vaxtlı-vaxtında oxuyun! Cümə, 19 aprel 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Heydər Əliyev (1923 - 2003)

«Xalq gərək daim öz kökünü xatırlasın»

Heydər Əliyev (1923 - 2003)
SƏNAYE - AĞIR, YÜNGÜL, AQRAR  
14:11 | 18 avqust 2018 | Şənbə Məqaləyə 3196 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

“Dollar” əkib qəpik qazananlar…

Fermer: “İllərlə Rusiyada alver edənlər də sarımsaq, soğan əkdi”

Ü.XUDİYEVA

MÖVZU İLƏ ƏLAQƏLİ

Hazırda Azərbaycanda bir sıra kənd təsərrüfatı məhsullarının yığımı mövsümüdür. Ölkədə kənd təsərrüfatının inkişaf etdirilməsi üçün son illərdə həyata keçirilən islahatların, dövlət proqramlarının, yeni kənd təsərrüfatı texnikalarının alınması və s. görülən işlər öz bəhrəsini verir. Bu baxımdan xüsusən tərəvəzçilikdə məhsul bolluğu yaşanır.

Məhsul bolluğu isə  həm də ucuzluqdur. Ötən il soğan və sarımsağın birdən-birə bahalaşması səbəbindən kəndli-fermerlər bu tərəvəzə daha çox meylləndilər, nəticədə soğan və sarımsaq əkini kəskin artdı. Nəticədə bolluq yarandı və deyəsən fermerlər gözlədikləri yüksək gəliri əldə edə bilməyəcəklər.

Virtualaz.org bu mövsümdə Azərbaycanda soğan istehsalı ilə bağlı vəziyyəti araşdırıb və bəlli olub ki, əlverişli hava şəraitindən məhsul bol, çəkilən xərc isə ötən ilə nisbətən az olub. Ona görə də əksər rayonlarda yığılan məhsul artıq satılıb.

 

Xərci az, qazancı ikiqat artıq oldu

 

Lənkəranlı fermer Aydın Cəlalov deyir  ki, ötən il alıcı tapmaqda çətinlik çəkdiyindən bu il cəmi 1,2 hektar sahədə soğan əkib. Bir kiloqram qırmızı soğanın mayası 20-25 qəpiyə başa gəlib, məhsulu 50 qəpikdən sata bilib. (Hazırda Bakı bazarlarında qırmızı soğanın 1 kiloqramının pərakəndə satış qiyməti 1 manata yaxındır-müəl.) Fermer deyir ki, cənub bölgəsində əsasən qırmızı soğan, yəni “Sabir” sortuna üstünlük verirlər. Çünki həm yerli, həm də Rusiya bazarında qırmızı soğana tələbat var, üstəlik nisbətən bahadır.

“Digər məhsullardan fərqli olaraq havanın günəşli keçməsi xərcləri  azaldır. Belə olduqda məhsulu 40-45 qəpiyə də satmaq sərf edir”, - Cəlalov deyib.

1 hektar ərazidə əkin üçün təxminən 8 kiloqram toxum lazımdır, “Sabir” sortunun toxumunun 1 kiloqramı isə 50 manatadır. Fermer xərclərini açıqlayır, deyir ki, torpağı şumlamaq üçün 50 manat, torpağın üstünün daranmasına 25 manat ödəyib,  xəstəliklə mübarizə xərcləri də o qədər yüksək olmayıb. Soğanın maya dəyərinə təsir edən, yəni əsas xərc alağın təmizlənməsinə gedir. Yağmurlu hava şəraitində ay boyu 1 hektar sahəni 10-12 fəhlə təmizləyir, hər birinə gündəlik 7-8 manat ödənilir.

“Hava günəşli olanda işçi xərci azalır, yağmurlu olanda isə məhsul bol olur. Xərcin az, məhsulun bol olması üçün  suvarma sisteminin olması vacibdir”-lənkəranlı fermer deyir.

Həmsöhbətimiz bildirir ki, hazırda Lənkəran bazarında qırmızı soğanın pərakəndə satış qiyməti  60-80 qəpikdir.

 

Bərdədə hamı soğan, sarımsaq əkib...

 

Azərbaycanda soğanın əsas “vətəni” sayılan Bərdədə isə bu 638 hektar sahədə soğan, 100 hektar sahədə sarımsaq əkilib və hər hektardan 50-70 kiloqram arası soğan yığılıb. Nəticədə məhsul bolluğu qiymətlərə təsir edib, indi əksər kəndlilər  soğanın kiloqramını 10-15, sarımsağı isə 80 qəpikdən satmağa çalışır.

Bərdə rayon Kənd Təsərrüfatı İdarəsindən etiraf edirlər ki, mütəxəssislərin hansı məhsulun əkilməsinin daha sərfli ola biləcəyi, əkin planlaşdırması ilə bağlı tövsiyələrinə əməl edənlər azdır. Hansısa məhsul baha olanda, növbəti ildə hamı kütləvi şəkildə həmin məhsuldan əkir, nəticədə gözlədikləri qazancı əldə edə bilmirlər.

 

Bərdəli fermer: “Qonşu mənə baxır…”

 

Bərdəli fermer Nicat Aslanov isə deyir ki, əsasən Türkiyə və Hollandiyadan gətirilən sortları üstünlük verirlər, məsələn, “AKT”, “Dollar” sortunun və digər məhsuldar sortların toxumun kiloqramı 180-200 manatadır. Soğanın əkilməsindən tutmuş sahədən kisələrə yığılmasınadək xərclər 1 hektar üçün 3000-3500 manata başa gəlir.

Fermer əlavə edir ki, bu il məhsul bol olduğundan hələlik alıcı tapmaqda çətinlik çəkirlər.

“Məsələn, ötən il bazarda sarımsağın kiloqramı 9-13 manat oldu, çoxu torpaq icarəyə götürərək sarımsaq-soğan biznesinə  başlamaq istədi. Rusiyada alver edən və heç vaxt təsərrüfatla məşğul olmayan qonşum belə sarımsaq, soğan əkdi. Elə belələrinə görə də illərlə təsərrüfatla dolanan kəndli çətinlik çəkir”, - Aslanov əlavə edib.

Fermer ümid edir ki, kəndlilərə dəstək məqsədilə gələcəkdə sifariş əsasında məhsul əkilməsi təcrübəsinə başlanıla bilər. Belə olduqda tədarük müəssisələri məhsulu sahədən alar, özü də satar.

 

“Dollar” sortu, məhsuldarlığına görə üstündür

 

Bu il dağlıq bölgələr istisna olmaqla respublikanın digər rayonlarında 12 min hektar ərazidə soğan əkilib, bəzi yerlərdə məhsuldarlıq 80 tona yaxın olub. Kənd Təsərrüfatı Nazirliyinin Tərəvəzçilik Elmi-Tədqiqat İnstitutunun aqrokimya laboratoriyasının müdiri Şakir Quliyev sayta bildirib ki, məhsuldarlığın yüksək olması üçün aqrotekniki qaydalara riayət etmək vacibdir. Toxumun səpinindən tutmuş sahəyə qulluğa qədər bütün tövsiyələr yerinə yetirilərsə, zərərverici və ya xəstəlik olmaz. Soğana əsasən “Soğan milçəyi” zərər vurur, fermerlər aqrotexniki qaydaları bilsələr sahələrdə zərərvericilər olmaz.

Hazırda Azərbaycana Türkiyə vasitəsilə fermerlər arasında “Dollar” kimi tanınan Amerika soğan sortu, bundan əlavə, Türkiyə və Hollandiyadan müxtəlif sortlar gətirirlər. Məsələn, məhsuldarlığa görə “Dollar” sortundan istifadə edənlər çoxdur.

Bununla belə hər zonaya uyğunlaşmış yerli sortlar da var və keyfiyyətinə görə xaricdən gətirilən sortlardan geri qalmır. Quliyevin sözlərinə görə, yerli istehsal hesabına ölkə əhalisinin soğana olan tələbatı tam ödənilir. Üstəlik məhsulun ixracı üçün də yaxşı şərait var. Məsələn, Rusiya bazarında soğana tələbat yüksəkdir, fermerlər məhsullarını Rusiya bazarlarına çıxara bilərlər.

Qeyd edək ki, ötən il Azərbaycandan Rusiyaya soğan ixracı kəskin artmışdı.