vaxtlı-vaxtında oxuyun! Cümə axşamı, 18 aprel 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Heydər Əliyev (1923 - 2003)

«Müstəqillik yolu qədər çətin yol yoxdur»

Heydər Əliyev (1923 - 2003)
SAĞLAMLIQ  
13:13 | 13 iyul 2014 | Bazar Məqaləyə 8681 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Qarpızdan zəhərlənmənin səbəbləri

İstidə, günəş altında və dəriləndən sonra 7 gündən çox qalan qarpızları yemək təhlükəlidir

MÖVZU İLƏ ƏLAQƏLİ

Uşaq vaxtı ailəmizdə qarpızla bağlı bir maraqlı hadisə baş vermişdi. Yayın sonlarında atam xeyli qarpız alıb gətirib arxa otaqda çarpayının altına yığmışdı. Ora sərin olurdu deyə, həmişə belə edirdik. Bir-bir qarpızları kəsib yeyirdik. Bu dəfə biri gözdən yayınıb lap küncdə qalmışdı. Noyabr ayının ortaları olardı, evdə uşaqlarla gizlənpaç oynayanda həmin çarpayının altına girdim və bir də baxdım ki, ayağıma buz kimi nəsə dəyir. Əvvəlcə qorxub qaçdım anamın yanına ki, çarpayının altında nəsə var. Anam gəlib baxanda bunun qarpız olduğunu gördü və çıxarıb kəsdi. Təbii ki, ilin-günün o vaxtında qarpız yeməyin ləzzəti tamam başqa oldu.

Daha bir hadisə qonşumuz Sovetin bostanında baş vermişdi. Yazın ilk günlərində yer şumlayarkən görmüşdülər ki, otların arasında ötən ildən qalma qarpız var. Qəribə burasıdır ki, istər noyabr ayında, istərsə də mart ayında gizlənib qalan qarpızlar kəsilib yeyilsə də, heç kimdə zəhərlənmə qeydə alınmamışdı. İllər ötüb, artıq xeyli müddətdir ki, paytaxtda yaşayıram və elə bir sahədə çalışıram ki, bütün xəbərləri eşitməyə məcburam. Elə bir dövrdə yaşayırıq ki, artıq az qala, hər gün qarpızdan zəhərlənmə faktı haqda məlumat alırıq. Bu günlərdə 17 yaşlı qızın qarpızdan zəhərlənərək ölməsi isə tez-tez baş verən faciələrdən oldu. Həm də bir mövzunu gündəmə gətirdi: qarpızdan zəhərlənmənin səbəbi nədir? Necə edək ki, yay fəslinin ən qiymətli neməti olan qarpızdan zəhərlənməyək?

Təbii ki, istənilən meyvə-tərəvəzdən, bostan bitkisindən zəhərlənmə dedikdə, ilk yada düşən onun becərilməsi zamanı istifadə olunan dərmanlar olur. Sabirabad rayonundan gətirdiyi qarpızları satmaq üçün məhəlləmizdə dolaşan Ramiz dayı bu iddianı qəbul etmir: «Məhsulu bol və keyfiyyətli etmək üçün vurulan dərmanlar zəhərlənmə verirsə, onda necə olur, son illərdə zəhərlənmə daha da artıb? Axı fermerlər dərmandan istifadəni azaldıblar». Ramiz dayının sözlərinə görə, buna həm maddi imkansızlıq, həm də nəzarət səbəb olub: «Hətta zəruri olan dərmanları almaqda da çətinlik çəkirik. Üstəlik də indi nəzarət güclənib. Zəhərlənmə olan kimi gəlib tapırlar ki, qarpız kimdən alınıb. Ona görə də artıq-əksik dərman vurulmur qarpıza».

Həmsöhbətimiz deyir ki, qarpız o qədər həssas bostan meyvəsidir ki, onun becərilmə qaydalarında yanlışlığa yol verdikdə, bu, zəhərlənməyə səbəb ola bilir: «Məsələn, qarpız əkilən yer mütləq bir neçə dəfə şumlanmalıdır. Üstəlik, oradakı alaq otları yaxşıca təmizlənməlidir. Qarpız ətrafında olan bitkilərin suyunu mənimsəyir, ona görə də çalışmaq lazımdır ki, yaxınlığında, əkildiyi yerdə zəhərli və zərərli bitkilər olmasın. Qarpıza verilən su da təmiz olmalıdır». Ramiz dayının sözlərinə görə, qarpızın köhnə və təzəliyi, saxlanma şəraiti də zəhərlənməyə səbəb olan amillərdəndir. Belə ki, isti havada, günəş altında çox qalan qarpızları yemək təhlükəlidir. Üstəlik, bu bostan meyvəsi tağdan qoparıldıqdan sonra maksimum 7 gün ərzində süfrəyə qoyulmalıdır. Əgər bundan çox saxlanıbsa, onu kəsərkən içərisinə diqqət eləmək lazımdır: «Xarab olmuş qarpız adətən tezliklə iy vermir, ona görə də çox zaman istifadəsindən çəkinmirlər. Amma xarab olduğunu sübut edən bir neçə hal var: məsələn, içərisi rezin kimi bərkiyir, yumşaqlıq itir, çəyirdəklərinin üzərindəki sürüşkən maye həddən artıq çoxalır, çəyirdəklərin ətrafı həlməşik kimi olur. Qarpızı kəsərkən bax, bu şeylərə mütləq diqqət yetirmək lazımdır. Hər şeydən əvvəlsə, saplağı uzun və yaşıl olan qarpızı almaq məsləhətlidir».

Peşəkarlar bildirirlər ki, xalq arasında «Duqa» adı ilə bilinən, aprel və may aylarında yetişdirilən qarpızı yemək daha təhlükəlidir. Normal gübrə ilə yetişdirilən qarpız iyul və avqust aylarında yeyilməlidir. Keyfiyyətsiz sort kimi bilinən «Duqa» həm də təmiz və dadlı qarpızın bazarını öldürür. Belə olan halda, fermerlər «Duqa» sortuna üstünlük verirlər ki, həm yaxşı qazansınlar, həm də məhsul əllərində qalmasın. «Duqa» növündən olan qarpızların çəyirdəyi az və seyrək olur. Kəsəndən 1-2 saat sonra pambıq kimi yumşalır, dadında bir qədər acılıq olur. Xüsusilə aprel və may aylarında satılır.

Qarpızın tərkibində su, şəkər, azotlu maddələr, mineral maddələr və digər bir sıra vitaminlər var. Qarpızın növlərini formasına, ölçüsünə, görüntüsünə, qabığının qalınlığına görə fərqləndirmək mümkündür. Qalınqabıqlı qarpızlar daşınma və saxlanma üçün daha əlverişlidir. Təzə qarpız təmiz, bütöv, sağlam və öz növünə xas rəngdə olur. Yetişmiş qarpızın saplağı, yanındakı bığcığı quruyur, növə məxsus naxışı tam aydınlaşır. Yetişmiş qarpızlara barmaqla vurarkən «küp» səsi verir. Səthi parlaq olan qarpızları kəsərkən, adətən yetişmiş çıxır. Keyfiyyətli qarpız bütöv, zədəsiz və quru saplaqlı olmalıdır. Qarpızın üzərində sarı ləkələr çoxdursa, bu o deməkdir ki, qarpızın çiy çıxma ehtimalı yüksəkdir. Belə qarpızlar həm də şirin olmur. Ona görə də qarpız seçərkən bu məqama diqqət etməyinizdə fayda var. Xüsusilə onu nəzərə almaq lazımdır ki, qarpızdan zəhərlənmə qida zəhərlənmələri arasında ən təhlükəlilərindən sayılır, fəsadları uzun müddət davam edir.