vaxtlı-vaxtında oxuyun! Çərşənbə axşamı, 16 aprel 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Mustafa Kamal Atatürk (1881 - 1938)

«Uca Türk, sənin üçün yüksəkliyin hüdudu yoxdur»

Mustafa Kamal Atatürk (1881 - 1938)
ŞƏXSİYYƏT  
23:30 | 1 yanvar 2013 | Çərşənbə axşamı Məqaləyə 3814 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Oğlunun ölümünü ondan gizlətdilər...

Azərbaycanda nəşr olunan ilk qadın qəzetinin ilk redaktoru Xədicə Əlibəyli inanılmaz tale yaşayıb

Mintac ELSEVƏR, publika.az

MÖVZU İLƏ ƏLAQƏLİ

Publika.az “Cəsur Zəriflər” layihəsinin növbəti qəhrəmanını sizə təqdim edir. Azərbaycanın “İşıq” adlı ilk qadın qəzetinin sahibəsi olan Xədicə Əlibəylini siz də tanıyın…

 Mustafa bəyin vəfatından sonra Xədicə xanıma həyat nə qədər ağır olsa da, övladlarının varlığı təsəllisi ilə ömrünə davam edirdi. Onların hər biriylə fəxr edən Xədicə xanım uşaqlarının sağlamlığına və həyat tərzlərinə böyük ehtiyatla yanaşır, onları göz bəbəyi kimi qoruyurdu. Çünki onlar Mustafanın əziz xatirələriydi... Amma fələk də öz bildiyini edəndi. Bir müddət sonra Xədicə xanımın oğlu Samsam faciəli şəkildə həlak olur. Övladlarına olan dərin bağlılığını bilən doğmaları oğlunun ölüm xəbərini ondan gizlədirlər. Ömrünün sonuna kimi oğlunu görmək istəyi ilə yaşayan dərdli ana elə bu həsrətlə də 71 yaşında dünyadan köçür...
Yer üzünə gələn hər insanın bir missiyası var. İstəyərək və ya istəməyərək doğulan insan sonradan yaşadığı iztirablara tab gətirə bilməyəndə “mən niyə doğuldum” deyə üsyan edir. Təsəllisi isə gördüyü işlərlə, etdiyi əməllərlə insanlığa gərəkli olduğunu düşünmək olur. O, böyük bir sevginin bəhrəsiydi. Öz taleyi isə ona böyük sınaqlar, əzab və ayrılıqlar vəd edirdi. Azərbaycanda nəşr olunan ilk qadın qəzetinin ilk redaktoru Xədicə Əlibəyli... 
Xədicə xanım 1884-cü ildə Tiflisdə ruhani bir ailədə anadan olub. Atası Ələddin Sübhanquliyev ruhani olmasına baxmayaraq qızını təhsilli və savadlı görmək istəyirdi. Elə buna görə də o, Xədicəni Tiflisdəki rus qız gimnaziyasına qoyur. Qızına mükəmməl təlim-tərbiyə verən Ələddin kişi gimnaziyanı bitirdikdən sonra  Xədicəni Zaqafqaziya Olginskaya mama-ginekologiya institutunda təhsil almağa icazə verir. Burada təhsilini davam etdirən Xədicə 1907-ci ildə birinci dərəcəli mama ixtisasına yiyələnir.
Xədicə xanımın sonrakı fəaliyyətinə keçməzdən öncə onun şəxsi həyatından danışmaq lazım gəlir. Çünki şəxsi həyatı birbaşa onun sonrakı işgüzar fəaliyyəti ilə sıx bağlı idi. Xədicə xanımın  həyat yoldaşı Mustafa bəy Əlibəyov 1872-ci ildə Nuxada tanınmış ziyalı, Şəki xan sarayının mirzəsi Cabbar bəyin ailəsində doğulub. Ərəb-fars dillərini də mükəmməl öyrənən Mustafa bəy Nuxada rus-tatar məktəbində, sonra isə Bakıda və Tiflisdə təhsilini davam etdirib. Rus və fransız dillərini də dərindən bilən Mustafa bəy Əlibəyov təhsilini başa vurduqdan sonra Bakı şəhər məhkəməsində tərcüməçi kimi işə başlayıb. Elə burda çalışdığı dönəmlərdə də o, Xədicə xanımla tanış olub. Hər ikisi ziyalı və geniş dünyagörüşünə sahib olduqlarından onların ailə izdivacı da tam mənada anlayış içərisində keçirdi. Sonradan dünyaya gələn Aruziyə, Ənvər, İlham, Aliyə və Samsam adlı övladlarının hər birinə onlar savadlı təhsil verməyə çalışıblar.
Gözəl ailə başçıları olmaqla bahəm Əlibəyovlar ictimai işlərlə də sıx məşğul olurdular. Əvvəl tərcüməçi, sonra isə vəkil kimi işləyən Mustafa bəy həm də yazıçı, publisist və nasir kimi də tanınırdı. Xədicə xanımın yaşadığı dövrdə qadınların ağrı-acılarına biganə qala bilməmələri Əlibəyovlar cütlüyünün ortaq bir qərar vermələrinə səbəb olur. Qadınların öz haqlarını bilmələri və maariflənmələri məqsədilə Azərbaycanda ilk qadın məcmuəsi olan “İşıq” qəzeti işıq üzü görür. 1911-ci ildə nəşr olunmağa başlayan qəzetin redaktoru Xədicə Əlibəyli, naşiri isə Mustafa bəy özü olur.
Qadınların maarif və mədəniyyətə, zaman nə qədər çətin olsa da, öz haqlarını müdafiə etməyə çağıran “İşıq” qəzetində çalışanlar da əsasən qadınlar idi. Haqsızlığa və savadsızlığa qarşı özlərinə xas bir şəkildə mücadilə etməyə çalışanlar sırasında Asiya Axundzadə, Xuraman Rəhimbəyzadə, Maral Nəbizadə, Gövhər Şövqiyyə, Səidə Şeyxzadə, Nabat Nərimanova və başqa maarifpərvər qadınlar “İşıq”ın ətrafında böyük bir ümidlə birləşdilər.
Qəzet əsasən qadınlar üçün nəzərdə tutulsa da, bu məcmuənin səhifələrində müxtəlif mövzularda yazılar dərc olunurdu. Qəzetin səhifələri “Ana və uşaq”, “Bacılara xitab”, “Müsəlman qadınlarının hüquqları”, “Nəsil”, “Tərbiyəli ailə” və sairə bu kimi rubrikalarla zəngin idi. Əksər hallarda buraxılışlarında rus dilində yazılar da dərc olunduğundan qəzet Tiflisdə, Moskvada, Kiyevdə də maraqla qarşılanırdı. Dağıstan, Gürcüstan, Türkmənistan, Krım, Kazan və başqa yerlərdə öz oxucuları, müəllifləri olan “İşıq” qısa müddətli fəaliyyət göstərsə də, özünü müdafiəsiz və hüquqsuz hesab edən qadınların beynində, düşüncəsində az da olsa bir dönüş yarada bildi.
O, qadınların tərəqqisi və maariflənməsi uğrunda mübarizə aparan ilk mətbu orqan oldu. Təbii ki, dövrün çətinliklərinə və qadağalarına baxanda qadınların belə bir fəaliyyətlə məşğul olmaları heç də asan deyildi. İrticanın və möhvumatın qanlı gözlərinə cəsarətlə baxmaq üçün “İşıq” bacardığı qədər mübarizə apardı. Amma hər dövrün özünün hakimi və yazılmayan qanunları var... Ondan yaxa qurtarmaqsa bəzən çox çətin olur. “İşıq” qəzeti bağlandıqdan sonra Bakı Müsəlman Qadınları Xeyriyyə Cəmiyyətinin fəal üzvlərindən biri kimi fəaliyyət göstərən Xədicə xanım ailəsi ilə birlikdə Şəkiyə qayıdır. 1920-ci ildən 1946-cı ilədək Şəkidə həkim - ginekolok kimi fəaliyyət göstərən xanım Əlibəyova burada həmçinin savad kurslarının, qadın klubunun təşkilində də yaxından iştirak edir.
Ardı-ardınca Sibirə göndərilən, öldü-qaldısından xəbər gəlməyən adamlar... Bu günədək də insanların yaddaşında kabus kimi qalan, vətəninə yararlı olmaq istəyənlərin qənimi 1937-ci il. Onda həm Xədicə xanım, həm də Mustafa bəy ictimaiyyət arasında yetəri qədər bilinir və dövrün ədalətsizliklərinə qarşı mücadilə edən ziyalılar kimi tanınırdılar. Deməli, “37” özünün daha bir ovunun pusqusunda dayanmalı idi. Onun qanlı əlləri Əlibəyovlar ailəsinin də qapısını döyməliydi və döydü də. Sadəcə hüquqşünas yox, həmçinin maraqlı mövqeyi olan yazıçı-publisist kimi də fəaliyyət göstərən Mustafa bəyin “Abşeron neft cəzirəsi”, “Məhkəmələr qapısında tökülən qanlı yaşlarımız”, “Cəllad mülkədarın qurbanı” və sairə bu kimi əsərləri onu 1937-ci ildə döyülən qapını açmağa məcbur qoyur.
Mustafa bəyin həbsindən sonra Xədicə xanım artıq ailənin yeganə başçısı olduğunu gözəl anlayırdı. Elə buna görə də o, təmkinli və dözümlü olmağa məcbur idi. Xədicə xanım bütün gücünü toplayıb övladlarının atalarının adına layiq insanlar olmasına səy göstərməliydi. Xədicə xanım daxilən nə qədər əzab çəksə, Mustafa bəyin dönüşünə nə qədər az ümid bəsləsə, belə yenə də içində sozalan bir ümidlə onun yolunu gözləyirdi. 8 illik məhbus həyatından sonra Mustafa bəy uzaq Sibirdə 71 yaşında vəfat edir. Sonradan övladları və doğmaları Mustafa bəyin dəfn olunduğu yeri tapa bilmirlər. Mustafa bəydən qalan yeganə xatirə isə hələ Şəkidə yaşayarkən böyük zövqlə saldığı və qulluq etdiyi bağdır. İndi şəkililərin “Mustafa bəyin bağı” dedikləri məkan həm də onun ziyarət və ehtiram yeridir.
Mustafa bəyin vəfatından sonra Xədicə xanıma həyat nə qədər ağır olsa da, övladlarının varlığı təsəllisiylə ömrünə davam edirdi. Onların hər biriylə fəxr edən Xədicə xanım uşaqlarının sağlamlığına və həyat tərzlərinə böyük ehtiyatla yanaşırdı, onları göz bəbəyi kimi qoruyurdu. Çünki onlar Mustafanın əziz xatirələriydi... Amma fələk də öz bildiyini edəndi. Bir müddət sonra Xədicə xanımın oğlu Samsam faciəli şəkildə həlak olur. Övladlarına olan dərin bağlılığını bilən doğmaları oğlunun ölüm xəbərini ondan gizlədirlər. Ömrünün sonuna kimi oğlunu görmək istəyi ilə yaşayan dərdli ana elə bu həsrətlə də 71 yaşında dünyadan köçür.
“İşıq” qəzetinin ilk nömrələrindən birində Xədicə xanım yazırdı: “Müslimə övrətləri məsturə olmaq istəriz, iştə söz, iştə əməl, işdə müvafiq bir məram!” Fəaliyyətə başladığı ilk gündən Xədicə xanım əmin idi ki, onun gördüyü iş sadəcə insanlığa xidmət edir. Heç də hər kəs yox, sadəcə seçilən insanlar var ki, onlar yer üzünə insanları qorumaq, onların gələcəyinə işıq tutmaq üçün doğulurlar. Özü işıqdan qaranlığa yol alsa da, Xədicə xanımın da sahibəsi olduğu “İşıq” qəzeti Azərbaycan qadınının sönük həyatına düşən ilk ziya oldu. Qısa bir zaman kəsiyininin mücadildəsi olsa da, Xədicə Əlibəyli öz məramına yetdi və adını tarixdə birincilər sırasına yaza bildi...