vaxtlı-vaxtında oxuyun! Çərşənbə axşamı, 19 mart 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Heydər Əliyev (1923 - 2003)

«Tariximiz bizim üçün dərs olmalıdır. O, heç nəyi silmir»

Heydər Əliyev (1923 - 2003)
GÜNDƏM  
17:58 | 16 avqust 2018 | Cümə axşamı Məqaləyə 1319 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

… Türkiyənin Qərbədn qopmaq lüksü yoxdur

Siyasi, mədəni, iqtisadi, texnoloji və hərbi sahələrdə dərin əlaqələr, asılılıqlar o qədər formalaşıb ki, …

Şahin CƏFƏRLİ

MÖVZU İLƏ ƏLAQƏLİ

Avropa Türkiyənin ABŞ-la münasibətlərindəki böhran vəziyyətindən yararlanıb, yavaş-yavaş öz şərtlərini yeridir.

Türkiyədə həbsdə olan və casusluqda suçlanan 2 yunan əsgəri dünən səssiz-səmirsiz sərbəst buraxıldıqdan sonra bu gün də “Amnesty İnternational”ın Türkiyə bölməsinin rəhbəri, terrorizmdə ittiham olunan Taner Kılıç azad edildi. Prezident Ərdoğanın Almaniya səfəri öncəsi başqa yumşalmaların da olacağı gözlənilir. Almaniyada media və müxalifət tələb edir ki, ya Ərdoğanın səfəri ləğv olunsun, ya da ondan əlaqələrin qorunmasının və inkişafının şərti kimi müəyyən demokratik açılımlar tələb edilsin.

Bizdə məsələnin mahiyyətini araşdırmayanların tez-tez iddia etdiyi kimi, Qərb Türkiyənin çökməsini, batmasını istəmir. Ən azı ona gorə ki, Türkiyə Qərb maliyyə institutlarına böyük məbləğlərdə borclanıb və Qərbin Türkiyədə ciddi yatırımları var. Təkcə İspaniya banklarına 83 milyard dollar, Fransa banklarına 34 milyard dollar borc qaytarılmalıdır. Türkiyə batsa, bu pulu kim qaytaracaq? Bu baxımdan Merkel və Makron Türkiyə ilə bağlı son açıqlamalarında səmimidir.

İndi gələk Türkiyədəki dollar/iPhone isteriyasına. Siz heç ABŞ-ın 250 milyard dollar gömrük rüsumları tətbiq etməsindən sonra Çində dollar yandırıldığını, “iPhone” sındırıldığını eşitdinizmi? (Bilmirəm, bəlkə də tək-tük hallar olub.) Belə görüntülər Türkiyənin bir dövlət kimi ciddiyyətinə kölgə salır. Bir tərəfdən Türkiyədə hökumət, müxalifət, xalq deyir ki, dollar bəlasından xilas olmalıyıq, artıq yetər. Amma sonra Çindən 3,6 milyard dollar borc cəlb edib, Qatarın 15 milyard dollarlıq yatırım qərarından havalara uçurlar. Yəni ziddiyyət göz önündədir və dollarlaşma da bir yandan davam edir. Bu ilin ilk 6 ayında Türkiyənin xarici ticarətində dolların payı 52 faiz, avronun payı 40 faiz təşkil edib. Türkiyənin yeni dostları, ona qaz verən (həm hərfi, həm də məcazi mənada) Rusiya və İran da dollardan imtinanın zəruriliyini dəfələrlə bildirsələr də, Türkiyəyə qazı və nefti dollarla satmağa davam edirlər, qiymətini də salmırlar ki, Ankara indiki çətin vaxtında bir az nəfəs alsın.

Yeri gəlmişkən, Qatar başda olmaqla, ərəb sərmayəsinin Türkiyə iqtisadiyyatındakı rolu ötən illərdə də çox şişirdilirdi, indi də şişirdilir. Ərəblərin Türkiyədəki yatırımları 14 milyard dollar civarındadır, bunun 5,5 milyardı Qatar sərmayəsidir, 7,1 milyardı isə Türkiyə ilə münasibətləri soyuqlaşmış BƏƏ-Səudiyyə-Bəhreyn üçlüyünə aiddir. (Bu baxımdan sonuncu 15 milyardlıq yatırım qərarı Qatarın çapı üçün böyük məbləğdir. Bu ölkənin dünya üzrə bütün yatırımlarının həcmi cəmi 60 milyard dollardır.) Yəni Türkiyə kimi iri dövlətin toplumunun Qatar kimi cırtdana ümid etməsi, onu xilaskar qismində görməsi iPhone qırmaq qədər ciddiyyətdən uzaq haldır. Üstəlik, Qatar ABŞ-ın nəzarətində olan, ərazisində ABŞ-ın regiondakı ən böyük hərbi bazasını yerləşdirən ölkədir. Məntiqlə, ABŞ əgər sizi gerçəkdən çökdürmək istəyirsə, Qatar sizin xilaskarınız ola bilməz. Səudiyyə ilə Qatarın münasibətləri kəskinləşəndə Qatarın özünü işğala məruz qalmaqdan ABŞ qurtarmışdı. (Tillerson dövrü.)

Türkiyə öz hərbi sənayesinin göz bəbəyi olan ATAK helikopterlərinin böyük partiyasını Pakistana satmağa hazırlaşır. Amma ABŞ və ya Britaniyadan biri icazə verməsə, sata bilməyəcək, çünki mühərriklər bu iki ölkə şirkətlərindən alınır. Biz ötən illərdə Türkiyədən “Fırtına” özüyeriyən artilleriya qurğuları almaq istəmişdik, amma Almaniya icazə verməmişdi. Çünki “Fırtına”nın mühərriki Almaniya istehsalıdır. (Özü isə Cənubi Koreya lisenziyası ilə istehsal olunur.) Türkiyənin “Milgem” (Milli Gemi) layihəsi də Almaniyanın texnoloji dəstəyi ilə həyata keçirilir, “Altay” tankının mühərriklərinin hazırlanmasında da almanların köməyi lazımdır və s...

Yəni uzun sözün qısası, Türkiyənin hazırkı mərhələdə Qərbdən qopmaq kimi bir lüksü yoxdur. Tənzimat dövründən bəri siyasi, mədəni, iqtisadi, texnoloji və hərbi sahələrdə dərin əlaqələr, asılılıqlar formalaşıb.


   

MÜƏLLİF

ANKET

Hökümətin ölkədə hansı sahəyə diqqətinin artırılmasını istərdiniz?

  • Elm-təhsil
  • Səhiyyə
  • Sosial Müdafiə
  • Ekologiya, təbii sərvətlər
  • Müdafiə-təhlükəsizlik
  • Mədəniyyət, incəsənət, ədəbiyyat
  • Kənd təsərrüfatı, aqrar sənaye
  • Sahibkarlıq, sənaye (zavod, fabrik)