vaxtlı-vaxtında oxuyun! Cümə, 29 mart 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Heydər Əliyev (1923 - 2003)

«Xalq gərək daim öz kökünü xatırlasın»

Heydər Əliyev (1923 - 2003)
MÜƏLLİF  
17:25 | 24 dekabr 2012 | Bazar ertəsi Məqaləyə 2913 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

«Mərdlik sistemi» (II yazı)

Mərdlik sisteminin qəribəliyi

Azər QARAÇƏNLİ

MÖVZU İLƏ ƏLAQƏLİ

Əslində Əbdürrəhim bəy Haqverdiyev “Pristav və oğru”da iki namərd tip təsvir eləyib. Ona görə də Əbdürrəhim bəy sağ olsaydı, yəqin ki, bu hekayədəki qəhrəmanlarının mərdliyə örnək kimi göstərilməsinə etiraz eləyərdi, deyərdi siz nə iş görürsüz, mən mentaliteti tənqid eləyirəm, siz onu tərifləyirsiz, üstəlik də bunu mənim adımdan eləyirsiz.

«“Pristav və oğru” hekayəsi hər şeydən əvvəl mentalitetin tənqidi üstündə qurulub. Bundan ötrü müəllif iki mənfi tip yaradıb. Biri oğrudu, özü də namərd oğrudu, kasıb bir bədbəxtin öküzünü aparıb, binəvanı əli qoynunda qoyub. İkincisi də oğrudu, həm də pristav poqonu altında gizlənib. Şübhəli bildiyi adamı qəddarcasına döydürməyi bir yana, axırda onun cinayətinə şərik də çıxır. Öküzü oğurlanan binəva pristavı qətiyyən maraqlandırmır. O öz mənafeyini güdür. Pristav oğrunu sərbəst buraxmağının qarşılığında öküzün yiyəsi üçün də nəsə eləyə bilərdi. Məsələn, oğruya deməzdi ki, mən ölüm düzünü de, öküzü sən aparmısan, ya yox. Pristav oğruya deyə bilərdi ki, sən öl, öküzü yiyəsinə qaytarsan, səni döydürməyəcəm, buraxacam. Yaxud deyə bilərdi ki, mən ölüm öküzü yiyəsinə qaytar, səni buraxım. Amma onda pristav mərd tiplərdən olardı. Burdasa pristav namərd tipdi, öküzün yiyəsi onu qəti düşündürmür, ona görə də o, mal yiyəsinə kömək eləməyin heç bir yolunu axtarmır.
Mərdlik sisteminin qəribəliyi də bundadı. O, təkcə mərdlərin arasında yox, namərdlərin arasında da olur. Mərdlik sisteminə təkcə mərdlərin mərdlərə, mərdlərin namərdlərə münasibətində yox, namərdlərin mərdlərə, namərdlərin namərdlərə münasibətində də rast gəlmək mümkündü. Mərdlik sistemini mərdliyin xarabalığında da tapmaq olar. İnsan xarakterik xüsusiyyətinə, tipinə görə namərd ola bilər, amma hətta belə adamların da davranışında ara-sıra mərd hərəkətlər olur.
Bu baxımdan mərdlik sistemi yox olmaq bilməyən maddə kimidi. Onun miqyasını kiçiltmək, minimuma endirmək olar, amma onu yerli-dibli yox eləmək mümkün deyil. Qapıdan qovsan, bacadan girəcək. Meydan verməsən, bir künc tapıb duracaq. Sən onu zərrə halına gətirə bilərsən, amma zərrə halında da olsa yaşayacaq. Özü də iri halında hansı sxemlə işləyirdisə, zərrə halında da həmin mikrosxemlə işləyəcək.
Mərdlik sisteminin insanlar arasındakı münasibətlərdə bu mütləq varlığının bir səbəbi ondadı ki, namərdlik dağıdıcı xüsusiyyətdi, o, birləşdirə bilməz, yalnız parçalaya bilər, ona görə namərdlər də bir yerə yığılanda bəzi mərdlik sistemlərinə söykənməyə məcburdular. İkincisi də, namərd adam heç də həmişə və hamıya namərd ola bilməz, o da hərdən kimlərləsə, heç olmasa bir müddətə mərd davranmağa ehtiyac duyur. Yəni namərdlər hərdən mərdliyə məcburdular, hərdən də heç məcbur deyillər, eləcə özləri buna ehtiyac duyurlar.
Mərdlik sisteminin pozulması
Mərdlik sistemi pozulanda namərdlik yaranır. “Pristav və oğru”da pristav oğruya “mən ölüm” vurur, deyir, mən ölüm doğrusunu de, öküzü sənmi aparmısan? Oğru pristava yalandan “sən öl” vurmur, deyir, “mən ölüm” niyə deyirsən, yüz elə öküz qurban olsun sənin bir tükünə, mən aparmışam. Pristav da oğrunu buraxır.
İndi gəlin başqa variant təsəvvür eləyək. Pristav oğruya deyir ki, mən ölüm düzünü de, öküzü sənmi aparmısan? Oğru “mən ölüm”dən keçmir, deyir, hə, mən aparmışam. Pristav da bundan sonra oğrunu tutdurur, yasavulları çağırıb göstəriş verir ki, basın bunu içəri. Bu artıq namərdlikdi. Bu, mərdlik sisteminin pozulmasıdı.
Yaxud başqa variant. Pristav oğruya deyir ki, mən ölüm öküzü sən aparmısan? Oğru da yalandan “sən öl” vurub deyir ki, sən öl, öküzü mən aparmamışam. Bu da mərdlik sisteminin pozulmasıdı, namərdlikdi.
Pristav oğrunu buraxandan sonra oğrunun satdığı oğurluq maldan pristava pay göndərməməsi də namərdlik olardı, mərdlik sistemini pozardı.
Yaxud gediş haqqı min manat (20 qəpik) olan avtobusda sürücüyə min manatlıq uzadan qızın “bir nəfər çıxın” deməsindən sonra sürücünün ona pul qaytarmaması, özünü gediş haqqı elə bil min yox, beş yüz manatıymış (10 qəpik) kimi aparmaması da mərdlik sistemini pozardı, namərdlik olardı. Sürücünün davranışı hüquqi baxımdan qanuni deyil. Heç ədalətli də deyil – gediş haqqı min manatdı və onun sərnişindən min manat almasında ədalət prinsipinə zidd heç nə yoxdu. Sürücü qıza pul qaytarmasaydı, bununla o, hüquq, ədalət prinsiplərini yox, məhz mərdlik prinsipini pozacaqdı.
Hansısa davranış sisteminin mərdlik olub-olmadığını bilməyin bir yolu da həmin sistemi dağılmış vəziyyətdə təsəvvür eləməkdi. O sistem dağılanda, o sistemə daxil olan hərəkətlərin ardıcıllığı, nizamı pozulanda ilk növbədə namərdlik yaranırsa, deməli, həmin sistem mərdlik sistemiymiş.
Bütün mənəvi prinsiplər kimi mərdlik prinsipi də pozulanda ən birinci özünün tərsini doğurmalıdı. Məsələn, ədalət prinsipi pozulanda ilk növbədə ədalətsizlik yaranır. Sonra başqa şeylər – rəhmsizlik, namərdlik ortaya çıxa da bilər, çıxmaya da. Ədalət prinsipinin pozulması nəticəsində mərhəmət, mərdlik, qanunçuluq da yarana bilər. Bütün bunlar ola da bilər, olmaya da. Amma ədalət prinsipinin pozulmasından ədalətsizlik yaranmaya bilməz. Özü də ədalət prinsipi pozulanda ədalətsizlik ilk növbədə, hər şeydən əvvəl və hər şeydən çox ortaya çıxmalıdı.
Mərdlik sistemi də belədi. Onun pozulması hər şeydən əvvəl namərdlik doğurmalıdı. Mərdlik sisteminin pozulması ədalət yarada da bilər, yaratmaya da. Mərdlik sisteminin pozulması mərhəmət də demək ola bilər, rəhmsizlik də. Amma mərdlik sisteminin pozulması namərdlik olmaya bilməz. Ola bilməz ki, mərdlik sistemi pozulsun, amma namərdlik yaranmasın. Özü də burda namərdlik ikinci, üçüncü sırada yox, birinci sırada, hər şeydən çox və hər şeydən aşkar yaranmalıdı.
Mərdlik sisteminin yaranması
Mərdlik sistemləri adamlar bir yerdə olanda yaranır. Adamlar bir yerdə olanda mərdlik sistemləri onların arasında istər-istəməz ortaya çıxır. Necə ki adamlar bir yerdə olanda istər-istəməz bir dil tapıb danışırlar, sözlə, sözü başa düşməyəndə səslə, intonasiyayla, mimikayla, jestlə bir-birilərini başa salırlar, necə ki adamlar bir yerdə olanda istər-istəməz onların arasında hansısa davranış normaları ortaya çıxır, o cür də adamlar bir yerdə olanda istər-istəməz onların arasında mərdlik sistemləri yaranır.
Mərdlik sistemi insan birliyinin zəruri nəticələrindən biridi. Milliyyətindən, dilindən, dinindən, irqindən, yerindən-yurdundan asılı olmayaraq hər bir icmada, hər bir qəbilədə, tayfada, xalqda, hər bir cəmiyyətdə mərdlik sistemi, özü də onun bir yox, bir neçə variantı var.
Amma adamların bir yerdə olması mərdlik sistemini yaradan zahiri faktordu. Daxili  faktor mərdlik duyğusudu. Mərdlik duyğusu olmasaydı, insanlar nə qədər bir yerə yığılsaydılar da, milyard adam bir yerə yığılsaydı da, onların arasında bircə mərdlik sistemi yaranmazdı.

   

MÜƏLLİF

ANKET

Hökümətin ölkədə hansı sahəyə diqqətinin artırılmasını istərdiniz?

  • Elm-təhsil
  • Səhiyyə
  • Sosial Müdafiə
  • Ekologiya, təbii sərvətlər
  • Müdafiə-təhlükəsizlik
  • Mədəniyyət, incəsənət, ədəbiyyat
  • Kənd təsərrüfatı, aqrar sənaye
  • Sahibkarlıq, sənaye (zavod, fabrik)