vaxtlı-vaxtında oxuyun! Cümə axşamı, 25 aprel 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Barış Manço (1943 - 1999)

«Keçmişini tanımayan bugününü anlaya, sabahını isə qura bilməz»

Barış Manço (1943 - 1999)
GÜNDƏM  
18:38 | 21 may 2014 | Çərşənbə Məqaləyə 1919 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Səhər ulduzunun qürubu

... Və ya ölkəsi vərəzan gündə olan ABŞ səfiri başqasına ağıl öyrədir

Fatimə KƏRİMLİ

MÖVZU İLƏ ƏLAQƏLİ

«Riçard Morninqstarın fikirləri qeyri-obyektiv və qərəzli olduğu qədər, həm də təhlükəlidir». Bu fikirləri AzVision.az-a açıqlamasında politoloq Elman Nəsirov ABŞ-ın Azərbaycandakı səfiri Riçard Morninqstarın «Azadlıq» radiosuna verdiyi müsahibəsində səsləndirdiyi fikirləri şərh edərkən deyib.

Ekspert vurğulayıb ki, bu reallıq ilk növbədə ABŞ-ın region maraqlarını ciddi sual altına qoymuş olar: «Səfirin müsahibəsində Ukrayna hadisələrinin Azərbaycana transformasiyasından tutmuş, ölkəmizdə insan hüquqları sahəsində ciddi problemlərin olmasınadək, Azərbaycan-Rusiya, Azərbaycan-İran münasibətlərinə fərqli çalarlar verməkdən başlayıb ta Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişənin həlli yolları ilə bağlı rəsmi Vaşinqtonun mövqeyinədək məsələlər ətrafında reallığın təhrif olunduğu yanaşmalar əks olunub».

Politoloq bildirib ki, bu müsahibədə Azərbaycanda insan hüquqlarının vəziyyəti ilə bağlı səfirin narahatlığının ifadə olunduğu mövqe əslində real vəziyyətə nəinki adekvat deyil, əksinə birbaşa Azərbaycanın daxili işlərinə qarışmaq deməkdir:

«Bu, səfirin təmsilçisi olduğu dövlətin dünyada insan hüquq və azadlıqlarının müdafiəsi sahəsində nümunəvi davranış tərzi nümayiş etdirməsi halında mümkün idi. Reallıq isə başqa həqiqəti ortaya qoyur. Bu yerdə Napoleonun «kimin nədə problemi varsa, o haqda daha çox öyüd-nəsihət verir» kəlamını xatırlamaq yerinə düşür».

E.Nəsirov Morninqstarın müsahibəsi ilə bağlı tənqidi fikirlərini belə əsaslandırıb: «Əvvəla, ABŞ-da «Ku-kluks-klan»dan tutmuş «Quantanama»ya qədər təkcə insan haqlarının pozulması deyil, hədəfində həm də insanın tam hüquqsuz vəziyyətə salınaraq cismani məhvinə ünvanlanmış siyasət artıq «top secret» qrifi altından «azadlığa» çıxıb. Bu məlumatlar artıq hər kəsə bəllidir.

İkincisi, ABŞ insan alverinə, fahişəliyə məcbur etməyə, irqi diskriminasiyaya və insanların oğurlamasına qadağa qoyan beynəlxalq konvensiyaları hələ də ratifikasiya etməyib. ABŞ insan hüquqlarının müdafiəsi ilə bağlı 9 əsas beynəlxalq sənəddən yalnız 3-i ilə bağlı üzərinə öhdəlik götürdüyünü bəyan edib.

Üçüncüsü, ABŞ-da ksenofobiya və irqçilik qorxulu səviyyədə inkişaf tempinə malikdir. Sosioloqlar hesab edirlər ki, ABŞ əhalisinin 15-20 faizini ksenofob adlandırmaq olar. Təxminən o qədər də amerikalının düşüncəsinə görə İslam dininin daşıyıcıların bu və ya digər formada hökumətdə təmsilçiliyinə imkan vermək olmaz.

Dördüncüsü, ABŞ-da uşaq hüquqlarının qorunması ilə bağlı vəziyyət narahatlıq doğurmaya bilməz. Ölkənin 15 ştatında qanunvericilik qaydasında uşaqlara bədən cəzası verilməsinə icazə verilir. Onlara cəza verilərkən yeməkdən məhrumetmə, naşatır spirtinin tətbiqi və s. kimi qeyri-insani təzyiq vasitələrindən istifadə olunur.

Beşincisi, ABŞ-da söz azadlığının qorunması sahəsində ciddi problemlər mövcuddur. 2012-ci ilin yanvar ayında «Sərhədsiz reportyorlar» təşkilatı bu sahədə ABŞ-ın reytinqini 27 bənd üzrə aşağı salıblar. 2013-cü ildə mətbuat azadlığının qlobal indeksində ABŞ 47-ci mövqedə dayanıb. «Uol-striti zəbt et» hərəkatının aksiyalarını işıqlandıran jurnalistlərə qarşı polisin assimmetrik davranışına cavab olaraq ABŞ-ın bu sahədə beynəlxalq reytinqi aşağı salınıb. Həmin dövrdə 80-dən artıq jurnalist polisin qəddar davranışının hədəfində olduğu elə ABŞ-ın öz KİV-nin yaydığı məlumatlardan bəllidir.

Altıncısı, Çin Xalq Respublikasını 2013-cü ildə ABŞ-da insan hüquqlarının vəziyyəti ilə bağlı 2014-cü ildə yaydığı hesabatda qeyd olunur ki, ölkədə bu sferada vəziyyət getdikcə pisləşməkdədir. Hesabatda vurğulanır ki, ABŞ bu günə qədər uşaq, ana və əlillərin hüquqlarının müdafiəsi ilə bağlı beynəlxalq konvensiyalara qoşulmayıb. Hesabatda göstərilir ki, ABŞ xüsusi xidmət orqanların uzun müddət ərzində PRİSM xəfiyyə proqramından istifadə etməsi beynəlxalq hüquq və insan hüquqlarının kobud şəkildə pozulmasıdır. Burada xüsusi olaraq vurğulanır ki, ABŞ-ın dünyanın müxtəlif ölkələrində pilotsuz uçuş aparatlarından istifadəsi dinc əhali arasında çoxsaylı itkilərlə müşayiət olunub. O cümlədən 2004-cü ildən Pakistanda ABŞ pilotsuz təyyarələri 376 uçuş həyata keçirib və nəticədə 926 nəfər dinc insan həlak olub».

Politoloq ABŞ-dakı seçki prosesini də əsas göstərib. O vurğulayıb ki, ABŞ-da seçki prosesində beynəlxalq müşahidəçilərin iştirakı formal xarakter daşıyır və çoxsaylı məhdudiyyətlərlə müşahidə olunur: «Yalnız Missuri, Nyu-Meksika və Cənubi Dakota ştatlarında, o cümlədən Kolumbiya federal dairəsində beynəlxalq müşahidəçilərin seçki prosesini izləmələrinə icazə verən qanunlar qəbul edilib. Beynəlxalq müşahidəçilər öz fəaliyyətlərində beynəlxalq hüququn ümumi qəbul edilmiş prinsiplərini deyil, məhz ABŞ-ın hüquqi aktlarını əsas götürməyə məcburdurlar».

E.Nəsirov ABŞ-ın demokratiya tarixini əsas gətirərək bunun üçün vaxt lazım olduğunu deyib:

«Nəhayət sonda cənab səfir Riçard Morninqstara onu xatırladaq ki, ABŞ-ın 237 illik demokratiya tarixi və ənənələrinə malik olması haqqında iddiaları da görünür əsl reallığa tərs mütənasibdir. Öz gözündə «tiri» görməyən ABŞ başqalarının gözündə «qıl» axtarır və qısa zaman ərzində «demokratiyanın triumfunu» tələb edir. Davranış və fəaliyyətində amiranəliyə və «əzələ nümayişinə» üstünlük verən və elə bu səbəbdən də haqlı olaraq dünya ictimaiyyətində getdikcə daha çox mənfi assosiasiya ilə qəbul edilən ABŞ unutmamalıdır ki, təkcə konstitusiyanı qəbul etmək üçün ona 11 il (1787-ci il), ölkəni köləlikdən azad etmək üçün 89 il (1865-ci il, konstitusiyaya 13-cü düzəliş), qadınlara səs hüququ vermək üçün 144 il (1920-ci il, konstitusiyaya 19-cu düzəliş) və bütün vətəndaşları qanun qarşısında bərabər etmək üçün düz 188 illik (1964-cü il, konstitusiyaya 24-cü düzəliş) zaman kəsiyi lazım olub. Təəssüf ki, demokratik dövlət quruculuğu yolunda atdığı bütün bu gecikmiş addımlar belə ABŞ-ı demokratiyanın örnəyi ola biləcək bir dövlətə çevirə bilməyib».