vaxtlı-vaxtında oxuyun! Şənbə, 20 aprel 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Heydər Əliyev (1923 - 2003)

«Vətənpərvərlik insanın daxilindəki duyğulardır. Əgər bunlar yoxdrusa, o insan mənəviyyatsızdır»

Heydər Əliyev (1923 - 2003)
BANK, BİRJA, SIĞORTA  
12:55 | 31 yanvar 2019 | Cümə axşamı Məqaləyə 1518 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

... Tamam, yoxsa davam?

Əmanətlərin tam sığortalanmasına ...

Samir ƏLİYEV

Mart ayı yaxınlaşır və əmanətlərin tam sığortalanması barədə 2016-cı ildə qəbul edilmiş “Əmanətlərin tam sığortalanması haqqında” Qanunun qüvvədə olma müddəti bitir. Bu Qanunun tələblərinə görə banklara yerləşdirilmiş bütün əmanətlər qorunur. Bir şərtlə ki, milli valyutada yerləşdirilmiş əmanətlərin illik faiz dərəcəsi 15 faizdən, xarici valyuta əmanətlərinin illik faiz dərəcəsi isə 3 faizdən yüksək olmasın. Yaxın 1 ay ərzində müddət uzadılmasa bu Qanun qüvvəsini itirəcək və əvvəl qüvvədə olmuş qanun – “Əmanətlərin sığortalanması haqqında“ Qanun yenidən işləyəcək. Bu halda bağlanacağı təqdirdə bankdan alınacaq kompensasiyanın həcmi 30 min manatdan çox olmayacaq. Bunun üçün gərək əmanətçinin bir bank üzrə əmanətlərinin həcmi illik faizlə birgə 30 min manatı ötməsin. Belə vəziyyətdə xarici valyuta, o cümlədən dollar əmanətçiləri üçün bu limit ümumiyyətlə sərf etmir. Çünki sığorta hadisəsi baş verəcəyi təqdirdə onların alacağı kompensasiyanın maksimum həcmi təxminən 17647 dollar olacaq.

Qeyd edək ki, əmanətlərin tam sığortalanmasını nəzərdə tutan Qanun bank sektoru üçün çətin bir dövrdə qəbul edildi. Devalvasiyanın təsiri olaraq bankların bağlanması əmanətlərin müəyyən hissəsinin taleyini sual altına aldı. Çünki həmin dövrdə qorunmayan əmanətlərin payı təxminən 40 faizə qədər çatırdı. Bir tərəfdən yüksək faizlə əmanət cəlb edilməsi, digər tərəfdən də 30 min manatlıq kompensasiya limiti əmanətlərin əhəmiyyətli hissəsini sığortadan kənarda qoyurdu. Bankların bağlanması isə təbii olaraq əmanət qaçışına rəvac vermişdi. Məsələn, 01.01.2015-ci ildən Qanunun qüvvəyə mindiyi dövrə qədər (01.03.2016) manat əmanətlərinin həcmi 4,4 milyard manatdan 1,4 milyarda qədər azalıb. Devalvasiya dövründə əvvəlcə xarici valyutada yerləşdirilmiş əmanətlərin əhali üçün cəlbediciliyi artsa da sonrakı dövrdə bankların bağlanması riski onların da həcmində azalma tendensiyası nümayiş etdirdi. Əmanətlərin tam sığortalanmasının həmin dövrdə əsas vəzifəsi əmanət qaçısının qarşısını almaq idi və aldı da. Ancaq manatın sabitliyi fonunda əmanət qoyuluşunda artım müşahidə edilməyə başladı. Hazırda manat əmanətlərinin həcmi 2014-cü il həddinə (4,4 milyard manat) çatmasa da 3 milyarda qədər artıb ki, bu da 2012-ci il səviyyəsidir. Ümumi əmanət qoyuluşunun həcmi isə 8 milyardı ötüb. Bunun əsas səbəbi manatın sabitliyi və əmanətlərin tam sığortalanmasıdır.

İndi əmanətlərin tam sığortalanması barədə Qanunun uzadılıb-uzadılmaması məsələsi yəqin ki hökumətdə də müzakirə edilir, bəlkə də artıq qərar var. Fikrimcə, bu Qanun ən azı daha bir il (3 il olsa daha arzuolunandır) uzadılmalıdır. Çünki bankların bağlanması riski tam aradan qalxmayıb və əmanətçilərin proseslərə həssaslığı qalmaqdadır. Ancaq sığortalanma şərtləri dəyişməlidir. Çünki banklarda izafi likvidlik yaranıb. Yüksək faizlə əmanətləri cəlb ediblər, ancaq həmin vəsaitləri, o cümlədən digər mənbələrdən cəlb edilmiş depozitləri kreditləşməyə yönəltməkdə çətinlik çəkirlər. Ona görə də əsas diqqət resursların ucuzlaşdırılmasına yönəldilməlidir. Bunun yollarından biri sığortalanan əmanətlərin illik faiz dərəcəsi aşağı salınmalıdır.

İlk növbədə manat üzrə sığortalanan əmanətlərin illik faiz dərəcəsi yuxarı tavanı 15 faiz saxlamaqla aşağı tavanı 10 faizə endirilməlidir. Sığortalanan əmanətlərə görə banklardan yığılan sığorta haqqının hazırkı səviyyəsi (qorunan əmanətlərin rüb ərzində orta günlük qalıq məbləğinin 0,125 faizi) illik faiz dərəcəsi 10 faiz olan əmanətlərə şamil edilməlidir. Qorunan əmanətlərin illik faiz dərəcəsi artdıqca sığorta haqları da ona uyğun artırılmalıdır. İllik faiz dərəcəsi 15 faizdən yüksək faizlə cəlb edilən əmanətlər isə sığortalanmamalıdır. Bu addım bir tərəfdən əmanət bazarında illik faiz dərəcələrinin azalmasını təmin edəcək, digər tərəfdən bankları yüksək faizlə əmanət cəlbi niyyətindən çəkindirəcək.