vaxtlı-vaxtında oxuyun! Cümə, 20 sentyabr 2019
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.928 AZN
1 Rusiya rublu 1 RUB = 0.0258 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 2.2014 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.3228 AZN
Şeyx Məhəmməd Xiyabani (1880 - 1920)

«Vaxt bizi getməli olduğumuz yerə istiqamətləndirir»

Şeyx Məhəmməd Xiyabani (1880 - 1920)
GÜNDƏM  
11:21 | 6 iyun 2019 | Cümə axşamı Məqaləyə 395 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Paşinyan özünü necə ifşa etdi?..

Biz ondan nə gözləyirdik və bir il ərzində o, nə edə bilərdi?

Hüseynbala SƏLİMOV

MÖVZU İLƏ ƏLAQƏLİ

Yox, burada biz erməni baş nazirinin son “macəra”larının bütün detallarına varmaq niyyətində deyilik - bu haqda yetərincə yazılıb və Paşinyanın Nur-Sultana səfərinin bütün təfərrüatları hamıya bəllidir.

Xatırladaq ki, hörmətli Nursultan Abişeviçin N.Paşinyanın siyasi sələfinə - prezident Serj Sərkisyana da münasibəti elə də isti deyildi və bu da çox güman ki, MDB-nin, eləcə də Avrasiya İqtisadi Birliyinin ən azı iki dövlətinin - Qazaxıstanın və Belarusun Azərbaycana dost və müttəfiqlik münasibətinin bir təzahürüdür ki, buna görə biz, əlbəttə, Qazaxıstan liderinə minnətdarıq.

Yadımıza gəlir ki, Ermənistan Avrasiya Birliyinə daxil olan zaman Nazarbayev Sərkisyanı məcbur etdi ki, xüsusi bir qeydlə çıxış etsin ki, ölkəsinin bu qurumda təmsil olunması Dağlıq Qarabağa şamil olunmur.

Niyə görə ermənilərin artıq unutduğu bu detalı burada xatırladıq? Məsələ bundadır ki, onlar tez -tez belə bəyanatlarla çıxış edirlər ki, Dağlıq Qarabağın Ermənistana “birləşdirilməsinə” qərar verəcəklər və hətta bu günlərdə xaricdəki erməni kilsələrindən birinin təmsilçisi də Ermənistan hökumətini və parlamentini belə bir “qərar” qəbul etməyə və bununla da “miatsum” prosesini yekunlaşdırmağa çağırmışdı...

Elə Paşinyan özü də dəfələrlə buna işarə edib və bildirib ki, əgər Azərbaycanın tələbi ilə Dağlıq Qarabağ adından danışıqları o aparmağa məcburdursa, o halda daha yaxşı olar ki, İrəvan Dağlıq Qarabağın özünə birləşdirilməsi haqqında “qərar” qəbul etsin.

Prinsipcə, onlar bunu edə bilərlər, hətta uzaq səksəninci və doxsanıncı illərdə bunu ediblər də - o vaxt Ermənistanın Ali Soveti Dağlıq Qarabağın Ermənistana birləşdirilməsi haqqında onlarla akt qəbul etmiş və hətta xüsusi “qanun” qaralamışdılar ki, Dağlıq Qarabağı Azərbaycanın tərkibində nəzərdə tutan heç bir beynəlxalq müqaviləni və yaxud sənədi tanımayacaqlar!..

Amma bu yazı-pozuların taleyi necə oldu? Onlar nəyəsə gətirib çıxardımı? Kimsə onları ciddi qəbul etdimi? Əlbəttə ki, yox. İndi də bunlar Dağlıq Qarabağın Ermənistana birləşdirilməsi haqqında hansısa bir cəfəngiyat düzüb-qoşa bilərlər. Amma bunu, heç olmasa, həmin o MDB və ya AİB kimi təşkilatlar tanıyacaqmı? Bunu hətta Ermənistanın ən yaxın müttəfiqi - Rusiya tanıyacaqmı, hansının ki, lideri Nur-Sultan şəhərində keçirilən sammitdə erməni həmkarını hətta qısa ayaqüstü söhbətlə də bəxtəvər etmək istəmədi və nəticədə də N.Paşinyan tələm - tələsik Qazaxıstanı tərk etməli oldu?..

Yox, heç kim tanımayacaq belə cızma-qaraları , necə ki, indiyədək heç kim Abxaziyanı və Cənubi Osetiyanı, hətta Krımı nə Rusiyanın ərazisi, nə də müstəqil bir vahid kimi tanımayıbdır.

Hərdən bəzi politoloqlar və siyasi təhlilçilər gileylənir ki, beynəlxalq institutlar və dünyanın aparıcı dövlətləri bu konfliktlərə münasibətdə, hələ ki, bazis prinsipləri müəyyən etməyiblər. Amma əgər onlar indiyədək həmin ərazilərin Rusiyaya və yaxud da Dağlıq Qarabağın Ermənistana birləşdirilməsi haqqındakı sərsəm yazı-pozuları qəbul etməyiblərsə, elə bunun özü onların həmin münaqişələrə münasibətdəki mövqeyinin ən əyani göstəricisi deyilmi?..

Əlbəttə, hələ ki, nə Rusiyanı, nə də ki, Ermənistanı qeyd olunan ərazilərdən imtina etməyə məcbur edən addımlar atılmayıb, amma yenə deyirik ki, bu, dünya birliyinin həmin ərazilərin işğalı ilə barışması deyildir, yox, hər yeni akt, hər yeni təşəbbüs təkrar olaraq BMT-nin nizamnaməsində, BMT TŞ-nin qəbul etdiyi sənədlərdə, Helsinki Yekun Aktında ifadə olunmuş beynəlxalq hüquq prinsiplərinin bir təsdiqi kimi çıxış edir.

Qayıdaq cənab N.Paşinyana. Biz ondan nə gözləyirdik və bir il ərzində o, nə edə bilərdi?

Əlbəttə ki, barışığa istiqamətlənmiş xoş niyyət. Bunun üçün onun yetərincə imkanı oldu. Ötən ilin payızında Azərbaycan prezidenti əsir və girovların dəyişdirilməsi kimi humanist bir təkliflə çıxış etdi. Erməni baş naziri də xoş məram nümayiş etdirərək ona dəstək verə bilərdi, gəl, bunu etmədi...

Xarici İşlər nazirlərinin iki görüşündən sonra snayperlərin müharibəsinə son qoymaq istəyi dilə gətirildi, amma elə ötən həftə bizim bir hərbçimiz erməni snayperin gülləsi ilə qətlə yetirildi!..

Hətta erməni mənşəli ingilis futbolçusu Azərbaycana qarşı qara, çox çirkin bir təbliğat apararkən də Paşinyan xoş məram nümayiş etdirərək həmvətənlisini digər erməni idmançılarından nümunə götürməyə səsləyə bilərdi, - hansılar ki, dəfələrlə Azərbaycandakı yarışlarda iştirak etmişdilər və onlara kimsə barmağı ilə belə toxunmamışdı. Bəs Paşinyan necə hərəkət etdi? Futbolçu Henrix Mxitaryana zəng edib Azərbaycanı “irqçi siyasət” aparmaqda ittiham etdi və bu başabəla futbolçunun çirkin kampaniyasına dəstək verdi!..

Odur, şəxsən bizim daha illüziyamız yoxdur ki, Paşinyan nə vaxtsa praqmatik və konstruktiv siyasətə başlayacaq. Bu səbəbdən də əsassız ümidlərdən daha təsirli və effektiv üsullara keçmək lazımdı: təcavüzkarı sülhə məcbur etməliyik, əks təqdirdə o, heç vaxt kompromisə və yaxud da güzəştlərə boyun qoymayacaq...

 Hüseynbala SƏLİMOV


   

şərhləri göstər

DİQQƏT!

Əziz oxucular. Mövzudan kənar, müəllifin şəxsinə və təhqir sözlər olan şərhlər yolverilməzdir. Sadaladıqlarımızdan savayı bütün fikirləriniz bizim üçün dəyərlidir.

Hələlik rəy yoxdur.

Şərh əlavə etmək

* Daxil edilməsi vacibdir
(göstərilməyəcək)
 
Smile Sad Huh Laugh Mad Tongue Crying Grin Wink Scared Cool Sleep Blush Unsure Shocked
 
1000 ədəd
 
Yeni şərhlər barədə mənim email ünvanıma məlumat göndər.
 
Mənim blankımdakı məlumatları bu kompüterin yaddaşında saxla.
 
Mən şərtləri. oxuyub tanış olmuşam və qəbul edirəm *