vaxtlı-vaxtında oxuyun! Cümə, 19 aprel 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Heydər Əliyev (1923 - 2003)

«Xalq gərək daim öz kökünü xatırlasın»

Heydər Əliyev (1923 - 2003)
GÜNDƏM  
10:48 | 5 mart 2019 | Çərşənbə axşamı Məqaləyə 1744 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Trampın düyməsi basıldı

Demokratlar nazir müavinini təhqiqata cəlb etmək üçün hərəkətə keçdilər

Sərdar TURQUT, “Habertürk”ün Vaşinqton təmsilçisi

MÖVZU İLƏ ƏLAQƏLİ

Dünən Vaşinqtonda edilən zarafat ABŞ-la Şimali Koreya arasındakı sammitin yaxşı keçməsinin mümkün olmayacağı haqqında idi. Prezident Trampın, saat fərqi olması səbəbilə, gecə gec saatlara qədər ABŞ televiziyalarında öz əleyhinə olan hadisələri izləyəcəyi və yuxusuz qalıb gərgin olacağından, zirvə görüşünün uğursuz bitəcəyi söylənilirdi. Həqiqətən, iki lider bir anlaşma əldə etmədən ayrıldı, lakin bunun səbəbinin sadəcə Trampın yorğunluğu və gərginliyi olmadığı da ortadadır.


Sanki düyməyə basıldı

 

Bəli, həqiqətən, Vaşinqtonda birdən, sanki bir mərkəzdən Trampı vəzifədən azad etmək əmri gəlmiş kimi, bir sıra hadisələr zənciri yaşanmağa başlayıb.

Trampın keçmiş vəkili və işlərini görən Maykl Kohen Konqresdə üç gün davam edəcək təhqiqata qatılmağa qərar verib. İlk günü qapalı keçirilən təhqiqatdan sonra – çərşənbə günü keçirilən açıq toplantıda sanki ABŞ-a Vaşinqton mərkəzli siyasi atom bombası atıldı.

Daha öncə Konqresə yalan söylədiyinə görə həbs cəzası alan Kohen bu dəfə həqiqəti söyləməyə qərar verdiyini bildirərək, Tramp haqqında ona gələcəkdə çox zərər verə biləcək açıqlamalar verdi. Onun yalançı və saxtakar biri olduğunu açıqca söylədi. Trampın vergi pozuntularına yol verdiyini, əlaqə qurduğu iddia edilən qadınlara ödəmələri birbaşa özünün müəyyənləşdirdiyini, öz maraqları üçün davamlı olaraq təhdid və şantaj üsullarına əl atdığını, zəncilərin və müsəlmanların əleyhinə müntəzəm şəkildə çıxışlar etdiyini, əlində dəlil olmasa da, ruslarla əməkdaşlıq etdiyinə inandığını söylədi.

 

Qadının ulduzu parladı

 

Konqresin Nümayəndələr Palatasının yeni, gənc və solçu qadın üzvləri təhqiqat zamanı əməlli-başlı parladılar. Təhqiqat zamanı onlar keçmişdə zəncilər və müsəlmanlar əleyhinə irqçi ifadələr işlədən Trampdan bu sözlərinin intiqamını almaq istərcəsinə amansız və aqressiv idilər. Onların bu qəzəbləri haqlı olsa da, əsil vəzifəsi dəlil toplamaq olan bir komitənin işini aradabir çətinləşdirirdi də. Lakin bəzi üzvlər, xüsusilə daha öncə ulduzunun parlayacağını yazdığım Aleksandriya Okasio-Kortez təhqiqat zamanı xeyli parladı. O, çox təcrübəli bir prokuror kimi suallar verdi və gələcəkdə açılacaq yeni işlər üçün dəlillər topladı.

İndi bütün şərhçilər bu təhqiqatın irəlidəki mərhələlərində Tramp üçün bir impiçment (İmpeachment – etimadsızlıq göstərmək; ABŞ-da Prezidenti vəzifədən azad etməyin və məsuliyyətə cəlb etməyin xüsusi proseduru – tərc.) prosesi başladıla biləcəyini söyləyirlər.

Mən də eyni fikirdəyəm, bu dəfə iş, deyəsən, ciddidir.

 

Xüsusi prokuror təhqiqatı

 

Yeri gəlmişkən, Trampın ruslarla əməkdaşlıq etməsi iddiasını araşdırmaqda olan xüsusi prokuror Müllerin öz hesabatını tamamladığı da məlumdur. Hesabatın bu həftə ortaya çıxması gözlənilirdi. Ancaq Trampın Ədliyyə Nazirliyinin rəhbərliyinə müvəqqəti olaraq təyin etdiyi şəxsin (14 fevral 2019-cu ildə ABŞ Baş prokuroru təyin edilən Uilyam Barr nəzərdə tutulur – tərc.) bu hesabatın ortaya çıxmasına mane olduğu söylənir.

Buna eyham vuran şəxs də daha öncə bu təhqiqatı rəsmən başladan və bugünədək təqib etmək üçün məsuliyyət daşıyan Ədliyyə nazirinin müavini Rod Rozenşteyn olduğuna görə, məsələ əməlli-başlı ciddi bir hal alıb. Çünki “Rusiya hesabatı” bu şəkildə təzyiq altına alınırsa, o da Trampın vəzifədən azad edilməsi üçün başqa bir səbəb yarada biləcək.

Konqresdəki demokratlar bu hesabatı, ehtiyac olarsa, zorla almaq üçün rəsmi xəbərdarlıq məktubu göndərməyə hazırlaşırlar. Bir təhqiqat başladaraq, Rod Rozenşteyni şahid kimi çağıracaq və hesabatı da özü ilə gətirməsini istəyəcəklər. Hazırda bunun planlaşdırılması aparılır.

Vaşinqtonda Müllerin hesabatında Prezidenti ağır dillə ittiham edən dəlillərin və həqiqətlərin olduğu da söylənilir.

Anlayacağınız odur ki, Şimali Koreya lideri ilə keçirdiyi uğursuz sammitdən sonra Vaşinqtona döndükdə Prezident Trampı heç də xoş olmayan proseslər gözləyir. Baxaq, görək, siyasi manevr gücü bunlardan da qurtulmasına yetəcəkmi?