vaxtlı-vaxtında oxuyun! Çərşənbə axşamı, 19 mart 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Barış Manço (1943 - 1999)

«Keçmişini tanımayan bugününü anlaya, sabahını isə qura bilməz»

Barış Manço (1943 - 1999)
AKTUAL  
13:51 | 17 avqust 2018 | Cümə Məqaləyə 2287 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Jurnalist təhsili: problemlər, perspektivlər - 3

Yaxud “Kommunizmin tərifi”nə görə verilən 4 qiyməti

MÖVZU İLƏ ƏLAQƏLİ

17.08.18 - Yaxud “Kommunizmin tərifi”nə görə verilən 4 qiyməti...

Çox dəyərli, canim-gözüm Aygün xanım (Muradxanlı)!

“Sözardı”na görə təşəkkür edirəm. Mən tələbəlikdən yadımda qalan, bu günün tanınmış jurnalistləri olan məzunlarımızın, o cümlədən sənin də yaradıçılığını imkanım daxilində izləyirəm. Həmişə olduğu kimi, bu dəfə də yazındakı mübarizlik ruhu, kimin deməsindən asılı olmayaraq səni qane etməyən fikirləri etirazla qarşılamaq cəhdin xoşuma gəldi. Bununla belə, hocalıq və qocalıq statusuma söykənərək yazındakı bəzi məqamlara aydınlıq gətirmək istəyirəm.

1. Təbii ki, parça nə qədər keyfiyyətli və gözəyatımlı olsa da, naşı dərzi ondan yararlı paltar tikə bilməz. Həm “parça” (abituriyent) keyfiyyətli, həm də “dərzi” (müəllim) peşəkar olmalıdır. Bu, aksiomdur. Mən də tələbə seçimindən bəhs etdikdən sonra yazmışam ki: “Laborantların və müəllimlərin işə götürülməsinə də diqqət yetirmək lazımdır. Mən də daxil olmaqla yaşlı müəllimlərimizdən hər biri bir neçə il ixtisas üzrə istehsalatda çalışdıqdan sonra fakültəyə dəvət ediliblər, əvvəl laborant kimi, sonra müəllim kimi fəaliyyət göstəriblər. Təkcə nəzəriyyəni bilməklə praktik jurnalist hazırlamaq olmaz”.

2. “Nastolji” məsələsi. Mən sovet dönəmini tərifləməmişəm, sadəcə, 70-ci illərdəki faktlarla indiki faktları müqayisə edərək demişəm ki, ovaxtkı təhsil sistemi indikindən daha mükəmməl idi. Yenə də həmin fikrimdə qalıram.

Yeri gəlmişkən: sovet rejimindən ən çox zərbə alanlardan biri elə mən özüməm. Orta məktəbin ən nümunəvi şagirdi kimi tanınsam da, attestatımı yalnız “5”lər bəzəsə də, medal verməyiblər, sənin dediyin səbəblər üzündən 7 il arzuladığım ixtisasa (jurnalistikaya) qəbul oluna bilməmişəm, kolxozçuluq, fəhləlik, əsgərlik məktəblərini keçmişəm. Həmin 7 ildə ən böyük qazancım isə bu olub ki, həyatı öyrənmişəm, rus və alman dillərinə mükəmməl yiyələnmişəm.

Biz tələbə olanda “Elmi kommunizm” adlı əttökən bir fənn vardı. 5 il əla qiymətlərlə oxumuşdum, indi həmin fəndən dövlət imtahanı verməli idim. Biletdəki 1-ci sual belə idi: “Kommunizmin tərifi”. Dedim, cavabı bilmirəm. Müəllim təəccübləndi. Əla qiymətlərlə oxuyan tələbənin bu cür asan sualın cavabını nə üçün bilmədiyini soruşdu. Dedim: “Bilirəm, amma necə söyləyim ki, kommunizm elə bir sinifsiz cəmiyyətdir ki, orada maddi nemətlər bolluğu sel kimi aşıb-daşacaq və sair vəilaxır”. O biri suallara da “bilmirəm” cavabını verdim. Hətta “2” yazmaq istəyirdilər. Şirməmməd müəllimin müdaxiləsindən sonra “4” verdilər. Beləcə, mən də qırmızı diplomdan məhrum oldum.

3. Test məsələsi. Təbii ki, bu, rüşvətə qarşı mübarizənin ən yaxşı üsulu idi, amma həm də əzbərçiliyə, savadsızlığa yol açır. Təkrar edirəm: “Ali məktəblərə qəbul test üsulu ilə keçiriləndən bəri orta məktəblərdə, demək olar ki, inşa yazılmır, yazılsa da, son dərəcə formal xarakter daşıyır. Ədəbiyyatı, yazı bacarığını test üsulu ilə öyrətmək və qiymətləndirmək olmaz. Şagirdlər yalnız bu və ya başqa yazıçının neçənci ildə doğulub, neçənci ildə öldüyünü və bir neçə əsərinin adını əzbərləyirlər. Əsərlərin məzmunu, ideyası, sənətkarlıq məsələləri kölgədə qalır”.

4. Yerdə qalan problemlər (rüşvət və s.) cəmiyyətin problemləridir, tək-tək insanların cəhdi ilə həll olunacaq məsələ deyil. Cəmiyyətin problemini cəmiyyətin özü yoluna qoymalıdır...

Bir daha təşəkkür edirəm, mənim əziz, dəyərli həmkarım, çox sevimli Aygün xanım!