vaxtlı-vaxtında oxuyun! Çərşənbə axşamı, 19 mart 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Mustafa Kamal Atatürk (1881 - 1938)

«Uca Türk, sənin üçün yüksəkliyin hüdudu yoxdur»

Mustafa Kamal Atatürk (1881 - 1938)
REGİON  
13:28 | 11 mart 2019 | Bazar ertəsi Məqaləyə 2244 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

İranda siyasi çalxalanma

İslahatçıların ətrafı daralır

Zeynal ƏMİRƏLİYEV

MÖVZU İLƏ ƏLAQƏLİ

İranda xarici işlər naziri Cavad Zərifin istefası ilə yaranan siyasi gərginliyi daha da alovlandıracaq növbəti təyinat gerçəkləşdi. Belə ki, İbrahim Rəisi İran məhkəmə sisteminin rəhbəri təyin edildi. Bu həmin şəxsdir ki, son prezident seçkilərində Həsən Ruhanin qarşısına rəqib olaraq çıxmışdı. 2017-ci ildəki seçkilərdə Rəisi Ruhanin 23,6 milyon səsinin qarşısında 16 milyon seçicinin səsini qazana bilmişdi. Rəisi martın 8-dən etibarən vəzifəsinin icrasına başlayıb.

İran cəmiyyəti Rəisini 2016-ci ildən tanıyır. Məhz həmin İranın qeyri-rəsmi rəhbəri Əli Xameneyi İ.Rəisini “İmam Rza” məqbərəsinin rəhbəri təyin etmişdi. Nəzərə alaq ki, bu ziyarətgah İranın ən böyük gəlir mənbələrindən hesab olunur. Bu təyinatla Rəisi məqbərəyə “axan” milyonlara nəzarət imkanını əldə etdi. Bu etimad bu iki şəxsin arasındakı “isti münasibət”dən xəbər verirdi. 2017-ci ildə Rəisi prezidentliyə iddiasını ortaya qoyanda Xameneyi ona “yaşıl işıq” yandırdı. İbrahim Rəisinin məhkəmə sisteminin başına gətirilməsi ölkədəki məhkəmə hakimiyyəti ilə icraedici hakimiyyəti arasındakı qarşıdurmanı gücləndirəcək . Düzdür, Rəisinin sələfi Sadiq Laricani də Həsən Ruhani ilə bir elədə yola getmirdi. Ancaq sabiq məhkəmə rəhbərinin parlamentin rəhbəri olan qardaşı Əli Laricani bu ziddiyyətlərin cızığından çıxmasına imkan vermirdi. Çünki Laricanilər İranın tanınmış nəsillərindən biridir və buna görə də üzvlərindən kiminsə adının hər hansı intriqada hallanması ailənin nüfuzuna  zərər vura bilərdi. Təsadüfi deyil ki, Həsən Ruhani-Sadiq Laricani arasında ziddiyyətlərin baş verdiyi bir dövrdə İran ictimaiyyəti ailənin digər üzvü Əli Laricanini hədəfə alaraq onun parlament rəhbərliyindəki fəaliyyətini müzakirə edirdi.

O ki qaldı Rəisiyə - prezident Həsən Ruhani münasibətinin kəskin olması bir yana, o bu vəzifəyə uyğun olmayan və xaraktercə qalmaqallı şəxsdir. əslində İ.Rəisi, ədliyyə sistemi üçün yad adam deyil. Əvvəllər İranın baş prokuroru, məhkəmə sisteminin rəhbərinin 1-ci müavini, Baş Təftiş İdarəsinin rəhbəri və Xüsusi Dini Məhkəmənin baş prokuroru olub. Rəisi bu vəzifələrdə işlədiyi dövrdə 1988-ci ildə məhbusların kütləvi edamına qol çəkməkdə, buna etiraz edən məşhur din xadimi Ayətullah Hüseyn Əli Müntəzirinin təqib etdirilməsində və edamlarla əlaqədar audio səs-yazısını yayan Hüseyn Əli Müntəzirinin oğlu Əhməd Müntəzirini həbs etdirməkdə günahlandırılır. İbrahim Rəisi isahatçı düşərgə tərəfindən keçmiş prezident Mahmud Əhmədnejdat qədər sərt tənqid edilən bir şəxsdir.

Son dövrlər İranda Ruhani administrasiyası ilə Xameneyinin komandası arasındakı ziddiyyətlər bəllidir. Xameneyi faktiki olaraq Ruhanin əsas kadrı olan xarici işlər naziri Cavad Zərifin xarici siyasətdəki rolunu daraltmağa başlayıb. Əslində Zərifi “de yure” vəzifədə olsa da, onun səlahiyyətlərini faktiki olaraq dini liderin əsas adamlarından hesab edilən, İranın Yaxın Şərqdəki siyasətini həyata keçirən, “Qüds” briqadasının komandiri, general Qasım Süleymani həyata keçirirdi. Suriya prezidenti Bəşər Əsədi İran səfərində Zərifi deyil, Süleymani tərəfindən müşahidə edilməsi buna əyani sübut idi.

Nəticə isə Zərifin haqlı etirazına və istefasına səbəb oldu. Ancaq prezident və parlament XİN rəhbərini müdafiə etdi və onun vəzifədən gedişinin qarşısı alındı. Məhkəmə hakimiyyətinin bu məsələdəki mövqeyi maraq doğururdu ki, sistemin rəhbəri dəyişildi, prezidentlə siyasi həmrəylik nümayiş etdirən parlamentin rəhbəri Əli Laricanin qardaşını prezidentə qarşı olan müxalifətin əsas fiquru əvəz etdi. Yəni prezident-parlament ittifaqı Məhkəmə Hakimiyyətini itirməklə böyük zərbə aldılar. Düzdür, 2009-cu ildən bu vəzifədə olan Sadiq Laricanin səlahiyyət müddəti bitmişdi. Ancaq onun yerinə Rəisi kimi qalmaqallı bir fiqurun gətirilməsi İran cəmiyyətində çaşqınlıq yaratdı. Görünən odur ki, İranda mövcud olan siyasi sistemdə qütbləşmə dərinləşir. Bir tərəfdə Əli Xameneyinin rəhbərlik etdiyi ali dini hakimiyyət və İbrahim Rəisinin rəhbərlik etdiyi məhkəmə hakimiyyəti, digər tərəfdə isə Həsən Ruhanin rəhbərlik etdiyi icraedici hakimiyyətlə Əli Laricanin rəhbərlik etdiyi qanunverici hakimiyyət durur.