vaxtlı-vaxtında oxuyun! Şənbə, 20 aprel 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Barış Manço (1943 - 1999)

«Keçmişini tanımayan bugününü anlaya, sabahını isə qura bilməz»

Barış Manço (1943 - 1999)
MÜBAHİSƏ  
09:28 | 21 fevral 2014 | Cümə Məqaləyə 2855 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

«Prezidenti bu gün də dinləyirlər»

«İqtidarın «agentləri» siyahısını mən hazırlasaydım orada Əli Kərimlinin adı yüz faiz olardı»

Hazırladı: Etibar SEYİDAĞA

MÖVZU İLƏ ƏLAQƏLİ

Tanınmış jurnalist Eynulla Fətullayevin özünün rəhbərlik etdiyi haqqın.az saytında yazdığı «Tam məxfi: ABŞ kəşfiyyatçıları və Xədicə İsmayılovanın casus hesabatı...» adlı məqaləsi ölkə gündəmini dəyişib. İş o yerə qədər gəlib ki, artıq Amerikanın Bakıdakı səfirliyi də mövzuya münasibət bildirib. Yazıda «iqtidarın gizli adamları» kimi siyahılaşdırılan tanınmışların bir çoxu da iddialara cavab veriblər. Bu mövzuda ən az danışan isə məqalənin müəllifi Eynulla Fətullayevdir.

Onun ünvanına saysız-hesabsız suallar, iddialar və qınaqlar var. Məhz ona görə də E. Fətullayevi redaksiyamıza dəvət edib, mövzunu daha da açmaq qərarına gəldik. Müsahibə boyunca sual yağışına tutduğumuz E.Fətullayev olduqca ilginc açıqlamalar verdi, yeni məlumatlar paylaşdı.

Eynulla Fətullayevlə müsahibənin üçüncü hissəsini təqdim edirik. 

(əvvəli ötən saylarımızda)

- «Agent siyahısı»nda sıralama necə idi? Bu sıralama sizin yaradıcılığınızdır, sizin hər hansı ixtisarınızdan sonra yaranıb, yoxsa əvvəldən o cür idi?

- Siyahı mənim yaradıcılığım deyil. Əvvəldən o cür idi. Rauf bəy, siyahı məhz sizin adınızın birinci yazılması ilə başlayırdı. Xədicə İsmayılova, onun silahdaşları son zamanlar sizin bir monstr surətinizi yaradırlar sosial şəbəkələrdə. Yəni onların ən böyük düşmənləri sizsiniz, hədəflərində sizsiniz. Ona görə də adınızı birinci yazıb və hətta siyahıda İsa Qəmbəri önləməyiniz mənə təəccüblü gəlmədi.  

 

- Əgər o siyahını siz hazırlamış olsaydınız orada Əli Kərimlinin adı olardı, yoxsa olmazdı?

- Əlbəttə, siyahını mən hazırlasaydım orada Əli Kərimlinin adı yüz faiz olardı.

 

«HAKİMİYYƏTLƏ ƏN ÇOX TƏMASDA OLAN, SIX ƏMƏKDAŞLIQ EDƏN XALQ CƏBHƏSİ PARTİYASININ ELİTASI İDİ»

- Amma bu açıqlanan siyahıda AXCP-dən bir sakit adamın-Həsən Kərimovun adı var. Niyə başqalarının adı yoxdur?

- Adamın başının üstündə Allah var, hakimiyyətlə ən çox təmasda olan, sıx əməkdaşlıq edən Xalq Cəbhəsi Partiyasının elitası idi. Bunu bütün cəmiyyət bilir. Amma siyahıda həmin adamlardan heç kəs yoxdur. Həsən Kərimovun adını isə görünür, növbətçi bir adam kimi siyahıya daxil ediblər. Məqsəd odur ki, siyahıda AXCP-nin də adamının olduğu görünsün.

 

- Siz bir araşdırmaçı jurnalist və ekspert kimi siyahını şübhə altına alırsınız, yoxsa təsdiqləyirsiniz?

- Bəli, tamamilə şübhə altına alıram.

 

«AZƏRBAYCANDAN MƏNİMLƏ BAĞLI YÜZLƏRLƏ ANONİM MƏKTUBLAR GEDİB»

- Bəs sizcə, Xədicə İsmayılovanın marağı nədir ki, Müsavat Partiyasının elitasını, digər bəzi adamları amerikalıların gözündən salsın?

- Mən məqaləmin rezyume hissəsində də yazmışam ki, bu siyahını şübhə altına alıram, hesab edirəm ki, bu siyahı saxtadır və Xədicə İsmayılovanın burda yalnız şəxsi motivləri olub. Siz bilirsiniz ki, mənim Qərbdə reputasiyama Xədicə nə qədər zərbələr vurub? Azərbaycandan mənimlə bağlı yüzlərlə anonim məktublar gedib. Bu, bəlkə sizin üçün ilk təcrübədir. Ancaq mənim barəmdə artıq neçə vaxtdır gözdənsalma kampaniyası aparılır.

 

«XƏDİCƏ MÜSAVATLA, ŞƏXSƏN RAUF BƏYLƏ BAĞLI «AMNESTY İNTERNATİONAL»A, «HUMAN RİGHTS WATCH»A, «AZADLIQ» RADİOSUNUN RƏHBƏRLİYİNƏ DƏ MƏKTUBLAR GÖNDƏRİB»

- Maraq nədir? Hədəfindəki adamları amerikalıların gözündən salmaq istəyir?

- Yalnız amerikalıların deyil, bir sıra beynəlxalq təşkilatların da gözündən salmaq üçün addımlar atılıb. Məsələn, Müsavatla, şəxsən Rauf bəy, sizinlə bağlı «Amnesty İnternational»a, «Human Rights Watch»a, «Azadlıq» radiosunun rəhbərliyinə də məktublar göndərib. Məktublarında bildirib ki, bu cinah, bu qüvvələr hakimiyyətlə bağlıdır, bunlar artıq müxalifət deyil, etirazçı elektoratın düşüncələrini ifadə etmirlər, bunlara inanmayın.

 

- Bu cür məktubların təsiri olurmu?

- Olur. Ən azı şübhələr yaradır. Məsələn, Norveçdə ən yaxın dostumla mənim aramı vurdu.

 

- Yaxın dost şəxsdir və dostundan incik düşə bilər. Amerika kəşfiyyatı Xədicə İsmayılovanın siyahıları əsasında işləyirsə, onda «yazıqlar olsun» deməmək olmur. ABŞ kimi nəhəng dövlətin Mərkəzi Kəşfiyyat İdarəsinin əməkdaşları bu qədərmi acizdirlər?

- Əlbəttə yox. Amma ən azı belə siyahılar və məktublar da müəyyən rəy yaradır. Amerikalılar çox sxematik düşünür. Onların xüsusi kəşfiyyatlarının və xüsusi xidmətlərinin fəaliyyətində də bu metod əks olunub. Daha çox proqramlaşma, daha çox dosyelərlə işləmə onların iş üsullarındandır.

- Wikileaks sənədləri ortaya çıxanda göründü ki, onlar o qədər də sadə işləmirlər...

- Wikileaks sadəcə səfirlərin söhbətlərinin stenoqramının və onların mətbuatda oxuduqlarının kiçik xülasələrinin Dövlət Departamentinə göndərilməsini yaydı. Əslində Snouden olayı Amerika kəşfiyyat sisteminin ciddi iflasından xəbər verir. Bax, bu sxematik və müəyyən mənada avtomatlaşdırılmış yanaşma tərzi ABŞ kəşfiyyatını və xüsusi xidmətlərini böhrana gətirib çıxardı. Təsəvvür edin ki, rəsmən etiraf etdilər ki, bəli, Almaniya kanslerinin, Rusiya prezidentinin telefon danışıqlarını dinləmişik...

 

- Sizcə, Azərbaycan prezidentinin də telefonunu dinləyiblərmi?

- Yüz faiz dinləyiblər və Azərbaycan prezidentinin telefonunu bu gün də dinləyirlər. Buna heç kəsin şübhəsi olmasın. Vaxtilə Heydər Əliyevin mühafizə xidmətindəki bir mənbə mənə danışırdı ki, Heydər Əliyev xarici səfərlərə gedərkən milli təhlükəsizlik naziri Namiq Abbasovla ən vacib söhbətlərini, ona verəcəyi tapşırıqları təyyarə qalxmamışdan öncə edirdi. İşə salınmış təyyarənin motoruna yaxın bir yerdə, onun uğultusunun altında danışırmışlar. Çünki o bilirdi ki, ərazi dinlənilir və təyyarənin səsi nazirlə söhbətinin qeyd edilməsinə mane olurdu.

 

- Sizin məlum yazı iki hissəlidir. Biri görüşlə bağlı məlumatlardır, yekunda isə siyahıdır. Bu faktlar doğrudursa, o deməkdirmi ki, Azərbaycan xüsusi xidmət orqanları da babat işləyir?

- Mən düşünmürəm ki, bu məlumatlar Azərbaycan xüsusi xidmət orqanlarından ötürülüb. Bu məlumatlar mənə gömrük orqanının əməkdaşları tərəfindən daxil olub.

 

- Daxil olma sxemini izah eləmək mümkündürmü? Gömrük yəni bu qədərmi mükəmməl sistemdir ki, Amerika kəşfiyyatçılarının sənədini əldə edə bilir?

- Əgər siz məndə olan məlumatın mənbəyini soruşmaq istəyirsinizsə, mənbə haqqında məlumat əldə eləmək istəyirsinizsə, mən sizə birmənalı şəkildə dedim ki, bunu mənə gömrük əməkdaşları, gömrük strukturlarındakı mənbələrim təqdim ediblər. Onların sənədi necə əldə etdiyini isə onlar bilirlər.

 

- Siyahıdakı müxtəlif adamların müxtəlif reaksiyaları oldu. Ən gülməlisi və ən inandırıcısı hansı idi?

- Məncə, ən səmimi Mehman Əliyevin reaksiyası idi.

 

- Siyahıdakı adamlardan sizinlə danışan oldumu?

- Mehman Əliyevlə danışmışam.

 

- Kim təşəbbüs göstərdi danışmağa?

- Mən ofisə gələndə Mehman Əliyevlə bizim əməkdaşımız Zaur Rəsulzadə telefonla danışırdı. Zaur telefonu mənə verdi. Mehman müəllim bir az güldü. Dedim ki, Mehman müəllim, bilin ki, bu siyahı mənlik deyil, bunun mənə heç bir aidiyyəti yoxdur. Səidə Qocamanlı da zəng etdi mənə. Mən ona situasiyanı izah elədim, normal başa düşdü. Novella Cəfəroğlunun reaksiyası da çox aydın, normal və peşəkar oldu.

 

- Amma Arzu Abdullayeva birbaşa sizi ittiham edib. Deyib ki, Eynullaya nəsə ediblər, tam dəyişib. Eynulla bəy, dəyişmisinizmi və sizə nə ediblər? 

- Məni neçə illərdir tanıyırsınız. Mən düşünmürəm ki, dəyişmişəm. Siz düşərgə olaraq müxalifətdə olmusunuz, mən heç vaxt olmamışam. Müstəqil jurnalist olmuşam, amma hökuməti tənqid eləmişəm. Amma çox maraqlıdır ki, məni həmişə müxalifətlə yox, hökumətlə bağlayıblar.

 

- Hətta iqtidara qarşı ən kəskin yazanda da, həbsinizdən əvvəlki dönəmdə, iddia edirdilər ki, Eynulla hakimiyyətin müəyyən qanadından maliyyə və informasiya dəstəyi alır. 

- Bəli, bu cür hesab edirlər. Ona görə də Arzu Abdullayeva da o cür fikirlər işlədib. Arzu Abdullayeva siyasətdən uzaq bir adamdır, ümumiyyətlə, siyasi prosesləri dərk etmir.

- Eynulla bəy, sizin ölkə gündəmində ciddi səs-küyə səbəb olan yazınızı, yazıda məlum siyahının olmasını Xədicə İsmayılovanın həbsinə hazırlıq planının tərkib hissəsi hesab edənlər də var. 

- Mən niyə onun həbsini istəməliyəm ki? Kişi də qadının həbsini istəyərmi? İkincisi, mən kiminsə planı haqqında niyə düşünməliyəm? Xədicə İsmayılova özü öz addımları ilə bu hadisələrə rəvac verir. Mən Xədicəyə demişəm ki, get, Amerika kəşfiyyatçıları ilə görüş? Mən ona demişəm ki, MTN-in sənədini dərc et? MTN-in də sənədini mən dərc etmişəm? Yox. Bu adam öz addımları, qeyri-ciddi hərəkətləri ilə gətirib özünü bu duruma çıxarıb. Mən niyə kiminsə həbsini istəməliyəm ki?! Onda gəlin heç nə yazmayaq ki, bizim hansısa yazımız kiminsə həbsinə apara bilər.

 

- Sizin saytınızda hakimiyyətin içərisindəki yüksək rütbəli məmurların özləri, biznesləri və yaxınları haqqında ən sensasiyalı və dəqiq məlumatlar verilir. Məsələn, fevralın 18-də «Yeni Müsavat» və «Azadlıq» qəzetlərinin manşetləri sizin saytın xəbəridir. Bütün bunlara baxmayaraq, niyə sizi hər zaman hakimiyyətlə bağlayırlar? 

- İndi deyəcəyim məsələni bəlkə rəhmətlik Elmar Hüseynov sizə də danışıb. 2003-cü ildə rəhmətlik Elmar Hüseynov haqqında görün hansı söhbətlər yayılırdı. Guya o, hər axşam oturub birbaşa Heydər Əliyevin özündən təlimatlar alır və yazılar yazır. Yəni dediyim odur ki, hamı haqqında bu cür əsassız fikirlər yayılır. Ümumiyyətlə, Azərbaycanda insanlarda dedi-qoduya maraqlı bir həvəs var. Yeri gəlmişkən, görünür, Xədicə İsmayılovanın da dedi-qoduya rəğbəti var ki, bu cür siyahılar hazırlayıb.

- Mirşahin Ağayev ANS-də şərhində belə bir maraqlı fikir səsləndirdi. O dedi ki, bəlkə Eynulla Fətullayev öz adının ətrafına çoxlu sayda isimləri daxil etməklə özünün vəziyyətini cəmiyyətə çatdırmaq istəyib... 

- Bu yanaşma tamamilə cəfəngiyyatdır, absurd bir fikirdir. Çünki mən bəzən lazım biləndə və situasiya yetişəndə elə ağır ittihamlar səsləndirmişəm ki, hansısa «namyoklarla», atmacalarla, şifrələrlə nəsə etməyimə ehtiyacım yoxdur. Mən nəsə demək istəsəm birbaşa deyə bilərəm. Əgər insan hansısa çıxılmaz situasiyaya düşəndə o vəziyyətdən çıxmaq istəyirsə, bunun presedentləri, yolları var. İnsan qaçır xarici bir ölkəyə. Ən azı Elşad Abdullayev nümunəsi, Hüseyn Abdullayev nümunəsi var. Mən niyə sizin sualınızda qeyd edilən kimi variantlar seçməliyəm ki?! Sizi inandırıram, o qədər dövlətlər var ki, məni yəqin qəbul etmək istəyərdilər.

 

- Gedərsinizmi? 

- Əlbəttə yox. Mən niyə getməliyəm.

«İLHAM ƏLİYEV MİYATOVİÇƏ BİLDİRİB Kİ, BİZ BELƏ BİR ŞƏRT QOYMURUQ, EYNULLA İSTƏYİR BURADA YAŞASIN, İSTƏYİR GETSİN, ÖZÜ BİLƏR»

- Siz həbsdə olanda qohumlara, yaxınlara belə bir şərt qoydularmı, işarə etdilərmi ki, Eynulla çıxıb getsin ölkədən? 

- Yox. Heç vaxt. Hətta Dünya Miyatoviç prezidentlə görüşəndə prezident deyib ki, mən Eynulla Fətullayevi iki-üç aydan sonra buraxacağam. Dünya Miyatoviç isə prezidentə deyib ki, istəyirsinizsə, biz Eynullanı Avropaya apara bilərik. İlham Əliyev Miyatoviçə bildirib ki, biz belə bir şərt qoymuruq, niyə getməlidir, istəyir burada yaşasın, istəyir getsin, azad insandır, özü bilər.

 

- Prezidentin barənizdə belə dediyini sizə kim çatdırıb?

- ...

 

(davamı gələn sayımızda)