vaxtlı-vaxtında oxuyun! Çərşənbə axşamı, 19 mart 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Məhəmməd Əmin Rəsulzadə (1884 - 1955)

«İnsanlara hürriyət
Millətlərə istiqlal»

Məhəmməd Əmin Rəsulzadə (1884 - 1955)
BÖHRAN  
14:23 | 30 avqust 2018 | Cümə axşamı Məqaləyə 2119 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Pekinə qarşı yeni “silah”

Yaxud ABŞ-Çin rəqabəti və uyğur kartı

Şahin CƏFƏRLİ

MÖVZU İLƏ ƏLAQƏLİ

Yaxşı ki, ABŞ-Çin münasibətləri gərginləşir, yoxsa dünyadakı bəzi problemlər heç gündəmə gəlməyəcəkdi. Bu cür problemlərdən biri də uyğur türklərinin faciəsidir.

Keçən dəfə Arakan müsəlmanlarına qarşı törədilmiş kütləvi qətllərə ABŞ-ın gecikmiş reaksiyasından yazmışdım. BMT İnsan Haqları Komissiyası bu hadisələri soyqırım kimi qiymətləndirdi. (Çin və Rusya vetosuna görə TŞ-də qərar qəbul etmək mümkün deyil.)

İndi isə ABŞ Çinə qarşı mübarizəsində yavaş-yavaş uyğur kartını işə salır.

Respublikaçıların liderlərindən olan senator Marko Rubio başda olmaqla, 16 Konqres üzvü xüsusi müraciət hazırlayaraq Tramp hökumətini uyğurların və digər müsəlmanların hüquqlarını pozan çinli məmurlara qarşı “Maqnitski Aktı” çərçivəsində sanksiyaların tətbiqinə çağırıb.

Problemin mahiyyəti nədən ibarətdir?

Çində uyğurlara qarşı basqılardan az-çox hamımız xəbərdarıq, bu, yeni bir şey deyil. Amma açığı, mən bu dərəcədə təsəvvür etmirdim və məsələni bir az araşdırandan sonra dəhşətli faktlar öyrəndim.

Sən demə, son illər Çin hökuməti Sincan-Uyğur muxtar vilayətində uyğurların, qazaxların, qırğızların və digər türk-müsəlman xalqlarının fəallarını tutub, məcburi şəkildə xüsusi düşərgələrə doldurur. Güllə keçirməyən hündür hasarlar, tikanlı məftillərlə əhatə olunmuş bu düşərgələrdə müsəlmanların “islah olunması” üçün xüsusi təlim-tərbiyə üsullarından istifadə edilir, təbliğat videoları nümayiş etdirilir, insanların beyinləri yuyulur, Çin Kommunist Partiyasına sədaqət andı içdirilir. (“Diqnidad düşərgəsi” filmi yadıma düşdü, baxmayanlara tövsiyə edirəm).

Layihəyə böyük pullar və inzibati resurslar cəlb olunub. Almaniyadakı Avropa Mədəniyyət və Teologiya Məktəbinin alimi Adrian Zents hesablayıb ki, 2016-cı ildən bəri bu düşərgələrin tikintisinə azı 680 milyon yuan (107 milyon dollar) xərclənib və yeni düşərgələrin inşaatı davam edir. Düşərgələrdə kriminal psixologiya üzrə mütəxəssislər, Çin ordusunun keçmiş hərbçiləri və keçmiş polislər işə cəlb olunur.

BMT-nin irqi ayrı-seçkiliyin aradan qaldırılması üzrə Komissiyasının üzvü Gey Makdauqall bildirib ki, Sincan-Uyğur muxtar vilayətində dini ekstremizmlə mübarizə və ictimai asayişin təmin olunması adı altında 2 milyona yaxın uyğur və müsəlman azlığın digər təmsilçiləri ideoloji "obrabotka" məqsədilə zorla bu tip düşərgələrə yerləşdirilib. O deyib ki, Çin hökuməti uyğur bölgəsini hüquqların olmadığı zonaya çevirib və insanlar etnik mənsubiyyətinə görə xalq düşməni elan olunur. Vaxtilə Tibetdə ad çıxarmış partiya bossunun Sincanda yerli partiya komitəsinin katibi təyin olunmasından sonra repressiv siyasət daha da sərtləşib. Bölgə və insanlar ən son texnoloji vasitələrlə daimi nəzarətdədir. (Yazını uzatmamaq üçün bu haqda geniş yazmıram.) ABŞ qanunvericilərinin məktubunda bu cihazları təqdim edən 2 şirkətə sanksiya tətbiq olunması çağırışı da yer alıb.

Əvvəllər Çin dövləti uyğurların və digər türk xalqlarının (təkcə 1,2 milyondan çox qazax var) assimilyasiyasını milli-etnik zəmində aparırdısa və onların dillərini unutdurmağa çalışırdısa, indi dini unutdurmaq üzərində siyasət qurulub. Çünki islam identikliyin qorunmasında ən azı etnik mənsubiyyət, milli adət-ənənələr qədər rol oynayır.

Son aylar Qərb hökumətləri düşərgələrə baş çəkmək üçün bir neçə dəfə Çin hökumətinə müraciət etsələr də, rədd cavabı alıblar. İyul ayında AB - Çin insan haqları üzrə dialoqu zamanı Avropa tərəfi bir daha bu məsələni qaldırsa da, nəticəsi olmayıb. Ötən həftə Almaniya Daxili İşlər Nazirliyi bu ölkəyə pənah gətirmiş uyğurların və digər çinli müsəlmanların Çinə deportasiyasını dayandırdıqlarını açıqlayıb.

Çin hökuməti sözügedən düşərgələrin mövcud oduğunu inkar etmir, lakin bildirir ki, bu düşərgələr müxtəlif inzibati pozuntular törətmiş şəxslərin islah olunması üçün yaradılıb. Ədalət naminə onu da qeyd edək ki, bölgədə (eləcə də qonşu Əfqanıstanda, Suriyada) əksəriyyəti uğurlardan ibarət Türküstan İslam Partiyası (keçmiş Doğu Türküstan İslam Hərəkatı) adlı terror təşkilatı da fəaliyyət göstərir. Çin bu səbəblə Suriya rejiminin İdlib əməliyyatını dəstəkləyəcəyini açıqlayıb.

P. S. Növbəti yazı ABŞ-Çin geosiyasi rəqabəti fonunda Sincan - Uyğur bölgəsinin önəmi barədə olacaq.


   

MÜƏLLİF

ANKET

Hökümətin ölkədə hansı sahəyə diqqətinin artırılmasını istərdiniz?

  • Elm-təhsil
  • Səhiyyə
  • Sosial Müdafiə
  • Ekologiya, təbii sərvətlər
  • Müdafiə-təhlükəsizlik
  • Mədəniyyət, incəsənət, ədəbiyyat
  • Kənd təsərrüfatı, aqrar sənaye
  • Sahibkarlıq, sənaye (zavod, fabrik)