vaxtlı-vaxtında oxuyun! Şənbə, 20 aprel 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Seyid Cəfər Pişəvəri (1892 - 1947)

«Haqqı almaq asan bir işdir, onu saxlamaq şərtdir»

Seyid Cəfər Pişəvəri (1892 - 1947)
ANALİZ  
15:31 | 30 iyun 2014 | Bazar ertəsi Məqaləyə 2867 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Ya «hə», ya da «yox»

Şotland referendumu, Braunun dedikləri və siyasətdə Şərq ahəngi

Tərlan MƏSMALI

MÖVZU İLƏ ƏLAQƏLİ

Sentyabrın 14-də Şotlandiya ölkənin Böyük Britaniyadan ayrılması məsələsini referenduma çıxaracaq. Referendumda şotlandlar «Şotlandiya müstəqil olmalıdırmı?» sualına ya «hə», ya da «yox» deməlidirlər. Britaniyanın keçmiş baş naziri və əslən şotlandiyalı olan Qordon Braun öz vətəninin Britaniyadan ayrılmasının əleyhdarıdır və bu sual onu yenidən siyasi proseslərə müdaxilə etməyə ruhlandırıb. Braun referendum gününə qədər aparacağı «yox» kampaniyasını çox aktiv şəkildə həyata keçirməkdədir və elə bu məqsədlə də o, iyunun 26-da Avropa Parlamentində çıxış edib.


Xatırlatmaq lazımdır ki, bu referendum təşəbbüsünün müəllifi hazırda hakimiyyətdə olan Şotland Milli Partiyasıdır. Bu partiya adından da göründüyü kimi Şotlandiyanın müstəqilliyinin tərəfdarıdır və iddia edir ki, Şotlandiya öz resursları üzərində müstəqil idarəçiliyi həyata keçirərsə, indiki vəziyyətindən və elə İngiltərənin özündən də daha varlı olacaq.

Braun isə parlamentdə etdiyi öz maraqlı çıxışında daha geniş siyasi baxış ortaya qoydu. Braun əvvəlcə son günlərdə çox müzakirə edilən bir mövzuya, Birləşmiş Krallığın Avropa İttifaqı üzvlüyündən çıxması mövzusuna toxundu və bunun qəti əleyhinə olduğunu söylədi. Qeyd etdi ki, Şotlandiya Britaniya ilə, Britaniya isə Avropa İttifaqıyla olan birliyi davam etdirməlidir, Avropa İttifaqı isə hələ genişlənməli və dünyanın daha böyük hissəsini əhatə etməlidir. Braun birliyin və genişlənmənin tərəfdarıdır. O dedi ki, əgər Birləşmiş Krallıq Avropa İttifaqından çıxmaq məsələsini referenduma çıxaracaqsa, o bu halda da «yox» kampaniyası aparacaq.

Kommunikasiya və hərəkətliliyin artması nəticəsində dünyanın qloballaşması təbii prosesdir və son zamanlar bir çox Avropa ölkələrində, o cümlədən də Şotlandiyada kəskinləşən mühafizəkarlıq və milliyətçilik meylləri bu təbii prosesə qarşı göstərilən müqavimətdir. Ancaq Braunun dediklərindən bu nəticəyə gəlmək olar ki, indi insanların qarşısında duran vəzifə əslində bu prosesi, yəni qloballaşmanı dayandırmaq yox, onu tənzimləmək olmalıdır. Çünki bu gün dünyanın problemləri də qloballaşır, istər iqlim dəyişikliyi məsələsi, istərsə də insan alveri, uşaq əməyinin istismarı, terrorizm kimi cinayətlər bu gün dünya miqyasında törədilir və bu problemlərlə mübarizə də ancaq qlobal əməkdaşlıq və güclərin bir araya gətirilməsi hesabına baş tuta bilər. Problemlərin qloballığı ölkələrin bir-birindən qarşılıqlı asılılığını labüd edir və buna görə də bu gün heç bir ölkənin mütləq mənada müstəqil olduğunu deyə bilmərik. Milli dövlətlərin təkbaşına, beynəlxalq əməkdaşlıq etmədən öz problemlərini həll edəcəklərini düşünməsi illüziyadır. Brauna görə isə əksinə, ölkələr öz potensiallarını birləşdirib və daha sonradan ədalətli bölgü aparmaqla bütün vətəndaşların bərabərliyini təmin edə bilərlər. Bu da xəyal deyil, bugünkü Avropa İttifaqı bu modelə bariz misaldır, lakin istər Şotlandiyanın Britaniyaya münasibətdə, istərsə də Britaniyanın özünün Avropa İttifaqına münasibətdə irəli sürdüyü ayrılma istəyi çağırışıdır.

Bir məsələyə isə mütləq aydınlıq gətirilməlidir. Əslində, Qordon Braun Şotlandiyanın müstəqilliyi məsələsinin referenduma çıxarılmasının əleyhinə deyil. Onu narazı salan bu referendumda müstəqillik konsepsiyası ilə bağlı ortaya sadəcə bir baxışın qoyulmasıdır. Braun Şotlandiyanın gələcəyi ilə bağlı patriotik baxışın tərəfdarıdır, o da Şotlandiyanın öz parlamentinin, öz güclü milli kimlik duyğusunun, öz institutlarının olmasının və milli parlamentə daha çox səlahiyyətlərin verilməsinin tərəfdarıdır. Çünki təbii olaraq, güclü olmayan bir dövlətin başqa dövlətlə ittifaqı bərabərliyə deyil, tabeçiliyə söykənərsə, bu ittifaq yox, imperializm olar. Bu da ki qəbuledilməzdir. Lakin bu referendumda biz yuxarıda qeyd edilən baxışı görmürük. Bu referenduma çıxarılan mövqe Şotlandiyanın Britaniyadan tam ayrılması və beləliklə də, Britaniya ilə bütün sahələrdə olan bağların kəsilməsindən yanadır ki, buraya təqaüdlər, səhiyyənin maliyyələşdirilməsi, silahlı qüvvələr və s. də daxildir. Keçmiş baş nazir məhz bütün sahələrdə olan ortaqlığın qırılması ilə razı deyil. Şotlandiyanın müstəqilliyi ancaq Britaniyadan ayrılmaqla deyil, onun tərkibində qalaraq, siyasi qərarvermədə olan payının artırılması yolu ilə də baş verə bilər. Hələ ki gec deyil, referenduma bu variantın da daxil edilməsi məqsədəuyğun olardı.

Yuxarıdakı təhlili belə sistemləşdirsək, Braun Şotlandiyanın siyasi müstəqilliyinin, sosial sahədə isə Britaniya ilə ittifaqda olmasının tərəfdarıdır. Bununla da o, siyasətdə də hökm sürən ənənəvi Qərb rasionaliziminə, «ayır və seçim et» məntiqinə qarşı Qandisayağı, yaxud şərqin təsəvvüf məntiqinə söykənən «qarşılıqlı asılılığı gör və birləşdir» formulası ilə çıxış edir. Digər tərəfdən isə qərb siyasətində də bu yanaşma o qədər yeni sayılmaz, çünki 28 Avropa İttifaqı ölkəsi artıq bu həqiqəti dərk edib, yəni dövlətlərin qarşılıqlı asılılığının fərqinə varıb və birləşiblər. Bu isə ən azından 28 ölkə arasında müharibə riskini tamamən aradan qaldırır və sülhə zəmanət verir. Bu səbəbdən də şotland siyasətçilərinin dövlətlər arasındakı istənilən qarşılıqlı asılılığı görməzdən gələrək müstəqillik qavramını bu qədər mütləqləşdirməsi qəbuledilməzdir. Daha açığı, Şotlandiyanın Britaniyadan ayrılmaqla ondan olan asılılığının sona çatacağını düşünənlər yanılırlar.

Əlbəttə, daha detallı şəkildə mübahisə edəsi olsaq, bu məsələ barəsində söylənən bütün fikirləri təftiş etmək və mübahisələndirmək mümkündür. Ancaq bir məqam var ki, onu sona qədər müdafiə etmək olar. Bu gün şotland siyasətçiləri, dünyada əksər siyasətçilərin etdiyi kimi nadan bir səhvə yol verir, onlar xalqı «Şotlandiya Britaniyaya, yaxud İngiltərəyə qarşı» formatında düşünməyə təşviq edir və referendumu da xalqa Şotlandiya ilə Britaniya (maraqları) arasında seçim kimi təqdim edirlər. Yuxarıdakı üsul Qandisayağı deyildi, çünki Qandi ingilis əsarəti altında olan məmləkətinin azadlığı uğrunda çalışan və buna nail olan siyasətçi olub, ancaq o heç vaxt, İngiltərə ilə Hindistanı qarşı-qarşıya qoymurdu və deyirdi ki: «Mən Hindistana yararlı olmağa görə İngiltərəyə, ya da Almaniyaya zərər vermək istəmirəm». Qandi düşünürdü ki, Hindistana faydalı iş görmələri üçün ingilislərə yardımçı olmaq həm də Hindistana yardımçı olmaq deməkdir. Belə bir davranış yalnız Hindistanın qurtuluşuna yardımçı olmaz, həm də insanlığın əxlaqi dəyərlərinin yüksəlməsinə yardımçı olar. Xırda kontekst fərqləri olsa da, burdan bu günün siyasətçiləri üçün çıxarılacaq dərs odur ki, dövlətlər özlərinə fayda qazanmaq istəyirlərsə, bunun üsulu yolları ayırmaq deyil, birləşdirmək və bir-birinin güc və resurslarından istifadə etmək ola bilər.