vaxtlı-vaxtında oxuyun! Çərşənbə axşamı, 19 mart 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Mustafa Kamal Atatürk (1881 - 1938)

«Milli mənliyini itirmiş cəmiyyət, başqa millətlər üçün ovdur»

Mustafa Kamal Atatürk (1881 - 1938)
MEDİA-QHT  
13:46 | 17 avqust 2018 | Cümə Məqaləyə 2764 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Jurnalist təhsili: problemlər, perspektivlər - 2

Professor Nəsir Əhmədlinin jurnalistikanın bugünü və gələcəyi haqqında düşündüklərinə sözardı

Aygün MURADXANLI

MÖVZU İLƏ ƏLAQƏLİ

Dəyərli Nəsir müəllim, Facebook profilinizdə jurnalistikada kadr hazırlığı ilə bağlı qayğı yüklü yazınızı oxudum. Uzun illər bu sahənin pedaqoqu olduğunuz üçün problemləri daha dərindən görmək imkanınız var. Gördüklərinizi bizə də çatdırdığınız, çıxış yolları önərdiyiniz üçün sizə təşəkkür edirəm. Fikirlərinizi diqqətlə oxudum və düşündüm ki, sizin öyrətmən baxışı ilə baxdığınız məsələləri bir öyrənci gözü ilə də nəzərdən keçirmək faydalı ola bilər.

Yazırsız ki, yaraşıqlı və keyfiyyətli paltar tikmək üçün müvafiq parça, dadlı və keyfiyyətli xörək bişirmək üçün keyfiyyətli ərzaq lazım olduğu kimi, peşəkar jurnalist kadrları hazırlamaq üçün də bu sahəyə həvəsi olan qabiliyyətli abituriyentlər lazımdır. Bəs, müəllim?… Sizcə, kadr hazırlığında müəllim daha önəmli deyilmi? Düşünək ki, xəyal etdiyimiz bir mükəmməl qəbul qaydası düşünüldü və fakültəyə yalnız həyatını jurnalisikaya həsr etmək istəyənlər gəldi. Onları kim öyrədəcək? Sabah-sabah auditoriyaya gələnə qədər dünya gündəmini 5 qaynaqdan 3 dildə oxumayan müəllim jurnalist yetişdirə bilməz, hocam. Ömründə xəbər yazmayan, reportaj dalınca qaçmaqdan dabanı döyənək olmayan, müsahibdən söz qoparmağın fəndini bilməyən, köşə yazmağı başarmayan, montaj masasında yuxuya əsir düşənə qədər çalışmayan, qırmızı EFİR işığı yananda seyrçi, dinləyici ilə baş-başa qalmayan insanlar jurnalist yetişdirə bilməz. Onlar sadəcə gənclərin zamanını ala bilərlər.

Yazınızda təəssüf etdiyim bir məqam da var - sovetlərə nostalji. “Sovet dövründə jurnalistika fakültəsinə qəbul qaydaları indikindən xeyli mükəmməl idi” yazmağınız məni necə üzdü, bir bilsəniz… BDU-nun jurnalistika fakültəsinə 1990-cı ildə qəbul olmuşam - tərif dediyiniz sovet dönəmində. Yazılı imtahanda mən heç bir orfoqrafik səhv olmayan sərbəst mövzulu inşa yazdım, “5”-i “şparqalkadan” belə köçürməyi düz-əməlli başarmayan birisinə yazdılar. Niyə???… Atası yaxşı rüşvət vermişdi, ona görə. Şifahi imtahanlarda digər abituriyentlərin valideynləri öz övladları ilə yanaşı mənə azarkeşlik edirdilər. Çünki imtahan zalına keçənə qədərki söhbətlərdə, sual-cavablarda, polemikalarda hər kəs “qabındakını” göstərirdi. Deyirdilər - sən keçməlisən, hazır jurnalistsən. Özümü tərifləmirəm, “qabımda” nə olub, siz bilirsiz, sadəcə öz timsalımda sovet sisteminin gəncləri necə sındırdığını bir daha yadınıza salmaq istəyirəm. Sonda “papalarının gül balaları”, imtahanda ağızlarını açmayanlar, qələmi vərəqə toxundurmayanlar muncuq kimi 5-lərlə tələbə oldular. Mən müsabiqədən keçmədim… Demə…. yazılı imtahanda ayın tarixi, inşa, inşanın adından sonra nöqtə qoyub 3 dəhşətli səhv eləmişəm… Anam dil-ədəbiyyat müəllimidir. Ağlım kəsəndən evdə anamla bir yerdə “dəftər yoxlamışam”. Adım kimi bilirdim ki, o 3 sətrə nöqtə qoyulmur - nöqtə bitmiş fikir üçündü. Təhsil dəllalları mənim kimi nə qədər gəncin yolunda belə şərəfsizcə quyu qazmışdılar… Sırf təsadüf nəticəsində həmin il tələbə oldum. 1990-cı ildə Sov.İKP MK-nin birinci katibi Ayaz Mütəllibov qəbul imtahanlarında 1 və yarım balı çatmayan tələbələr üçün ödənişli qruplar açılması haqqında sərəncam imzaladı, sahibi ailə dostumuz olan bir şirkət mənim təhsil haqqımı köçürməyə boyun oldu. Prezident Elçibəy nur içində yatsın, TGDK-nın ilk sədri Vurğun Əyyubun ömrü uzun olsun, onlar qəbul qaydalarını test sisteminə dəyişəndən sonra hüquq, şərqşünaslıq, tibb, jurnalistika kimi gözdə fakültələrin qapısı mənim kimi orta təbəqədən olan ailələrin övladları üçün açıldı.

Dövlətin (əslində rüşvətin) hesabına oxuyan o tələbələrin axırı nə oldu bilmədim. Biz mətbuat konfransları ilə dərsin, müəllim danlağı ilə redaktor tərsləmələrinin arasında çabalayanda onlar fakültə güzgüsünün qabağında nazlanırdılar, bufetdə vaxt keçirirdilər. Əllərində nə bir qəzet, nə bir dərgi gördük, biz həsrətlə təcrübə keçəcəyimiz günləri gözləyəndə onlar rüşvət verib təcrübəyə gəlmirdilər. Sonda onlar qırmızı, biz göy diplomla ali məktəbi bitirdik. Mən öz yazdığım xəbərləri toplayıb xəbər janrı haqqında diplom işi yazmışdım, onlar kiməsə rüşvət verib adını dəqiq bilmədikləri diplom işləri yazdırmışdılar. Yəqin heç biri yadınızda qalmayıb. Bəlkə heç siz də onların yadında deyilsiz. Amma əminəm ki, o fakültənin içi mənqarışıq 3-5 məzunu sizi görəndə sevindiyimiz kimi, siz də bizi görəndə sevinirsiniz.

Rusiya təhsilini bizə nümunə göstərməyinizi də anlamadım, hocam. Bu gün Kremlin əlində oyuncağa çevrilən medianın mətbəxi bizim üçün niyə nümunə olsun ki? Bu gün həmin məktəbin yetirmələri siyasilərin 'yeni saqqız'ı Avrasiyaçılıq ideyasını yaymaqla, keçmiş Sovetlər Birliyi məkanında beyinləri zəhərləməklə məşğuldurlar. Azad sözün yox, hakimiyyətlərin qulu olan jurnalistlər hazırlamaqdırmı bizim məqsədimiz?

Yazırsız ki, ruslar gələcəyin jurnalistlərini bir yazılı, bir şifahi olmaqla iki qabiliyyət imtahanında yoxlayır, biz də belə edək. O, imtahanların obyektivliyinə kim qaranti duracaq, dəyərli hocam? Yavaş-yavaş o sistemə rüşvətin, tapşırığın yol açmayacağına kim təminat verəcək? Test üsülunun ləğv ediməsinin başındakı hoqqalar yenidən sovet dönəmindəki rüşvəti bərpa etmək üçün deyilmi? Axı, dünya çoxdan bir insanın şüurunu, məntiqini yoxlamağın, onun ali təhsil almağa bacarığı olub-olmadığını öyrənməyin yolunu tapıb. Bütün ixtisaslar üzrə təhsil almaq istəyənlər yalnız 3 imtahan verir - dil, riyaziyyat, məntiq. Dünyanın qabaqcıl təhsili deyir ki, normal danışmaq, yazmaq, oxumaq bacarığı olmayan, məntiqin əlində girinc qalan, riyaziyyatı bəlli bir səviyyədə bilməyəndən ali məktəb tələbəsi olmaz. Bu gün dünyaya meydan oxuyan, innovasiyaları zamanı aşan təcrübələr varsa, biz niyə heç bir rəqabətə davam gətirməyən arxaik rus elmi düşüncəsinin arxasınca düşməliyik? Qətiyyən, hocam, qətiyyən. Sivil dünya tamamilə başqa tərəfə gedir. Biz dünya ilə çiyin-çiyinə gedək, qarşı-qarşıya gəlməyək...

Usta-şəyird prinsipinizi çox bəyəndim. Sağlam materialı usta əlinə verməsək, ortaya çıxan özfəaliyyət bizi yalnız məyus edəcək. Digər təkliflərinizin də altından sevə-sevə imzamı qoymağa hazıram.

Dərin hörmətlə

Tələbəniz Aygün