vaxtlı-vaxtında oxuyun! Cümə, 29 mart 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Nəriman Nərimanov (1870 - 1925)

«Siz ata-babalarınızın müqəddəs yerlərinə o vaxt VƏTƏN deyə bilərsiniz ki, onun sahibi olasınız»

Nəriman Nərimanov (1870 - 1925)
ƏDƏBİYYAT  
16:47 | 28 avqust 2018 | Çərşənbə axşamı Məqaləyə 2431 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

“Dizlərin qabar olanda...”

Qocaman jurnalist, “Bakı” və “Baku” axşam qəzetlərinin baş redaktoru, jurnalistika fakültəsinin professoru Nəsir İmanquliyevin əziz xatirəsinə...

Fərhad FATEH

– Nəsir müəllim zəng vurmuşdu, dedi axşam onlara gələsiniz, diplom işinizlə əlaqədar, qeydləri var...

Sonuncu kurs tələbəsi olduğum universitetin jurnalistika fakültəsində katibənin verdiyi bu xəbərə sevindim. Kim sevinməz ki? Bilirdim ki, onun qapısı hamının üzünə açıqdır. Təhsil aldığımız, təcrübəyə getdiyimiz və sonra da müxtəlif mətbu orqanlarında çalışdığımız illərdə bu dahi pedaqoqun həmişə isti nəfəsini hiss edirdik.

Bir dəfə seminar məşğələsində demişdi ki, “oğlum yoxdur, amma belə hesab edirəm ki, siz hamınız mənim övladlarımsınız”. Biz – onun çoxsaylı tələbələri bu sözlərin səmimiliyinə inanırdıq. Bilirdik ki, köməyə və qayğıya ehtiyacı olan adamlar üçün Nəsir müəllim əlindən gələni əsirgəmir. Məsələn, hələ o vaxt gənc şair Nüsrət Kəsəmənlini “Bakı” qəzetinə işə götürmüşdü, ona toy eləmişdi, mənzil vermişdi. Belə faktlar çoxdur. Halbuki sovet dönəmində, kommunist partiyasının tüğyan etdiyi bir zamanda belə xoşməramlı işlər görmək böyük səy və cəsarət tələb edirdi.

...Nizami küçəsindəki binanın 3-cü mərtəbəsinə birnəfəsə qalxdım. Qapını Nəsir müəllimin həyat yoldaşı Gövhər xanım açdı. Bəstəboylu, çəlimsiz qadın idi. Əynində pamazı xalat vardı. Xınalı saçları səliqə ilə daranmışdı. Həyat eşqi saçan gözləri bu müdrik qadına xüsusi yaraşıq verirdi. Çöhrəsinə təbəssüm qondu.

–Xoş gəlmisən, keç, utanma, keç içəri oğlum, Nəsir müəllim BK-da (Bakı Şəhər Partiya Komitəsi) büronun iclasındadır. Bayaq zəng vurmuşdu ki, bir azdan gələcək. Sən keç kabinetə, mən sənə bir pürrəngi çay dəmləyim...

Onun evdəki kabineti mənə nağıllar aləmini xatırlatdı. Rəflərdə saysız-hesabsız kitablar, klassiklərin əsərləri düzülmüşdü. Çərçivəyə salınmış fotolar diqqətimi cəlb etdi. Nəsir müəllimin yeganə övladı Aidanın (görkəmli şərqşünas-alim, professor Aida xanım İmanquliyeva), onun qızları – balaca Mehriban  (Azərbaycanın birinci xanımı Mehriban xanım Əliyeva) və Nərgizin ( Lomonosov  adına Moskva Dövlət Universiteti Bakı filialının rektoru, professor Nərgiz xanım Paşayeva) fotolarına maraqla baxdım. Başım elə qarışmışdı ki, sinidə çay gətirmiş Gövhər xanımın otağa nə vaxt daxil olduğundan xəbər tutmamışdım.

– Nəvələrimizdir, Mehribanla Nərgiz. Bu da Aidanın şəklidir. Nəsir müəllim onlarla nəfəs alır. Qızlar da onu çox istəyir. Elə gün yoxdur ki, babaları ilə danışıb görüşməsinlər...

Qapının zəngi çalındı. Gələn Nəsir müəllim idi. Mən də dəhlizə çıxdım. Gövhər xanım həyat yoldaşını çox mehriban qarşıladı, ona üst geyimini soyunmaqda kömək etdi, şlyapasını, qovluğunu aldı.

– Nə gec gəldin, ay Nəsir müəllim, – mənə işarə eləyərək – uşaq bayaqdan gözləyir.

– Büro iclasını bilmirsən...Bütün məsələlər qurtarıb, indi də keçiblər məhkəmə oçerkinin müzakirəsinə. Hər çıxışçı bir söz deyir. Birinci katib də gileyləndi ki, niyə dərc eləmisiniz, guya belə yazılar cəmiyyətə ləkə vurur...

– Sənə deyirdim də, ay Nəsir müəllim, bu yazı söz-söhbətə səbəb olacaq.

Demə Gövhər xanım da yazını oxuyubmuş. Söhbətin nədən getdiyini dərhal anladım. Bu ərəfədə “Bakı” qəzetinin dalbadal bir neçə nömrəsində məhkəmə oçerki dərc olunmuşdu. Bütün şəhər bir-birinə dəymişdi. (İndi müəllifi və oçerkin adını xatırlamıram. Yadımda qalan təkcə odur ki, Mazan Əliyev adlı şəxsə 30-dan çox bıçaq zərbəsi vurmuşdular, o isə sağ qalmışdı). Köşklərdə qəzet tapmaq mümkün deyildi. Hamı bu yazıdan danışırdı...

– Mən bir qəzet redaktoru kimi hesab edirəm ki, belə yazılar da olmalıdır. Cəmiyyətdə yaxşı da var, pis də. Əslində biz şayiələrin qarşısını aldıq. Oxucu hər şeyi doğru-dürüst öyrəndi. Nə isə, danışıb qərar çıxarmaq Büronun işidir.

Nəsir müəllim mənimlə əl görüşdü. Səsinin tonu tam dəyişdi. Baməzəliyini bu dəfə də göstərdi:

– Əgər Gövhər xanımın çayını içmisənsə, deməli yarı jurnalistsən, yüz faiz sənətkar olmaq üçün mütləq onun bişirdiyindən dadmalısan. Ay Gövhər, bax gör neynirsən, iki ac pəhləvanı doydurmaq sənlikdir...

Gülüşdük. Nəsir müəllim qoluma girib məni kabinetə apardı. Diplom işini müzakirə etdik. Bütün qeydlərini səliqə ilə vərəqlərin kənarına yazmışdı. Dəyərli məsləhətlər verdi. Söhbətimiz xeyli uzandı.

– Hazıra nazir gələndən jurnalist olmaz. Həyatda gərək əziyyətə qatlaşasan, çətinlik görəsən ki, yaxşının qədrini biləsən. Mən çox ağrılı günlər yaşamışam. Atam Əsədulla kişi, anam Reyhan xanım bizi min bir zillətlə böyüdüb. Mən, qardaşım Abdulla, İbadulla, Seyfulla, bacım Suğra həyatda mücadilə aparmağı valideynlərimizdən öyrənmişik. Amma heç vaxt insani sifətimizi, əqidəmizi, ləyaqətimizi itirməmişik, haram yeməmişik, yalan danışmamışıq. Yazmağı gərək dizinin üstündə öyrənəsən. Əvvəla torpağa yaxın olacaqsan, sonra da insanlara yuxarıdan aşağı baxa bilməyəcəksən. Dizlərin və barmaqların qabar olanda bil ki, artıq nəyə isə nail olmusan...

Gövhər xanım bizi şam süfrəsinə dəvət etdi. Getmək istəsəm də Nəsir müəllim qoymadı. Aida xanım da gəlmişdi. Süfrə arxasına əyləşdik. Gövhər xanım toyuq qızartması hazırlamışdı.

– Möhsünə (Nəsir müəllimin xidməti “Volqa”sının sürücüsü) tapşırmışdım, Pirşağıdan təzə toyuq alıb.  Bəyənərsiz, yəqin...

Süfrə arxasında Aida xanım atasına son tədqiqat işlərindən danışdı. Ərəb filosofu Çubran Xəlil Çubran haqqında yazdığı kitabın bəzi məqamlarını atası ilə müzakirə etdi. Ərəb dilində sitatlar gətirib, tərcüməsini söylədi. Bu gözəl və ziyalı qadının bilik dairəsinə, onun nurlu qəlbində çağlayan həyat eşqinə heyran qaldım.

Ayrılanda Nəsir müəllim müdrik nəsihət verdi:

– Meyvə vaxtından tez yetişmir. Amma yetişənə kimi böyük təkamül yolu keçir. İnsan da illərlə formalaşır, püxtələşir. Əlbəttə ki, bunun üçün istək və səy göstərmək lazımdır. Əgər bunları qəlbində birləşdirə bilsən, deməli xoşbəxt adamsan, mənim kimi!


   

MÜƏLLİF

ANKET

Hökümətin ölkədə hansı sahəyə diqqətinin artırılmasını istərdiniz?

  • Elm-təhsil
  • Səhiyyə
  • Sosial Müdafiə
  • Ekologiya, təbii sərvətlər
  • Müdafiə-təhlükəsizlik
  • Mədəniyyət, incəsənət, ədəbiyyat
  • Kənd təsərrüfatı, aqrar sənaye
  • Sahibkarlıq, sənaye (zavod, fabrik)