vaxtlı-vaxtında oxuyun! Çərşənbə axşamı, 20 noyabr 2018
1 ABŞ dolları 1 USD = 1.7000 AZN
1 Avro 1 EUR = 1.9377 AZN
1 Rusiya rublu 1 RUB = 0.0257 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 2.1803 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.3178 AZN
Şeyx Məhəmməd Xiyabani (1880 - 1920)

«Hər  bir millətin ləyaqətinin ilkin şərti müstəqillikdir»

Şeyx Məhəmməd Xiyabani (1880 - 1920)
ƏDƏBİYYAT  
20:12 | 20 oktyabr 2018 | Şənbə Məqaləyə 178 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Tənhalıq haqqında improvizə

“Tənhalığı sevməyənlər – azadlığı sevməyənlərdir, çünki yalnız tənhalıqda azad olmaq mümkündür” Artur Şopenhauer

Etimad BAŞKEÇİD

Bilmirəm, fikir vermisinizmi, son zamanlar sosial şəbəkələr tənhalıqdan şikayətçi olan insanların kədərli statusları ilə dolub-daşır. Hələ bu, aysberqin görünən tərəfidir. Özü də bunlar “darıxıram” ifadəsini bir növ mataha çevirmiş şair-yazıçılar deyil. Sonuncuların “ilahi” darıxmaqlığı tamam başqa söhbətin mövzusudur…

Açığı, mən heç vaxt tənhalıq hissinə tutulmamışam və tənhalıqdan çox da əziyyət çəkən adam olmamışam. Ona görə yox ki, həyatım başdan-başa mənim sevdiyim və məni sevən adamlarla süslənib, ona görə ki, bunu bir həyat gerçəyi kimi qəbul etmişəm, vəssalam. Fikirləşmişəm ki, tənhalıq  anadangəlmə xəstəlik kimidir, onunla mübarizə aparmaqdansa, baş-başa verib yaşamağa alışmaq lazımdır.

Lakin burada ekzistensiyadan yox, “kütləvi tənhalaşma”dan söhbət gedir və görünən odur ki, belə davam etsə, cəmiyyətimiz marginallaşmış insan toplumuna çevriləcək – ətrafda baş verənlərin ümumi havasına uyuşmayan, ənənəvi sosial davranış normalarından bezikmiş, artıq mədəni və etik ənənənin öz cazibəsində saxlaya bilmədiyi insanlar toplumuna. Əlbəttə, tənhalıq və marginallıq bir qədər fərqli şeylərdir, amma tənhalıq hissi marginallığa aparan ən kəsə yoldur.

Mən burda tənhalara ürək-dirək vermək, dərdini bölüşmək, onların içini sızladan və həyatına zəhər qatan məyusluqlarını yumşaltmaq fikrində deyiləm. Ona görə ki, əslində, onları kiminsə ovundurmasına heç ehtiyac da yoxdur. 

Tənhalar və marginallar həmişə azlıqdadır (“iki birdən çoxdur” kimi alındı, amma eybi yoxdur). Palaza bürünüb, elnən sürünən çoxluq belə adamlara həmişə xor baxır. Amma bu, çoxluğun haqlı olduğuna dəlalət etmir. Daha çox əksinə! Çoxluğun içində yer alıb, azlığa xor baxmaqdan asan iş yoxdur. Və bundan da rəzil iş yoxdur. Bu nöqtədə yunan müdriki Prienli Biantın min illər öncə dövriyyəyə buraxdığı sözləri xatırlamaq lazım gəlir: “Pislər həmişə çoxluqdadır”. Öz sözlərimizlə desək, çoxluq - …luq!

Abırlı insan gözünü açıb özünü çoxluğun içində görüncə təlaşlanmalı, bura necə gəlib düşdüyünün hesabını aparmalıdır.

Sən çoxluğun obrazının bir ştrixi ola bilərsən, amma tənha və təksənsə, bu, sənin öz obrazın var deməkdir. İnsanın bütün yaradıcı keyfiyyətlərinin başında isə onun öz obrazının olması gəlir. Odur ki, dünyanın bütün şedevrləri tənha, marginal adamlar tərəfindən yaradılıb. Çoxluğun təyinatı isə nələrəsə xor baxmaq, nələrisə ayaq üstə alqışlamaqla sınırlıdır.

Tənha adamların ağzını bir yerə yığmaq, barmağını tuşlayıb göstərdiyin şeyi onalara bəyəndirmək, yaxud onlarda nəyəsə nifrət oyandırmaq müşkül məsələdir. Uzun illər Rusiya televiziyasında “İnanılmaz gerçəklər” verilişinin müəllifi olmuş böyük fizik Sergey Kapitsanın bu haqda gözəl bir deyimi var: “Qoyunlardan sürü düzəltmək asandır, oğul istəyirəm ki, pişiklərdən sürü düzəltsin”.

Tənhalığı asıb-kəsən, yamanlayan, ondan yaxa qurtarmaq istəyən sənətkarları başa düşürəm, amma istərdim ki, bir az onun fəzilətləri barədə də düşünək. İrfan çobanları, Budda və xristian rahibləri tənhalığa elə-belə çəkilmirdilər, hər halda.

Bədii ədəbiyyatda “tənha”ların taleyi ilə bağlı fikirlər bir-birindən çox da fərqlənmir – öz güclü xarakteri ilə seçilən tənha qadın Tatyana Larinadan fərqli olaraq, ictimai rəyin əsirinə çevrilmiş, axının ətalətindən çıxa bilməyən yumşaq təbiətli Yevgeni Onegin axırda peşman olur, ancaq artıq heç nəyi düzəltmək mümkün deyil... Əvvəl-əvvəl hamını sevən, hər kəsə şəfqətlə yanaşan Peçorin, çoxluğun mövqeyini və baxışlarını qəbul edəndən sonra paxıl, kinli, insanlara nifrətlə yanaşan adi subyektə çevrilir...

Sonda dünyanın ən tənha adamı ünvanını qazanmış Diogen haqqında  çoxlarımızın bildiyi bir rəvayəti xatırlatmaq istəyirəm: bir gün Diogen sevimli çəlləyində oturub, özünü günə verirmiş. Aleksandr ona yaxınlaşıb, özünü təqdim edir:

 

“– Mən böyük hökmdar Aleksandram.

 

– Mən isə Diogenəm, İt Diogen.

 

– Sənə niyə “İt” deyirlər?

 

– Mənə sür-sümük atana quyruğumu bulayıram, atmayana hürürəm, pis adamları isə dişləyirəm.

 

– Bəs məndən qorxmursan? – Aleksandr soruşur.

 

– Sən kimsən – xeyir, yoxsa şər?

 

– Əlbəttə, xeyir! – Aleksandr öz ayranına turş demir.

 

– Elə isə, Xeyirin nəyindən qorxacağam?! – Diogen cavab verir.

 

– Nə dilərsən dilə məndən!

 

– Çəkil, günəşin qabağını tutma”…

 

Diogen bir başqası ilə, yəqin ki, tamam başqa cür dialoq qurardı. Amma bu, iki tənha adamın dialoqudur – onlardan biri piramidanın başında, digəri isə lap dibindəydi. Biri tənhalığa məhkum olunmuşdu, o biri isə könüllü olaraq özünü tənhalığa təslim etmişdi…


   

şərhləri göstər

DİQQƏT!

Əziz oxucular. Mövzudan kənar, müəllifin şəxsinə və təhqir sözlər olan şərhlər yolverilməzdir. Sadaladıqlarımızdan savayı bütün fikirləriniz bizim üçün dəyərlidir.

Hələlik rəy yoxdur.

Şərh əlavə etmək

* Daxil edilməsi vacibdir
(göstərilməyəcək)
 
Smile Sad Huh Laugh Mad Tongue Crying Grin Wink Scared Cool Sleep Blush Unsure Shocked
 
1000 ədəd
 
Yeni şərhlər barədə mənim email ünvanıma məlumat göndər.
 
Mənim blankımdakı məlumatları bu kompüterin yaddaşında saxla.
 
Mən şərtləri. oxuyub tanış olmuşam və qəbul edirəm *