vaxtlı-vaxtında oxuyun! Çərşənbə axşamı, 19 mart 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Məhəmməd Əmin Rəsulzadə (1884 - 1955)

«İnsanlara hürriyət
Millətlərə istiqlal»

Məhəmməd Əmin Rəsulzadə (1884 - 1955)
AMERİKA  
14:04 | 16 avqust 2018 | Cümə axşamı Məqaləyə 1544 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

“Mən əsir düşənləri qəhrəman saymıram”

Makkeyni Trampın sözünü özünə necə yedirtdi?!

Şahin CƏFƏRLİ

Obama və Tramp dönəmlərində hərbi büdcə fərqləri çox barizdir. Obamanın son ilində (2016) Pentaqonun büdcəsi 534 milyard dollar idi, 1 il əvvəl isə daha az olmuşdu - 521 milyard. Şəxsi heyətin ixtisarı gedirdi.

Trampın reyqanist fəlsəfə ilə hazırlanmış seçki platformasında hərbi büdcə sekvestrindən imtina olunacağı və ordunun say tərkibinin artırılacağı, yeni gəmilər və təyyarələr alınacağı, nüvə arsenalının modernləşdiriləcəyi qeyd olunmuşdu. Tramp prezident kimi fəaliyyətə başladıqdan sonra yeni milli təhlükəsizlik və milli müdafiə strategiyaları da bu ruhda hazırlandı. (Bu sənədlərin məzmunundan Trampın özünün nə dərəcədə xəbəri var, o ayrı mövzudur.) İndi həmin sənədlərdə göstərilən vəzifələr həyata keçirilir.

Yeni maliyyə ili üçün (2019) hərbi büdcə 716 milyard dollar həcmində müəyyənləşdirilib. (Müqayisə üçün, Rusiya hərbi büdcəsi - 42 milyard dollar.) Ordunun say tərkibi 15 min 600 nəfər artırılır (ümumilikdə 1 milyon 338 min nəfər), əmək haqqları 2,6 faiz yüksəldilir, yeni gəmilərin tikintisinə 24,1 milyard, 77 ədəd F-35 alınması üçün 7,6 milyard dollar ayrılır. İsrailin raket hücumundan müdafiə sistemi üçün 500 milyon, Ukraynanın təhlükəsizliyi üçün 250 milyon dollar nəzərdə tutulub.

Talassokratik dövlət olan ABŞ geosiyasətin banilərindən biri sayılan admiral Alfred Mehenin (Alfred Thayer Mahan, 1840-1914) “Dəniz gücü” (Sea power) nəzəriyyəsinə uyğun olaraq okeanlara nəzarəti qlobal liderlik baxımından həlledici saymağa davam edir, bu səbəblə donanmanın gücləndirilməsi və yeni gəmilərlə təchizatı prioritet elan edilib. Tramp hərbi gəmilərin sayını 275-dən 350-yə çatdırmaq hədəfini qarşıya qoyub. A.Mehen əmin idi ki, dənizdə hökmranlıq düşmənin ticarətini məhv etmək və onu vacib resurslardan məhrum qoymaq üçün yetərlidir. 1897-ci ildə admiral Mehen 1901-1909-cu illərdə prezidentlik edəcək Teodor Ruzveltlə tanış olur və düz 10 il sonra ABŞ ilk dəfə olaraq öz dəniz gücünü və ambisiyalarını nümayiş etdirmək üçün “Böyük ağ donanma”sını (18 hərbi gəmi, 14 min dənizçi) dünya turuna göndərir...

A.Mehen hələ o vaxt ABŞ-ın əsas geosiyasi rəqibləri kimi Avrasiya nəhəngləri Çin və Rusiyanı, eləcə də Almaniyanı göstərmişdi. Buna qarşı tədbirlər görmək üçün o, 4 maddəlik təkliflə çıxış etmişdi: Britaniya ilə fəal əməkdaşlıq; Almaniyanın dənizdəki iddialarına mane olmaq; Yaponiyanın Sakit okeandakı ekspansiyasını diqqətlə izləmək və onu əngəlləmək; Asiyalılara (Çin, Yaponiya) qarşı birgə hərəkətləri avropalılarla koordinasiya etmək. Sonrakı dövrlərdə bu tövsiyələrə böyük ölçüdə əməl olundu.

ABŞ-ın yeni milli təhlükəsizlik strategiyasında (2017) son 15 ildə ilk dəfə olaraq qlobal terrorizm təhdid sıralamasında 1-ci pillədən aşağı düşüb və onun yerini “böyük dövlətlərin rəqabəti” alıb. Alfred Mehenin konsepsiyasında olduğu kimi, Rusya və Çin ABŞ-ın əsas geosiyasi rəqibləri elan edilib. Yeni hərbi büdcə layihələri də məhz buna uyğun tərtib olunur.

Yeri gəlmişkən, Senat 2019-cu il hərbi büdcə qanununa Trampa qarşı müxalif mövqedə olan və ömrünün son dəmini yaşayan senator Con Makkeynin adını verərək onu sağlığında onurlandırdı. (John S. McCain National Defense Authorization Act for Fiscal Year 2019.) Makkeyn barədə “mən əsir düşənləri qəhrəman saymıram” deyən Trampa bu qanunu təntənəli şəkildə imzalatdıraraq bir növ, sözünü yedirtmiş oldular. Senatorun babası I Con Makkeyn donanma admiralı olub və II Dünya müharibəsində Sakit okeanda döyüşüb. Onun oğlu, senatorun atası II Con Makkeyn də donanmada xidmət edib. Vyetnamda təyyarəsi vurulan III C.Makkeyn əsirlikdə olanda onun atası ABŞ-ın Sakit okean donanmasının komandanı idi. Vyetnamlılar bu faktı öyrəndikdən sonra təbliğat məqsədilə onu sərbəst buraxmaq istəmiş, lakin Makkeyn bu təklifi rədd etmişdi...

...ABŞ hərbi donanması ilə bağlı videoların birində belə deyilir: “Yerin 70 faizi su ilə örtülüdür, planetin 80 faiz əhalisi dəniz sahilində yaşayır, bütün yük daşımalarının 90 faizi dəniz vasitəsilə həyata keçirilir - və 100 faiz bizim nəzarətimizdə...”

P. S. Növbəti yazıların birində Reyqan dövrü ilə indiki dövr arasındakı bənzərliklərdən bəhs etməyə çalışarıq.


   

MÜƏLLİF

ANKET

Hökümətin ölkədə hansı sahəyə diqqətinin artırılmasını istərdiniz?

  • Elm-təhsil
  • Səhiyyə
  • Sosial Müdafiə
  • Ekologiya, təbii sərvətlər
  • Müdafiə-təhlükəsizlik
  • Mədəniyyət, incəsənət, ədəbiyyat
  • Kənd təsərrüfatı, aqrar sənaye
  • Sahibkarlıq, sənaye (zavod, fabrik)