vaxtlı-vaxtında oxuyun! Cümə, 19 aprel 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Seyid Cəfər Pişəvəri (1892 - 1947)

«Ancaq topların ağzından açılan atəş haqq sözüdür»

Seyid Cəfər Pişəvəri (1892 - 1947)
MÜBAHİSƏ  
20:16 | 20 avqust 2014 | Çərşənbə Məqaləyə 3034 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

«Həkim çatışmır»

«Ölkədə hepatitə yoluxanların dəqiq sayı məlum deyil»

MÖVZU İLƏ ƏLAQƏLİ

Səhiyyə Nazirliyi Milli Onkologiya Mərkəzinin direktor müavini, Hepatit virusuna yoluxmuş şəxslərin müayinə və müalicəsinin təşkili üzrə Komissiyanın sədri, professor Murad Məmmədov Azərbaycanda hepatit B və C virusları ilə başlanan mübarizə barədə danışıb. Vaxt.az saytı professor Murad Məmmədovun «İnterfaks-Azərbaycan» agentliyinə verdiyi müsahibəni təqdim edir.

- Professor, zəhmət olmasa, Azərbaycanda hepatit B və C virusları ilə bağlı vəziyyət barədə məlumat verərdiniz.

- Məlum olduğu kimi, hepatit B və C virusları ən çox yayılan virus infeksiyalarına aiddir. Rəsmi məlumatlara əsasən dünyada bu viruslara yoluxan insanların sayı 700 milyona, yəni Yer kürəsinin bütün əhalisinin 10 faizinə çatır. Qeyd etmək lazımdır ki, son 20 il ərzində hepatit B virusuna qarşı peyvəndləmənin miqyasının genişlənməsi sayəsində dünya üzrə hepatit B virusunun yayılma göstəriciləri nəzərəçarpacaq dərəcədə azalıb. Eyni zamanda bildirilir ki, hepatit C virusunun dünyada yayılma miqyası artmaqda davam edir və bu cür şəxslərin sayı hər il bir neçə milyon nəfər artır.

Azərbaycanda isə bu infeksiyalarla bağlı vəziyyət dünyada mövcud vəziyyətdən o qədər də fərqlənmir. Bununla əlaqədar qeyd etmək lazımdır ki, son illər ərzində əldə olunan məlumatlar onu deməyə əsas verir ki, böyüklər arasında əhalinin təxminən 2 faizi (18 yaşdan 60 yaşadək) hepatit B, bu qrupdan olan ölkə sakinlərinin təxminən 3 faizi isə hepatit C virusuna yoluxub. Ancaq dünyada bu göstəricilərin daha yüksək olduğu regionlar var. Məsələn, İtaliyanın cənubu, Çin, Şərqi Sibir və Cənub-Şərqi Asiya ölkələri və s. Həmin regionlar hepatit B və C virusları üçün yüksək endemikliyi ilə seçilir. Müvafiq olaraq Azərbaycan hər iki hepatotrop infeksiya ilə bağlı mötədil endemik ərazilərə aid edilməlidir.


- Hepatit viruslarının mahiyyəti barədə məlumat verərdiniz.

- Bu infeksiyaların mahiyyəti barədə danışarkən vurğulamaq lazımdır ki, kəskin hepatit B və xüsusilə kəskin hepatit C pasiyentlərin mütləq əksəriyyəti üçün ciddi təhlükə mənbəyi deyil. Hepatit B və əsasən də hepatit C viruslarının müvafiq xəstəliklərin xroniki formalarının yüksək inkişaf tezliyi ilə xarakterizə olunması böyük əhəmiyyət kəsb edir. Bununla belə bu infeksiya formalarının müşahidə edildiyi insanların bir hissəsində kliniki təzahürlü xəstəliklər yaranmırsa, yoluxan digər müəyyən qrup şəxslərdə xəstəliklərin kliniki əlamətləri meydana gəlir. Öz növbəsində xroniki hepatit B və C viruslarına yoluxan xəstələr olan son qrupda tövsiyə edilən qidalanma qaydalarına riayət olunmadığı və xüsusi müalicənin olmadığı halda bir neçə ildən sonra qaraciyər sirrozu kimi ağır xəstəlik inkişaf edə bilər (təsadüfi hallarda qaraciyər xərçəngi də yarana bilər).

Məhz bu cəhət hepatit B və C viruslarının xroniki formalarının mühüm əhəmiyyətini müəyyən edir. Bu səbəbdən hesab olunur ki, gələcəkdə bu infeksiyaların yayılması, ilk növbədə endemik ölkələrdə ağır sosial-iqtisadi nəticələrə gətirib çıxara bilər.


- Dünyada hepatit viruslarına qarşı mübarizə necə aparılır?

- Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) aparıcı ekspertləri hesab edirlər ki, konkret regionda hepatit virusları və onların ağırlaşması problemi iki əsas istiqamətdə daim məqsədyönlü işin aparılması şəraitində həll oluna bilər.

Birinci istiqamətdə iş əhali arasında hepatit B və C viruslarının sonrakı yayılmasının məhdudlaşdırılması məqsədilə aparılır. Onun əsasını isə kompleks sanitar-profilaktik tədbirlərin həyata keçirilməsi və uşaq və böyüklərin hepatit B-yə qarşı peyvəndlənməsi təşkil edir. İkinci istiqamət xroniki hepatitə yoluxan xəstələrin müalicəsi üçün virusa qarşı terapiya üsulları tətbiq edilməklə onların sayının azaldılmasıdır. Regionda bu cür xəstələrin sayının azalması nəinki müvafiq infeksiyaların potensial mənbələrinin ümumi sayını azaldır, həm də gələcəkdə qaraciyər sirrozundan əziyyət çəkən «yeni» xəstələrin azalmasını təmin edir.


- Azərbaycanda hepatit viruslarına qarşı mübarizə necə aparılır?

- Azərbaycanda hepatit B və C ilə mübarizə probleminə toxunaraq vurğulamaq lazımdır ki, qeyd olunan istiqamətlərdən birincisi üzrə müasir metodiki səviyyədə aparılan işin uğurlu olmasını bu mübarizənin əsas xüsusiyyəti kimi qəbul etmək lazımdır. Bu istiqamət heç bir qınağa səbəb olmur. İkinci istiqamətə gəlincə isə bu iş hələ də qənaətbəxş hesab edilə bilməz və təkmilləşdirilməlidir.


- Azərbaycanda vəziyyətin xüsusiyyətlərini ətraflı izah edə bilərsinizmi?

- 3 ən vacib məqamı qeyd edə bilərəm. Birincisi, ölkə əhalisinin yalnız yaşlı təbəqəsi arasında hepatit B və C viruslarının xroniki formalarına yoluxmuş on minlərlə şəxsin ola bilməsini hesab etməyə obyektiv əsaslar var. Ehtimal ki, həmin pasiyentlərin bir hissəsinin həkimlərin diqqətinə ehtiyacı var (ola bilsin ki, tibbi yardıma da) və onlar tibbi uçota alınmalıdır.

Bununla belə ölkədə həmin şəxslərin dəqiq sayı indiyədək məlum deyil, çünki hazırda bizdə yalnız həmin hepatitlərin ancaq kəskin formalarının statistikası aparılır. Bu, o deməkdir ki, səhiyyə xidmətinin vəzifələrindən biri xroniki hepatit B və C viruslu xəstələrin registrinin yaradılmasıdır. Aydındır ki, bu cür registrin mövcudluğu bu xəstələrə yardım üçün nəzərdə tutulan maddi resursların planlaşdırılması və ayrılmasını asanlaşdıracaq.

İkincisi, xroniki hepatit B və C viruslu xəstələrin bir hissəsinin təcili şəkildə virusa qarşı müalicəsinin aparılmasına ehtiyac ola bilər. Həmin müalicənin qiyməti bu gün kifayət qədər bahadır və yalnız yüksək gəlirə malik pasiyentlər tərəfindən ödənilə bilər. Bu səbəbdən aztəminatlı xəstələrin müalicə xərclərinin ödənilməsi ilə bağlı məsələlər dövlət qarşısında açıq qalır.

Lakin belə xəstələrin sayının çox və müalicənin baha olduğu bir şəraitdə yalnız xəstəliyin ağırlaşması üçün real təhlükənin olduğu pasiyentlərə vəsaitin ayrılması mümkündür. Bununla belə indiyədək təcili müalicəyə ehtiyacı olan xəstələri obyektiv şəkildə müəyyən etməyə və vəziyyətlərinin pisləşməsi təhlükəsi olmayan, müalicəsi təxirə salına bilən xəstələrdən ayırmağa imkan verən qurum yoxdur.

Üçüncüsü, hepatit B və C viruslarına yoluxan bütün şəxslərin daim həkim nəzarətinə və qaraciyərin funksional vəziyyətinin monitorinqinə ehtiyacı var ki, bu monitorinq də mütəmadi laborator və bəzən də instrumental tədqiqatlar vasitəsilə keçiriləcək. Baxmayaraq ki, ölkəmizdə bu cür tədqiqatların keçirilməsi üçün imkanlar mövcuddur, xüsusi hazırlıq keçmiş və müvafiq biliklərə malik olan həkimlərin (qastroenteroloq və terapevtlərin) sayı kifayət qədər deyil. Bundan başqa, ölkədə qastroenteroloji şöbələrin sayı hələ də məhdud olaraq qalır.


- Bu problemləri necə həll etmək olar?

- Belə vəziyyətdə bu cür xəstələrə nəzarəti, çox vaxt isə müalicəsini bu sahədən uzaq olan digər ixtisaslı həkimlər öz öhdələrinə götürürlər. Nəticədə biz çox vaxt xəstələrin vəziyyətinin düzgün qiymətləndirilməməsinin, müalicənin isə əsassız, bəzən isə düzgün aparılmamasının şahidi oluruq.

Buna görə də həmin pasiyentləri konsultativ yardımla təmin etmək iqtidarında olan ixtisaslı həkimlərin hazırlanması ilə yanaşı ölkə üçün xroniki hepatit B və C viruslarının diaqnostikası və müalicəsinin bütün məqamlarını nizamlayan vahid sənəd tərtib etmək lazımdır. «Hepatit B və C viruslarının diaqnostikası və müalicəsi üzrə milli protokol» adlanan bu cür sənədin mövcudluğu nəinki həkimləri zəruri və peşəkar qüsursuz məlumatla təmin edəcək, həm də həmin xəstələrin düzgün diaqnostikası və müalicəsinə nəzarəti həyata keçirməyə imkan yaradacaq.


- Rəhbəri olduğunuz komissiyanın işi nədən ibarətdir?

- Azərbaycanda hepatit B və C virusları ilə bağlı yaranmış vəziyyətin yuxarıda xarakterizə olunan xüsusiyyətini nəzərə alaraq və ölkə əhalisinə tibbi yardımın keyfiyyətinin yaxşılaşdırılması məqsədilə Səhiyyə Nazirliyi cari ilin iyun ayında ölkə vətəndaşlarında xroniki hepatit B və C viruslarının diaqnostikası, müalicəsi və profilaktikası və yuxarıda qeyd edilən digər məsələlərin operativ həlli məqsədilə xüsusi komissiya yaradıb. Komissiyanın qarşısında duran ən mühüm vəzifələr aşağıdakılardır:


- Hepatit B və C virusları üzrə vahid Milli Protokolun işlənib hazırlanması və vaxtaşırı yenilənməsi. Protokolda bu xəstəliklərin diaqnostikası, müalicəsi və profilaktikası üçün icrası icbari olan müasir alqoritmlər öz əksini tapıb;

- Ümumi tibbi şəbəkənin həkimləri üçün (şəxsi iştirak və mütəxəssislərin cəlb edilməsi ilə) hepatit viruslarının diaqnostikası, müalicəsi və profilaktikasının müasir prinsiplərinə həsr olunmuş metodiki seminarların və dəyirmi masaların hazırlanması, təşkili və keçirilməsi;

- Tibb müəssisələrinin rəhbərliyinin və ya həkimlərin metodik yardımın göstərilməsi xahişi ilə müraciəti zamanı ayrı-ayrı pasiyentlər üçün məsləhətləşmələrin təşkili və onların müalicəsinə dair məsələlərin həllinə yardım göstərilməsi;

- Dövlət və akkreditə olunan özəl tibb müəssisələrində hepatit B və C viruslu pasiyentlərə göstərilən tibbi yardımın keyfiyyəti və effektivliyinin qiymətləndirilməsi.


Bu vəzifənin həlli dövlət və akkreditə olunan özəl tibb müəssisələrində Milli protokolun əsas müddəalarının yerinə yetirilməsinə, ilk növbədə pasiyentlərin kliniki-laborator müayinəsinin düzgün aparılmasına, qoyulmuş hepatit B və C diaqnozunun əsaslılığına, müalicəyə göstərişlərin əsaslılığına və xəstələrin terapiyasının aparılması və onun effektivliyinin qiymətləndirilməsinin əsaslılığına daimi nəzarətin həyata keçirilməsini nəzərdə tutur.


- Bu və ya digər tibb müəssisəsində bu və ya digər həkim tərəfindən aparılan diaqnostika və müalicə proseslərində səhv və pozuntuların aşkar edilməsi zamanı Səhiyyə Nazirliyinə həmin pozuntular barədə məlumat verilməsi;

- Azərbaycan vətəndaşlarının diaqnozun düzgün qoyulmaması və ya terapiyanın düzgün aparılmaması barədə şikayətlərinə operativ qaydada baxılması və nəticələr Səhiyyə Nazirliyinə təqdim edilməklə müvafiq qərarların qəbul edilməsi;

- Azərbaycan vətəndaşlarının xroniki hepatit B və C viruslarının pulsuz və ya güzəştli müalicəsi ilə bağlı xahişlərinə operativ qaydada baxılması və komissiyaya müraciət edən pasiyentlərin hər birinin bu cür müalicə ilə təmin edilməsinin əsaslılığı barədə qərarların qəbul edilməsi.

 

- Komissiya qarşıya qoyulan vəzifələrin həllinə nə zaman başlayacaq?

- Komissiya artıq fəaliyyətə başlayıb və yaxın vaxtlarda həkimlər və maraqlanan vətəndaşlar xahiş və şikayətlərlə komissiyaya müraciət edə bilərlər.