vaxtlı-vaxtında oxuyun! Cümə axşamı, 25 aprel 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Səttar Xan (1866 - 1914)

«Yüksəlməyə hər millətin
Öz yolları vardır
Millətlər uçar,
yüksələr öz doğma dilyilə»

Səttar Xan (1866 - 1914)
GÜNDƏM  
13:02 | 22 iyun 2019 | Şənbə Məqaləyə 1664 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Rusiyalı deputatlar bizdə də “yuxarı başa” keçsə...

Ekspert: “Eyni vəziyyət Bakıda təkrarlana bilməz, çünki...”

Etibar SEYİDAĞA

İyunun 20-də Tiflisdə, Gürcüstan parlamentin binasında keçirilən Pravoslav Parlament Assambleyasının 26-cı sessiyasının plenar iclası zamanı Rusiyanı təmsil edən kommunist Sergey Qavrilov iclasa sədrlik edib və Gürcüstan parlamenti sədrinin kreslosunda oturub. Bu mənzərə gürcü cəmiyyətində böyük həqarət kimi qəbul olunub və ölkə çalxalanmağa başlayıb. Həmin an içəridə olmayan müxalifətçi millət vəkilləri (“Avropalı Gürcüstan” və Vahid Milli Hərəkat) vətəndaş cəmiyyətinin fəalları ilə birlikdə hay-küylə zala daxil olaraq iclası pozublar. Deputatlardan biri Rusiya nümayəndə heyətinin üstünə su atıb.

Müxalifətçilər kreslonu mühasirəyə alaraq Qavrilovun bir daha orada oturmasına imkan verməyəcəklərini bildiriblər. Kritik səhvə yol verdiklərini anlayan Bdzina İvanişvili dərhal sərt bəyanat yayıb və Gürcüstanın ərazisini işğal etmiş ölkənin nümayəndəsinin ölkədə hər hansı toplantıya sədrlik etməsinin yolverilməz olduğunu vurğulayıb. “Gürcü Arzusu”nun digər liderləri və prezident Salome Zurabişvili də sərt bəyanatlar veriblər. Toplantı bir daha bərpa olunmayıb və Rusiya nümayəndə heyəti mühafizə altında hava limanına aparılaraq Moskvaya göndərilib.

Politoloq Şahin Cəfərli bildirib ki, son vaxtlar özünün “yumşaq güc” vasitələri ilə, xüsusən də din kartını oynayaraq, Gürcüstanda xeyli fəallaşmış Rusiyanın bu ölkədə nüfuzu bir daha test edildi və gürcü toplumunda Moskvaya böyük qəzəbin, avroatlantik inteqrasiyaya isə dəstəyin davam etdiyi təsdiqləndi.

Bəs eyni vəziyyət Azərbaycanda yaşansa, azərbaycanlılar da Rusiyadan gəlmiş nümayəndə heyətinə gürcülərin göstərdiyi təpkini göstərərlərmi?

Şahin Cəfərli qeyd etdi ki, eyni vəziyyət bizdə təkrarlana bilməz, çünki ölkəmizə rəsmi dəvətlə gələn qonaqların təhlükəsizliyi yüksək səviyyədə təmin olunur: “Məsələn, Azərbaycan və azərbaycanlılar barədə xoş olmayan ifadələr işlətmiş Vladimir Jirinovski bura gəldi, sərbəst şəkildə şəhəri gəzib dolaşdı, heç bir insident baş vermədi. Yaxud açıq şəkildə ermənipərəst mövqe tutan bəzi rusiyalı media mənsublarının səfərləri olub, yenə heç nə baş verməyib. Milli Məclisin binasında Rusiya nümayəndə heyətlərinin iştirakı ilə dəfələrlə beynəlxalq tədbirlər keçirilib və hər hansı olay qeydə alınmayıb”.

Azərbaycanlıların bu dözümlülüyünün tolerantlıqdan, Rusiyaya sevgidən, yoxsa hökumətdən çəkinməsindən irəli gəldiyi məsələsi isə başqa yazının mövzusudur.