vaxtlı-vaxtında oxuyun! Cümə, 29 mart 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Babək Xürrəmi (798 - 838)

«Bir gün azad yaşamaq, qırx il boyunduruq altında yaşamaqdan daha üstündür»

Babək Xürrəmi (798 - 838)
MÜƏLLİF  
23:14 | 12 dekabr 2012 | Çərşənbə Məqaləyə 2823 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

«Tale kitabları»

Anar YUSİFOĞLU

Məşhur bir inqilabçının «Ovod» əsərini «taleyimi müəyyənləşdirən kitab» kimi dəyərləndirməsini böyük həqiqət hesab etməsəm də, havaya deyilmiş fikir də saymıram. İnsanın taleyi özündən əvvəl yazılır, amma ömrün müəyyən pilləsində «bizsiz yazılan» tale yolunu tapmaqda bədii əsərlərin rolu birmənalıdır, baxmayaraq ki, bu əsərin məhz həmin yaşda, həmin anda oxunması təsadüf deyil.

Bizim nəslin dünyagörüşünün formalaşmasında da bədii əsərlərin xüsusi çəkisi var. Nələri xatırlayıram?
Yadımdadır ki, «İdeal» dünyanı dərketmə üçün göstərdiyimiz uğursuz axtarışlarda ən çox müzakirə etdiyimiz mənbələrdən idi. Bu əsər dünyanı bizə o vaxta qədər olmayan kimi göstərirdi: yeni-yeni artan dini ədəbiyyat və ürfani bilgilərlə «İdeal»dakı «Qapalı dünya»nın qarşılaşması, nəticəsinə birmənalı olaraq çata bilməyəcəyimiz müzakirələrə açar olurdu. İlk dəfə onda hiss etdim ki, dünya göründüyü kimi deyil – bilmədiyimiz və bilməyimizin mümkün olmadığı çox mətləblər var.
«Məhşər» isə bir ayrı dünya açmışdı önümüzdə: bunun ardınca Nəsimi dünyagörüşünü dərketmə istəyi yaranmışdı, klassik poetik fəlsəfəni öyrənmək həvəsi oyanmışdı və bitib-tükənməyən bir aləmin qapıçısı kimi İsa Hüseynovun bu misilsiz əsəri hələ də məni təqib edir.
Bir əsərdən o birisinə asanlıqla keçməzdik – günlərlə bir romanı yaşayardıq. Mütaliəyə başladığım vaxtdan bir kompleksim də yaranmışdı: uşaq oyunları məni daha az əyləndirirdi, elə bilirdim ki, yarımçıq saxladığım romandakı hadisələr donub qalıblar və intizarla hərəkətə gəlmələrini gözləyirlər: sanki mənsiz o hadisələr baş verməyəcəkdi, obrazlar canlanmayacaqdı, sonu olmayacaqdı; özümü hadisələrin «təkanvericisi» saydığımdan, obrazlara və hadisələrə «xəyanət» etməzdim, kitabı bitirməyincə rahat olmazdım. Amma kitabı bitirəndən sonra da bu «alternativ ömrün» içindəki yaşantılarım davam edərdi.
«Dantenin yubileyi» - aylarla istedadsız bədbəxtlərin yaşam gerçəkliyi barədə düşüncələrimə yol açmışdısa, «Yaxşı padşahın nağılı» idarəetmənin eybəcərliyini göstərən çılpaq mənzərə kimi xəyalımdan getmirdi.
Sonra «tüpürüm bu dünyanın üzünə ki, insanı əclaf etməmiş ona istədiyini vermir» deyən «Ürək yaman şeydir» gəlirdi, «çantasının olduğu yerə günəş şüasının düşdüyü» Qədirin qərib həyatı haqda düşüncələrdən yorulurdum…
Peçorin kimi darıxmaq dəhşəti aylarla «Zəmanəmizin qəhrəmanı»nı yaşamağımızı şərtləndirirdi…
Ömrünün mənasını çovdarlıqda oynayan uşaqları uçurumdan qorumaqda görən, qədəriliyi Teddinin boyuna biçən və dünyanın bütün şöhrətindən imtina edib tənhalığa çəkilən Selincerdən düşündürücü nə ola bilər?
«Qəsr»ində ilişib qalan və ən böyük əsərini «Gündəliklər»lə oxucularına verib dünyanı yarımçıq tərk edən Kafkanı necə oxuduğun anda tərk edə bilərsən?
Daxili mənəvi kataklizmlərilə insanı heyrətə gətirən, şər və xeyiri birgə yaşadan Raskolnikov da yaddan çıxmaz.
Müəllifdən oğurlanıb özünü qatar altına atan Anna Kareninanı, ədəbi aləmi «bezdirici» sayıb çobanların (qoy, lap belə olsun!) yanına qaçan və at ayaqları altında can verən, bütün ömrü «bu gün» sayan Folkneri, «Dünyanın ən gözəl ölüsü»nü, Marqaritanın masterini, Madlen babanı, Qorio atanı, Kerri bacını unutmaq olmur – «Qatar, Latur, Pikasso, 1968» kimi…
Səsə, mahnıya çevrilmək istəyən Lorka nəğmələri qulaqlarda cingildəyir: «Nəğmə olmaq istəyirəm, ay ana!»…
Hətta bir misrası bir ömrə bəs edənlər… İlahi, yaddaşın «kitab rəfində» kimlər yoxdur: rüşvət olmadığından salamı alınmayan Füzulidən poeziyamızın Salamına, “İlahi Komediya”dan “Haramı”ya qədər…
İndi düşünürəm, «elə bir kitab yoxdur ki, insan ondan nəsə öyrənməsin» deyən Monte nə qədər haqlıymış... Bədii əsərlər bizim düşüncələrimizin formalaşmasında böyük rol oynayıb, bir ömürdə neçə-neçə həyat yaşamağımızı şərtləndirib.
Amma əlbəttə ki, «Ömür kitabı» - «Gülüstan» poemasından sonra milli düşüncəmizə təsir edən bəlkə də ən əhəmiyyətli əsərdir. «Ömür kitabı» mənəvi-fəlsəfi fikrimizə, baxışlarımıza yox, birbaşa milli hisslərimizə heç vaxt unutmayacağımız təsir göstərdi: «Edam kötüyü», «Az i Ya» kimi…
Bəlkə də yaşın «keçid dövrü»ndən idi, bəlkə «zaman o zaman idi», bəlkə dünya hələ bu qədər «qloballaşmamışdı» və bir bilgisayara sığacaq səviyyədə kiçilməmişdi – hər nəydisə, kitaba, əsərə başqa cür yanaşırdıq. Hərdən düşünürəm: bəlkə MÜQƏDDƏS KİTAB-a qoyulan qadağanın təsirindən idi ki, bizlər KİTAB-a müqəddəs baxırdıq.
Vərdişim həmən vərdişdir, heç dəyişməyib: indi öz nəslim sayılanları da oxuyuram. Amma onları yarımçıq saxlaya, bəzən hətta məcburən, vaxt darlığından yarımçıq saxladığım romana qayıtmaya da bilirəm. Onlarda hadisələr, obrazlar yoxdurmu, donmurmu? Bu obraz və hadisələr «yarımçıq» saxlanıldığı, «donub qaldıqları» üçün görəsən məni gözləmirlərmi. Onları canlandırmaq həvəsim əvvəlki kimi deyil.
Mənmi dəyişdim, ya zəmanə yazarlarımı?

   

MÜƏLLİF

ANKET

Hökümətin ölkədə hansı sahəyə diqqətinin artırılmasını istərdiniz?

  • Elm-təhsil
  • Səhiyyə
  • Sosial Müdafiə
  • Ekologiya, təbii sərvətlər
  • Müdafiə-təhlükəsizlik
  • Mədəniyyət, incəsənət, ədəbiyyat
  • Kənd təsərrüfatı, aqrar sənaye
  • Sahibkarlıq, sənaye (zavod, fabrik)