vaxtlı-vaxtında oxuyun! Şənbə, 16 dekabr 2017
ABŞ dolları 1 USD = 1.7001 AZN
Avro 1 EUR = 2.0032 AZN
Rusiya rublu 1 RUB = 0.0289 AZN
İngilis funt sterlinqi 1 GBP = 2.2846 AZN
Türk lirəsi 1 TRY = 0.4379 AZN
Barış Manço (1943 - 1999)

«Keçmişini tanımayan bugününü anlaya, sabahını isə qura bilməz»

Barış Manço (1943 - 1999)
PROBLEM, ŞİKAYƏT, NARAZILIQ  
16:04 | 4 iyul 2014 | Cümə Məqaləyə 811 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Evə «kupça» almaq «ASAN»laşır?

Bakının 210 min sakininin həll olunmaz problemi öz həllini tapır

MÖVZU İLƏ ƏLAQƏLİ

Bakının Yasamal rayonunda, Nərimanov heykəlinə yaxın ərazidə 12-15 il qabaq tikilmiş bir bina var, əsasən ziyalılar - memarlar, alimlər, mədəniyyət işçiləri yaşayır. Gözəl memarlıq üslubunda tikilmiş binadır, pəncərələrindən və eyvanından gözəl dəniz mənzərəsi açılır. Buna baxmayaraq, bina sakinləri daima narahatlıq içindədirlər, dəfələrlə söz verilsə də, mənzillərinə texniki pasport, yəni xalq dili ilə deyilsə, «kupça» ala bilmirlər.


«Əmlak Bazarı İştirakçıları» İctimai Birliyinin (İB) məlumatına görə, bu məsələdə Nərimanov heykəlinin arxasındakı binanın sakinləri tək deyillər və Bakıda yüzlərlə yeni tikilmiş binada sakinlər on ilə yaxındır ki, məskunlaşdığı halda, mənzillərə texniki pasport verilmir. İB-dən ANS PRESS-ə verilən məlumata görə, hazırda Bakı şəhəri üzrə yeni tikililərin sayı 1100-dən artıqdır. Bunların təxminən 30 faizə qədəri artıq tam sənədləşdirilib. 20 faiz binada da tikinti başa çatdıqdan sonra sənədləşmə ilə bağlı heç bir problemin olmayacağı proqnozlaşdırılır, yəni bu binalarda ilkin sənədlər - tikinti, layihə, smeta sənədləri qaydasındadır. «Əmlak Bazarı İştirakçıları» İB-nin məlumatına görə, yeni tikilmiş binaların təxminən 50 faizinin sənədləri qaydasında deyil və onlar istismar aktını almaqda çətinlik çəkirlər. Bina sakinləri buna görə, mənzillərinə qeydiyyat düşə bilmirlər. İB-nin məlumatından belə görünür ki, şəhərdə bu cür təxminən 550 bina var. Hər binada orta hesabla 100 mənzilin olduğu götürülərsə, 55 mindən çox mənzil sahibinin daimi narahat olması deməkdir. Bu elə də az insan kütləsi deyil, hər mənzildə orta hesabla 4 nəfərin yaşadığı nəzərə alınarsa, toplam 210 min nəfər edər ki, bu da Bakı sakinlərinin təxminən 10 faizi deməkdir.

Mülkiyyət sənədi olmadığına görə, belə mənzillərin alınıb-satılmasında da çətinliklə yaranır. Hər halda, indiki zamanda çox az adam mülkiyyət sənədi olmayan, yalnız mənzil-tikinti kooperativinin müqaviləsi ilə satılan binalara pul vermək istəyir. Belə alıq-satqının hüquqi prosedur qaydaları da dəqiq məlum deyil. Buna görə də belə binaların sakinləri tez-tez müxtəlif qapıları döyürlər və mənzillərinə texniki pasport, uyğun olaraq ünvan və s. düzəltmək istəyirlər. Belə mənzil sahiblərinin üz tutduqları, ümid etdikləri sonuncu ünvan ASAN xidmətidir. Bakıda istər yeni tikilmiş 600-ə yaxın binanın, istərsə də şəhər ətrafında tikilmiş 100 mindən çox fərdi evin sakinləri düşünür ki, tezliklə məsələ ASAN xidmətə tapşırılacaq və onların bu çətin problemi həll ediləcək.

Əmlak bazarı üzrə ekspert, «Əmlak Bazarı İştirakçıları» İB-nin icraçı direktoru Ramil Osmanlının da fikrincə, yeni binalardakı mənzillərin ilkin qeydiyyatını ASAN xidmətə tapşırmaq olar. «Amma orada müəyyən tələblər var və bu tələblərə riayət olunmalıdır. ASAN xidmətdən ilkin qeydiyyatın alınması üçün bütün sənədlər qaydasında olmalıdır. Yəni vətəndaşın əlində maliyyə arayışı, alqı-satqı müqaviləsi, ödəniş qəbzi, həmçinin müvafiq bina üçün Fövqəladə Hallar Nazirliyi (FHN) tərəfindən verilmiş istismar aktı olmalıdır»,- deyə Ramil Osmanlı ANS PRESS-ə bildirib.

Onun fikrincə, sənədlərin ASAN xidmətə təqdim edilməsi üçün ilk növbədə szügedən binaların sənədləşməsindəki problemlər aradan qaldırılmalıdır. «Bu problemlər ilk növbədə torpağın alınması və sənədləşməsi zamanı başlayıb. Tikinti üçün müvafiq icazələrin alınması, prosedurların tam olaraq keçilməsi vacibdir. Məsələn, bəzi tikinti şirkətləri inşaat pasportunu almaqla kifayətləniblər, tikintiyə icazə almayıblar. Bəzi binalar tikintiyə icazə alıblar, amma inşaat pasportları yoxdur. Yəni bu prosedurların içində keçirilməyənlər yetərincədir. Bu gün aidiyyət olan orqanları yoxlama apararkən görür ki, müvafiq prosedur düzgün keçirilməyib. Bu səbəbdən də sənədlərin alınması problem yaradır»,- deyə «Əmlak Bazarı İştirakçıları» İB-nin icraçı direktoru vurğulayır.

Ramil Osmanlının fikrincə, məhz bunları nəzərə aldıqda yeni binaların ilkin qeydiyyatının ASAN xidmətə verilməsi elə də məqsədə uyğun deyil. «ASAN xidmət»də daha çox təkrar qeydiyyatın aparılması məqbuldur. Çünki ilkin qeydiyyatda prosedurlar bir qədər mürəkkəbdir və onu verən qurumların nümayəndəliyi ASAN xidmətdə yoxdur. Tutaq ki, vətəndaş sənədini təqdim edir və «kupça» üçün tələb olunan 4-5 sənəddən bir çatmır. Həmin sənədi almaq üçün yenidən aidiyyəti orqana gedib müraciət etməlidir. Belə olanda artıq xidmətin asanlığından söhbət getmir. ASAN xidmətin özəlliyi ondadır ki, vətəndaş gəlir və 1-2 saat ərzində prosedurları keçərək, yekun sənədini alır»,- deyə Ramil Osmanlı vurğulayır.

Lakin əmlak eksperti düşünürəm ki, bu cür problemlərin həlli qısa müddətdə mümkündür. «Sadəcə, bu gün Azərbaycan reallığında ölkə başçısının ciddi şəkildə reaksiyası vacibdir. Ölkə başçısı məsələyə müdaxilə edərsə, məsələ həll edilər. Təxminən 1-1,5 il qabaq yeni tikilən binaların qazlaşması ilə də bağlı oxşar problemlər mövcud idi. Ölkə başçısı məsələyə müdaxilə etdikdən sonra qazlaşdırma ilə bağlı məsələnin bir hissəsi aradan qalxdı. Xeyli bina qaz problemini həll edə bildi»,- deyə «Əmlak Bazarı İştirakçıları» İB-nin başçısı bildirir.

Qeyd edək ki, qərb ölkələrində və qonşu Rusiyada bununla bağlı çox əlverişli və funksional təcrübə var. İnkişaf etmiş ölkələrdə sənədləşməsində qüsur olan iri binaları nikahsız doğulmuş uşağa bənzədirlər. Təbii ki, nikahsız doğulmuş uşağı sənədi yoxdur deyə öldürmürlər ki, müəyyən araşdırma aparıb, ona sənəd verirlər.

Bu baxımdan Rusiyanın təcrübəsi Azərbaycan üçün də çox əlverişlidir. Rusiyada bu evlərə sənəd verilməsi səlahiyyətini icra hakimiyyətindən alıblar və əmlak xidmətinə tapşırıblar. Əmlak xidməti birbaşa yeni tikilmiş evə gələrək, müəyyən texniki araşdırma aparır, tikilinin yaşamaq üçün yararlı olduğunu müəyyən etdikdən sonra onun cizgiləri çəkilir və texniki pasport verilir.

Azərbaycanda da vaxtı ilə belə bir sistem olub. Yəni əmlak qeydiyyatı xidməti Tikinti və Arxitektura Komitəsinin tərkibində olub və o vaxt yeni tikilmiş evlərin sənədləşməsi indikindən qat-qat asan idi. Sonradan yeni-yeni qurumlar yaradıldı və yaradılan hər bir qurum özü ilə birlikdə yeni bürokratik əngəllər yaratdı. Bu qurumların yenidən bir araya gətirilərək, vahid pəncərə halında işləməsi məsələni kökündən həll etməyə imkan yaradar. Hər halda Azərbaycanın əmlak bazarının inkişafı üçün bu ən proqressiv addım olardı. Unutmayaq ki, bəzən, çoxdan unudulmuş köhnəlik, ən perspektivli yenilik rolunu oynayır.


   

şərhləri göstər

DİQQƏT!

Əziz oxucular. Mövzudan kənar, müəllifin şəxsinə və təhqir sözlər olan şərhlər yolverilməzdir. Sadaladıqlarımızdan savayı bütün fikirləriniz bizim üçün dəyərlidir.

Hələlik rəy yoxdur.

Şərh əlavə etmək

* Daxil edilməsi vacibdir
(göstərilməyəcək)
 
Smile Sad Huh Laugh Mad Tongue Crying Grin Wink Scared Cool Sleep Blush Unsure Shocked
 
1000 ədəd
 
Yeni şərhlər barədə mənim email ünvanıma məlumat göndər.
 
Mənim blankımdakı məlumatları bu kompüterin yaddaşında saxla.
 
Mən şərtləri. oxuyub tanış olmuşam və qəbul edirəm *