vaxtlı-vaxtında oxuyun! Cümə, 29 mart 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Heydər Əliyev (1923 - 2003)

«Xalq gərək daim öz kökünü xatırlasın»

Heydər Əliyev (1923 - 2003)
GÜNDƏM  
20:11 | 12 sentyabr 2014 | Cümə Məqaləyə 2111 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

«Ermənilər bizim məscidləri, məzarları dağıdıb...»

İlham Əliyev Malaziyalı baş naziri təşəkkür etdi

MÖVZU İLƏ ƏLAQƏLİ

«Mən Malayziyaya minnətdarlığımı bildirirəm ki, bu ölkə Dağlıq Qarabağ məsələsində çox qətiyyətli mövqe tutur və Azərbaycanın ərazi bütövlüyünü, suverenliyini daim müdafiə edir». Bu sözləri Azərbaycan prezidenti İlham Əliyev Malayziya baş naziri Mohammad Najib Tun Abdul Razakla görüşdən sonra mətbuata bəyanatında bildirib.

Azərbaycan prezidenti qeyd edib ki, bu, beynəlxalq hüquqa uyğun olan mövqedir və Azərbaycan-Malayziya əməkdaşlığını, qardaşlığını əks etdirir.

«Təəssüflər olsun ki, uzun illərdir Dağlıq Qarabağ və ətraf 7 rayon erməni işğalı altındadır. Ermənistan beynəlxalq hüququn normalarını açıq-aşkar pozur. Dünyanın ən mühüm beynəlxalq təşkilatı olan BMT-nin Təhlükəsizlik Şurası 4 qətnamə qəbul edib ki, o qətnamələrdə Ermənistan dərhal və qeyd-şərtsiz torpaqlarımızı azad etməyə çağırılır. Amma Ermənistan buna məhəl qoymur. Bizim ölkənin ərazisinin 20 faizi işğal altındadır. Ermənilər azərbaycanlılara qarşı etnik təmizləmə siyasəti aparıblar. Burada Xocalı soyqırımını qeyd etmək istərdim. Yüzlərlə günahsız insanın qətlə yetirilməsi faktı mövcuddur. Bizim məscidlər, məzarlıqlar dağıdılıb. Buna heç bir bəraət qazandırmaq olmaz, bu, vandalizmdir» - deyə İ.Əliyev vurğulayıb.

Prezident İlham Əliyev qeyd edib ki, Xocalıdakı zorakılığı və soyqırımı bu gün Ermənistan rəhbərliyində olan kriminal ünsürlər törədiblər:  »Biz bu məsələni daim diqqətdə saxlayırıq. Bu münaqişə tezliklə Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll edilməlidir. Bu, regional sülh və sabitliyə töhfəsini vermiş olacaq. Cənab baş nazir, bu məsələ ilə bağlı ölkənizin qətiyyətli mövqeyinə görə sizə bir daha təşəkkür edirəm».

«Mənim Azərbaycana səfərimi həqiqətən də tarixi səfər adlandırmaq olar. Çünki bu, Malayziya baş nazirinin Azərbaycana ilk səfəridir. Mən təyyarədən endiyim ilk andan çox təsirləndim. Təkcə inkişafın özü deyil, keyfiyyəti də məni valeh etdi. Sizin gələcəyə olan baxışlarınız məndə böyük təəssürat yaratdı. Təbii ki, ölkəmə qayıdandan sonra həmvətənlərimə Azərbaycana səfər etməyi tövsiyə edəcəyəm» - bunu isə Malayziyanın baş naziri Mohammad Najib Tun Abdul Razak Bakıda prezident İlham Əliyevlə görüşdən sonra mətbuata bəyanatında deyib.

Baş nazir əmin olduğunu bildirib ki, bizim birgə irsimiz, hətta oxşar dəyərlərimiz var: «Biz haqq-ədalətin tərəfdarı olan ölkəyik. Bu səbəbdən də biz hər yerdə Azərbaycanın mövqeyini müdafiə edirik, xüsusilə də ərazi bütövlüyü məsələsində... Biz bundan sonra da qətiyyətli mövqe nümayiş etdirəcəyik. Haqq-ədalət sizin tərəfinizdədir və biz hər zaman sizinlə olacağıq. Eyni zamanda mən Azərbaycana təşəkkür edirəm ki, BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvlüyü məsələsində bizim ölkəmizi dəstəkləyib.

Bu gün təkbətək və geniş tərkibdə çox gözəl görüşümüz oldu və hər iki görüşün nəticəsi çox müsbətdir. Qeyd edə bilərəm ki, enerji, neft və qaz sahələri diqqət mərkəzində olacaq. Bildiyiniz kimi, Malayziyanın, xüsusilə «Petronas» şirkətinin bu sahədə böyük təcrübəsi var. Zənnimcə, bu şirkət Azərbaycan ilə neft və qaz sahəsində yaxından əməkdaşlıq edə bilər. Eyni zamanda təkcə neft-qaz sektorunda deyil, artıq istifadədən çıxarılmış neft və qaz sahələrinin reabilitasiyası məsələsində bizim böyük təcrübəmiz var.

Digər tərəfdən, qeyd etmək istərdim ki, Azərbaycan qazının Avropaya nəqli xüsusi strateji əhəmiyyətə malik olan məsələdir. Bu baxımdan Azərbaycan çox strateji mövqeyə malikdir. Sizi əmin edə bilərəm ki, Malayziya Azərbaycan üçün etibarlı tərəfdaş olacaq. Mən bütün sahələri nəzərdə tuturam və əminəm, biz əlimizdən gələni edəcəyik ki, gələcək nəsillərə də bir növ çox dəyərli bir irs qoya bilək».

Qonaq qeyd edib ki, Azərbaycan rəsmilərinin müvafiq peşəkarlıq səviyyəsinin artırılması üçün müxtəlif təlimlər də təşkil edə bilərlər: «Əminəm ki, bu səfərin çox gözəl nəticələri olacaq. Cənab prezident qeyd etdi, bu gün biznes forum keçiriləcək, iş adamları və sahibkarlar öz aralarında fikir mübadiləsi aparacaqlar. Malayziya şirkətlərinin xüsusilə infrastruktur layihələrinin həyata keçirilməsində böyük təcrübəsi var. Tikinti, emal sənayesi, elektronika avadanlığı istehsalı sahələrində böyük təcrübəyə malik olan şirkətlərimiz var.

Mən qəti əminəm ki, gələcəyimiz çox uğurlu olacaq. Müzakirə etdiyimiz məsələlər bu səfərdən sonra qısa müddətdə praktiki nəticələrini verəcək və ümid edirəm ki, bunun çox gözəl nəticələri olacaq. Mən zati-aliləri İlham Əliyevi öz ölkəmə dəvət etdim. Biz çalışacağıq ki, həmin səfər zamanı cənab prezidentə öz nailiyyətlərimizi nümayiş etdirək.

Mənim bu səfərdən böyük gözləntilərim var. Cənab prezident, ümid edirəm ki, siz bizim ölkəyə səfər edəndə biz də sizə eyni dərəcədə qonaqpərvərlik nümayiş etdirəcəyik. Bu gözəl imkana görə bir daha təşəkkür edirəm. Gözəl ölkənizdə olmaqdan çox məmnunam. Əminəm ki, görüşlərimiz çox səmərəli olub».