vaxtlı-vaxtında oxuyun! Çərşənbə axşamı, 19 mart 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Məhəmməd Hüseyn Şəhriyar (1906 - 1988)

«Yetər İran odlarından
od ələndi başımıza,
Dur ayağa! Ya azad ol,
ya tamam yan, Azərbaycan!»

Məhəmməd Hüseyn Şəhriyar (1906 - 1988)
AVROPA  
15:39 | 15 mart 2019 | Cümə Məqaləyə 2434 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Avropa Parlamentindən Rusiyaya zərbə

“Kreml artıq Avropa İttifaqının strateji tərəfdaşı deyil!”

Hazırladı: G.HÜSEYNOVA

MÖVZU İLƏ ƏLAQƏLİ

Bu gün Avropa Parlamenti Avropa İttifaqı (Aİ) ilə Rusiya arasındakı münasibətlərə dair qətnamə qəbul edib. Strasburqda keçirilən plenar iclasda qətnaməyə 402 deputat səs verib. 163 nəfər sənədin əleyhinə olub, 89 nəfər isə bitərəf qalmağa üstünlük verib. Latviyadan olan deputat Sandra Kalnietenin hesabatı əsasında hazırlanan qətnamədə deyilir ki, Rusiya artıq Avropa İttifaqının strateji tərəfdaşı sayıla bilməz.

Sənəd müəllifləri əsas səbəb kimi rəsmi Moskvanın beynəlxalq hüququ, demokratik prinsipləri pozmasını, Krımı ilhaq etməsini, Ukraynanın şərqindəki münaqişələrdə birbaşa və dolayı iştirakını, həmçinin Rusiyanın Gürcüstan və Moldovanın ərazi bütövlüyünü pozmasını göstəriblər.

Bütün bunları nəzərə alaraq Avropa Parlamenti bəyan edir ki, Rusiya Minsk sazişinə tam əməl etmədən və Ukraynanın ərazi bütövlüyünü bərpa etmədən Avropa İttifaqı mövqeyindən geri çəkilməyəcək.

Avropalı deputatlar Rusiyanın Avropa İttifaqı ərazisindəki addımlarını da tənqid ediblər. Bu addımlara Sergey Skripalın zəhərlənməsi, kiberhucumlar, dezinformasiya kampaniyası, Rusiya hökumətinin Avropa İttifaqı ərazisində populist və ifrat sağçılarla əlaqələri və s. daxildir.

Qətnamədə Rusiyada insan haqlarının pozulmasına da toxunulub. Avropalı deputalar ölkədə söz və toplaşma azadlığının həddən artıq məhdudlaşdırılmasından, hüquq müdafiəçilərinin təqib və təzyiqlərə məruz qalmasından təəssüf ediblər.

Avropalı deputatlar Rusiya hökumətini dinc şəkildə fikirlərini ifadə etdiklərinə, mitinqdə iştiraklarına görə həbs edilən bütün hüquq müdafiəçiləri və vətəndaşları azad etməyə çağırıblar. Bu kontekstdə çeçen “Memorial”ının rəhbəri Oyub Titiyevin adı xüsusi qeyd olunub.

Avropa Parlamenti Çeçenistanda cinsi azlığın nümayəndələri olan kişilərin əsassız həbsindən və işgəncəyə məruz qalmasından, Çeçenistan rəhbərliyinin homoseksualların varlığını inkar etməsindən narahatlıq keçirdiyini də bəyan edib.

Sənəd müəllifləri Rusiyada vətəndaş cəmiyyətinə dəstəyin (hüquq müdafiəçilərinə uzunmüddətli vizaların verilməsi, jurnalistlər üçün təlimlərin maliyyələşdirilməsi və s.) vacibliyini qeyd ediblər. Qətnamənin qəbulundan əvvəl deputatlar arasında debat olub.

“Təəssüf ki, indi Rusiya ilə yeni və böyük təşəbbüslərlə bağlı əməkdaşlığın zamanı deyil”, – deyə hesabat müəllifi Sandra Kalniete bildirib. Bununla belə, deputat hesab edir ki, iqlim dəyişikliyi, enerji təhlükəsizliyi, kütləvi qırğın silahlarının yayılmaması, terrorizmlə mübarizə kimi məsələlərlə bağlı Rusiya ilə işləmək lazımdır.

Avropa Xalq Partiyasından olan deputat Kristian Dan Predu çıxışı zamanı Moskvanın bu ilin mayında Avropa Parlamentinə keçiriləcək seçkilərə mümkün müdaxiləsi ilə maraqlanıb. O, Avropa Komissiyasının təmsilçilərindən Kremlin Avropa İttifaqındakı hansı partiyalarla iş apardığını və kimlərə pul ayırdığını soruşub. Təhsil və mədəniyyət məsələləri üzrə avrokomissar Tibor Navraçiç bu suala cavab verməyib.

Avropa Parlamentindəki sosial-demokratlar fraksiyası da hesab edir ki, Avropa İttifaqı ilə Rusiya arasında münasibətlərin pis olmasının səbəbi Moskvanın addımlarıdır.

Fraksiyaya daxil olan deputatlardan Liza Yaakonsaari əlavə edib ki, bu gərgin zamanda eskalasiya riskini azaltmaq üçün mümkün olan hər şeyi etmək lazımdır: “Təəssüf ki, məlum hesabat bu hədəfə uyğun deyil”.

Deputat hər iki tərəfi Avropa İttifaqı-Rusiya Parlamentlərarası Əməkdaşlıq Komitəsində təmsil olunan deputatların səfərlərinə yaradılan məhdudiyyətləri aradan qaldırmağa çağırıb.

“Yaşıllar” fraksiyasının təmsilçisi Rebeka Harms da Rusiya ilə dialoqdan danışıb: “Biz həqiqətən də Rusiya vətəndaşları ilə yaxşı münasibətlərin tərəfdarıyıq. Lakin bunun üçün şərtlərə əməl edilməlidir”.

Avropa mühafizəkarlar və islahatçılar fraksiyasından olan deputat Anna Fotıqa Avropa İttifaqı ilə Rusiya arasında əməkdaşlıq üçün imkanların qalmadığını deyib: “Rusiya məcbur qalanda vədlər verir. Amma elə ki güc toplayır, vədini yerinə yetirmir. Bunu son onilliklərdə dəfələrlə nümayiş etdirib”.

Qətnamədə “Şimal axını-2” qaz boru kəməri layihəsinə də toxunulub. Bildirilib ki, layihə Avropa İttifaqının Rusiya qazından asılı vəziyyətə salır. Avropalı deputatlar əmindirlər ki, “Şimal axını-2” Avropa İttifaqının daxili bazarına da təhdiddir və Aİ-nin enerji siyasətinə və onun strateji maraqlarına cavab vermir. Bu səbəbdən də layihənin icrasına son verilməlidir.