Heydər Əliyev (1923 - 2003)
BÖHRAN  
19:35 | 8 avqust 2018 | Çərşənbə Məqaləyə 1284 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Rusiya maliyyə bazarında təlatüm

Rublun məzənnəsi son 2 ilin minimumuna endi

Şahin CƏFƏRLİ

MÖVZU İLƏ ƏLAQƏLİ

Ötən həftə ABŞ Senatına təqdim olunmuş və Rusiya qarşı yeni, daha sərt sanksiyaların tətbiqini nəzərdə tutan qanun layihəsinin mətni bu gün açıqlandı. Mətn yayıldıqdan sonra Rusiya maliyyə bazarında neqativ proseslər cərəyan etməyə başladı - dövlət banklarının səhmləri ucuzlaşdı, dolların məzənnəsi 65 rublu (son 2 ilin minimumu), avronun məzənnəsi 75 rublu ötdü.

Səbəb odur ki, xarici oyunçular, investorlar sanksiyaların ciddiliyini görüb, Rusiya aktivlərindən çıxmağa, əllərindəki səhmləri (“Sberbank” və VTB səhmləri başda olmaqla), Rusiya istiqrazlarını (OFZ) və avrobondlarını satmağa başladılar. OFZ və bondların qiyməti ucuzlaşdı, faizləri yüksəldi.

“Amerikanın təhlükəsizliyinin Kremlin aqressiyasından müdafiəsi üzrə Akt” (“Defending American Security from Kremlin Aggression Act - DASKAA”) adlanan sənədin ən təsirli müddəası budur ki, orada Rusiyanın aparıcı banklarının (“Sberbank”, VTB, “Qazprombank”, “Rosselxozbank”, “Bank Moskvı”, VEB, “Promsvyazbank”) ABŞ-dakı müxbir hesablarının və aktivlərinin bloklanması, hər hansı əməliyyat aparmalarına qadağa qoyulması nəzərdə tutulub. Bu, faktiki olaraq, onların dollar sistemindən kənarlaşdırılması deməkdir. Bu sahədə digər təsirli addım Rusiyanın borc kağızlarının satın alınmasına qadağa qoyulmasıdır. Bunun gerçəkləşməsi durumunda Rusiyanın kənardan borc cəlb etməsi çətinləşəcək.

Bundan başqa, bütün dünyada Putinin şəxsi varidatının axtarışı və üzə çıxarılması üzrə praktik fəaliyyətin başlanması, sanksiya tətbiq olunacaq rusiyalı oliqarxların, məmurların siyahısının yenidən hazırlanması, Rusiyanın enerji layihələrinə sanksiyalar, ABŞ ordusunun anbarlarında qalmış və istifadə olunmayan silahların ehtiyacı olan NATO ölkələrinə bağışlanması, ABŞ-ın NATO-dan çıxmasının yalnız Senatın üçdə iki səs çoxluğu ilə mümkün olması məsələləri də sənəddə əksini tapıb. Dövlət katibinə tapşırılır ki, Rusiyanın terrorizmin sponsoru olan dövlətlərin siyahısına daxil edilmək üçün müvafiq kriteriyalara uyğun gəlib-gəlmədiyini araşdırıb Konqresə məlumat versin.

Əslində bu sanksiyaların bəziləri 2017-ci ildə qəbul olunmuş sanksiya qanununda (CAATSA) əksini tapıb. Lakin həmin qanunda sanksiyalar məcburi xarakter daşımır və onların tətbiqi hökumətin öhdəsinə buraxılır. Ötən müddətdə isə Tramp bu sanksiyaların bir çoxunun tətbiqinə həvəs göstərməyib, üstəlik, senatorların fikrincə, Putinlə görüşdə və NATO zirvəsində özünü “yaxşı aparmayıb”. İndi yeni qanunla Rusiyaya qarşı tətbiq olunmuş bütün sanksiyalar sistemləşdirilir, məcburi hala gətirilir və sırf bu məsələ ilə məşğul olacaq xüsusi idarə yaradılır. Bununla da Trampın Putinlə münasibətlərdə əli-qolu bağlanır və o, Rusiya ilə münasibətlərdə dar bir dəhlizdə hərəkət etmək zorunda buraxılır.

Konqresin tətilə çıxması ilə əlaqədar qanun layihəsinin sentyabr-oktyabr aylarında (noyabr seçkisindən öncə) qəbulu planlaşdırılıb.


   

MÜƏLLİF

ANKET

Hökümətin ölkədə hansı sahəyə diqqətinin artırılmasını istərdiniz?

  • Elm-təhsil
  • Səhiyyə
  • Sosial Müdafiə
  • Ekologiya, təbii sərvətlər
  • Müdafiə-təhlükəsizlik
  • Mədəniyyət, incəsənət, ədəbiyyat
  • Kənd təsərrüfatı, aqrar sənaye
  • Sahibkarlıq, sənaye (zavod, fabrik)