vaxtlı-vaxtında oxuyun! Şənbə, 16 dekabr 2017
ABŞ dolları 1 USD = 1.7001 AZN
Avro 1 EUR = 2.0032 AZN
Rusiya rublu 1 RUB = 0.0289 AZN
İngilis funt sterlinqi 1 GBP = 2.2846 AZN
Türk lirəsi 1 TRY = 0.4379 AZN
Mustafa Kamal Atatürk (1881 - 1938)

«Milli mənliyini itirmiş cəmiyyət, başqa millətlər üçün ovdur»

Mustafa Kamal Atatürk (1881 - 1938)
XADİM  
10:13 | 21 iyul 2014 | Bazar ertəsi Məqaləyə 1520 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

«Həlqə»dən qopan «qəlpə»

Qorbaçovun Azərbaycan «sevgisi», Petrosyanın güllələri, Mütəllibovun Pənah Hüseynə cavabı...

Aqşin KƏRİMOV

MÖVZU İLƏ ƏLAQƏLİ

Azərbaycan yaxın siyasi tarixinin mürəkkəb və ziddiyyətli dövrlərində Ermənistandan və Dağlıq Qarabağdan əsən separatizm küləklərinin qarşısının alınması olduqca çətinləşmişdi. Söhbət 1988-ci ildən başlamış və bu günə qədər davam edən erməni bölücülüyündən və ona qarşı Azərbaycanın apardığı mübarizədən gedir. Təbii ki, indiki dövrümüzlə müqayisədə 1990-cı illərin əvvəllərində erməni banditlərinə müqavimət göstərmək olduqca mürəkkəb xarakter almışdı. Çünki siyasi burulğanlar, bu burulğanların içərisində çabalayan xalq və özlərinə mövqe seçərək daha da azğınlaşan xarici oyunçular proseslərin ölkə rəhbərliyi tərəfindən idarə olunmasında əngəllər yaradırdı.

Belə bir məqamda Azərbaycanın üzləşdiyi Qanlı Yanvar faciəsindən sonra ölkədəki ictimai-siyasi təlatümlər daha da xaotik məcraya yönəlirdi. 

Heç şübhəsiz ki, vəziyyətin gərgin, siyasi deqradasiya müstəvisinə sürüklənməsində Mixail Qorbaçov başda olmaqda o zamankı SSRİ rəhbərliyinin böyük əməyi olmuşdu. Üstəgəl, bəzi versiyalara görə, Azərbaycan geosiyasi, strateji baxımdan əlverişli mövqedə yerləşdiyi üçün digər xarici kəşfiyyatların ölkədə böyük və o vaxtkı Azərbaycan xalqının dərk etmədiyi ağlasığmaz maraqları toqquşurdu. Bəlkə də ona görədir ki, Qanlı Yanvardan sonra gərilən iplərin bir az tarıma çəkilməsi müşahidə edildi. 

Heç də dəqiq deyə bilmərik ki, bu siyasi uçurumdan hansı xarici qüvvələr nə qədər yararlanıb öz məqsədlərini reallaşdırdı. Amma bir fakt var idi: 1990-cı il 20 Yanvar hadisələrindən sonra həmin dövrdə Azərbaycan SSR Kommunist Partiyasının Mərkəzi Komitəsinin I katibi Əbdürrəhman VəzirovƏbdürrəhman Vəzirov ölkəni tərk edərək problemlərin həllini başlı-başına qoydu. Bununla yanaşı, Yanvar faciəsi 1989-cu ilin iyul ayında xilaskar, mübariz qüvvə kimi yaradılmış Azərbaycan Xalq Cəbhəsi (AXC) təşkilatının liberal qanadı ilə millətçi kəsimi arasında fikir ayrılıqlarını dərinləşdirir və ölkənin iri, xalqın maraqları çərçivəsində yaradıldığı iddia edilən böyük bir siyasi təsisat dağılmağa doğru yön alırdı.

Elə həmin ilin iyulunda Vəzirovun xələfi kimi ölkə rəhbərliyinə gələn və daha sonra 1991-ci ilin sentyabrında səsvermə yolu ilə Azərbaycanın ilk prezidenti seçilən Ayaz Mütəllibov da gözlənilən ümidlərin yalnız nəzəri hissəsinə çevrilir. Bu zamanlarda diqqət mərkəzində olan əsas problemlərdən biri də təbii ki, Dağlıq Qarabağ münaqişəsi idi.

Təbii ki, belə bir atmosferdə yaranmış situasiyadan istifadə edən erməni separatçıları Dağlıq Qarababağda və ona bitişik rayonlarda aktivləşməklə Azərbaycanın suverenliyini, ərazi bütövüküyünü təhdid altına qoyurdu. Mütəllibov hakimiyyəti isə 1991-ci ilin yazında Dağlıq Qarabağdakı separatçı erməni quldurlarına qarşı «Həlqə» kod adı altında hərbi əməliyyatlara başlaydı. Məlumat üçün deyək ki, «Həlqə» ilə Ayaz Mütəllibov Dağlıq Qarabağdakı erməni hərbi birləşmələrinin tərksilah edilməsini qarşısına məqsəd qoymuşdu.

Belə bir zamanda, daha doğrusu 1991-ci ilin 20 noyabrında Qarakənddə Azərbaycan dövlət rəsmilərini daşıyan vertolyot vuruldu və Ayaz Mütəllibov komandasının bir neçə üzvü bu terror nəticəsində həyatını itirdi. Sonradan Ayaz Mütəllibov müsahibələrinin birində bu təxribatın «Həlqə» uğurlarına qarşı yönəlik addım kimi xarakterizə edirdi.

Mixail QorbaçovAncaq «Həlqə» ətrafında daralmayan həlqələr təkcə bu hadisələrlə yekunlaşmadı. Belə ki, Ayaz Mütəllibov sonralar Moskvada çap etdirdiyi «7 ilin 70 anı» əsərində «Həlqə» əməliyyatının uğursuz nəticələnməsinə görə AXC qüvvələrini də ittiham edib. A. Mütəllibov iddia edir ki, Azərbaycan hərbi birləşmələrinin SSRİ Silahlı Qüvvələri ilə birlikdə erməni daşnaklarına qarşı birgə apardığı uğurlu əməliyyatlar AXC üzvlərini narahat edirdi. O, Pribaltika ölkələrində AXC-nin Ermənistan nümayəndələri ilə apardığı danışıqların «Həlqə»ni daraltdığı ittihamını səsləndirib. Guya, bundan sonra AXC rəhbərliyi «Dağlıq Qarabağda yerli erməni əhalisinin hüquqlarının pozulması» haqqında bəyanat yayır və bundan xəbər tutan SSRİ rəhbəri, qanlı hadisələrin ssenari müəllifi Mixail Qorbaçov əməliyyatın dayandırılmasına qərar verir. Bunun ardından «Həlqə» uğursuzluğa düçar olur. 

Sonralar müsahibələrinin birində A. Mütəllibov irəli sürdüyü ittihamların doğruluğunu sübut etmək üçün daha bir fikir səsləndirdi. 

«1991-ci ilin aprel günlərinin birində mənə AXC İdarə Heyətinin üzvü Hikmət Hacızadə zəng etdi və məndən kəndlərin bandit birləşmələrindən təmizlənməsi əməliyyatına son qoymağı xahiş etdi. Sən demə onlar Ermənistan nümayəndələri ilə danışıqlar aparırlarmış! Fakt odur ki, «demokratların» separat danışıqları öz işini gördü. Bu «demokratların» birgə bəyannaməsi Qorbaçova məlum oldu və o, Dağlıq Qarabağ ərazilərinin azad edilməsi üçün uğurla davam edən əməliyyatın dayandırılmasına sərəncam verdi», - deyə sabiq dövlət başçısı qeyd edib.

Azərbaycanın ilk prezidenti digər bir səbəb kimi isə AXC-nin Dağlıq Qarabağdakı erməni əhalisinin təhlükəsizliyinin təmin olunması ilə bağlı ona etdiyi təzyiqlərdən danışır. Ovaxtkı AXC nümayəndələrindən biri, Azərbaycanın sabiq baş naziri Pənah Hüseyn isə Ayaz Mütəllibovun bir-birinə zidd fikirlər bildirdiyini vurğulayır. Belə ki, sabiq baş nazir bir neçə gün öncə bildirib ki, A.Mütəllibovun adıçəkilən əsərində yazdıqları ilə sonradan verdiyi müsahibələr arasında təzadlar var. 

Ayaz Mütəllibovun isə ona cavabı gecikmədi. Bir sözlə, 1991-ci ilin «Həlqə»si 23 ildən sonra yenidən gündəmdədir.

Pənah HüseynPənah Hüseynin timsalında ovaxtkı AXC üzvləri ilə keçmiş prezident arasında aparılan informasiya müharibəsində qarşılıqlı ittihamlar səslənir. Deyəsən tarix təkrarlanır. 1990-cı illərin əvvəllərinin bu gün də təkrarlanan siyasi ritorika AzTV-nin və digər televiziya kanallarının göstərdiyi kadrlar əsasında bizi, o dövr haqqında yaranmış təəssüratlara aparır.

A. Mütəllibovun Modern.az saytına açıqlamasında Pənah Hüseynə cavab verib. Sabiq prezident deyir ki, AXC Dağlıq Qarabağ münaqişəsi ətrafında yaranmış siyasi gərginliyin yaratdığı alovun üstünə benzin tökdü. Onun cavabını təqdim edirik:

««Həlqə» əməliyyatı öncədən planlaşdırılmış əməliyyat idi. O zaman mənim Qarabağ cəbhəsində etdiklərim Azərbaycanın xeyrinə idi. Qarabağ cəbhəsində aparılan əməliyyatlar, əldə edilən uğurlar mənə müxalifətdə olan qüvvələrin marağına isə uyğun deyildi. Əslində mənim sayəmdə əldə edilən uğurların AXC-nin bəzi liderləri də dəfələrlə etiraflar ediblər. Cəbhənin müxtəlif liderləri bunu da deyiblər ki, «Ayaz Mütəllibov əgər Qarabağı nizamlasa onda onu devirə bilməcəyik».

Belə də demək olar ki, bütün əməliyyatlarıma xalqın lazımi və doğru qiymət verdiyi şərtdə bu, qısqanclıqdır. Əməliyyatın özünə qalanda dəfələrlə müsahibələrimdə demişəm ki, 1991-ci ilin martında Moskva Azərbaycanın ittifaqın tərkibində qalmağını səsverməyə çıxararaq referendum keçirtdi. O referendumda «Siz yeniləşmiş ittifaqda yaşamaq istəyirsiniz, yoxsa yox» sualı qoyulmuşdu. Yəni Sovet İttifaqının aqibətinə aid olan məsələ idi. Dəfələrlə demişəm ki, Ermənistan və Gürcüstan referendumdan imtina edib keçirtmədilər. Keçirtmək niyyətlərini həmin ilin sentyabrına saldılar. Biz isə məsələni Milli Məclisdə müzakirə edəndə bəzi deputatların çıxışlarından eşitdim ki, Ermənistan və Gürcüstan imtina edibsə, biz niyə belə bir referendum keçirməliyik. Xeyli mübahisə getdi. Məcbur olub bunları dedim: «Ay bacı-qardaşlar, referendum demokratiyanın tərkib hissəsidir. Kim nə bilir ki, xalq nəyə səs verəcək?» Referendumun nəticələri isə müsbət oldu, yəni yeniləşmiş ittifaqda qalmağa razılıq verildi. Mən referendumla bağlı sənədlərlə Qorbaçovun yanına yollandım. Qorbaçov sevindi. Dedi ki, guya Azərbaycan xalqına böyük hörməti var. Mən isə öz şərtimi ona açıqladım. Onun kabinetində bəyan etdim ki, referendumun qarşılığı olaraq Dağlıq Qarabağı və ona bitişik rayonları separatçı quldurlardan azad etmək istəyirəm. Mən Qorbaçova özünün bu haqda fərmanını və həmin sənəddəki müddəaların icrasının vacibliyini xatırlatdım. O da «Həlqə» əməliyyatının aparılması üçün sərəncam verdi. 

Hikmət Hacızadə«Həlqə» əməliyyatına gəlincə, mən həmişə demişəm ki, bu, erməni əhalisinə qarşı yox, Dağlıq Qarabağdakı banditlərə və separatçılara qarşı idi. Biz oradakı sadə erməni əhalisinin təhlükəsizliyinə zəmanət verirdik. O ərəfədə, aprelin əvvəllərində AXC İdarə Heyətinin üzvü Hikmət Hacızadə mənə zəng etmişdi. Mənə dedi ki, siyasi yolla AXC nümayəndələri Pribaltikada erməni nümayəndələrlə görüşlər keçirir. Hikmət Hacızadə mənə bildirdi ki, onların münaqişənin həlli ilə bağlı atdığı addımlara guya mən mane oluram. Dilim tutuldu. Dedim danışığına fikir ver, nə danışdığını bilirsən? Bundan sonra aprelin 30-da Moskvadan mənə SSRİ DTK-sının o vaxtkı sədri Vladimir Kryuçkov zəng edib Qorbaçovun məni yanına çağırdığını bildirdi. Mən getməkdən imtina etdim, çünki bilirdim ki, məni Dağlıq Qarabağda qanunsuz hərbi birləşmələrin ləğv edilməsi və regionda pasport rejiminin yoxlanılması haqqında Qorbaçovun verdiyi sərəncamı icra etdiyimə görə çağırırdılar. Səhəri gün isə mənə SSRİ daxili işlər naziri Puqo zəng etdi. Mən yenə imtina etdim. Ondan sonra isə SSRİ müdafiə nazirinin müavini Açalov mənə zəng etdi. Mən yenə əvvəlki cavabları verdim. Mən bilirdim ki, məni «Həlqə» əməliyyatını dayandırmağa görə Moskvaya dəvət edirlər. Bəyan etdim ki, bu əməliyyat davam etdirilməlidir. Nəhayət uzun müzakirələrdən sonra mən may ayının 3-də Moskvaya getməyə qərar verdim. Moskvada Qorbaçovun masasının üzərinə Ermənistan rəhbərliyinin əldə etdiyi və onunla Dağlıq Qarabağdakı separatçılara hərbi dəstəyini əks etdirən silah-sursatın siyahısını qoydum. Qorbaçova sual verdim ki, bu qədər silah-sursat haradandır və Ermənistan rəhbəri Ter-Petrosyandan bunun hesabatını tələb etmək lazımdır. Qorbaçova Azərbaycan üçün bu qədər böyük silah-sursat qarşısında erməni hərbi birləşmələrinə mübarizədə çətinlik yarandığını bildirdim».

Azərbaycanın eks prezidenti bir daha bəyan edib ki, o vaxt təmsil etdiyi hakimiyyət Rusiyanın dəstəyi ilə Dağlıq Qarabağ münaqişəsinin həllinə yaxın idi və bunu reallaşdıracaqdı. 

«Əsas o idi ki, Dağlıq Qarabağ problemi Azərbaycanın xeyrinə həll ediləcəkdi». 

Qarşılıqlı ittihamları siyasi tərəf kimi dəyərləndirmək bizim işimiz deyil. Bir-birinə müxalif siyasi qüvvələrin ittihamlarının pərdəarxası məqamlarını bizlər dəqiq bilmirik. Lakin görünən odur ki, həqiqətən Azərbaycanın əraziləri hesabına böyük siyasi oyunlar gedibmiş. Ən əsası, Azərbaycanda milli hisslərin pik həddə tüğyan etdiyi zamanda AXC həqiqətənmi erməni separatçıları ilə danışıqlar aparırdı? Məntiqlə yanaşanda hər iki tərəfin arqumentlərində müəyyən həqiqət payı və ya yalanlar axtarmaq olar. Amma məntiq hələ həqiqət demək deyil. Görəsən bu qaranlıq həqiqətlərə nə zaman obyektiv işıq salınacaq? Bunu da deməkdə çətinlik çəkirik.

Ortada isə bir fakt var: Bir-birinə qarşı 1990-cı illərdən start götürmüş və bu gün də davam edən informasiya savaşı. Startdan finiş xəttinə kimin birinci çatacağına isə zaman, arxivin qaranlıq dəhlizlərində kif basmış materiallar qərar verəcək.


   

şərhləri göstər

DİQQƏT!

Əziz oxucular. Mövzudan kənar, müəllifin şəxsinə və təhqir sözlər olan şərhlər yolverilməzdir. Sadaladıqlarımızdan savayı bütün fikirləriniz bizim üçün dəyərlidir.

Hələlik rəy yoxdur.

Şərh əlavə etmək

* Daxil edilməsi vacibdir
(göstərilməyəcək)
 
Smile Sad Huh Laugh Mad Tongue Crying Grin Wink Scared Cool Sleep Blush Unsure Shocked
 
1000 ədəd
 
Yeni şərhlər barədə mənim email ünvanıma məlumat göndər.
 
Mənim blankımdakı məlumatları bu kompüterin yaddaşında saxla.
 
Mən şərtləri. oxuyub tanış olmuşam və qəbul edirəm *