vaxtlı-vaxtında oxuyun! Çərşənbə axşamı, 20 noyabr 2018
1 ABŞ dolları 1 USD = 1.7000 AZN
1 Avro 1 EUR = 1.9377 AZN
1 Rusiya rublu 1 RUB = 0.0257 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 2.1803 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.3178 AZN
Əbülfəz Elçibəy (1938 - 2000)

«Demokratiya bəzi xalqlara mənəvi qidadırsa, bizim üçün dərmandır»

Əbülfəz Elçibəy (1938 - 2000)
SAHİBKARLIQ  
23:45 | 27 oktyabr 2018 | Şənbə Məqaləyə 1652 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

“... Əməkdaşlıqda yeni üfüqlər”

“Azərbaycanda 3400 türk, Türkiyədə isə 2400 Azərbaycan şirkət fəaliyyət göstərir”

S.E.

MÖVZU İLƏ ƏLAQƏLİ

“Əsası möhkəm təməl üzərində qoyulan Azərbaycan-Türkiyə əlaqələrininin uğurla inkişaf etdiriləcəyinə əminik”. Bu sözləri Türkiyə İqtisadi Tədqiqat Fondunun (TİTF) təşkilatçılığı və Azərbaycan Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının (ASK) tərəfdaşlığı ilə Bakıda keçirilən “Türkiyə ilə Azərbaycan arasında iqtisadi əməkdaşlıqda yeni üfüqlər” mövzusunda beynəlxalq simpoziumda TİAF prezidenti Əhməd İncəqara giriş nitqində söyləyib.

Yüzdən artıq azərbaycanlı və türkiyəli iş adamının iştirak etdiyi simpoziumda Azərbaycanın iqtisadiyyat nazirinin müavini Niyazi Səfərov ölkələrimiz arasında əlaqələrdən geniş söhbət açıb:

 19 oktyabr Türkiyədə dünya miqyasında çox önəmli layihələrdən olan  “Star” neft emalı zavodunun açılışı doğrudan da böyük tarixi hadisədir. Həmin layihə 6,3 milyrad ABŞ dolları deyil, əslində daha çox dəyərə malikdir. Çünki layihə Azərbaycan-Türkiyə iqtisadi əlaqələrinin hansı səviyyədə olduğunu, bu əlaqələrin hansı istiqamətdə getdiyini və iki ölkə arasında olan strateji əməkdaşlığın miqyasını göstərir. Ölkələrimiz üçün xüsusi əhəmiyyət kəsb edən, böyük mənfəət gətirəcək layihənin icrası Türkiyənin bir çox məhsul üzrə idxal asılılğını aradan qaldıracaq. İki ölkə arasında iqtisadi münasibətlər, ticarət dövriyyəsi sabit olaraq inkişaf edir. 2017-ci ildə ticarət dövriyyəsi 12 faiz artaraq 2,6 milyard ABŞ dollarını ötüb. Həm ixracda, həm də idxalda nəticə yüksəlib. 2018-ci ilin ticari-iqtisadi göstəriciləri də iki ölkə arasında çox müsbətdir - dövriyyə 22 faiz, ixrac 18 faiz, idxal isə 25 faiz artıb. Azərbaycanla Türkiyə arasında ticari-iqtisadi münasibətləri səciyyələndirən əsas xüsusiyyət əlaqələrin davamlı inkişafı və genişlənməsidir. Eyni zamanda, dünyada gedən prosesləri nəzərə alaraq həm iqtisadi sahədə, həm də maliyyə sahəsində iqtisadi dayanıqlığın olması və uzun vədəli prespektivə hesablanmasıdır. 2016-cı ildə Türkiyə Azərbaycan üçün ticarət dövriyyəsində birinci yerdə olub. 2017-2018-ci illərdə isə ikinci yerdə qərarlaşıb. Bu onu göstərir ki, Bizim ticari-iqtisadi əməkdaşlığımızın potensialı böyükdür və əməkdaşlıq ildən-ilə yeni sahələri əhatə edir. İki ölkə arasında preferensial ticarət sazişinin imzalanması ilə bağlı çox böyük işlər həyata keçirilib. Türkiyə- Azərbaycan iqtisadi münasibətləri dayanmadan inkişaf edir. Eyni zamanda Naxçıvan Muxtar Respublikası ilə Türkiyə arasında iqtisadi əməkdaşlığın gücləndirilməsi məsələsinə xüsusi diqqət yetirilir. Nəzərinizə çatdırım ki, Türkiyə hökuməti Naxçıvan Muxtar Respublikasında istehsal olunan təqribən 100 milyon ABŞ dolları dəyərində məhsulun idxal rüsumundan azad edilməsi barədə qərar çıxarıb. Qarşılıqlı investisiyalar ölkələrimiz arasında iqtisadi əməkdaşlığın mühüm göstəricisidir. Azərbaycanın Türkiyə iqtisadiyyatına investisiyalarının ümumi həcmi 14,5 milyard dollar səviyyəsindədir və bunun 13 milyardı neft-qaz sahəsinə yerləşdirilib.  Ticari-iqtisadi münasibətlər şaxələnir və yeni sahələri əhatə edir. Türkiyənin öz növbəsində Azərbaycana yatırdığı investisiya 11,8 milyard dollar həcmindədir. Həmin vəsaitin 9,1 milyard dolları neft sektorunun payına düşür. Ölkəmizin qeyri-neft sektoruna 2,7 milyard dollar yerləşdirən qardaş Türkiyə bu sahədə liderdir. Azərbaycanda Türkiyə kapitalı ilə 3400 şirkət, Türkiyədə isə Azərbaycan kapitalı ilə 2400 şirkət fəaliyyət göstərir”.




Ölkələrimiz arasındakı iqtisadi əlaqələr əsasən ticarət yönümlüqdür. Bəli,  ticarət var və bundan sonra da inkişafı gözləniləndir. Bu, iqtisadi əlaqələrin birinci mərhələsi, başlanğıcıdır. Ticarətsiz başqa şey gerçəkləşməyəcək” deyən nazir müavini fikrini “Ancaq əməkdaşlıq yalnız ticarət əlaqələri ilə bitməməli, məhdudlaşmamalıdır. Əlaqələr  Azərbaycana sərmayə qoymaq, müştərək iş görmək, nəticədə həm mənfəət götürmək, həm də iqtisadiyyatımızı inkişaf etdirməkdən ibarət olmalıdır” sözlərilə tamamlayıb.




Simpoziumda Türkiyə Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri cənab Erkan Özoral iki ölkə arasında reallaşan ortaq layihələrin əhəmiyyətindən danışıb.

Burada səfir kimi fəaliyyətə başlamağımdan təxminən iki il ötüb. Və bu iki il ərzində üç böyük hadisənin şahidiyəm. Bunlardan birincisi Bakı-Tbilisi-Qars dəmir yolunun istifadəyə verilməsi, ikincisi iyun ayında TANAP-ın açılış mərasimi, üçüncüsü isə ötən həftə İzmirdə “STAR” neft emalı zavodunun işə salınmasıdır. Bütün bu layihələrin bizim əlaqələrimiz baxımından çox böyük önəmi var. Bakı-Tbilisi-Qars dəmir yolu Azərbaycanı Avropaya, dünya bazarlarına bağlayacaq. Neft və təbii qaz layihələri, neft və təbii qazı işlədəcək zavodlar Azərbaycanın müstəqilliyini qazandığı 1991-ci ildən bugünədək hər birimizin ortaq arzusudur. İndi biz bunların reallaşdırılmasının sevincini yaşayırıq. Trans-Anadolu Qaz Boru Kəməri (TANAP) Cənub Qaz Dəhlizi kimi əhəmiyyətli layihənin üç hissəsindən biridir. On il əvvəl Xəzər dənizindən çıxarılan təbii qazın hansı layihə hesabına hara qədər daşınacağı barədə danışılırdı. Bu gün heç kim NABUCCO layihəsi barədə danışmır. TANAP prezidentlərimizin ortaya qoyduğu güclü iradə sayəsində reallaşıb. Əlbəttə, bu xoşbəxtliyə çatmaq üçün iki ölkənin dövlət başçıları çox böyük əzm və səy, siyasi iradə göstəriblər. Hər üç layihənin reallaşmasının qarşısını kəsən əngəllər var idi. Ölkələrimiz çətinlikləri birgə dəf edərək bu gün bir nöqtəyə gəldilər. 27 il əvvəl reallaşması xəyal kimi görünən işləri artıq birlikdə düşünürük. Azərbaycan bölgənin, Cənubi Qafqazın hər keçən gün daha da parlayan ulduzuna çevrilir, iqtisadi baxımdan nəaliyyətlərini artıraraq gələcəyə doğru inamla irəliləyir. Türkiyə iqtisadi səviyyəsinə görə dünyada 17-ci yerdədir. Hədəfimiz ilk onluğa daxil olmaq, dünyanın ən güclülərindən birinə çevrilməkdir. Biz əl-ələ, çiyin-çiyinə verərək daha güclü olar və birlikdə hər zaman uğurlara imza atarıq. “STAR”  neft emalı zavodu  dünyanın ən böyük layihələrindən biridir. Və Türkiyə iqtisadiyyatına yatırılan 6,3 milyard dollarlıq ən böyük özəl sərmayədir”.




Eyni zamanda səfir iş adamlarını cəlb etməklə Cocuq Mərcanlı kəndində suvenir fabrikinin inşasına başlanacağını, Azərbaycan Kənd Təsərrüfatı Nazirliyi ilə birgə heyvandarlıq layihəsi həyata keçirmək və digər işlər barədə niyyətini  bildirib.

Milli Məclisin İqtisadi siyasət komitəsinin sədri Ziyad Səmədzadə öz çıxışında Azərbaycanla Türkiyə arasında ticarət əməkdaşlığının potensialının açıqlanan rəqəmlərdən daha böyük olduğu məsələsinə toxunub:




“Müstəqilliyin ilk illərində Azərbaycanda sahibkarlıq sinfi formalaşmağa başlayanda türk qardaşlarımız yanımızda olublar. Bu gün ölkəmizdə sahibkarlıq mühitinin yaxşılaşması üçün böyük işlər görülür. Doğrudur, bu yolda bürokratik əngəllər də olur. Amma iş adamlarının birgə görüşləri hər iki ölkənin inkişafına imkan yaradır. 2000-ci ildə apardığım araşdırmaya görə, türk ölkələrinin dünya ÜDM-də payı 1 faizdən az, həmçinin yoxsulluq göstəriciləri yüksək olub. Həmin vaxt Azərbaycanda yoxsulluq səviyyəsi 49 faiz idi.  18 illik əməkdaşlığımız nəticəsində yeni iş yerləri yaradılır. Biz qloballaşan dünyanın indiki mərhələsində türk dünyasının inkişaf strategiyası barədə düşünməliyik. 20-25 ildən sonra türk dünyasının iqtisadi gücü nə qədər olacaq? İqtisadi güc varsa, deməli, siyasi, hərbi  güc də var. Ölkələrimizin birgə reallaşdırdığı layihələr dünyada maraqla qarşılanır. Biz Azərbaycanda elə layihələr həyata keçirik ki, bu, dünyanın enerji xəritəsini dəyişir”.




Azərbaycan Sahibkar Konfederasiyasının vitse-prezidenti Vüqar Zeynalov bildirib ki, ticarət dövriyyəsində müsbət dinamikanın daha da yaxşılaşdırılması üçün iki ölkənin iş adamları arasında əlaqələrin gücləndirilməsinə ehtiyac var və bu işdə ASK türkiyəli sahibkarlara hər cür dəstək verməyə hazırdır.

Daha sonra İstanbul Fond Birjasının icraçı direktoru Mehmet Gönen, Bakı Fond Birjasının İdarə Heyətinin sədri Vüqar Namazov, İstanbul Ticarət Universitetinin akademiki Yusuf  Tuna, Azərbaycan Respublikası İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin strateji planlaşdırma və inkişaf departamentinin rəhbəri Ramil Hüseyn çıxış ediblər.




Öz işini panel iclaslarda davam etdirən simpoziumda “Türkiyənin iqtisadi profili, Azərbaycanla mümkün əməkdaşlıq potensialları, Azərbaycanın iqtisadi profili, Türkiyə ilə mümkün əməkdaşlıq potensialları, Hər iki ölkə arasında gələcək iqtisadi əlaqələrin təqdimatı, “Türk sahibkarlarının investisiya layihələrinin Azərbaycanda effektiv şəkildə istifadə edilməsi ilə bağlı təkliflər”, “Azərbaycan səhm bazarında Bakı və İstanbul Fond birjalarının əməkdaşlığının inkişaf etdirilməsi”, “Türkiyə bank sisteminin Azərbaycan maliyyə və investisiya bazarında rolu”, “Mədəniyyət və turizm sektorunun inkişaf etdirilməsinin hər iki ölkənin iqtisadiyyatına effektiv təsiri”, “Biznes mühitində vətəndaş cəmiyyəti təşkilatları”, “Ölkənin iqtisadiyyatı və Azərbaycan təcrübəsinə töhfə” mövzusunda müzakirələr aparılıb.




Azərbaycan yenidən müstəqilliyinin ilk illərində ölkəmizdə sahibkarlıq fəaliyyətinə başlayan türkiyəli iş adamları Hüseyn BöyükFırat və Ercan Günalp buradakı fəaliyyətləri barədə müəyyən məqamlardan danışıblar.

1991-ci ildə hələ yeniyetmə ikən pul qazanmağın çətinliklərinə sinə gərmiş  Telman Əliyev öz çıxışı ilə diqqət çəkib. O, vaxtilə Bakıda çalışmış Mahmud bəy adlı iş adamının onun həyatında oynadığı rolu xüsusi qeyd edib. Natiq türkiyəli iş adamlarını iqtisadi baxımdan əlverişli şəraitə malik Naxçıvana sərmayə qoymağa çağırıb.

Simpozium başa çatdıqdan sonra qardaş Türkiyədən gəlmiş iştirakçılar Bakının gəzməli-görməli yerləri, mədəniyyət ocaqları ilə tanış olublar.


   

şərhləri göstər

DİQQƏT!

Əziz oxucular. Mövzudan kənar, müəllifin şəxsinə və təhqir sözlər olan şərhlər yolverilməzdir. Sadaladıqlarımızdan savayı bütün fikirləriniz bizim üçün dəyərlidir.

Hələlik rəy yoxdur.

Şərh əlavə etmək

* Daxil edilməsi vacibdir
(göstərilməyəcək)
 
Smile Sad Huh Laugh Mad Tongue Crying Grin Wink Scared Cool Sleep Blush Unsure Shocked
 
1000 ədəd
 
Yeni şərhlər barədə mənim email ünvanıma məlumat göndər.
 
Mənim blankımdakı məlumatları bu kompüterin yaddaşında saxla.
 
Mən şərtləri. oxuyub tanış olmuşam və qəbul edirəm *