vaxtlı-vaxtında oxuyun! Çərşənbə axşamı, 19 mart 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Məhəmməd Əmin Rəsulzadə (1884 - 1955)

«İnsanlara hürriyət
Millətlərə istiqlal»

Məhəmməd Əmin Rəsulzadə (1884 - 1955)
MÜSAHİB  
20:41 | 1 aprel 2014 | Çərşənbə axşamı Məqaləyə 3179 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

«Bu təkcə İsa Qəmbərin iradəsindən asılı deyil»

Arif Hacılı: «Təbii ki, başqanlıq barədə düşünürəm...»

MÖVZU İLƏ ƏLAQƏLİ

Müsavat Partiyasının gündəmində hazırda bir neçə ciddi məsələ var. Partiyanın qurultay keçirmək üçün yer almaq uğrunda apardığı mübarizə, növbəti başqan seçkiləri, müsavatçı gənclər arasında hələ də tam həll olunmayan ixtilaflar, Ukrayna və Krım hadisələri...

Bir sözlə, Müsavat Partiyası Mərkəzi İcra Aparatının rəhbəri Arif Hacılıya veriləsi suallar az deyildi. O, bu sualları virtualaz.org saytına müsahibəsində cavablandırıb.

Arif Hacılının həmin müsahibəsini təqdim edirik:

 

- Arif bəy, öncə bir müşahidəmizi nəzərinizə çatdırım. Milli Şuradan ayrılandan sonra Müsavat Partiyasının fəaliyyətində sanki bir sönüklük var...

- Əksinə. Milli Şuradan ayrılandan sonra Müsavat Partiyası öz strukturlarının möhkəmlənməsinə, təşkilatlanmaya diqqəti artırıb. Bu müddət ərzində partiyanın ölkənin demək olar ki, bütün regionlarında yerli strukturlarının üzvləri ilə görüşlər keçirmişik. Cari məsələlərlə bağlı işləri həyata keçirmişik. Məhəmməd Əmin Rəsulzadənin 130 illiyi, 20 yanvar və 31 mart soyqırımı ilə bağlı tədbirlər həyata keçirilib. Bundan əlavə, Ukraynada, Krımda baş verən hadisələrlə bağlı Müsavatın mövqeyi və konkret siyasi aksiyaları olub. Rusiya səfirliyinin qarşısında bu məqsədlə piket keçirilib. Yəni Müsavat öz fəaliyyətini adi ritmdə davam etdirməkdədir.

 

- Bəs qurultayın keçirilməsi ilə bağlı hansı işlər görülür? Bakı Şəhər İcra Hakimiyyətinə qurultayın keçirilməsi üçün müraciət etmisiniz. Hələ ki, nəticə yoxdur deyəsən...

- Bakı Şəhər İcra Hakimiyyəti nəinki qurultayın keçirilməsi üçün yer, hətta bizim müraciətimizə cavab da vermir. Bundan əvvəl bizim məktubumuz verilən gündən 10 gün sonra təqdim olunduğunu iddia etdilər. Onların məktubumuzu almaları haqda bizə verdikləri cavabı mətbuatda çap etdirdik. Bundan sonra yenə bir ay keçdi və bizə cavab verilmədi. Ona görə də Bakı Şəhər İcra Hakimiyyətnin qanunu pozması ilə əlaqədar məhkəməyə müraciət etmişik.

 

- Qurultay üçün partiyanın özünün yer təşkil etməsi planlaşdırılırmı? Belə iddialar da var ki, Müsavat Partiyası heç qurultay keçirmək istəmir...

- Qurultayla bağlı bütün təşkilati-texniki işlər görülüb başa çatdırılıb. Bizə yer verilsə, bir-iki həftə ərzində qurultayımızı keçirə bilərik. Lakin hakimiyyət dairələri Müsavata hələ ki, yer ayırmır. Guya Müsavat Partiyasının qurultay keçirmək istəməməsi ilə bağlı da yalan xəbərlər, şayiələr yayılır. Siyavuş Novruzov mətbuata açıqlamasında dedi ki, «məhkəmələrə-filana ehtiyac yoxdur, bunların hamısı şoudur, Müsavat Partiyasının qurultay keçirməsi üçün yer ayrılacaq». Biz də fikirləşdik ki, Siyavuş Novruzovun bu açıqlamasından sonra icra hakimiyyəti bizə yəqin dərhal yer verəcək. Amma hələ də nə cavab, nə də yer verilmir.

 

- Arif bəy, Müsavat Partiyası Gənclər Təşkilatına yeni sədr seçkilərindən sonra yaşanan gərginlik hələ də qalır. Bunu gənclərin sosial şəbəkələrdəki gərgin müzakirələrindən də görmək olar. İddialara görə, Rusiya səfirliyi qarşısındakı piketi Hacıbəyli qardaşları təşkil etdiyindən digərləri o tədbirə qatılmadı. Partiya rəhbərliyi gənclər arasındakı bu gərginliyin aradan qaldırılması üçün hansı addımları atıb?

- Müsavat Partiyası özünün bütün strukturlarında demokratik, azad və ədalətli seçki keçirən yeganə siyasi təşkilatdır. Nə iqtidar, nə də müxalifət düşərgəsində elə bir təşkilat yoxdur ki, onun strukturlarında gizli səsvermə yolu ilə, alternativlər müəyyənləşdirməklə, şəffaf kampaniya aparmaqla seçkilər keçirilsin. Azərbaycan cəmiyyətində də azad və ədalətli seçkilərin keçirilmədiyini nəzərə alsaq, bu baxımdan demokratik seçkilərin keçirilməsi təcrübəsi yalnız Müsavat Partiyasına məxsusdur. Bizdə bütün vəzifələr öz sahiblərini gizli səsvermə yolu ilə tapır. Təbii ki, keçirilən seçkilərin də müəyyən çətinlikləri var. Müəyyən fəsadlar ortaya çıxır. Amma biz bunların qarşısını kifayət qədər almışıq. Seçki zamanı hansısa qüsurlar, pozuntular olursa, səsvermə yenidən keçirilir. Bu səbəbdən Gənclər Təşkilatında da seçkilər yenidən demokratik yolla keçirildi. Demokratik prinsiplərə tam əməl edilirsə, orada normal olaraq müəyyən rəqabət prinsipləri, fikir ayrılıqları olur. Belə olan halda da müəyyən ziddiyyətlər meydana çıxır. Buna da normal yanaşmaq lazımdır. Hesab edirəm ki, gənclər arasındakı rəqabət də fikir mübadiləsi kontekstində baş verir və bunlar da Müsavat Partiyasının nizamnaməsinə uyğun olaraq yoluna qoyulacaq.

 

- Müsavatın yeni başqanının kim olacağı da maraqla gözlənilən məsələlərdən biridir. Başqanlığa iddialılar arasında Qubad İbadoğlunun, Səxavət Soltanın, Tural Abbaslının və sizin adınız daha çox hallanır. Ancaq siz başqan olmaq istəyinizi hələ də açıq şəkildə ortaya qoymamısınız. Başqanlığa doğrudan da iddianız varmı?

- Mən indiyədək başqanlığa namizədliyimi irəli sürməmişəm. Qurultayın vaxtı bəlli olandan və seçkilərin vaxtı elan ediləndən sonra bu məsələyə öz münasibətimi bildirəcəm. Təbii ki, başqanlıq barədə düşünürəm. Müsavat Partiyasının taleyi mənim üçün çox vacib məsələdir. Həyatımın kamil və enerjili hissəsini Müsavata həsr etmişəm. Bununla bağlı «Müsavat Partiyası mənim həyatımın layihəsidir» yazısını da yazmışdım. Mənim Müsavatdan başqa haradasa fəaliyyətim yoxdur. 20 ildən artıqdır ki, məhz bu partiyada peşəkar siyasətlə məşğulam. Başda İsa Qəmbər olmaqla digər dostlarımla birlikdə üzərimdə bu partiyanın gələcək fəaliyyəti üçün çox ciddi məsuliyyət var. Mən bu məsuliyyəti dərk edirəm. Və bu məsuliyyətdən çıxış edərək həm cəmiyyətin, həm də demokratik düşərgənin, o cümlədən Müsavat Partiyasının mənafelərinə uyğun qərar qəbul edəcəyəm.

 

- Yəni sizi başqanlığa namizəd kimi görəcəyik...

- Cəmiyyətin, demokratik düşərgənin və Müsavat Partiyasının mənafeləri mənim Müsavat başqanı olmağımı tələb edərsə, namizədliyimi irəli sürəcəyəm.

 

- Bəzi müsavatçılar başqanlığa namizəd gördükləri şəxslərin təbliğatını sosial şəbəkələrdə aparmağa başlayıblar...

- Hər kəsin bir taktikası var. Mən hesab edirəm ki, zamanından əvvəl seçki kampaniyasına başlamaq taktikası yanlışdır. Mən özüm uzun illərdir seçki prosesində iştirak edirəm. 26 yaşımdan respublika miqyasında həm namizəd kimi, həm namizədlərin vəkilləri kimi, həm də seçki kampaniyalarına rəhbərlik edən bir şəxs kimi seçkilərdə iştirak etmişəm. Mənim özümün seçki kampaniyasına başlamağımı düşünmək yanlışdır. Belə kampaniyaya başlasam, cəmiyyət bunu biləcək.

 

- Siz başqan seçilsəniz, AXCP və Milli Şura ilə hazırda gərgin, yaxud soyuq olan münasibətlərə yenidən baxa bilərsinizmi?

- Müsavat demokratik qaydalarla idarə olunan oturuşmuş bir partiyadır. Partiyanın qəbul etdiyi qərarlar bir nəfərin iradəsindən asılı deyil. Hətta təkcə İsa Qəmbər kimi nüfuzlu bir siyasi xadimin də iradəsindən asılı deyil. Bizdə bütün qərarlar kollegial olaraq müzakirə və qəbul edilir. Müsavat Partiyasının bu günədək istər daxili siyasi fəaliyyətində, istər xarici siyasətində, istərsə də ictimai-siyasi təşkilatlarla əlaqələrində bütün məsələlər partiyanın bütün strukturlarında müzakirə edilərək əldə olunan qərarlar əsasında qəbul olunub və bundan sonra da belə olacaq. Düşünmürəm ki, başqan olarsam, Müsavat Partiyasının qərarlarına təsir imkanım indiki ilə müqayisədə həlledici dərəcədə artacaq. Mənim indi də Müsavat Partiyasının qəbul etdiyi qərarlara kifayət qədər təsir etmək imkanlarım var. Onu da deyim ki, İsa Qəmbər Müsavat Partiyasının başqanı olmadığı dövrlərdə də partiyanın qərarlarına təsir etmək imkanlarını saxlayacaq. İsa Qəmbərin partiya məsuliyyəti azaldığı üçün bəlkə də qərarlara təsir imkanı artacaq. İstər mənim, istərsə də başqa bir nəfərin başqan seçilməsindən sonra Müsavat Partiyasının qərarlarında sərt dönüşün olmasını gözləmək düzgün deyil. Bir daha qeyd edirəm ki, Müsavat bir nəfərin iradəsi ilə idarə olunan partiya deyil və bundan sonra da belə olacaq. O ki qaldı siyasi qüvvələrlə münasibətlər məsələsinə, nə İsa Qəmbər, nə mən, nə də başqa bir müsavatçı AXCP və müxalifətdə olan digər təşkilatlarla düşmənçilik münasibətində olmağın tərəfdarı deyilik. Əksinə, biz AXCP-yə müttəfiqlik münasibətlərinin qurulması ilə bağlı müraciət etmişik. Onlara bildirmişik ki, biz partiyamızın proqramına, nizamnaməsinə uyğun olaraq AXCP ilə müttəfiqlik münasibətlərinin qurulmasına və bu barədə sazişin imzalanmasına hazırıq. Lakin AXCP bu təklifimizi qəbul etməyib. AXCP ilə Müsavat arasındakı problem Müsavatın günahından yaranmayıb. Əgər AXCP bundan sonra bərabərhüquqlu müttəfiqliyin qurulması təşəbbüslərimizə müsbət cavab verərsə, biz bundan sonra ölkəmizdə demokratik cəmiyyətin qurulması uğrunda mübarizədə AXCP ilə müttəfiqlik etməyə hazırıq.

 

- Yəqin ki, Milli Şuranın fəaliyyətini izləyirsiniz. Müşahidələriniz necədir?

- Bizim gözləntilərimizə uyğun olmayan hər hansı bir siyasət aparılmayıb. Təxminən belə gözləyirdik. Belə də oldu.

 

- Ukraynada son günlər baş verənlərə baxışlarınızı bilmək istəyərdik. Azərbaycan hökuməti də Ukraynanın ərazi bütövlüyünü tanıdı. Rəsmi Bakının bu mövqeyini necə qiymətləndirirsiniz?

- Ukrayna məsələsi yalnız Ukrayna məsələsi deyil, həm də Azərbaycan məsələsidir. Çünki hazırda avtoritar Rusiya ilə demokratik dünya arasında gedən müharibənin ön cəbhəsi Ukraynadan, Krımdan keçir. Bundan sonra Avrasiyada, postsovet məkanında, xüsusilə Azərbaycanda gedəcək proseslər Ukraynada baş verənlərin nəticəsindən asılı olacaq. Biz Ukrayna məsələsinə buna görə xüsusi diqqət yetiririk. Ukraynada demokratik qüvvələrin qalib gəlməsinin tərəfdarıyıq. Eyni zamanda həm milli-etnik, həm ümumdünya görüşü, həm də siyasi baxımdan bizə yaxın olan Krım tatar xalqının mübarizəsinə dəstək veririk. Hesab edirəm ki, digər siyasi təşkilatlar da buna diqqət ayırmalıdır. İlk növbədə Azərbaycan hakimiyyəti bu məsələdə izləyici mövqedə durmamalıdır. Çox sevindirici haldır ki, Azərbaycan Ukraynanın ərazi bütövlüyünü tanıyan ölkələr sırasında oldu. Amma bununla kifayətlənmək olmaz. Bundan uzun illər əvvəl Zbiqnev Bjezinski özünün «Böyük şahmat taxtası» kitabında yazmışdı ki, Avroasiya məkanına təsir imkanları uğrunda mübarizə XXI əsrdə həlledici xarakter alacaq və hansı güc mərkəzi Azərbaycanda və Ukraynada təsir imkanlarına malik olacaqsa, o da dünyanın sahibi olacaq. Hazırda həmin dövr gəlib çatıb. Avtoritar dünya ilə demokratik birlik arasında mübarizənin mərkəzi Ukraynadır, sonra da Azərbaycan olacaq. Ona görə də biz Ukraynada demokratik qüvvələrin qalib olmasının tərəfdarıyıq.

 

- Ukraynaya səfəriniz planlaşdırılırmı?

- Bu məsələni diqqətdə saxlayırıq. Bu məqsədlə Ukraynaya, Türkiyəyə, Amerikaya səfərlərimiz ola bilər. Müsavat Partiyası olaraq öz imkanlarımız, resurslarımız daxilində Ukraynaya dəstək verməyə davam edəcəyik.