vaxtlı-vaxtında oxuyun! Şənbə, 20 aprel 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Heydər Əliyev (1923 - 2003)

«Müstəqillik yolu qədər çətin yol yoxdur»

Heydər Əliyev (1923 - 2003)
TƏBİƏT, İQLİM, FƏLAKƏT  
12:09 | 6 fevral 2019 | Çərşənbə Məqaləyə 2166 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

“Birinci vitse-prezident zəlzələ ilə bağlı tapşırıq verdi”

FHN naziri Kəmaləddin Heydərov: “Qəzalı evlərin sakinləri köçürüləcək”

MÖVZU İLƏ ƏLAQƏLİ

Fövqəladə hallar naziri Kəmaləddin Heydərov Şamaxıda zəlzələ nəticəsində uçqun baş verən ərazilərə baş çəkib.

Nazir əraziyə baxış keçirdikdən sonra açıqlama verərək bildirib ki, gecədən başlayaraq Şamaxıda müxtəlif ballarda 3 təkan olub: “Cənab prezidentin tapşırığı ilə səhər tezdən bura gəlmişəm. Bizim əməkdaşlarımız rayon icra hakimiyyətinin əməkdaşları ilə birgə gecədən qəza olmuş ərazilərə və ya şikayət edən insanlara baş çəkiblər. Çox şükür ki, ölüm halları baş verməyib. Hadisədən təşvişə düşüb qaçarkən iki nəfərin ayağı, bir nəfərin qolu sınıb. Hazırda onlar müalicə alır. Ümumiyyətlə, 4 rayon üzrə 73 müraciət olub. Orada da ciddi fəsadların olmadığı qeyd olunub.

Belə zəlzələdə fəsadların cüzi olması çox yaxşıdır. Evlərin uçması halı baş verməyib, sadəcə divarlar aşıb. Bununla bağlı da ölkə başçısının tapşırığı ilə komissiyalar birgə işləyəcək. Nəticələr bəlli olduqdan sonra qərar veriləcək.

Birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyeva da tapşırıq verib ki, fondun əməkdaşları könüllü olaraq əhaliyə kömək etsin”.

 

* * *

 

Şamaxıda baş verən gecəki zəlzələdən sonra hadisə yerinə gedən Fövqəladə hallar naziri Kəmaləddin Heydərov zəlzələnin episentrindəki kəndə də baş çəkib.

Eurasia Diary xəbər verir ki, nazir qeyd edib ki, bir az əvvəl vertolyotla zəlzələnin episentrində yerləşən kəndə eniş ediblər:

“Orada da ciddi fəsad baş verməyib”.

K. Heydərov əlavə edib ki, qəzalı vəziyyətdə olan evlərin sakinləri köçürüləcək: “Yaxşı ki, rayon camaatı bu hadisəni təşvişlə qarşılamayıb, buna da ehtiyac yox idi. Şamaxı Rayon İcra Hakimiyyətinin başçısına və əməkdaşlarına da nazirliyimiz adından təşəkkür edirəm. Onlar operativ formada işləyib camaatı sakitləşdirib.

Qəzalı vəziyyətdə olan evlərin sakinləri köçürüləcək. Uçmaq təhlükəsi olan bir neçə ev var. Onlara dövlət tərəfindən köməkliklər olacaq. Təmir-bərpa işləri zəruri olan yerlərdə də işlər görüləcək”.

 

* * *

 

Ötən gecə baş verən zəlzələnin fəsadları ilə bağlı Şamaxı Rayon İcra Hakimiyyətində komissiya yaradılıb.

Bu barədə “Trend”ə Şamaxı Rayon İcra Hakimiyyətindən məlumat verilib.

Məlumatda bildirilir ki, hadisə ilə bağlı fövqəladə hallar naziri Kəmaləddin Heydərov Şamaxıya gedib: “Hazırda nazir və rayon rəhbərliyi hadisə nəticəsində dağıntı olan əraziyə baxış keçirilir. Komissiya dəymiş zərərin müəyyənləşdirilməsinə başlayıb”.

Xatırladaq ki, fevralın 5-də yerli vaxtla saat 23:19-da Pirqulu stansiyasından 7 km cənubda Ağsu ərazisində 4,4 bal gücündə zəlzələ qeydə alınıb. Respublika Seysmoloji Xidmət Mərkəzindən Trend-ə verilən məlumata görə, yeraltı təkanların ocağı 10 km dərinlikdə yerləşib.

Zəlzələ episentrdə 5 bala yaxın, ətraf rayonlarda 4,3 bala qədər hiss olunub.

Digər 5,3 bal gücündə zəlzələ yerli vaxtla saat 23:31-də Pirqulu stansiyasından 10 km cənub-qərbdə İsmayıllı ərazisində qeydə alınıb. Yeraltı təkanların ocağı 8 km dərinlikdə yerləşib.

Zəlzələ episentrdə 6 bal, ətraf rayonlarda 5,3 bala qədər hiss olunub.