vaxtlı-vaxtında oxuyun! Çərşənbə axşamı, 16 aprel 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Səttar Xan (1866 - 1914)

«Türk milləti böyük bir daşa bənzər, çox gec qızar və gec də soyuyar»

Səttar Xan (1866 - 1914)
PROBLEM  
21:46 | 5 iyun 2013 | Çərşənbə Məqaləyə 2987 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Sərfəlimi, təhlükəlimi?

Qənaətcil neon lampalarının insan orqanizmi üçün ziyanları üzə çıxıb

kaspi.az

MÖVZU İLƏ ƏLAQƏLİ

Ötən ilin sentyabrından etibarən Avropa Birliyinə daxil olan ölkələrdə közərmə -“İliç” lampalarının istehsalı və idxalı dayandırılıb. Neon lampaların işığa 85 faiz qənaət etdiyini düşünən Avropa Birliyi (AB) ölkələrinin yetkililəri bu lampaların ömrünün klassik lampalara nisbətdə 35 dəfə çox olduğunu bildirirlər.

AB ölkələrində bütün dünya sözügedən işıqlandırma sisteminə keçəcəyi təqdirdə, istifadə edilən enerjinin 40 faiz azala biləcəyi düşünülür. Artıq Azərbaycanda da əhalinin böyük bir hissəsi ekonom adlandırdıqları neon lampalara üstünlük verirlər. Amma bir çox həkimlər, alimlər neon lampalarının insan orqanizminə xeyli zərər vurduğunu bildirirlər.

Neon lampaları dəri xəstəlikləri yaradır

Türkiyənin Diclə Universitetinin tibb fakültəsinin professoru Süleyman Daşdağın sözlərinə görə, ekonom lampalarla 1 metrdən daha yaxın məsafədə kontaktda olduqda bunun sağlamlıq üçün ciddi zərərləri var. S.Daşdağ elektromaqnit dalğaların yalnız mobil telefonlarda deyil, bu cür lampalarda da olduğunu deyir.
Fransız araşdırma mərkəzləri CRRIREM və VİTO tərəfindən aparılan araşdırmalar nəticəsində də bəlli olub ki, neon lampalara 1 metrdən daha yaxın məsafədə dayanmaq olmaz. Əks təqdirdə dəriniz və gözləriniz zərər görə bilər.
İngiltərənin “The Independent” qəzetinin yazdığına görə, alimlərin apardığı araşdırmalar nəticəsində bəlli olub ki, sözügedən lampaların elektromaqnit dalğalarına məruz qalan insanların ekzema, dəri vərəmi və buna bənzər digər dəri xəstəliklərinə yaxalanma ehtimalı böyükdür. Araşdırmalar cildə çox yaxın məsafədə yerləşdirilən neon lampanın yayın ən isti saatında günəşin verdiyi zərər qədər təsirli olduğunu göstərib.

Əsəblərə təsir edən işıqlandırma

Nevropatoloq Fəxrəddin Əliyev bizimlə söhbətində bildirdi ki, belə lampalar nə qədər uzaqda olarsa, zərəri də bir o qədər az olar: “Əgər neon lampaya yaxın bir məsafədə qalmaq məcburiyyətindəsinizsə, bunun 1 saatı aşmamasına çalışmaq lazımdır. Ümumiyyətlə, uzaq məsafədə olsa belə, neon lampaların altında uzun müddət oturmaq məsləhət deyil. Çünki bu lampaların uzun müddət istifadə edildiyi yerlərdə şüalanma olur”.
F.Əliyev əsəbi zəif insanların da neon lampaların işığı altında olmasını məsləhət görmür. Bundan başqa, nevropatoloq bildirdi ki, xüsusilə uşaqların otağında neon lampalardan istifadə etməkdən qaçmaq lazımdır: “Çünki balacalar elektromaqnit dalğalarına daha çox məruz qalırlar. Düzdür, bu lampalar iqtisadi cəhətdən sərfəlidir, amma gələcək nəsillərin sağlam böyüməsinə təhlükədir”.

Baş ağrısından xərçəngə aparan yol

Türkiyənin Sakarya Universitetinin elektrik, elektronik mühəndisliyi bölümünün müəllimi, professor Osman Çərəzçinin Türkiyə mətbuatına verdiyi açıqlamaya görə, neon lampalar ətrafa mobil telefona yaxın miqdarda radiasiya yayır. Neon lampanın yaydığı radiasiya 20 sm-lik bir sahə daxilində 10-15 vahid təşkil edirsə, cib telefonlarında bu, 15-20 vahiddir.
Türkiyənin Boğaziçi Universitetinin apardığı araşdırma zamanı da neon lampalarının ziyanlı olduğu meydana çıxıb. Universitetin elektrik, elektronika mühəndisliyi bölümünün müəllimi, professor Səlim Şəkərin sözlərinə görə, elektromaqnit radiasiyası insanlarda göz yanmaları, baş ağrıları, əsəb xəstəliklərinə səbəb olur və bədənin müqavimət qabiliyyətini zəiflədir. Hətta eşitmə pozğunluğu, qan-beyin baryerinin zədələnməsi, ürək rahatsızlıqları, sperm sayında azalma, limfa xərçəngi, genetik quruluşun pozulması kimi təsirləri də var.
Alman alimi və işıq üzrə mütəxəssis Aleksandr Vunsç da Avropada közərmə lampalarının istehsalı və idxalına qadağadan gileylənərək bildirib ki, ekonomik lampalar baş ağrısından tutmuş xərçəngə qədər bir çox xəstəliyə yol açır. Bundan başqa, sözügedən işıqlandırma sistemi ürək xəstəlikləri, şəkərli diabet, sinir sistemi pozğunluğu, döş və prostat xərçənginə gətirib çıxarır: “Ekonom lampaların içərisindəki civə insan sağlamlığı üçün böyük təhlükələr törədir”.

Evdə neon lampası qırılıbsa, nə etməli?

Milli Ekoloji Proqnozlaşdırma Mərkəzinin rəhbəri Telman Zeynalov qəzetimizə açıqlamasında dedi ki, neon lampaların istifadəsi ətraf mühiti çirkləndirir: “Bu lampalar ətrafa civə buxarı yaymaqla havanı zəhərləyir. İnsan səhhətinə də, bioloji aləmə də olduqca ziyanlıdır. Bu lampaların istifadə edildiyi yerdə nəfəs almaq çətinləşir”.
T.Zeynalovun fikrincə, neon lampalarının atılması da ətraf mühit üçün təhlükə mənbəyidir: “Bu lampaların təkrar emal etmək üçün sexlər olmalıdır, yəni digər zibillərin tərkibində məhv edilməsi ətraf mühit üçün zərərlidir. Çünki bu lampaların tərkibində civə var. Lampa qırıldıqda, tərkibindəki buxar halında civə ətrafa yayılır”.
Mütəxəssislər məsləhət görürlər ki, neon lampaları evdə qırıldıqda, civənin orqanizmə daxil olmasının qarşısını almaq üçün həmin yer dərhal 15 dəqiqədən az olmamaq şərtilə havalandırılmalı, qırılan parçalar isə əl dəymədən toplanmalıdır.
Civə və lampanın tərkibində olan digər toksik maddələrin zərərlərinə gəlincə, mütəxəssislər hesab edirlər ki, bu maddələr beyin və sinir sisteminə mənfi təsir edir, həzm sisteminin fəaliyyətini pozur, immuniteti zəiflədir, orqanizmdə mineral çatışmazlığı yaradır, bədəndən zərərli maddələrin çıxmasının qarşısını alır, ferment istehsalını azaldır, nəhayət xərçəngə səbəb olur.
İspaniya araşdırmaçıları da bildirirlər ki, ekonom lampaların buraxdığı şüa gözdə korluq riski yaradır. Çünki sözügedən işıqlandırma sistemində əsmə baş verir və göz bəbəyinin hərəkətində əmələ gələn gərginlik ağrı verir.
Qeyd edək ki, klassik lampalar aldığı enerjinin 5 faizini işığa çevirirsə, ekonom lampalar 25 faizini işığa çevirir. Məhz buna görə də ekonom lampalardan istifadə zamanı az enerji sərf olunur.