vaxtlı-vaxtında oxuyun! Çərşənbə axşamı, 16 aprel 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Səttar Xan (1866 - 1914)

«Türk milləti böyük bir daşa bənzər, çox gec qızar və gec də soyuyar»

Səttar Xan (1866 - 1914)
PROBLEM  
12:26 | 16 avqust 2014 | Şənbə Məqaləyə 3064 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Tələbələr ev dərdində, qiymətlərsə «əl yandırır»

Subaylar «persona non qrata», türklər isə ev sahibləri üçün «göydəndüşmə» sayılır

MÖVZU İLƏ ƏLAQƏLİ

Artıq yay mövsümünün başa çatması ilə əlaqədar rayonlardan Bakıya gələnlərin sayı durmadan artır. Onlar arasında paytaxta işləməyə gələnlər və ali məktəbə qəbul olan tələbələr çoxluq təşkil edir. Bakıda qalmağa yerləri olmayan rayon sakinləri məcburiyyət qarşısında qalıb paytaxtda kirayə ev tuturlar. Xüsusən də tələbələr...

Tələbələrin şəhərə axını hər il olduğu kimi bu ildə kirayə ev bazarında qiymət artımına səbəb olub. Fürsətdən istifadə edən ev sahibləri qiymətləri necə deyərlər ceyran belinə qaldırıblar.

Bakıda «kirayə bazarı» kimi tanınan «Neftçilər» metrosunun yaxınlığındakı parkda apardığımız müşahidələr bunu deməyə əsas verir.

 

«Subaylara ev vermirik, evi bərbad edirlər...»

 

Parka daxil olan kimi orta yaşlı bir kişi bizə yaxınlaşıb kim üçün və necə ev istədiyimizi soruşdu. Hələ ki, qiymətlərlə maraqlandığımızı dedik. Bildirdi ki, şəhərin bir çox yerlərində evi var və evini yalnız ailəli adamlara kirayə verir: «Subaylara ev vermirəm. Ailəli adamlara kirayə vermək mənə sərf edir. Çünki subay adamlar, xüsusən də oğlanlar bir neçə dəfə evimi bərbad hala salıblar. Evlərin qiyməti tələbələrin gəlişi ilə arta bilər. Hələ heç nə bilinmir ki, tələbələrə görə qiymət artımı olacaq, ya yox. Evlərin qiyməti 300-400-450 civarında dəyişir. Həyət evləri də var ki, Qaraçuxurda bir otaq sahibə ilə birlikdə 150- 160 manatdır. Hazırda Neftçilərdəki evimi 350-400 manata kirayə verə bilərəm».

 

«Tələbə kirayə haqqı versin, yoxsa qarnını doydursun?»

 

Həmsöhbətimdən bir az aralıda əyləşən iki yeniyetmə qızın üzündəki ümidsizlik və yorğunluq ifadəsi onların bazarda ciblərinə uyğun ev tapa bilmədiyindən xəbər verirdi.

Problemin nədə olduğunu aydınlaşdırmaq üçün qızların atası Elçin Məlikovla ilə həmsöhbət olduq. Rayondan qızlarını oxumaq üçün paytaxta gətirən Elçin deyir ki, kirayə evlərin qiyməti onun məvacibi ilə uyğun gəlmir. Haradasa 20 gün olar ki, o bu bazara gəlib-gedir.

«Yataqxanalar olsa idi belə olmazdı. Tələbələrin hamısı ev axtarır, küçələrdə qalıblar. Evlərin qiymətini dəllallar qaldırıblar, tələbat çoxdu deyə belə edirlər. 50-60 manat əvvəlki qiymətin üstünə gəliblər. 3 aydır eşidirəm ki, evlərin qiyməti qalxıb. Şəhərdə bir otağı 300 manatdan aşağı tapmaq lotereya udmaq kimi bir şeydir. Bir tələbə üçün bu çox bahadır. Tələbə bilmir ki, qarnını doydursun, yol pulu, təhsil xərcini versin, yoxsa 300 manat kirayə pulu ödəsin. Mənim uşağım 11 il əziyyət çəkib, 600-ə yaxın bal yığıb, indi gəlib çarəsiz vəziyyətdə qalıb. 20 gündür münasib ev axtarırıq. Heç bir ev cibimizə uyğun gəlmir.

Ümumiyyətlə ayrıca evi tələbəyə çox çətinliklə verirlər. Əsasən ev yiyəsi ilə birlikdə qalmağı tələb edirlər. Çünki evləri tək verməyə ürək etmirlər. O baxımdan ki, tələbələr evləri qaydasında saxlamaz, evə kənar şəxslər gətirər və s. Elə qızlar üçün də çox çətindir. Ya kirayə vermirlər, ya da evlərin qiyməti dəvə qiymətindən baha olur. Üstəlik də kommunal xərcləri də bizim boynumuza qoyurlar. Bu da gəlib 350 manata çıxır. Çox pis vəziyyətdir.

Ev sahiblərinin özləri bura gələndə qiyməti aşağı salmaq olur. Ancaq dəllallar qiyməti aşağı salmağa imkan vermir, çünki bunların özlərinin burada xeyri var. Ev yiyələri təsadüf nəticəsində bura gəlir. 8-ci kilometrdən Şıxova qədər hissəsində qiymətlər belədir. Hətta 500 manata qədər davam edir. Şəhər kənarlarında isə evlərin qiyməti bir az aşağıdır. Binəqədidə 100-150 manata sahibə ilə birlikdə ev verirlər. Ancaq bu da bizə uzaq düşür.

Zabratda, Qaraçuxurda, Bakıxanovda, Keşlə bazarının yanında, NZS qəsəbəsində keçən il 120- 150 manata bir otaqlı həyət evi tapmaq olardı. Bu il isə mümkün deyil. Özü də ev sahibləri yalandan deyirlər ki, ev belə yaxşı şəraitdədir, superdir filan. Bunlar super bilirsiniz nəyə deyirlər? Evi ağardılıb, suyu, qazı var. Vəssalam. Bir paltar asan, bir mətbəx mebeli, soyuducu, televizor, bir də tələb etsən paltar yuyan maşın olar».

 

«Ev sahibləri türklərə üstünlük verir...»

 

Dəllal Natiq isə evlərin qiymətinin artmasında onların günahsız olduğunu deyir: «Evlərin qiymətinin qalxmasının səbəbi tələbələrlə bağlı deyil. Tələbələr hələ elə bir qüvvə deyillər ki, qiyməti qaldırsınlar. Əsas qüvvə fəhlə sinfi və Azərbaycanın bölgələrindən gələnlərdir. Qiymətin qalxmasına səbəb onlardır. Sadəcə tələbələr dilə düşüb. Bugünkü gün üçün real olaraq biz heç kirayə ev tapıb onlara verə bilmirik. Siz qiymətdən danışırsınız, amma kirayə yoxdur. Bu Bakının yüklənməsi ilə bağlıdır. Ona görə də təmirsiz, adi bir evi 300-350 manata verirlər. Təsəvvür edin ki, 300-400 manat maaş alan fəhlə evə bu qədər pulu verərsə nə yesin, kəndə necə pul göndərsin. 300 manatlıq ev içində soyuducu, stol, stul, çarpayı olan orta şəraitli bir ev olur. Kommunal xərcləri də bura gəlin. Ev pulunun çoxluğuna görə bəzən 10 nəfər bir otaqlı evdə qalırlar.

Metronun «Xalqlar dostluğu» stansiyasının yaxınlığındakı körpünün altında bəlkə də 500 nəfər fəhlə oturub iş gözləyir. Hansısa sahibkar onları aparıb işlədəcək ki, o axşama 20 manat çıxarda bilsin. O iyirmi manatı elə bölməlidir ki, hər şeyin xərcini hesaba vursun. İş yerlərinin də qazancı maşallah elədir ki, heç kim gedib qəpik quruşa işləmək istəmir. Haqlıdırlar da. Yaxşı qiymətə işləməlidir ki, heç olmasa evin pulunu da verə bilsinlər. Bu gün «Neftçilər»də, «Qara Qarayev»də, «Həzi Aslanov»da yeni binalarda 2 otağı 500 manata kirayə verirlər.

Eyni zamanda ev yiyələri bizim oğlanları ona görə istəmirlər ki, kirayə verəndən sonra oğlanlar həmin evlərdə əsər-əlamət qoymurlar. Silmirlər, süpürmürlər, təmizləmirlər. Kimə sərf edər ki, xeyli xərc qoyduğu evi bərbad hala salsınlar. Təbii ki, bir insan görsə ki, tələbə evə yaxşı baxır, ikinci dəfə də istəyəcək ki, tələbə kirayə saxlasın. Qızlara da vermək istəmirlər. Çünki ev təmizləmirlər. Bütün hallarda ailəli adamlar etibarlıdır.

Amma türkiyəli oğlanlara məmnuniyyətlə ev verirlər. Onlar həm yüksək səviyyəli, həm də bahalı ev götürürlər. Eyni zamanda təmizliyə riayət edirlər. Onlar da fəhlə işləyirlər, ancaq heç vaxt gedib pis evdə qalmırlar. Deyilər ki, səhər-səhər evdən çıxanda yaxşı düşüncə ilə çıxmalıyıq. Bizimkilər isə özlərini pis aparırlar. Əgər bir yerə zərər dəyibsə onu mütləq bərpa edirlər. Azərbaycanlı oğlanlar əksinə evin pulunu, kommunal xərcləri verməyib qaçırlar.

Biz dəllallar da istəyərik qiymətlər aşağı düşsün ki , biz tez bazar ev verək . 350-400 manata istəyən yoxdur axı. Mən də belə olan halda qalıram əli boş. Ev yiyələrinə deyirik ki, ay ev yiyəsi, bunu aşağı ver ki, kirayənişin uzun müddətli qalsın, bir ay qalıb qaçmasın.

Məsələn, metro ətrafı, bahadır, «Gənclik», «Nəimanov» metrosunun yanında bir otaq 300-350 -400 manatdır. Buna da hamının gücü çatmır axı. Tələbələr yataqxana ilə təmin edilsə, rayonlarda iş olsa tələbat da, qiymətlər də aşağı olar. Çünki 9 milyonluq əhalinin 5 milyonu paytaxtadır».

Dəllal Natiq deyir ki, ev alqı-satqısında qiymətlərdə isə bir ara yüksəlmə nəzərə çarpsa da, indi sabitləşib: «100 minlik ev 115 min olub hazırda . Təbii ki, yerlərindən asılı olaraq fərq var. «Neftçilər»də birotaqlı təxminən 55-60 mindirsə, orta blok, orta mərtəbəli iki otaqlı ev təxminən 85-90 minə gəlib çıxa bilər. «Nərimanov»da isə bir otaqlı ev 65-70 minə gəlib çatır. «Uqlavoy»lar, birinci, beşinci mərtəbə isə nisbətən azdır».

Apardığımız müşahidələr göstərir ki, ali məktəblərin fəaliyyətə başlamasına az qalsa da kirayə ev axtarışında olan tələbələrin çoxu qalmağa ev tapa bilməyiblər. (azvision.az)