vaxtlı-vaxtında oxuyun! Çərşənbə axşamı, 19 mart 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Səttar Xan (1866 - 1914)

«Yüksəlməyə hər millətin
Öz yolları vardır
Millətlər uçar,
yüksələr öz doğma dilyilə»

Səttar Xan (1866 - 1914)
CƏMİYYƏT  
09:34 | 2 aprel 2019 | Çərşənbə axşamı Məqaləyə 2749 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Gəl, gəl, ay yaz günləri!

Yaxud Tanrıların hicranından yaranan fəsil

Vüsal BAĞIRLI

MÖVZU İLƏ ƏLAQƏLİ

Gəl, gəl, ay yaz günləri! İlin əziz günləri! Dağda ərit qarları, Bağda ərit qarları. Çaylar daşıb sel olsun, Taxıllar tel-tel olsun. Ağaclar açsın çiçək, Yarpağı ləçək-ləçək. (Mirzə Ələkbər Sabir)

Rütubət qoxulu Bakı küləyi iri, soyuq damlalı yaz yağışından islanmış torpağın iştaha açan nəm iyini ətrafa yayır. Üz-gözümü turşudub küknar yarpaqlarının sarımtıl, küçələrin bozumtul tozunun gözümə, ağzıma dolmasını əngəlləməyə çalışıram.

Fəsli-bahar var gücüylə xirtdəyimdən yapışır və qəti olaraq axırıma çıxmaq istəyir. Mən isə inadla mübarizə aparır, birtərəfli, qeyri-bərabər mübarizədən sağ-salamat çıxmağa əbəs səy göstərirəm.

Yerin ürəyinə sancılmış xəncər sapına bənzəyən hündürmərtəbəli binanın mühafizəçisi mənə qəribə nəzərlərlə baxır:

- Noolub bratelnik, halun xərəbdür diyəsən, naxoşlamısan?

Danışa bilmirəm, gülümsünüb, başımla “yox” deyirəm.

Yunan mifologiyasına görə, öz qızı, gözəllər gözəli Persefonanı yeraltı səltənətin sahibi Aidə verən baş Tanrı Zevs bunu arvadı Demetradan xəbərsiz edir. Öz qızını dəlicəsinə sevən ana dərddən başını itirir. O, qara libasını geyib onu arayıb, axtarmağa yollanır. Fəqət, heç yerdən tapa bilmir. İlk əvvəl “google”, “yahoo”, “Yandex” ələk-vələk edilir. Sonra  İnterpola da sorğu göndərilir. Fəqət, nə duydum, nə gördüm, nə də eşitdim deyən tapıldı.

Yerdəki bütün canlıların üzüntülü, cansıxıcı günləri başlayır. Ağaclar öz yamyaşıl yarpaqlarımı tökür, güllər-çiçəklər solur, otlar saralır. Tarlalar, düzlər, bağ-bağçalar bardan-bəhərdən düşür. Həyat donur.

İşlərin pisləşdiyini görən Zevs Hermesi Aidin qapısına minnətçi salır. Xahiş edir ki, zalım hökmdar öz arvadını işıqlı dünyaya çıxmasına, hərdən anası ilə görüşməsinə icazə versin. Aidin tiran Zevsin əleyhinə getməyə cəsarəti catmır və onu müəyyən şərtlə buraxır.

Uzun ayrılıqdan sonra qızını görən Demetra həyəcandan ağlamağa başlayır. Ananın göz yaşları axaraq yeri isladır, hər tərəf canlanaraq yenidən yaşıl dona bürünür. Təbiət oyanmağa başlayır. Şərtə görə, Persefona ilin üçdə ikisini anasıyla keçirməli, qalan üçdə birini də ərinin yanına qayıtmalıydı. Beləliklə, Persefona hər dəfə ər evindən çıxıb anasının yanına qayıdarkən, özüylə baharı da gətirir və bu zaman hər tərəf yenidən canlanır, gözəlləşir.

Bəli, yazın gəlişini çoxumuz səbirsizliklə gözləyirik. Lakin mən bu fəsli bir az qıcıq və üzüntü hisləriylə qarşılamağa məcburam. Yazın gəlişindən xoşlanmayan Aid ən azından yalnız deyil, onunla bərabər mən də bu fəsli sevmirəm.

Yeraltı tanrıdan fərqli olaraq məndə bu proses daha çox fauna aləmində baş verən mürəkkəb oyanma, dirçəlmə prosesi ilə bağlıdır.

Tarixən, şairlər, yazıçılar, yaradıcı insanlar, adətən yazda cuşa gəlir, baharın gəlişi ilə bir yazıb-yaratmaq eşqi ilə alışıb yanırlar. İlin bu vaxtları hamıda ilham pərisi dingildəyir, vurub kəllə çarxa dırmanır, heç cür aşağı düşmək istəmir.

Məndə isə tam əksinədir. Sözün əsl və birbaşa mənasında böhran keçirirəm. Daxili aləmdə baş verən dəyişikliklər, ürək ritminin artması, aritmiya, qan dövranın sürətlənməsi, hisslərin, həyəcanların daha da itilənməsi, başqalarından fərqli olaraq, məndə həmişə bir diskomfort, tənhalıq hissi və melanxolik əhval-ruhiyyə yaradır.

Bahar haqqında xoşagəlməz duyğunu daha da gücləndirən, onu mənfi mənada daha da rəngarəng edən digər səbəb isə bu dövrlərdə orqanizmimdə yaranan güclü  polivalent allergik tutmaların baş verməsidir.

Hər bitən, böyüyən, boy atan çiçəyin, tumurcuğun, otun, bitkinin bihuş edən ətri, gülün, zoğun rayihəsi gözlərimi yaşardır. Burnum tez-tez gicişir, tutulur. Asqırır-öskürür, zökəm oluram. Küçədə, yolda-izdə respiratorla gəzməyə məcbur qalır, gözlərimə xüsusi eynək taxıram. İşdə, məclisdə, qonaqlıqda, ictimai yerlərdə məni qarabaqara izləyən diskomfort hissini unudub, fikrimi ancaq başqalarına narahatlıq yaratmamağa yönəldirəm. 

Psixoloqlar insan xarakterlərini ilin fəslinə, dövrünə uyğunluğuna görə qruplara ayırırlar.

Məsələn, qışın soyuq aylarını xoşlayan insanlarda guya individuallıq və liderlik hissi daha qabarıqdır. Onlar həddindən artıq ehtiyatlıdırlar, az danışırlar, emosiyalarını çox da nümayiş etdirmirlər.

Baharı sevənlər isə yumşaq xarakterli insanlar hesab olunur. Onlar maraqlı, əyləncəli, şən işlərdə, ideyalarda aktiv olmağı bacarırlar. Onlar həm də eqoist və tələbkardırlar.

Yayı sevənlərdə entuziazm, özünəinam hissləri güclü olur. Onlar hər bir işin orijinal, başqalarından fərqli həll variantını tapmağa çalışırlar.

Mənim kimi payızı xoşlayanlar isə, təkliyə, sakitliyə can atır, özünəqapanmağa meyl edirlər. Ünsiyyətə can atmır, yeni tanışlıqlardan kənar gəzir, adamayovuşmaz olurlar.

Sonda isə bir sualım oxucularadır: “Bəs siz necə, baharı xoşlayırsınızmı?”