vaxtlı-vaxtında oxuyun! Çərşənbə axşamı, 16 aprel 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Babək Xürrəmi (798 - 838)

«Əgər qılınc pas atıbsa, deməli sahibi ölübdür»

Babək Xürrəmi (798 - 838)
ELM-TƏHSİL, DİN  
09:35 | 7 avqust 2014 | Cümə axşamı Məqaləyə 3989 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Xaricdə ali təhsil vəd edən fırıldaqçılar şəbəkəsi fəallaşıb

Və ya qəbul imtahanlarında bal toplaya bilməyənlər necə tora salınır...

Jalə AĞAZADƏ

MÖVZU İLƏ ƏLAQƏLİ

IX və XI siniflərdə təhsil alan şagirdlər üçün mərkəzləşdirilmiş qaydada keçirilmiş buraxılış imtahanlarında aşağı nəticə toplayanların say çoxluğu təhsildəki problemləri üzə çıxarmaqla yanaşı başqa bir bəlaya da yol açıb.

Belə ki, buraxılış imtahanlarının ardınca ali məktəblərə qəbulun nəticələrinin də açıqlanması xaricdə təhsil vəd edən fırıldaqçı şəbəkəni hərəkətə gətirib. Sosial şəbəkələrdə, radio və televiziya kanallarında xaricdə təhsil elanları çoxalıb.

Mövsümü alverçilər kimi may-sentyabr aylarında ortaya çıxan firmalar qəbulda aşağı nəticə göstərmiş məzunlara təxminən belə təsəlli verir: «Narahatçılığa əsas yoxdur. Riyaziyyat, kimya və ya xarici dil bilmədən də nüfuzlu beynəlxalq universitetlərdə oxumaq mümkündür. Üstəlik, dünyaca tanınan ali məktəblərə qəbul o qədər asan və ucuz başa gələcək ki...»

Virtualaz.org saytı xaricdə ali təhsil vəd edən firmaların təkliflərini araşdırıb.

Sosial şəbəkələrdəki «Xaricdə təhsil imkanı» adlı səhifədə Almaniya, Türkiyə, ABŞ və Rusiya universitetlərində təhsil imkanı yaradıldığı yazılıb.

Elanda göstərilir ki, 1500 manat ödəməklə Ukrayna, Rusiya və ya Türkiyədə ali təhsil almaq mümkündür. Ancaq bu məbləğ təhsil haqqı deyil, viza, yol xərci və tələbəni universitetə «qəbul etdirən» vasitəçinin xərcidir. Təhsil haqqı isə universitetin nüfuzuna və ixtisas seçiminə uyğun müəyyənləşdirilir.

Xaricdə təhsili reallaşdıranlar arasında «Gənclərin Elmi-Mədəni İnkişafı» (GEMİ) təşkilatı da var. Bu təşkilatın reklamında göstərilir ki, Rusiya və Ukraynanın nüfuzlu dövlət universitətlərində bakalavr, magistr, aspirantura və doktorantura pillələrində təhsil almaq imkanı yaradılır.

Həmin elanlara inansaq, məsələn, Odessa Milli Dövlət Politexnik və Odessa Milli Dövlət Tibb universitetlərində, Odessa Milli Dövlət Hüquq Akademiyasında, İqtisad-Hüquq, Tibb kolleclərində, Odessa Milli Dövlət Dənizçilik, Odessa Dövlət Tikinti və Arxitektura, Odessa Dövlət Soyuduculuq, A.S Popov adına Odessa Dövlət Rabitə akademiyalarında imtahansız təhsil almaq mümkünmüş.

GEMİ Litva, Türkiyə, Almaniya, Avstriya, Polşa, İsveçrə, İsveç, Çexiya, Macarıstan, İngiltərə və ABŞ-da təhsil proqramına qatılmaq istəyənlərə də yardım edə biləcəyini açıqlayır.

«İntelligent» Xaricdə Təhsil Mərkəzi də Avropa universitetlərinə imtahansız qəbula köməklik vəd edir. Məsələn, Polşada rus və ingils dillərində təhsil üçün 2000 avro ödəmək lazımdır. Avropada 1400 manatdan başlayan bakalavr və 1900 manatdan başlayan magistratura təhsili də mümkün umiş.

Mərkəzin elanına nəzər salaq: «Amerika, İngiltərə, Çexiya, Polşa, Rumıniya, Bolgariya (azərbaycanlı gənclərə yüksək səviyyəli təhsil vəd edən təşkilat «Bolqarıstan» sözünün yazılış qaydasını da bilmir-red.), Litva, Latviya və Polşada imtahansız universitetlərə qəbul bu qədər asan olmayıb».

Bundan əlavə, fırıldaqçı şəbəkə Avropada 2700 manatdan başlayan «Distance Education» proqramı da təklif edir.

Hələ Azərbaycan universitetlərindən Avropa universitetlərinə transfer şansı da vəd edilir. Yəni bizim universitetlərə qəbul olunanlar, amma ya zəlzələdən, ya vəlvələdən orada oxumaq istəməyənlər xarici ölkələrdə istənilən universitetlərə köçürülə bilərlər. Hər halda vəd belədir.

Digər bir təşkilat 1350 avrodan başlayaraq bakalavr, 1750 avrodan isə magistratura pilləsi uzrə təhsil imkanı təklif edir.

«Avropada təhsil» təşkilatı isə Avropada magistratura pilləsi üzrə təhsil almaq istəyənlərə şad xəbər verir: «İndi siz Avropaya getmədən evdə oturmaqla online təhsil ala bilərsiniz. İllik təhsil haqqı 2600 avrodan başlayan qiymətlərlə».

İstanbulun Bilgi Universitetinə attestatla imtahansız qəbul vəd edən «Azəri-edu» adlı səhifədə Türkiyə universitetlərinə qəbul üçün 50 faiz təhsil haqqı endirimləri təklif edir. Endirimdən sonra təhsil haqqı ixtisas seçimindən asılı olaraq 4000-5000 manat arasında dəyişir.

Səhifədə diqqətçəkən məlumatlardan biri belədir: «Bir çox ölkələrdə universitetlərə qəbul haqqı ya yoxdur, ya da 100 avrodan 250 avroyadəkdir. Çox şirkətlərin aldığı fantastik məbləğlərin yalnız onların cibinə getdiyini bilməlisiniz. Biz çoxlarından fərqli olaraq sizdən əvvəlcədən heç bir ödəniş almırıq. Aldığımız ödəniş isə görülən işə uyğun alınır.

Proqramlarımızdakı qiymətlər aşağıdakı ölkələrdən hər hansında tələbə olmaq imkanı verir.

 

Ali təhsil üçün təklif olunan ölkələr və qiymətlər:

 

Ukrayna (təhsil haqqı illik 1000 dollardan)

Belarus (illik təhsil haqqı 3000 dollardan)

Rusiya (illik təhsil haqqı 4500 dollardan)

Türkiyə (illik təhsil haqqı 600 dollardan)

Kipr (illik təhsil haqqı 3500 dollardan)

Fransa (illik təhsil haqqı 6000 avrodan)

Malayziya (illik təhsil haqqı 3500 dollardan başlamaq şərtilə)

Çin (illik təhsil haqqı 3000 dollardan başlamaq şərtilə)

Latviya (illik təhsil haqqı 3000 avro)

ABŞ (illik təhsil haqqı 3000 dollardan başlamaq şərtilə).

 

«Empati Xaricdə Təhsil və Məsləhətçilik» MMC də belə xidmətlər göstərir:

 

1. Afyon Kocatepe Universiteti (Afyon)

2. Artvin Çoruh Universiteti (Artvin)

3. Gümüşhane Universiteti (Gümüşhane)

4. Ardahan Universiteti (Ardahan)

5. Atatürk Universiteti (Erzurum)

6. Balikesir Universiteti (Balıkesir)

7. Celal Bayar Universiteti (Manisa)

8. Düzce Universiteti (Düzce)

9. Erzurum Texnik Universiteti (Erzurum)

10. Qaziantep Universiteti (Qaziantep)

11. Rize Universiteti (Rize)

12. Hitit Universiteti (Çorum)

13. Kırıkkale Universiteti (Kırıkkale)

14. Kırıklareli Universiteti ( Kırıklareli)

15. Sütçü İmam Universiteti (Kahramanmaraş)

16. Kafkas Universiteti (Kars)

17. Amasya Universiteti (Amasya)

18. Korkut Ata Universiteti (Osmaniye)

19. Mustafa Kemal Universiteti (Hatay)

20. Yıldırım Beyazıt Universiteti (Ankara)

21. Uşak Universiteti (Uşak)

22. Nevşehir Universitesi (Nevşehir)

23. Niğde Universitesi (Niğde)

24. Abant İzzet Baysal Universiteti (Bolu)

25. Süleyman Demirel Universiteti (Isparta)

26. Elazığ Universiteti (Elazığ)

27. Adıyaman Universiteti (Adıyaman)

28. Ahi Evran Universiteti (Kırşehir)

29. Bayburt Universiteti (Bayburt)

30. Qaziosmanpaşa Universiteti (Tokat)

31. Kastamonu Universiteti (Kastamonu)

32. Ordu Universiteti (Ordu)

33. Bülent Ecevit Universiteti (Zonquldak)

 

QEYD: Biz «Empati Group» olaraq özəl universitetlərə heç bir xidmət haqqı almadan qəbul aparırıq».

Amma təşkilat daha sonra bunları qeyd edib: «Təhsil almaq üçün müəyyən səviyyədə maddi xərciniz çıxacaq. Təhsilə yatırılan kapital sizin ən çox işinizə yarayan yatırımınız olacaq. Savadlı kadrlar bu gün hər sahədə axtarılır. Türkiyədəki təhsil səviyyəsi hər sahədə kadrlar yetişdirilməsi üçün yüksək səviyyədədir».

Xaricdə təhsil imkanı yaradan daha bir təşkilat - «Təhsillə gələcəyə» isə daha irəli gedərək onlar vasitəsilə xarici universitetlərdə oxumaq istəyənlərə geri qayıdandan sonra iş tapmaqda da yardım vəd edir: «Yeganə olaraq bizim şirkət Azərbaycandakı özəl şirkətlərlə əməkdaşlıq edir. Biz geri qayıdanlara iş tapmaqda kömək edəcəyik».

Təşkilatın elanlarında Avropadakı imtahansız qəbul üçün 2000 manatdan başlayan ödənişlər haqda yazılıb. Amma bu məbləğə təhsil haqqı deyil, yol xərci, viza, gündə iki dəfə yemək daxildir. Ödənişlər isə qəbul reallaşandan sonra veriləcək.

Virtualaz.org saytı elanda göstərilən telefonla əlaqə saxlayıb. Ofisi metronun «Nizami» stansiyası yaxınlığında yerləşən təşkilatdan reklamlarda göstərilən bütün xidmətlərin yerinə yetirildiyini dedilər.

Dialoqumuz belə oldu:

 

- Bizim uşağın attestatdakı qiymətləri «3»-dür. O, Böyük Britaniyadakı universitetlərdə oxuya bilərmi?

 - Əlbəttə, universitetlər attestatdakı qiymətlərə baxmır. İstəsəniz uşağı Britaniya universitetlərindən də məşhur olan Türkiyə universitetlərinə qəbul etdirək. Gediş-gəlişi, ya da iş tapması rahat olsun.

 

- Britaniya universitetini bitirənlər iş tapa bilmirlər ki?

- Bizim şirkətlər daha çox Türkiyədə bitirənlərə üstünlük verir. Britaniya və ya Avropanın digər universitetlərində oxuyanlar iş tapa bilmirlər. Onlar bizim şirkətlərin səviyyəsində olmur...

Bu da «Təhsillə gələcəyə» təşkilatının təhsilə münasibəti, təhsil sahəsindəki bilik səviyyəsi. Cavabın özü ayrıca mövzudur...

Bu arada onu da yada salaq ki, təşkilat və ya şirkətlərin elanları adətən belə bir vədlə bitir: «Diplomlar xarici ölkələrdə və Azərbaycanda tanınır».

Təhsil Nazirliyi isə bunun əksini söyləyir.

«Təhsil Nazirliyi xaricdə təhsil sahəsində, xüsusilə də «2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı» ilə bağlı heç bir şirkətlə əməkdaşlıq etmir» - deyə nazirlikdən virtualaz.org saytının sorğusuna cavab verərkən söylədilər.

Nazirlikdən verilən məlumata görə, Təhsil Nazirliyi bu şirkətlərin fəaliyyətinə görə heç bir məsuliyyət daşımır: «Həmin şirkətlər müvafiq qaydada aidiyyəti qurumlar tərəfindən qeydiyyatdan keçirildikdən sonra faktiki olaraq kommersiya fəaliyyəti ilə məşğul olmağa başlayırlar. Bu şirkətlər təhsil xidməti deyil, daha çox xarici ali təhsil müəssisələrinə qəbul üçün sənədləşmə, danışıqlar və səyahət imkanları barədə xidmətlər göstərir ki, bu da sırf kommersiya xarakteri daşıyan xidmətə aiddir. Yəni bu, açıq şəkildə həmin şirkətlərə nə üçün Təhsil Nazirliyinin nəzarət etmədiyini izah edir. Çünki onlar təhsil verən müəssisə deyil. Burada da yaranmış problemlərin həllinin məsuliyyəti əsasən həmin şirkətin, tələbənin və valideynlərin üzərinə düşür. Bundan əlavə, bildiririk ki, iddiaçılara hər hansı şirkət və ya şəxs tərəfindən verilən vəd Dövlət Proqramına seçim zamanı heç bir rol oynamır. Əgər valideynlər belə hallarla rastlaşarsa, nazirliyin «qaynar xətt» xidmətinə məlumat verə bilərlər».

Nazirlik xəbərdarlıq edir ki, imtahansız və natamam sənədlərlə xarici ali təhsil müəssisələrinə qəbul təklif edən bu şirkətlərlə qarşılıqlı əməkdaşlıq nəticəsində vətəndaşlarımız maddi və mənəvi zərər görə bilərlər: «Xarici ölkələrdə ali təhsil almaq niyyətində olan şagird və tələbələrimizə, onların valideynlərinə tövsiyə olunur ki, özləri birbaşa olaraq xarici ali təhsil müəssisələrindən qəbul proseduralarını sorğu edərək aidiyyəti üzrə müraciət etsinlər. Azərbaycan vətəndaşları xaricdəki bəzi təhsil şirkətlərinin xidmətlərindən istifadə edərkən daha diqqətli olsunlar».

Nazirlik qeyd edir ki, belə şirkətlər tərəfindən reytinqi və təhsilinin keyfiyyəti qat-qat aşağı olan universitetlərə sadələşdirilmiş yollarla (attestatla) tələbə qəbulu təşkil edirlər. Buna görə də bu zaman yüksək təhsildən söhbət gedə bilməz. Nəticədə bu tələbələr əmək bazarının tələbləri ilə uyğunlaşmada ciddi çətinliklərlə üzləşə bilərlər.

Qeyd edək ki, elanlarda göstərildiyi kimi diplomların Azərbaycanda tanınması ilə bağlı vədlər də yalandır.

...Amma maraqlıdır ki, Təhsil Nazirliyinin xəbərdarlıqları bu şirkətlərə etibar edənlərin və aldadılanların sayına təsir etmir. Bəlkə də «övladım xaricdə oxuyur» deyə dost-tanış yanında lovğalananlara təhsilin keyfiyyətindən çox elə dost-tanış yanında öyünmək vacibdir, pullarını da buna görə hara gəldi səpirlər...