vaxtlı-vaxtında oxuyun! Şənbə, 20 aprel 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Heydər Əliyev (1923 - 2003)

«Tariximiz bizim üçün dərs olmalıdır. O, heç nəyi silmir»

Heydər Əliyev (1923 - 2003)
REGİON  
12:33 | 5 mart 2019 | Çərşənbə axşamı Məqaləyə 2140 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Ya indi, ya da heç vaxt ...

Rusiya Ukraynadakı seçkiyə necə hazırlaşır?

Elxan ŞAHİNOĞLU

MÖVZU İLƏ ƏLAQƏLİ

Ukrayna 31 mart prezident seçkilərinə hazırlaşır. Ukrayna seçicilərinin real əhval-ruhiyyəsi Moskvanı çaşdırır. Xalq Rusiyapərəst namizədlərin vədlərinə inanmır, bu da Kremlin qlobal ambisiyalarının həyata keçirilməsi məsələsini sual altına qoyur. Bunu dərk edərək Rusiya siyasi texnoloqları, təbliğatçıları və xüsusi xidmətləri Ukrayna seçkilərinin qanunsuzlaşdırılması üçün müxtəlif ssenariləri işə salırlar.

Ukrayna Rusiyadakı mərkəzlərin psixotron ekspansionist strategiyası çərçivəsində ən öndə, yəni sıfır xəttində durur, bununla belə, Rusiya siyasətinə qarşı yüksək dərəcəli müqavimətini nümayiş etdirir. Ukraynanı xaricdən ala bilməyəcəyini dərk edərək, Ukraynanın vuruşan qalasına daxildən qalib gəlmək istəyirlər. Həmin mərkəzlər aydın şəkildə anlayırlar ki bunu ya indi etmək lazımdır, ya da bu heç vaxt alınmayacaq. Bunun üçün Rusiya strateqləri Ukraynadakı 2019-cu ilin seçki dövrünü unikal fürsət kimi dəyərləndirirlər. İlk yerdə, əlbəttə ki, 31 mart tarixinə təyin edilmiş prezident seçkiləri durur. Məhz Ukrayna dövlətinin başçısı yerinə öz namizədini oturtmaq cəhdi Rusiya siyasi maşınının bütün bəndlərinin ilk sırada duran məqsədidir.

Ukrayna bir daha Rusiya imperiyasının tərkib hissəsi olmaq istəmir. Ukraynalıların ağır tarixi təcrübəsi də bundan xəbər verir. Qolodormorlar (kütləvi aclıq nəticəsində ölümə məhkum edilən milyonlarla ukraynalı), ölüm düşərgələri, işğallar, hibrid müharibələri ukraynalıların yaxın tarixinin ən acı səhifələridir. Bir vaxtlar Donbasda həyat və inkişaf var idi, Ukraynanın sənaye mərkəzi sayılırdı, bu gün dağıdılmış bölgədir: tərk edilmiş kömür şaxtaları, sökülmüş dəmir yolları və məhv edilmiş milyonlarla insan həyatı bu bölgəni ümidsizlik zonasına çevirib. Ancaq görünür, bu, Rusiyadakı mərkəzlər üçün yetərli deyil, Ukraynanın qalan hissəsini də ələ keçirmək istəyir və bunun üçün prezident seçkisinə “hazırlaşırlar”.

ABŞ Dövlət Departamentinin xüsusi nümayəndəsi Kurt Volker 16 fevral 2019-cu il tarixində Münhendəki təhlükəsizlik konfransında deyib: “Rusiya qarşıdakı seçkilərdə Ukrayna prezidenti Petro Poroşenkonu “aradan qaldırmaq” istəyir ki, yeni ölkə başçısı ilə özünə sərfəli olan əməkdaşlığı qursun. Onlar Poroşenkonu hakimiyyətdən kənarlaşdırmağı çox istəyirlər və mən düşünürəm ki, onlar yeni hakimiyyətlə Rusiya üçün əlverişli olan hər hansı müqavilənin bağlanmasına ümid edirlər, çünki bunu Poroşenkodan ala bilmirlər”.

Poroşenko prezident seçilməsə belə, prezidentliyə digər real namizədlər də işğalın üzərindən Rusiya ilə barışmağa hazır deyillər. Güclü demokratik institutlar – ukraynalılar bu dəyər üçün savaşır və bu institutlardan biri də demokratik seçkilərdir. Ukrayna özü üçün ən ağır dövrdə - 2014-cü ildə öz iradəsini demokratik yolla nümayiş etdirməyi bacardı, bu ənənəni bu il də davam etdirmək istəyir.

Ukraynalıların bu əhval-ruhiyyəsi Kremli narahat edir və onun üçün başağrısı yaradır. Ukraynalılar Rusiyanın təbliğat maşınının apardığı fasiləsiz işə baxmayaraq, öz sağlam düşüncəsini qoruyub saxlayırlar. Bu fonda Ukrayna Ali Radasının birinci vitse-spikeri İrina Geraşenko amerikalı diplomatın Rusiyadakı mərkəzlərin seçkiyə müdaxiləsi fikrini bu şəkildə dəstəkləyib: “Rusiya beşinci kolon vasitəsilə Ukraynada prezident postunda öz namizədini görmək istəyir. Bütün müdaxilələrə baxmayaraq, onlar görürlər ki, hər şey onların ssenarisi üzrə getmir, bu səbəbdən burada ictimai düşüncədə təhrif və təxribat yaratmağa çalışırlar”. Geraşenko vurğulayıb ki, Ukrayna beynəlxalq müşahidəçi missiyalarını gözləyir, müvafiq dəvətlər artıq göndərilib. Həm ATƏT-in Parlament Assambleyasından, həm NATO Parlament Assambleyasından, həm də Avropa Şurası Parlament Assambleyasından beynəlxalq müşahidəçi nümayəndə heyətləri bugünlərdə Ukraynada fəaliyyətə başlayacaqlar.

Xəbərlərə görə, Kreml bu il Ukraynadakı seçkilərə müdaxilə etmək üçün xüsusi xidmət orqanlarına əlavə olaraq 350 milyon dollar pul ayırıb. Tanış ssenaridir. Bu pullar əsassən feyk xəbərlərə, öz tərəfinə çəkmə, təxribatların, etirazların, Ukrayna rəhbərliyinə qarşı daxili siyasi təzyiqlərin təşkili və kiber hücumların hazırlanması üçün xərclənəcək. Ona görə də demokratik seçkilərin keçirilməsi üzrə beynəlxalq səviyyədə tanınmış standartlara uyğun azad və şəffaf seçkilərin keçirilməsi Ukrayna tərəfi və beynəlxalq ictimaiyyət üçün prioritet məsələdir.

Rusiya televiziya kanalları Azərbaycanda geniş yayınlanır. Bu kanallar gecə-gündüz Ukrayna əleyhinə təbliğat aparırlar, separatçılığı reklam edirlər. Ona görə də bu kanallara və xəbərlərə aldanmaq lazım deyil. Azərbaycan müşahidəçilərinin Ukraynadakı prezident seçkilərində iştirakı mühüm amildir. Bu Azərbaycan və Ukrayna arasındakı dostluq və tərəfdaşlıq ruhuna uyğundur. Unutmayaq ki, Rusiyadakı bəlli mərkəzlər Azərbaycanda da 2013-cü ildə prezident seçkisinə müdaxilə etmək istəmişdilər, ancaq onların bu səyləri nəticə vermədi. Ukraynada da nəticə verməyəcək. (“Atlas” Araşdırmalar Mərkəzi)


   

MÜƏLLİF

ANKET

Hökümətin ölkədə hansı sahəyə diqqətinin artırılmasını istərdiniz?

  • Elm-təhsil
  • Səhiyyə
  • Sosial Müdafiə
  • Ekologiya, təbii sərvətlər
  • Müdafiə-təhlükəsizlik
  • Mədəniyyət, incəsənət, ədəbiyyat
  • Kənd təsərrüfatı, aqrar sənaye
  • Sahibkarlıq, sənaye (zavod, fabrik)