vaxtlı-vaxtında oxuyun! Cümə, 19 aprel 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Heydər Əliyev (1923 - 2003)

«Vətənpərvərlik insanın daxilindəki duyğulardır. Əgər bunlar yoxdrusa, o insan mənəviyyatsızdır»

Heydər Əliyev (1923 - 2003)
TOP OYUNLARI  
18:57 | 6 fevral 2019 | Çərşənbə Məqaləyə 1707 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

“Keşlə”dəki aysberq

Komanda liqa oyunlarından çox Ağayev-Əhmədov qarşıdurmasını izləyir

MÖVZU İLƏ ƏLAQƏLİ

Premyer Liqada çətin günlər keçirən “Keşlə”də klubdaxili ab-hava da qaydasında deyil. Öz meydanında “Səbail”ə 0:3 hesabıyla uduzan komanda autsayderlər qrupunda möhkəmlənib və avrokuboklar xəyalı yavaş-yavaş puç olur.

Əslində, Avropa Liqasına vəsiqə qazanmağın çətin olacağı çoxdan bəlli idi, amma klub rəhbərliyi kollektivin qarşısına belə hədəf qoyub. Baş məşqçi Tərlan Əhmədov da açıqlamalarında məhz bunun üçün çalışdıqlarını deyib. Real vəziyyət isə odur ki, komanda yuxarı yerlərdən çox, sonuncu olmamaq barədə düşünməlidir.

Qışda heyətin bahalı əcnəbilər hesabına gücləndirilməsi mümkün olsa da, seçimlər yaxşı deyil. Yeni gələnlər böyük vəzifələrin öhdəsindən gəlməyə imkan vermir, növbəti dəfə səhv addımlar atılıb. Amma bütün bunlar yalnız aysberqin görünən tərəfidir. Klubda ən ciddi problem daxili çəkişmədi.

Kamran Ağayev “Keşlə”nin daxili problemlərinin bir nömrəli səbəbkarıdır. Kapitan əksər komanda yoldaşları ilə yola getmir, ondan ciddi narazılıq var. Bəzi futbolçular dəfələrlə məşqçilərə, rəhbərliyə onunla bağlı şikayət edib. Özünü yekəxana aparması azmış kimi, bəzi oyunçularla çox kobud davranır. Məşqlərdə, oyunlarda məhz onun davranışı üzündən ab-hava pozulub.

Kamran Müşahidə Şurasının sədri Zaur Axundovla münasibətlərindən istifadə edərək özünü belə aparır. Hamı da klub rəhbərinin qəzəbinə gəlməkdən qorxduğu üçün qapıçıya qarşı çıxa bilmir. Yuri Maksimov, Mladen Milinkoviçlə problem yaşayan, onların göndərilməsində rol oynayan Ağayev indi də Tərlan Əhmədovla münaqişədədir.

Hər şey Antalyada başlayıb. Toplanışın son 3 günündə düşərgəni tərk edən, axırıncı yoxlama matçında komandanı yeganə qapıçı - gənc Şahin Zəkiyevin ümidinə qoyan Ağayev Bakıya qayıtmışdı. Reklam çəkilişlərinə qatılmaq üçün vətənə gələn qolkiper 30 min manata görə klub maraqlarına tüpürmüşdü. Belə ki, reklamçı şirkətlə anlaşmasına görə, həmin vaxt Bakıda olmasaydı, məbləğin yarısını itirəcəkdi. Halbuki daimi maaş aldığı klubla anlaşması daha önəmli olmalı idi.

Klubdan icazə istəyən Kamranı məşqçi heyəti buraxmaq istəməyib. Belədə o, Axundova zəng vurub və sədr də ərköyün kapitanın arzusunu yerinə yetirib, onun buraxılması üçün göstəriş verib. Komanda Bakıya qayıtdıqdan sonra Əhmədovla, oyunçularla münasibətləri yaxşılaşmayan Kamran “Səbail”lə matçda özbaşınalığın əziyyətini əyani şəkildə çəkdi. İlk qolda topa çıxmadı, ikincidə Andre Klennonla bir-birinə mane oldu, üçüncüdə yenə ötürməyə gecikdi və darmadağın birbaşa onun adına yazıldı.

İndi hamı Axundovun vətənə dönüşünü gözləyir. Klub rəhbərinə bütün problemlər çatdırılacaq, Ağayevin hərəkətlərinə qiymət verilməsi istəniləcək. Bildiyimizə görə, baş məşqçi rəhbərlikdən onun qovulmasını istəyir. Hətta “ya mən, ya o” tələbinin qoyulması da mümkündür. Və Əhmədov bu məsələdə futbolçuların da qapıçıdan ciddi narazı olmasına arxalanır.

 

İndi qərarı Zaur bəy verəcək – o ya komandanı yumruq kimi birləşdirəcək, ya da bəzi radikal addımlar atacaq. “Neftçi” ilə oyunöncəsi mütləq hansısa qərarlar veriləcək. Problemi malalamaq, üstünü örtmək olmaz, çünki bu, komandanın nəticələrinə təsir göstərir və indiki ab-hava ilə “Keşlə”nin dirçəlməsi mümkünsüzdü. Ağayevin, yoxsa Əhmədovun klubda daha nüfuzlu olması da sədrin qərarlarından sonra bilinəcək.

Bəlkə də problemin indi üzə çıxması klub adına yaxşıdır. Həll etmək üçün vaxt var, sonra gec ola bilər. Qarşıdakı 13 oyun vəziyyəti düzəltmək üçün imkan yaradır. Hələlik daxili problemləri yoluna qoymaq lazımdır. Avropa Liqası matçları öz yerində, bir çox çempionat matçlarında da Ağayevin səhvlərini izləmişik.

Millidəki məlum qalmaqalı da nəzərə alsaq, Kamran son vaxtlar yekəxanalığının əziyyətini çəkir, tez-tez tənqid olunur. Xaricdə karyerası da bu kimi məsələlərə görə alınmamışdı və qovulmuşdu. “Bakı”da, “Xəzər Lənkəran”da, “Qəbələ”də olanları da nəzərə alsaq, xasiyyətinə görə Kamran nadir futbolçulardandı. Bu kimi hərəkətlərinə görə o, heç vaxt “Neftçi” və ya “Qarabağ”a yaxın düşə bilməyib. İndi isə “Keşlə”də münaqişə ocağı yaradıb və komandanın son pillədə qərarlaşmasında əsas pay sahiblərindəndi. Bəlkə haqlı olduğu məqamlar da var. Bunu aydınlaşdırmaq isə Axundovun boynunun borcudur.