vaxtlı-vaxtında oxuyun! Cümə axşamı, 25 aprel 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Seyid Cəfər Pişəvəri (1892 - 1947)

«Ancaq topların ağzından açılan atəş haqq sözüdür»

Seyid Cəfər Pişəvəri (1892 - 1947)
MÜƏLLİF  
13:40 | 17 yanvar 2013 | Cümə axşamı Məqaləyə 2771 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

«Xocalı»

Azər QARAÇƏNLİ

MÖVZU İLƏ ƏLAQƏLİ

Bütün ağrılarımı qoymağa yer tapacam, bu ağrımı hara qoyacam, bilmirəm. Xocalı – bütün dərdlərimə dərman tapacam, bu dərdimə necə dərman tapacam, bilmirəm. Ruhum bu dünyanı tərk eləyib Tanrının yanına uçanda, bütün ağrılarımdan sivrilib çıxanda, bütün dərdlərimdən qurtulanda əlimi uzadıb bu dünyadan iki ağrını özümlə götürəcəm: bir anamın ağrısını, bir də Xocalı ağrısını.

Bütün ağrılarımı qoymağa yer tapacam, anamın ağrısını da qoymağa yer taparam, Xocalı ağrısını hara qoyacam, bilmirəm. 
Tanrının dərgahında mən bu ağrıya yer istəyəcəm. Tanrı onun dərgahına bütün ağrılarımı geridə qoyub gəlməyimi istəyəcək, mən bütün ağrıları qoyub gedəcəm, anamın ağrısını da buraxıb gedərəm, Xocalı ağrısını necə buraxacam, bilmirəm.
Yox, mən bu ağrını ovcumun içində, kürəyimin arxasında gizlədib Tanrının dərgahına keçirtmək istəyəcəm. Tanrı öz dərgahının qapısı ağzında məndən əllərimi açıb göstərməyimi tələb eləyəcək. Mən bir əlimi açıb göstərəcəm, o biri əlimi yenə kürəyimin arxasında gizlədəcəm.
Tanrı məndən o biri əlimi də açıb göstərməyimi istəyəcək. Mən açdığım əlimi kürəyimin arxasına aparıb o biri əlimdə saxladığım iki ağrıdan birini bu biri ovcuma qoyacam, sonra əlimi irəli uzadıb ovcumu açacam. Ovcumda təkcə anamın ağrısı olacaq, mən o ağrını buraxacam, qoy Tanrı görsün ki, bircə ağrını gizlətmişdim, onu da buraxdım.
Ancaq Tanrı məndən o biri əlimi bir də göstərməyimi istəyəcək. Mən açıq tutduğum əlimi göstərəcəm, özümü bilməzliyə vuracam, özümü elə aparacam guya başa düşmürəm, bir ağrı gizlətmişdim, onu da buraxdım axı. Tanrı məndən o biri əlimi göstərməyimi istəyəcək. Mən özümü yenə bilməzliyə vuracam, çevrilib arxaya boylanmaq istəyəcəm, yəni orda nə var, orda heç nə yoxdu axı.
Mən açıq tutduğum əlimi yenə kürəyimin arxasına aparacam, yenə hər iki əlimi arxamda gizlədəcəm ki, birdən əlimi açıb göstərməyimi istəsələr, gizlətdiyim ağrını bir əlimdə saxlayıb o biri əlimi göstərim, sonra o əlimi kürəyimin arxasına aparıb Xocalı ağrısını o ovcuma qoyum, bu biri əlimi açıb göstərim.
Mənə arxa tərəfdən baxsanız Tanrını, bir də əlləri arxasında çarpazlanıb üzü Tanrıya dayanmış adamı görəcəksiniz. Mənə Tanrı tərəfdən baxsanız qolları arxasında bir adam, o adamın da arxasında böyük bir boşluq görəcəksiniz.
Bütün ağrılar bir heçdi, görürsünüz, hamısı yoxa çıxıb. Mənim arxamda gördüyünüz boşluq ağrıyla dolu olub, Tanrının dərgahına çatanda yoxa çıxıb. Yox, mən bu nizamı pozmaq fikrində deyiləm. Mən bu nizamın əleyhinə qiyam qaldırmıram. Mən bu nizamı qəbul eləyirəm. Mən Tanrının dərgahına Xocalının xatirələriylə girmək niyyətində deyiləm. Mən bu xatirəni unutmağa hazıram. Amma istəyirəm Tanrının dərgahında xatirə başqa, ağrı başqa olsun. İstəyirəm ağrılı xatirələrə yer olmasın, amma xatirələrin ağrısına yer olsun.
Mən anamın, bir də Xocalının ağrısını o yerə qoymaq fikrindəyəm. Anamın ağrısını buraxmağa hazıram, çünki anamdan mənə təkcə ağrı yox, xoşbəxtlik də qalır. Mən onu ağrı kimi itirəndə bütünlüklə itirmirəm, o, xoşbəxtlik kimi onsuz da qalır. Xoşbəxtliyi Tanrının dərgahına daşımaq asandı, xoşbəxtliyə Tanrının dərgahında həmişə yer var.
Ancaq hər yanı yalnız ağrı olanı, bütünlüklə ağrıdan yoğrulanı ağrı kimi itirəndə yerli-dibli itirmək olar. Ona görə də mən Tanrının dərgahında Xocalıya yer istəyirəm. Ya Tanrı mənə dərgahında Xocalının xoşbəxt yerini göstərsin, ya da öz dərgahında ağrılara yer ayırsın.
Mən Tanrının dərgahında xoşbəxtliyi xatirələrlə, bədbəxtliyi xatirəsiz ağrılarla yaşatmaq istəyirəm. Mən əbədiyyətə xoşbəxtliyi xatirələrlə, faciələri xatirəsiz ağrılarla daşımaq istəyirəm.

   

MÜƏLLİF

ANKET

Hökümətin ölkədə hansı sahəyə diqqətinin artırılmasını istərdiniz?

  • Elm-təhsil
  • Səhiyyə
  • Sosial Müdafiə
  • Ekologiya, təbii sərvətlər
  • Müdafiə-təhlükəsizlik
  • Mədəniyyət, incəsənət, ədəbiyyat
  • Kənd təsərrüfatı, aqrar sənaye
  • Sahibkarlıq, sənaye (zavod, fabrik)