vaxtlı-vaxtında oxuyun! Cümə axşamı, 28 mart 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Səttar Xan (1866 - 1914)

«Türk milləti böyük bir daşa bənzər, çox gec qızar və gec də soyuyar»

Səttar Xan (1866 - 1914)
MƏMLƏKƏT  
09:57 | 18 aprel 2014 | Cümə Məqaləyə 2714 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

İcra başçısının qardaşına şok ittihamlar

Lerik sakini deyir ki, «Cavanşir» MMC 7 ildə 4 milyon yeyintiyə yol verib

E.SALAMOĞLU

MÖVZU İLƏ ƏLAQƏLİ

Lerik rayon sakini Aydın Məmmədov redaksiyamıza müraciət edib. A.Məmmədov «Yeni Müsavat»ın redaksiyasına gələrək rayondakı problemlərdən danışıb. Onun sözlərinə görə, Lerik rayonu günbəgün acınacaqlı vəziyyətə düşür. Amma bu vəziyyət rəhbərliyi qətiyyən narahat etmir.

A.Məmmədov deyir ki, Lerikdə adi içməli su tapmaq olmur. Camaat içməli su problemindən əziyyət çəkir. Həmçinin rayonun yolları, küçələri bərbad, çala-çuxur vəziyyətdədir. İnsanlar palçıq əlindən hərəkətə edə bilmir, dizə qədər çıxan palçıq məktəblilərin dərsə getməsinə imkan vermir. Rayon sakini bildirir ki, həmin yolların təmirinə bir neçə dəfə vəsait ayrılıb və pullar silinib:

«Kəlvəz-Lerik yolunu «Cavanşir» MMC firması inşa edib. Amma yollar çox darısqaldır, standarta uyğun deyil. Rayonun mədəniyyət şöbəsində, təhsil şöbəsində, səhiyyə sahəsində və bir sıra abadlıq işlərində bu müəssisə icraçılıq edib. Son 7 il ərzində «Cavanşir» MMC külli miqdarda pul mənimsəyib. Bu müəssisə icra başçısı Rövşən Bağırovun qardaşı Cavanşir Bağırova məxsusdur. Başçının qardaşı bütün sahələri ələ alıb, abadlıq-quruculuq adı altında milyonlar silir. Bizim bu şikayətlərimizə isə baxan yoxdur».

Şikayətçi söyləyir ki, rayonda küçələrin işıqlandırılması yox dərəcəsindədir, elektrik təchizatı bərbad haldadır: «Külək olan kimi elektrik enerjisi kəsilir. Efirdə tez-tez Lerikdə işıqların sönməsi haqda xəbərlərin getməsi də bununla bağlıdır».

A.Məmmədovun sözlərinə görə, icra başçısı R.Bağırov bu problemlərə biganə yanaşır: «Dövlət Neft Şirkətinin adı ilə dəmir boruları Lerikə gətirməklə guya işıq xətlərini bərpa edir. Amma bu, belə deyil. Həmin borular başqa istiqamətlərə göndərilir. «Cavanşir» MMC 7 ildə 4 milyon manatdan çox vəsait mənimsəyib. Bununla bağlı prezidentə müraciət ünvanlanıb. Ancaq nəticəsi yoxdur. Cavanşir Bağırov icra başçısının qardaşıdır deyə asanlıqla pulları mənimsəyir».

Lerik sakini deyir ki, «Cavanşir» MMC-nin 4 milyonluq yeyintiyə yol verməsi ilə əlaqədar Baş Prokurorluq yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsinə müraciət edib: «Müraciətdə bu faktın araşdırılmasını xahiş etmişdim. Ancaq idarədən Lerik Rayon İcra Hakimiyyətinə məktub göndərilir ki, bu iş araşdırılsın. Rayon icra hakimiyyəti də cavab yazır ki, MMC-nin fəaliyyətində heç bir qanunsuzluq aşkar olunmayıb. Məlum məsələdir ki, icra başçısı qardaşının işində qanunsuzluq tapmayacaq. Korrupsiyaya qarşı Mübarizə İdarəsi əməkdaşlarını göndərib, müstəqil araşdırma aparmalıdır. Əgər bağça müdirini tuturlarsa, niyə başçının qardaşına «gözün üstə qaşın var» deyən yoxdur?

Niyə bu cinayət araşdırılmır?»

Yazıda ittiham olunan tərəfin də mövqeyini dərc etməyə hazırıq.