vaxtlı-vaxtında oxuyun! Çərşənbə, 24 aprel 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Mustafa Kamal Atatürk (1881 - 1938)

«Türk oğlu əcdadını tanıdıqca, daha böyük işlər görmək üçün özündə güc tapacaq»

Mustafa Kamal Atatürk (1881 - 1938)
GÜNDƏM  
16:50 | 26 dekabr 2012 | Çərşənbə Məqaləyə 1879 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

“MDB-nin perspektivi yoxdur»

Leonid Kravçuk: “Heydər Əliyev mənim yadımda millətçi azərbaycanlı kimi qalıb”

APA

“Stalin öldükdən və Beriya məhv edildikdən sonra Siyasi Büronun gizli iclası çağırılır və orada belə bir qərar qəbul olunur ki, indən belə Kreml rəhbərliyinə seçkilər zamanı rus mənşəli şəxslərə üstünlük verilsin.” Bu sözləri Ukraynanın ilk prezidenti, Müstəqil Dövlətlər Birliyinin (MDB) yaradıcılarından olan Leonid Makaroviç Kravçuk APA-ya müsahibəsində deyib.

- Sovet İttifaqının dağılması dövrünü necə xatırlayırsınız?

- SSRİ-nin dağılması barədə danışarkən 90-cı illəri yox, konkret olaraq birinci katib Leonid İliç Brejnevin hakimiyyətinin sona çatdığı dövrü və Brejnevdən sonra ardıcıl hakimiyyətdə olan Andropovun və Çernenkonun qəfil ölümlərini nəzərə almaq lazımdır. Sanki artıq belə bir aura yaranmışdı ki, Brejnevdən sonra birinci katib olanlar ölmək üçün hakimiyyətə gəlirdilər. İnsanlar artıq nəinki birinci katiblərin, ümumiyyətlə, partiya elitasının ölkədəki vəziyyəti dəyişəcəyinə inamı itirmişdilər. Çünki Siyasi Büro heç bir müasir problemi həll etmirdi, əksinə, mövcud durumu elə səviyyəyə salırdı ki, yeniliklər baş verməsin.
Düzdür, Kommunist Partiyasında hansısa islahatlara cəhd olunurdu, lakin bu, əsaslı xarakter daşımırdı, yalnız yerlərdə - ittifaq respublikalarının rəhbərliyindəki dəyişikliklərlə özünü göstərirdi. Mərkəzi Komitə, Siyasi Büronun tərkibi isə dəyişmirdi, bu səbəbdən bəzi siyasi qruplarda və ictimaiyyətdə narazılıqlar yaranırdı. Hətta Siyasi Büronun iclaslarında səslər eşidilirdi ki, “sistem belə davam edə bilməz, dəyişikliklər artıq zəruridir”. Nəhayət, bütün bunlar ona gətirib çıxardı ki, hakimiyyətə Mixail Qorbaçov gəldi və yeni bir səhifə açıldı. Qorbaçov gəlişindən sonra bir çox şey bəyan etdi ki, bu da partiyanın işinin yenilənməsini, SSRİ-də islahatların aparılmasını nəzərdə tuturdu. Lakin bu bəyanatların həyata keçirilməsinə partiyanın konservativ qanadı imkan vermədi. Mənim SSRİ Mərkəzi Komitəsinin üzvü kimi iştirakçısı olduğum partiyanın 19-cu toplantısı, Sovet İttifaqı Mərkəzi Komitəsinin 27-ci iclası göstərdi ki, istər mərkəzdə, istərsə də əyalətdəki partiya aparatları dəyişikliklərin tərəfdarı deyillər. Yeniliyin carçısı olan M. S. Qorbaçov isə bunlara qarşı qətiyyət nümayiş etdirmirdi. Qorbaçov sadəcə olaraq hansısa formada köhnəni yeni ilə uzlaşdırmaq istəyirdi. Lakin köhnədən qalan qaydaların tərəfdarları çox idi deyə, heç nə alınmırdı. Eyni zamanda bu ərəfədə bu boşluqdan istifadə edərək ittifaq respublikalarında birlikdən ayrılma, azadlıq dalğası vüsət aldı. Bu dalğada daha qətiyyətli insanlar meydana çıxmağa başladı. Bu gərginlik o qədər şişdi ki, Sovet İttifaqının qalıb-qalmamasına ümumxalq səviyyəsində baxılması zərurəti ortaya çıxdı. Biz yeni ittifaq müqaviləsi imzalamaq üçün toplaşan zaman məlum oldu ki, köhnə üsullarla artıq bunu həyata keçirmək mümkün olmayacaq. Yeni metodlar axtarmaq lazım idi, bunu tapmaqda isə onlar çətinlik çəkirdilər...
M. S. Qorbaçov SSRİ-ni saxlamaq istəyirdi. Onun bu istiqamətdə atdığı addımlardan biri 1991-ci il martın 17-də ümumittifaq referendumunun keçirilməsi idi. İttifaqın bütün ərazisində olmasa da, bir çox yerlərdə bu referendum keçirildi. Amma göründü ki, referendum da heç nə vermir və SSRİ-də yeni milli-patriotik qüvvələr qaynamağa başlayıb. Demək olar ki, nəinki ittifaq, hətta ittifaqdaxili respublikalar parçalanmaq üzrə idi...

- Necə oldu ki, referendum uğursuz nəticələndi?

- SSRİ-nin saxlanılması ilə bağlı keçirilən ümumxalq referendumunda yalnız bir sual vardı: “İnsan hüquq və azadlıqlarının təmin edildiyi yeni federasiya formasında SSRİ-nin saxlanılmasına razısınızmı?” Referendumdan sonra ittifaq müqaviləsi ilə bağlı üzv respublikalar arasında keçirilən iclasa SSRİ tərkibindəki muxtar vilayət və respublikaların da eyni statusda dəvət edilməsi təklif olundu. Bunu o vaxtkı SSRİ Ali Sovetinin sədri Anatoli Lukyanov təklif elədi, SSRİ prezidenti M. S. Qorbaçov da təsdiqlədi. Həmin muxtariyyətləri də üzv respublikalar kimi bərabər statusda ittifaqın subyekti eləmək istəyirdilər. Hansı ki, bura Dağlıq Qarabağ Muxtar Vilayəti də daxil idi. Həmin vaxt mən, Boris Yeltsin, İslam Kərimov, Nursultan Nazarbayev və bir çoxları buna ciddi etiraz etdik və məsələnin reallaşmasının qarşısını aldıq. Çünki bu muxtariyyətlərə status vermək bütün ittifaq respublikalarının parçalanması demək idi.

- Lukyanovun təklifinin əsl müəllifi kim idi? Bu təklif SSRİ xaricindəki hansısa qüvvələrdən gələ bilərdimi?

- Bilmirəm... Təklif bizim üçün çox gözlənilməz idi. Biz gözlənilmədən Novo Oqaryovoya (Moskva vilayəti) gələndə orada 31 muxtariyyətin nümayəndələrini gördük və məsələni eşidəndə şoka düşdük. Qorbaçov bizə deyirdi ki, artıq bu muxtariyyətlər də respublikalarla eyni statusda səs hüququna malikdirlər. Bu, üzv respublikaları parçalamaq demək idi.  Yuxarıda adlarını çəkdiyim şəxslərlə mən dərhal fəaliyyətə başladıq və bu təklifi ləğv elədik...

- ...Belarusdakı görüşdə?

- O, necə deyərlər, final oldu. (Gülür). Çünki bütün bu sadaladığım daxili proseslərin təsiri altında biz 8 dekabr 1991-ci ildə - hansı ki mən artıq Ukraynanın prezidenti idim - Belarusun Belovejiskaya Puşşa bölgəsində toplaşaraq Müstəqil Dövlətlər Birliyinin (MDB) yaradılması haqqında müqavilə imzaladıq. Bu müqavilə Rusiya, Ukrayna və Belarusun - mən, Rusiya prezidenti Yeltsin və Belarus prezidenti Şuşkeviçin arasında imzalandı.

- Çoxları üçün maraqlıdır ki, o toplantıda Qazaxıstan niyə iştirak etmədi?

- Çünki SSRİ-nin təməlini bu 3 ölkə və Zaqafqaziya ölkələri qoymuşdu. O ərəfədə artıq Zaqafqaziya ölkələrində vahid dövlətçilik zəif idi və bu proseslərdə iştirak edə bilmirdilər... Bizim bu görüşümüzün məqsədi artıq dağılmış ittifaqda olan respublikaların özlərini dağılmaqdan xilas etmək idi. Bir növ biz rəsmən SSRİ-nin ləğvini elan etməklə o respublikaları xilas etmiş olduq. O görüşümüzdə SSRİ dünyanın beynəlxalq hüquq subyekti kimi ləğv olundu və MDB yarandı. Təbii ki, bundan sonra yeni proseslər başladı, sizin dediyiniz kimi, ardınca Qazaxıstan da daxil olmaqla, əksər keçmiş ittifaq ölkələri bu birliyə qoşulmağa başladılar.

- Bu proseslərdə Azərbaycanın iştirakı barədə xatirələrinizi öyrənmək istərdik...

- Azərbaycan da həmin dövrdə çox çətin yol keçdi. Azərbaycanda artıq yeni adamlar hakimiyyətdə idilər. Onlar Azərbaycanın əvvəlki kimi yaşamasını istəmirdilər. Amma eyni zamanda yeni nəsə yaratmaqda da çətinlik çəkirdilər. Onlar MDB-yə qarşı çox aqressiv və mənfi münasibət göstərirdilər. Nəhayət, sizdə artıq idarəçilik təcrübəsi olan Heydər Əliyev hakimiyyətə gəldi və dövləti bərpa eləməyi bacardı. Azərbaycan nəhayət, MDB-yə üzv oldu. Ölkənizin ağır iqtisadi durum yaşadığı bir vaxtda Dağlıq Qarabağ münaqişəsi də yeni alovlanmışdı. Məhz o dövrdə Ukraynanın özünün də ərzaq qıtlığı çəkməsinə baxmayaraq, biz Azərbaycana 50 min ton un ehtiyatının göndərilməsini təşkil etdik.

- Həmin ərəfədə Azərbaycanın torpaqları Ermənistan tərəfdən işğal olunmağa başladı, Dağlıq Qarabağ münaqişəsi alovlandı...

- Bilirsiniz, həmin vaxt bütün ölkələrdə milli hərəkatlar oyanmışdı. O cümlədən Azərbaycanda və Ermənistanda baş qaldıran bu milli hərəkatların əsas mübahisə mövzusu Dağlıq Qarabağın hansı tərəfə məxsus olmasından ibarət idi. Etiraf etmək lazımdır ki, Dağlıq Qarabağ ərazi baxımından Azərbaycana məxsusdur, amma etnik tərkibinə görə ermənilər daha çox idi. Burada yaşayan ermənilər isə kimsə tərəfindən yönəldilirdi və şiddətli formada Dağlıq Qarabağın müstəqilliyi məsələsini qaldırırdılar.

- Kim tərəfindən yönəldilirdilər?

- Deyə bilmərəm bunu, amma açıq formada oradakı ermənilər istiqamətləndirilirdi. Siz məndən soruşacaqsınız ki, bunu Kreml yönəldirdi ya yox, amma həqiqətən deyə bilmərəm, ən azından əlimdə bununla bağlı rəsmi heç nə yoxdur. Amma Ermənistan da bu yönəltmədən ilham alaraq oradakı ermənilərə açıq formada dəstək verirdi. Təəssüf ki, hazırda əlimdə ciddi rəsmi faktlar olmadığına görə bu məsələ ilə bağlı məlum ehtimallarımı açıqlaya bilmərəm...

- Siyasi fəaliyyətiniz dövrü Heydər Əliyevin fəaliyyət dövrü ilə təxminən eyni vaxta düşür. Onunla bağlı xatirələriniz bizim üçün maraqlıdır...

- Mən onu çox yaxından tanıyırdım, özü də bu tanışlıq Heydər Əliyevin Azərbaycan SSR-də olan birinci katiblik dövründən başlayıb. O vaxt H. Əliyev daha çox Mərkəzi Komitənin iclaslarındakı çıxışları ilə yadda qalırdı, hamı ona məğrur Əliyev deyirdi. Heydər Əliyevin SSRİ Nazirlər Sovetinə birinci müavin getdiyi vaxtlar da yadımdadır. O vaxt onun üçün hər şey o qədər asan olmadı. Çünki o istədiyi yerdən ayrılmışdı, Azərbaycandan. Mən hesab edirəm ki, o vaxt Kreml onluq deyildi, çünki H. Əliyev Azərbaycanda özünü daha yaxşı hiss edirdi, bütün fəaliyyəti Azərbaycanla bağlı idi. Mənim yadımda H. Əliyev millətçi azərbaycanlı kimi qalıb. O, ikinci dəfə siyasi hakimiyyətə gəlişi ilə Azərbaycanı düzgün inkişaf istiqamətinə yönəltdi.

- O vaxt Heydər Əliyevin SSRİ-nin birinci katibi olması real variant kimi səsləndirilirdi...

- Həmin vaxt Heydər Əliyev, Eduard Şevardnadze və Vladimir Şerbitski SSRİ-də birinci katiblik üçün üzdə olan şəxslər idilər. Heydər Əliyev prinsipiallığına görə daha real namizəd idi. Lakin Qorbaçov hakimiyyətə gəldi...
Qorbaçov gələn kimi nəinki əsas rəqibi gördüyü Heydər Əliyevi, özündən əvvəlki bütün sovet ağsaqqallarını mərkəzdən kənarlaşdırdı. Qorbaçov özünə yeni komanda yığmaq istəyirdi, düşünürdü ki, Heydər Əliyev kimi özündən təcrübəli adamlarla işləsə, istədiyini həyata keçirə bilməyəcək, ona daha gənc kadrlar lazım idi ki, dediklərinə şəksiz əməl etsinlər.

- Belə bir söhbət gəzir ki, o vaxt kifayət qədər potensialı olsa da, türk olması Kremldə Heydər Əliyevin birinci katibliyə gedən yolunda əngəl imiş. Birinci katib olmaq üçün slavyan mənşəli olmağın zəruriliyi önə çəkilirmiş...

- Belə bir fakt var ki, Stalin öləndən və Beriya məhv ediləndən sonra Siyasi Büronun gizli iclası çağırılır və orada belə bir qərar qəbul olunur ki, indən belə Kreml rəhbərliyinə seçkilər zamanı rus mənşəli şəxslərə üstünlük verilsin. Ondan sonra Siyasi Büro səviyyəsində belə bir siyasət formalaşdı ki, nəinki Kreml rəhbərliyində, Silahlı Qüvvələrin rəhbərliyindəki ordu generalları və marşallar da mümkün qədər ruslar olsun. Bütün slavyanlar yox, ancaq ruslar. Məsələn, məgər Azərbaycanda marşala layiq hərbiçi yox idi?! Əlbəttə vardı, sadəcə, rus olmadığı üçün o rütbəni ona vermirdilər. Digər millətlərdən də tək-tük vardı, əsas heyət ruslar idi. Heydər Əliyevin Kremldə yüksəlişinə mane olan arqumentlərdən, ona qarşı istifadə olunan səbəblərdən biri də bu olub.

- Siz MDB-nin banilərindən birisiniz. Bu qurumun gələcəyinə necə baxırsınız?

- Mən artıq düşünmürəm ki, MDB-nın böyük bir perspektivi olacaq. Artıq bu gün hiss olunur ki, MDB yararsızdır və parçalanmağa doğru gedir, dağılacaq. Rusiya və Belarus yeni ittifaq yaratmaq istəyir, Rusiya, Belarus və Qazaxıstan Gömrük İttifaqı təklif edir və sair... Yəni MDB-nin çərçivəsində yeni birliklər yaradılır. Gündə yeni bir ideya ortaya atırlar. Mən bunların heç birində güclü bir perspektiv görmürəm.

- Ukraynanın hazırkı siyasətini necə qiymətləndirirsiniz?

- Ukraynanın siyasətinin özəlliyi ondadır ki, ancaq sənədlərdə öz əksini tapır. Qəbul etdiyimiz rəsmi sənədlərdə biz əsas siyasi hədəflərimizi müəyyənləşdirmişik. Bu da Avropaya inteqrasiyadır, Avropa seçimidir. Ukrayna Avropa ölkəsi olaraq keçmiş sovet ənənələrindən qurtulub Avropaya sürətli inteqrasiya yolunu seçib. Lakin bunun indiki şəraitdə aktiv həyata keçirilməsi ilə bağlı suala mən yox cavabı verərdim, çünki indiki halda qeyd elədiyim hədəflərə doğru gediş çox zəifdir. Bunun obyektiv və subyektiv səbəbləri var, hansı ki, bu barədə danışmaq çox çətindir...

- Azərbaycan və Ukrayna arasında hazırkı münasibətlərin səviyyəsini necə dəyərləndirirsiniz?

- Azərbaycan və Ukrayna arasındakı münasibətlərə indiki şəraitdən çıxış edərək yaxşı qiymət vermək olar. Başqalarından fərqli olaraq, bu iki ölkə arasında heç vaxt ərazi iddiaları, etnik qarşıdurmalar olmayıb. Bu gün Ukraynada kifayət qədər fəal Azərbaycan diasporu var və buna rəhbərlik edən Rövşən Tağıyevin fəaliyyəti ilə yaxından tanışam. Maraqlı da burasındadır ki, mənim şəxsi həyatımda ən yaxın yeganə dostum da azərbaycanlıdır. Bu dostum müstəqilliyin ilk illərindən burada Heydər Əliyevin dəstəyi ilə diaspora fəaliyyətinə rəhbərlik edən, hazırda Azərbaycan Ağsaqqallar Şurasının Ukrayna üzrə rəhbəri olan Firudin Məmmədov geniş nüfuza malik iş adamıdır. Şəxsən mən onunla düz 25 ildən çoxdur dostluq edirəm. O, 50 ildən çoxdur Ukraynada yaşayır, İttifaq vaxtı burada tutduğu yüksək vəzifələrdəki aktivliyi ilə, ondan sonrakı dövrdə biznes və ictimai fəaliyyəti ilə Ukrayna hakimiyyətinin hörmətini qazanıb. O, yeganə şəxsdir ki, burada həm əsl ukraynalıdır, həm də əsl azərbaycanlıdır. Hazırda adlarını çəkdiyim insanların ətrafında azərbaycanlılar diaspora formasında birləşiblər və sayları da gündən-günə artır ki, bu da təqdirəlayiqdir. Çünki diaspora fəaliyyəti iki ölkə arasında münasibətlərin möhkəmlənməsində əsas arqumentlərdəndir. Mən daim Azərbaycanın vurğunu olmuşam və indi də belədir. Elə yaxın zamanlarda da Azərbaycana səfər etməyi düşünürəm.