vaxtlı-vaxtında oxuyun! Cümə, 29 mart 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Heydər Əliyev (1923 - 2003)

«Azadlıq və istiqlaliyyət hər bir xalqın milli sərvətidir»

Heydər Əliyev (1923 - 2003)
MÜSAHİB  
12:05 | 15 iyun 2014 | Bazar Məqaləyə 3832 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

«Başladılar yalvarmağa ki...»

Mühacirətdən dönən Murad Köhnəqala: «Mənə verilməli olan 5000 dolları ödəmədilər ki, biz onu kasıb ölkələrə veririk»

MÖVZU İLƏ ƏLAQƏLİ

«İstəyirdim sevdiyim xanımla İsveçdə yaşayım. İsveç də mənə sığınacaq verirdi. Ola bilərdi, uzun proseslərdən sonra mən o xanımı da yanıma gətirə bilərdim. Amma mən bunun üçün uzun zaman gözləməliydim. Mən də baxdım ki, ömür keçir, gün keçir. Gözləyə bilmədim. Zərər yoxdu, harda oluruqsa olaq, amma bir yerdə yaşayaq. Onunla daha gözəl olar mənə. Ona görə də geri qayıtdım». Bu sözləri Avropada mühacirətdə yaşamaqdan imtina edib vətənə qayıdan şair Murad Köhnəqala deyib. Murad bəy Bakıya gələr-gəlməz «APA Holding»ə qonaq gəldi, Lent.az-a özəl müsahibə verdi.

 

- Gözləyə bilməyəcəkdinizsə, niyə tək gedirdiniz?

- Plan beləydi. Biz birlikdə Latviyaya, ordan da gəmiylə İsveçə getməliydik. Amma son anda gedişimizə iki gün qalmış Latviya səfirliyindən cavab gəldi ki, Şəlalə xanım gedə bilməz. Sadəcə mənə icazə veriblər. Səbəbini demədilər. Onların belə bir hüquqları var ki, səbəbi açıqlamasınlar. Həmin gün dəhşətli bir stress keçirdik. Nə edək? Çox fikirləşdik. Qərara aldıq ki, mən gedim, sonra onu da yanıma gətirim. Mən istəyirdim ki, o xanımla Avropada yaşayım.

 

- Niyə məhz Avropa, İsveç?

- Birincisi, o xanımla mənim aramda otuz yaş fərqi var. Cəmiyyət arasına çıxanda baxışlar, yazılar, qeybətlər, arxamızda deyilən atmacalar bizə çox pis təsir edirdi. Biz də insanıq axı... Mən çox pis vəziyyətdəydim. Son anda ölümdən döndüm. Metrodakı baxışlar adamı bezdirirdi. Azərbaycan cəmiyyəti yumşalmalıdır bir az. Hamısının əlində qılınc var, dostumun da, düşmənimin də. Əgər mən Şəlalə xanıma küçədə bir sillə vursam, hamı sevinər. Amma qol-boyun gəzəndə acıqla baxırlar. Boşanmalıyam. Bir ev kirayələmək üçün gərək evlənək. Bizə kirayə ev vermirlər ki, evli deyilsiz. İntiharın kənarından qaçdım. O xanım da mənə deyirdi ki, gəl birlikdə intihar edək. Avropa bizim üçün son çarəydi.

 

- Hansı əsaslarla İsveç dövlətindən sığınacaq istədiniz?

- 2011-ci ildə «Yeni Müsavat» qəzetində bir yazı çıxmışdı: «18 jurnalistdən birini öldürəcəyik». Məlumatı hansısa gizli təşkilat yaymışdı. Həmin siyahıda on səkkiz jurnalistin adı vardı. Və siyahıdakı birinci adam Murad Köhnəqalaydı. Daha sonra Mirzə Sakit, Qənimət Zahidov, Fikrət Hüseynov, Hacı Zamin və digərlərinin adı vardı. Mən baxdım ki, siyahıdakı bir neçə insan artıq mühacirətdədir. Elə buna görə də birinci səbəb olaraq bu siyahını əsas gətirdim. İkinci səbəb tam gizlidi. Açıqlamaq istəmirəm. Sadəcə onu deyim ki, mən siyasi sığınacaq istəməmişdim. İnternetə güvənmədikləri üçün İsveç Miqrasiya Mərkəzi bizimlə poçt vasitəsi ilə əlaqə saxlayırdılar. 322-ci otaqda üç nəfər qalırdıq. Hər bir qapısında poçt qutusu vardı. Səhər-səhər açıb qutunu baxırdıq ki, məsələn, Mahmudov Murada məktub var. Məktubda müsahibəyə hara və vaxt gəlməyimiz barəsində məlumat olurdu. Müsahibələr tərcüməçinin iştirakı ilə keçir. Tərcüməçi də burda eşitdiklərini sirr kimi saxlamağa söz verir. Mənim tərcüməçim Andrey adında Bakı rusu idi. Azərbaycanca bilirdi. Birinci müsahibədən sonra artıq məni qəbul etdilər. İsveçdə yaşamağım üçün müvəqqəti kimlik də verilmişdi.

 

- 5 ay harda yaşadız?

- Biz İsveçin şimal əyaləti olan Del Spada üç mərtəbəli yataqxanada qalırdıq. Yataqxana meşənin içində, göl kənarındaydı. Əsasən qara ərəbləriydi. Qara, ondan qara, lap qara. Lap qaralar Afrika zənciləriydi. Mən ağ adam görmədim. Suriyalılar nisbətən ağıydı.

 

- Sizdən başqa da azərbaycanlı vardı?

- Yox. O qədər təkiydim ki, keçmiş SSRİ-dən bir adam görəndə elə sevinirdim, sanki qardaşımı görürdüm. Belarusdan bir nəfər vardı. Mən olduğum yerdə yüzə yaxın adam vardı. Mən olan düşərgədə əsasən ərəblər çoxuydu. «Ərəb baharı»na görə Türkiyədən keçib gəlmişdilər. Afrikadan gələnlər də çoxuydu. Onlar da ya xristian ərəblər, ya da acından ölən Somaliləriydi. Bir də əfqanlar vardı. Xristian ərəblər digərlərinə nisbətən xeyli mədəniydilər.

 

- Məsələn, Avropada vətəndaşlıq alacaq insanlara ölkənin qayda-qanunları əvvəlcədən öyrədilir. Bəs sizə orda bu cür təlimlər keçirilirdi?

- Bizə gündə üç dəfə yemək verirdilər. Hamımız podnosla gəlirdik yemək almağa. Aşpaz hər birimizi salamlayır, yemək verəndən sonra «buyurun» deyirdi. Bunu o qədər təlqin edirdilər, artıq o  ərəb də zamanla yumşalırdı, səni görəndə «hey-hey» deyirdi. Və yaxud da insanın üzünə gülümsəmək. Gülümsəmək orda çox önəmlidir. Şəhər təbəssümlərdən ibarətdi. İnsanların sosial problemləri elə yüksək səviyyədə həll olunub ki, onların üzü gülür.

 

- Yemək menyunuz necəydi?

- Saat 7-də səhər yeməyi idi. Yağ, pendir, ağ çörək, qara çörək, çay, süd və meyvə. Günortaya əsasən qarnir düyü, vermişel, yaxud kartof olurdu. Üstündə də ət - kotlet, qiymə olurdu. Ərəblərə görə donuz əti verilmirdi. Axşam yeməyi də buna uyğun olurdu. Spirtli içkilər qəti verilmirdi. Hətta dükanlarda belə satılmırdı. Sadəcə, 3.5 faiz alkoqollu pivə vardı. Demək olar ki, hacı pivəsi (gülür).

 

- Murad Köhnəqala 5 ay içkisiz necə dözüb?

- Bizə pul kartı vermişdilər. Karta ayda iki üç yüz - beş yüz dollar pul köçürürdülər. Biz arada ərizə yazırdıq ki, paltarımız yoxdu. Onlar da əlavə pul yükləyirdilər. Yolum şəhərə düşəndə viski, araq alıb içirdim. Hər gün içən adam elə olurdu bir ay içmirdim. İçki almaq üçün uzaq yol getmək lazımıydı. Orda da marşrut pulu çox bahadı.

 

- Mən belə başa düşdüm ki, yataqxanada giriş-çıxış sərbəst olub.

- Avropanın elə yerləri var ki, hətta qapının ağzında polis dayanır. Amma bizdə tam sərbəstlik idi. Heç bir nəzarət yoxuydu. İçkili gəldin-getdin, lap gecə gəlmədin problem olmazdı. Ürəyimiz necə istəyirdi, elə də edirdik.

 

- Və bunca rahatlığa baxmayaraq, geri döndüz. Bir az da səfəriniz barəsində danışın. Necə getdiz, necə gəldiz?

- Şengen vizası ilə Latviyaya, ordan da gəmi ilə İsveçə keçdim. Özümü İsveçdə təhvil verəndə demədim ki, Latviyadan gəlmişəm. Yalan danışdım. Gedənlərin hamısı bunu edir. Soruşurlar necə gəlib çıxmısan? Dedim ki, Azərbaycandan Rusiyaya, Sankt Peterburqdan da siqaret daşıyan yük maşınıyla «qara» yolla İsveçə keçdim. Məndən pul aldılar, maşının arxasında gizlədib gəmiylə sərhədi keçirdilər. Bəs neçə gün yol gəldin soruşanda dedim ki, bəs mən özümlə bir neçə butulka araq götürmüşdüm. Ayıldım ki, qaranlıqdayam içib yatdım. Necə gəldiyimi bilmədim. Sonradan öyrəndim ki. bu nağılı onlar dəfələrlə eşidiblər. Xarici pasportumu istəyəndə isə dedim, yoxdu. Xarici pasportu göstərməməliyəm. Şengen ölkəsindən gəldiyim bilinməməlidir. Yoxsa, məni dərhal şengen ölkəsi kimi Latviyaya geri göndərməliydilər. Lakin indi «stop» verib geri qayıdanda dedilər ki, bilirik pasportun var. Üzə çıxartsan evinə daha tez qayıdacaqsan. Yoxsa, yenisi düzələnə qədər gözləməlisən. Mən də bir yoldaşla məsləhətləşdim, dedi, narahat olma. Onlar onsuz da bilirlər ki, sən nağıl danışmısan. Sən demə, bu nağıl bunların özlərinə lazımdı deyə qulaq asırlar. Günlərin bir günü Latviya dövləti İsveçə etiraz edə bilər ki, mənim ölkəm sizin üçün tranzitdi, adam keçirirsiz?! Sonradan mən bildim ki, mənim bu gopum çox gülməli olub. Əgər yük maşını gəmiyə girirsə, rentgen şüasından keçir. Və heç bir insan qanunsuz keçə bilməz. Pasportumu İsveçə çatanda bir yoldaşa vermişdim. O poçtla mənə yolladı. Beləcə bir həftə sonra mənə Stokholmdan İstanbula, ordan da Bakıya təyyarə bileti verdilər. Və gəldim.

 

- İsveçdən sizi necə yola saldılar?

- Mənə sadəcə biletləri verib yola saldılar. Mən də internetdən baxdım ki, «stop» verən adama 30 min kron, beş min dollar pul verirlər. Mənə vermədilər ki, biz onu kasıb ölkələrə veririk. Dedim, a kişi, Azərbaycan məgər varlı ölkədi ki? Jurnalist babayam. Hardan varlı olduq? Dedilər, yox, biz o pulu Somalidən, Əfqanıstandan gələnlərə veririk. Dedim, o zaman o yazıda onu da qeyd edin. Məndən üzr istədilər və dedilər ki, qeyd edərik. Nəysə, vermədilər pulu. Bileti götürüb gəldim Stokholma. Ordan bütün dostlarıma zəng etdim. «Can» deyənlərin hamısı bir bəhanə edib məni qarşılamadı. Nə dil bilirəm, nə də yol tanıyıram. Stokholmun aeroportu çox mürəkkəbdi. Dağıstandan İbrahim adında ləzgi oğlan vardı. Düşərgədə iki həftə bir yerdə qalmışdıq. O Stokholmdaydı. Yolpulu da yoxuydu. Birtəhər mənim dalımca aeroporta gəldi. Məni qaldığı evə apardı. Bir gecə qaldım, səhəri məni Bakıya yola saldı. O olmasaydı, bir gün aeroportda yatmalıydım.

 

- Aeroportda sizi kim qarşıladı?

- Sevdiyim xanım.

 

- Pasport qeydiyyatından keçəndə bir problem olmadı?

- Yalnız onu soruşdular ki, bu qədər vaxtı İsveçdə necə qalmısız? Mən də müvəqqəti pasportumu göstərdim keçdim. Mən İsveçdən siyasi sığınacaq istəməmişdim. Heç dini məsələ də deyildi. Tamam başqa şey idi. Əsil səbəbi də deməmişdim. Bizdə hamı elə bilir ki, avropalılar qeyri-rəsmi münasibətə yaxşı baxır. Əgər sən ailəlisənsə və ailənə xəyanət edirsənsə, isveçlilər buna pis baxırlar. Sevirsənsə, get boşan, sonra birlikdə yaşa.

 

- Ola bilər ki, Murad Köhnəqala elə o beş min dolları almaq üçün getmişdi?

- Yox, mən ora gedənə qədər bu barədə bilmirdim. «Stop» verəndən sonra internetdən baxdıq ki, beş min verirlər. Həm orda əfqan oğlan vardı, o da demişdi.

 

- Murad Köhnəqalanın imzasını yenə mediada görəcəyik?

- Əslində İsveç Miqrasiya Mərkəzi çox gizli işləyir. Onlar istəmirlər ki, orda yaşananlar mətbuata çıxsın. BMT-nin beynəlxalq konvensiyalarına görə, mühacirlərin saxlanma şəraiti var. Orda bəzi şərtlər ödənilsə də, bəziləri ödənilmirdi. Vəkil mənə demişdi ki, əgər istəyirsənsə sənə sığınacaq versinlər, gördüklərini yazma. «Stop» verəndən sonra jurnalist olduğumu bildikləri üçün vəkilim başladı mənə yalvarmağa ki, yazmayım. İstəmirdilər ki, eyiblərinin üstü açılsın. Bir dəfə rus jurnalistlər içəridə baş verənləri öyrənmək üçün yalançı mühacir kimi aralarına girib sonradan gördüklərini mətbuatda yazıblar. Bundan tək İsveç deyil, Avropa Birliyi narahat olub. «Stop» verdiyimə görə mən də artıq yaza bilərəm. Bu yaxınlarda Lent.az-da «Düşərgə xatirələrim» adlı layihəmdə beş ay mühacirət həyatımda gördüklərim, başıma gələnləri silsilə yazı şəklində yazacam.